Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Səyahət | Stefan Sveyq

Nəsə danışırdı öz-özünə. Həqiqət olduğu məlum olmayan bəzi şayiələr gəzirdi ortalıqda. Qəribə şeylər idi, gözlənilən vaxt gəlmişdi sanki. Məsihin gəlişi yaxınlaşırdı. Qüdsdən ətraf kəndlərə axışan insanların sayı getdikcə artırdı. Son vaxtlar yaşadıqları qeyri-adi hadisələrdən və bəzi qəribə əlamətlərdən danışırdılar. Bir yerə toplaşanda başlarını aşağı əyib, batıq səslə, «usta» adlandırdıqları adamdan danışırdılar. Getdikləri hər yerdə insanlar onu maraqla dinləyir, qorxaraq da olsa, səmimi inanırdılar. Çünki xilaskarı həsrətlə gözləyən cəmiyyətdəki insanların beynində bu fikir formalaşmışdı: Onun görünməyinin vaxtı çatmışdı artıq. Müqəddəs kitablardakı sözləri xatırlayanlar o xilaskara bir ad qoyur, gözləri ümid dolu baxışlarla parıldayırdı.

O vaxtlar kəndlərin birində gənc bir oğlan yaşayırdı. Dindar idi, o da ümidli idi. Yerusəlimdən qayıdan kasıb hacıları evinə dəvət edir, onların müqəddəs torpaqlarda yaşadıqları haqda söhbətlərə qulaq asırdı. Qeyri-adi hadisələrdən danışanda qəlbi tez-tez döyünürdü. Xilaskarı görə bilmək istəyi getdikcə daha da çoxalır, həsrəti inanılmaz dərəcəyə çatırdı. Gecə-gündüz onu xəyal edir, aramsız həsrətində Onun yaxşılıq və mərhəmət dolu saysız görünüşünü gözünü önünə gətirirdi. Ancaq o da bilirdi ki, bunlar əlçatmaz mükəmməlliyin həqiq görünüşü deyildi. Xilaskardan yayılan o parlaq işığa çatdığı zaman gənc ruhunu dolduran iztirab və ağrılar yox olacaqdı. Lakin qarnını doyuran işini və evini tərk edib həsrətinin onu dartdığı yerə getməyə hələ cürət etmirdi.
Davamı →

Dil bəlası | Anton Çexov

Səhər Yaltadan geri dönmüş cavan xanım Natalya Mixaylovna nahar süfrəsində dil-boğaza qoymadan ərinə Krımın gözəlliklərindən bəhs edirdi. Bundan xoşhallanan əri isə arvadının heyranlıq dolu üzünü nəvazişlə süzərək onu dinləyir və ara-sıra suallar verirdi… 

— Deyirlər amma oralarda yaman bahaçılıqdır? – deyə sözarası əri xəbər aldı.

— Necə deyim sənə? A-a-tam, məncə bu bahalıq söhbəti çox şişirdilib. Ona qalsa, yəqin heç “şeytan” adlı məxluq da deyilənlər qədər qorxunc deyil. Məsələn, biz Yuliya Petrovna ilə günü iyirmi beş manata çox rahat və xudmani otaq kirayələmişdik. Əzizim, yaşamağı bacarmaqdan çox şey asılıdır. Əlbəttə, əgər könlündən hara isə dağlara… məsələn, Ay-Petriyə getmək keçirsə, onda sən, aydın məsələdir ki, özünə bələdçi və at kirayələyirsən və onda, sözsüz ki, xərcin artır. Həm də dəhşət artır! Amma, Vasyacan, oralarda dağlar da dağdır ha! Təsəvvürünə yüksək, çox yüksək dağlar gətir, hətta kilsədən də min dəfə uca dağlar… Zirvələri duman içində itib-batan, ətəklərində isə nəhəng qayalar… və şam ağacları bitən… Eh, indi oraları təsəvvürümdə canlandırmağa da acizəm!
Davamı →

Bədbəxtlik | Frans Kafka

Bir noyabr axşamında artıq dözə bilməyəndə, otağımdakı ensiz xalçanın üstündə qaçış meydançası kimi irəli-geri gedəndə, pəncərədən işıqlı küçəni görüb qorxanda, tez geri dönəndə, otağın o biri başındakı güzgünün dərinliklərində yeni bir amac sezəndə, nəsə bir səs eşitmək üçün qışqırnda, hay verən də olmayanda, bu səs öz-özünə yüksələndə və hətta kəsəndən sonra da eşidiləndə, sanki divardan bir qapı açıldı, özü də bərk açıldı, çünki tələsmək lazım idi və küçədəki qoşqu atları da fınxıraraq döyüş medanındakı atlar kimi şahə qalxdılar.

Lampası hələ yandırılmamış zil qaranlıq dəhlizdə kabus kimi bir uşaq peyda oldu, azacıq titrəyən döşəmə tirinin üstündə barmaqlarının ucuna qalxıb dayandı. Otağın alaqaranlığı onun gözlərini qıcıqlandırdı, əlləri ilə üzünü tutmaq istədi, ancaq pəncərəyə tərəf baxıb ordan küçə fənərlərinin göydə çarpazlaşaraq qaranlığa qarışan işıqlarını görəndə sakitləşdi. Açıq qapının ağzında sağ dirsəyini divara söykəyib dayanmışdı və yan-yörəsindən içəri dolan külək onun dizlərindən tutmuş boğazına, gicgahına qədər hər yerini “sığallayırdı”.

Ona bir az tamaşa edəndən sonra dedim:
— Günaydın!

Və əlimi uzadıb pencəyimi götürdüm ki, onun qarşısında belə yarıçılpaq vəziyyətdə dayanmayım. Hətta bu sözü deyib qurtarandan sonra ağzımı bir az da açıq saxladım ki, içimi sarmış həyəcan nəfəsimlə bayıra çıxsın. Ağzımda nəsə bir pis dad hiss elədim, gözlərim səyriməyə başladı. Bir sözlə, mənə heç nə olmamışdı, sadəcə, çoxdan gözlədiyim “qonağım” gəlmişdi.


Ardı →

O avtobus başqa dünyadırl | Stiven Kinq

Uilsonun heç də dünyanın üzügülər adamlarından olmayan anasının bir deyimi vardı: “İşlər tərs gətirəndə elə də davam edir, adamı ağladana qədər”. Anasından öyrəndiyi bütün xalq hikmətləri kimi (“Portağal səhərlər qızıldır, gecələr isə qurğuşun” bir başqa şedevr deyim idi) bunu da yaddaşına yaxşı həkk eləmişdi. Uilson vacib işlərindən əvvəl sığortalanmağa xüsusi fikir verirdi. Özü də bunun bufer — qoruyucu olduğunu hesab edirdi.

Yetkinliyinə çatandan sonra onun həyatında Nyu-York səfərindən mühüm heç nə olmamışdı; orada “Market Forvard”ın yüksək rəhbərliyinə öz işlərini göstərəcək və biznes planının təqdimatını edəcəkdi. “Market Forvard” internet əsrinin ən ciddi reklam şirkətləri sırasında möhkəm dururdu. Uilsonun “Soutland Konsepts” şirkəti isə Birminqhemdə yerləşirdi və bir nəfərlik şirkət idi. Belə fürsət adamın əlinə iki dəfə düşmədiyi üçün buferin dəyəri də artmışdı. Ona görə saat 6:00-da uçan birbaşa reysə minmək üçün saat 4:00-da Birminqhem-Şatlsvort aeroportuna gəldi. Bu reys onu 9:20-də La Quardiya aeroportuna çatdıracaqdı. Onunla görüş – əslində müsahibə – saat 2:30-a təyin olunmuşdu. Beş saatlıq bufer kifayət qədər etibarlı görünürdü.

Başlanğıcda hər şey yaxşı gedirdi. Qapıda aeroport məmuru onu qeydiyyatdan keçirdi və çamadanını birinci dərəcəli sərnişinlərin baqajı üçün nəzərdə tutulmuş yerə qoyulmasına göstəriş yazdı, halbuki Uilson özü, əlbəttə ki, ekonom-klas salonda uçacaqdı. “Belə məsələlərdə vacib olan şey tez müraciət etməkdir, işçilərin qıcıqlanmağa başlamasından əvvəl. Qıcıqlanmış adamlar sənin çamadanının nə qədər vacib bir şey – sənin gələcəyinə bilet olduğunu eşitmək belə istəmirlər”.


Ardı →

Gücün tətbiqi | Uilyam Karlos Uilyams

Onlar yeni xəstələrim idilər. Yanıma gələn adam haqda bildiyim yeganə şey onun adı idi: Olson

«Xahiş edirəm ki, bacara bildiyiniz qədər tez gələsiniz, qızım çox xəstədir”.

Çatanda məni üzündən qorxduğu sezilən ana qarşıladı, çox aydın şəkildə və üzrxahlıqla: » Həkimsiz? ”,- deyə soruşdu və məni içəri buraxdı. Arxadan dilləndi,- bağışlayın, həkim, mətbəx isti olduğu üçün onu orada saxlayırıq. Bəzən burda hava çox nəm olur”.

Altdan-üstdən nəyi var geyindirilmiş uşaq mətbəx stolunun yanında atasının qucağında oturmuşdu. Atası ayağa qalxmağa çalışdı, lakin mən o narahat olmasın deyə ona doğru getdim, paltomu çıxartdım və vəziyyəti gözdən keçirməyə başladım. Hamının çox əsəbi olduğunu görə bilirdim, onlar məni başdan ayağa inamsızlıqla süzürdülər. Adətən belə hallarda artıq bir söz deyilmirdi, söyləniləcək fikirlər məndən asılı idi; elə buna görə də, onlar mənə üç dollar ödəyirdilər.

Uşağın soyuq, davamlı baxışları açıq aşkar üzərimdə idi, nə baş versə də üzünün ifadəsi dəyişmirdi. O tərpənmirdi. Daxilən sakit, zahirən düyə kimi güclü görünən, qeyri-adi cazibədarlığı olan kiçik qız idi. Lakin üzü yanırdı, nəfəs alış-verişi sürətli idi, yüksək qızdırmasının olduğunu anladım. Gur, valehedici sarı saçları var idi. Belə görünüşü olan uşaqlara adətən reklam vərəqələrində və " Bazar günü ”  qəzetlərinin şəkil bölmələrində rast gəlinirdi.
Ardı →

Qartal | Dostoyevski

Qartal cinsindən «qara quş” dəxi bir müddət bizim məhbəsin dairəsində yaşadı. Kim isə onu yaralı və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Zavallı uça bilmirdi, sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi. Ətrafdakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını baha bir qiymətə satmaq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yumulduğunu indi də xatırlayıram.

İzdiham onu seyr və tamaşadan fərağət edincə qara quş bir ayağı üzərində tullanır, bir qanadı ilə çırpınır, axsaya-axsaya qoşur və dairənin bir bucağına sıxışıb qalırdı. Bu sürətlə qara quş üç ay tamam dairədə qaldı və heç zaman öz bucağını tərk etmədi. Əvvəlləri tez-tez gəlir, ona tamaşa edir və „Şarik” köpəyi dəxi üstünə qısdırdırdılardı. “Şarik” də cəsarətlə atılır, fəqət pək yaxın getməyə qorxurdu. Bu isə məhbusların keyfinə gəliri.

— Vəhşi təslim olmur! – deyirdilər.
Sonra „Şarik” də qartala artıqlaması ilə əziyyət verməyə başlamışdı. Köpəyin qorxusu da artıq götürülmüş, qısqırıldığı zaman zavallı quşun yaralı qanadından yapışırdı. Qardal dimdiyi, caynağı və var qüvvətilə çırpınır, mütəəzzimanə (əziyyətli) bir halda müdafiə olunur, yaralı bir padşah kimi ona tamaşa edənləri acılı bir baxışla süzürdü. Axırı hər kəs yorulur və qara quşu unudurdular.

Məəmafih (bundan sonra) hər gün quşun yanında bir parça təzə ətlə bir qab su görmək olardı. Kim isə qartalı sevir və ona göz yetirirdi. Əvvəlləri o yemək də istəmirdi. Hətta bir neçə gün yemədi də. Nəhayət, yeməyə başladı. Fəqət, hər halda əldə və yaxun insan hüzurunda verilən yeməkləri qəbul etməzdi. Çox kərə oldu ki, mən onu uzaqdan seyr və tədqiq etdim. Özünü yalqız hesab elədiyi zamanlar, bəzən bucağıdan dışarı çıxır və iyirmi qədəm bir məsafə təbilə təkrar yerinə dönür. Yenə mövqeyindən çıxır, təzədən ovdət edirdi ( geriyə dönürdü).
Ardı →

Türk dastanlarını ədəbi-tarixi əhəmiyyəti

Türkün inamı, əxlaqı, eşqi, ailə, yurd və dövlət haqqında anlayışları, mənəvi böyüklüyü dastanlarda öz əksini taparaq nəsillərdən-nəsillərə keçmişdir.

Dastanlarda türk uşaqları ilahi bir  işıqdan doğulur. Qara xanın yaratdığı aləm işıq aləmidir, dənizdən çıxan qadın xəyalı işıqdan yoğrulmuşdur. Oğuz doğulduğu zaman onun üzü mavi işığa çalırdı, arvadı göydən enən bir işıqdan doğulmuşdur.

Türkün işıq sevgisi, suya, ağaca, təbiətə pərəstişi onun ilkin inamlarının əks-sədasıdır. Tanrının ilk dəfə doqquz insanı doqquzbudaqlı bir ağacın altında yaratması inamı, Oğuzun Qağanın Göy, Dağ, Dəniz adlı oğlanlarının ağac koğuşunda dünyaya gəlməsi, başqa bir ağac koğuşunda doğulan uşağa Qıpçaq adı verilməsi və s. etiqadları türkün təbiətə məhəbbətinin rəmzidir, öz mənşəyini təbiətlə bağlamaq arzusu ilə bağlıdır.

Türk dastanlarında qızıl, gümüş, dəmir, qurğuşun, qalay, tunc, polad və s. materiallarla bağlı adlar çəkilir. Qədim türk öz səadətini arayıb axtararkən mədənçiliyə də ayrıca əhəmiyyət vermişdir. Uluğ türkün qızıl yay və üç gümüş ox və boz oxlara bölməsi də mənalıdır.

Türklərin dəmir dağı əritməsi, dəmirçilik peşəsini sevməsi, qızıl, gümüş, dəmir kimi metal adlarının dastanlarda çəkilməsi, müxtəlif filizlərdən silahlar qayırması, hətta şəxsi adların da bunlardan seçilməsi bu ənənələrdən irəli gəlir. Dastanlarda tunc üzlü, dəmir biləkli, altun qəlbli, gümüş bədənli və s. deyimlərin işlənməsi də təsadüfi deyil. Bütün bunlar təsdiq edir ki, türklər çox-çox qədimlərdən müxtəlif metalları kəşf etmiş və mədənçilik elminə yiyələnmişlər.

Dastanda Bozqurd totemi türkün həyat və savaş gücünün rəmzidir. Bu dastanlarda Bozqurd tanrıdır, ordular önündə gedib yol göstərir, türkün xilaskarıdır. Habelə öz mənşəyini Bozqurdla bağladığına görə türk qəhrəmanlarını Bozqurda bənzətmiş, onlarda Bozqurdluq arayıb axtarmışdır.


Ardı →

Türk dastanları

       Türk xalqlarının dastan yaradıcılığı çox qədim və zəngin ənənlərə malikdir. Bu dastanlar onların milli qəhrəmanlıq, iman və düşüncə tarixinin, tarixdən əvvəlki və sonrakı çağlarının bədii ifadəsidir. Dastanlarda ilkin tanrı və tanrılaşdırılmış insanlar, gün işığı, su köpüyü və ağacdan doğulmuş uşaqlar, türklərin çarpışma və savaşları xüsusi yer tutur. Daha doğrusu, türk dastanları türklərin dastanlaşmış tarixidir, öz əfsanəvi keçmişinə münasibətinin təcəssümüdür.

         Türklərin yenilməz bahadırlıq uğurları, savaşları, yeni-yeni yurdlar salması, böyük dövlətlər qurması və mənəvi gözəlliyi bu dastanların yaranması üçün özül olmuşdur. Gerçəkliyin əfsanəyə çevrildiyi bu çağlarda insanların ilkin duyğu və düşüncələri, acı, şirin xəyalları, təbiət və onun hadisələrinə qeyri-adi münasibətləridə dastan yaradıcılığında əsas zəmin olmuşdur.

         Eradan öncə XII yüzillikdən başlayıb eramızın IX yüzilliyinə qədər hakimiyyət sürən Saq, Hun, Göytürk və Uyğur imperiyaları dövründə dastan örnəkləri meydana gəlmişdir. Eradan əvvəl VII yüzillikdə yaşamış Turan hökmdarı Alp Ər Tonqa haqqında qoşulmuş dastan, Şu, Hun –Oğu, Göytürk, doqquz oğuz və on uyğur və s. dastanları parlaq nümunədir.

         “Yaradılış dastanı” – Türk dastanları içərisində “Yaradılış” dastanı dünyanın yaranmasından bəhs edən ilk dastan örnəyi kimi səciyyəidir. Dastanda belə deyilir ki, dünyada heç bir şey yox ikən tanrı Qara xan və ucsuz-bucaqsız su vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi. Ay, ulduzlar, göy və torpaq yaradılmışdır.


Ardı →

Atama məktub | Oğuz Atay

Əziz ata,
Bəllkə xatırlamırsan, amma bugün sənin ölümündən iki il ötür. Təəssüf ki, bu müddət ərzində mən daha yaxşı, daha ağıllı biri ola bilmədim; bu fürsətdən də istifadə edə bilmədim. Halbuki, illər öncə sən olmasaydın daha çox şey edə biləcəyimi düşünürdüm. İndi artıq bu günahın da özümdə olduğunu görməyə məcburam.

Sənə bəzi şeyləri danışmamışam. İki il artıq yaşasaydın, ya da dünyaya geri dönsəydin (qısa müddət üçün), sanki hər şey başqa cür olardı. Çarəsizlik ucbatından bir çox şey öz anlamını itirir. Sən olmayandan sonra sənə yazılan məktub nə işə yarar ki?! Amma mən artıq bir iş sahibiyəm, atacan. Ətrafımda səninlə bağlı bir xatirəni danışdığım zaman, “Nə gözəl” deyirlər, “Bunu bir yerdə niyə istifadə etmirsən?!” Ona görə də çox üzr istəyirəm, ata, amma səni bir yerdə, məsələn, elə bu məktubda istifadə etmək məcburiyyətindəyəm.

Keçmiş bir zaman ancaq belə dəyərləndirilə bilərmiş; insanın keçmiş yaşantısı ancaq bu şəkildə anlam qazanarmış. Mən səninlə bağlı bir hadisəni danışarkən əslində sənin necə biri olduğunu bəlli etməməyə çalışıram, guya əsl atamı özümdə saxlayıram. Sonra də səni anlamadıqları zaman onlara əsəbləşirəm. Mənə hirslənəndə (bu çox tez-tez baş verirdi), “Sənin güzgüdən gördüyünü mən “divardan” görürəm,” deyərdin. Biz də anamla sənin bu “divar” sözünə lağ edib gülərdik. Mən də indi kiçiklərə (artıq məndən kiçik olanlar da var, atacan) bu cümləni deyirəm, gülürlər.

Bu sözü deyəndə əsl məqsədimin nə olduğunu sezmirlər, təbii ki. Səni gülünc vəziyyətə salmaq istədiyimi düşünürlər. Hərhalda, nə demək istədiyimi tam bəlli etmirəm. Gülümsəmənin içindəki sevgini, demək ki, anlada bilmirəm. İndiki gənclər başqa cürdürlər, atacan; hər sözdən bir məna çıxardırlar. Mən də həmin an həqiqətən hövsələdən çıxıram: əsl məqsədimi unudub səni onlara bəyəndirməyə çalışıram.


Ardı →

Bədbəxt olmaq | Frans Kafka

Artıq dözülməz olduqda – bu bir noyabr axşamında baş vermişdir- məm otağımdakı ensiz palazın üstündə qaçış zolağında olduğu kimi o tərəf- bu-tərəfə qaçırdım və pəncərədən işıqlanmış küçəni gördükdə qorxdum, geriyə döndüm və otaqdakı güzgünün dərinliyində növbəti hədəfi aldım və qışqırdım, səsimi eşitmək üçün, bilirdim ki, ona heç kim hay verməyəcək və heçnə onu zəiflətmək iqtidarında deyil, o heç bir maneəsiz ucalır və hətta boğulsada kəsilmir, – bu zaman divarda bir qapı açıldı, tələm-tələsik açıldı, çünki, tələsmək lazım idi və hətta daşlı küçədəki araba atları da döyüşdə vəhşiləşmiş atlar kimi kişnəyərək dal ayaqları üstünə qalxdılar.

Tam qaranlıq, lampaları sönmüş dəhlizdən ruh şəklində kiçik bir uşaq peyda oldu və qəribə yırğalanan döşəmə taxtasının üstündə ayaqlarının ucunda durdu. Otaqdakı zülmət onun gözlərini kor etdi və əlləri ilə sifətini örtmək istədi, amma pəncərədən küçəyə boylanıb sakitləşdi, orada küçə fənərləindən qalxan işıqlı buxar qaranlığa qərq olunmuşdu. Uşaq sağ dirsəyini divara söykəyərək açıq qapıda dayanmışdı və xaricdən gələn hava axını onun ayaqalarını, boynunu və gicgahlarını sığallayaraq keçirdi.

Mən bir müddət ona baxdım, sonra dedim “Salam” və sobanın ekranı qarşısından pencəyimi götürdüm, çünki mən onun qarşısında belə yarıçılpaq durası deyildim. Mən bir anlığa ağzımı açdım ki, dərindən nəfəs alıb həyacanımı söndürə bilim. Ağzımın dadı qaçmışdır, kipriklərim titrəyirdi, qısası, mənə bircə bu gözlənilən qonaq çatışmırdı. Uşaq hələ də divarın yanında əvvəlki yerində durmuşdur, sağ əlini divara basmışdır, və yanaqları qızarsa da, barmaqlarının ucunu basan, ağardılmış divardakı codurlardan doymaq bilmirdi. Mən soruşdum:

-Siz əminsiniz ki, mənim yanıma düz gəlibsiniz? Bu yanlışlıq deyil ki? Bu böyük evdə yanlışlıq həmişə mümkündür. Mənim adım Eləbelədir, üçüncü mərtəbədə yaşayıram. Deməli sizin görmək istədyiniz mənəm?
– Sakit, sakit, – uşaq dedi, – hər şey qaydasındadır.
– Onda otağa daxil olun, mən qapını örtmək istəyirəm.
– Qapını mən indicə örtdüm. Özünüzə zəhmət verməyin. Ümumiyyətlə sakitləşin.


Ardı →