Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Mavi gözlü şair

Nazım HikmetBen bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…

Nazim Hikmət kimdir? Onun haqqında nə bilirik?
20-ci əsrin əvvələrində Selanik`də göz açdı dünyaya Nazim. 20 noyabr 1901-ci ildə doğulsa da, ailəsi doğum tarixini 15 yanvar 1902-ci il kimi qeydiyyatdan keçirmişdir. İlk şeiri “Feryad-ı Vatan”-ı 12 yaşında yazan Nazim, Kurtuluş Savaşında da iştirak etmişdir. Bolu şəhərindəki müəllimlik illərindən sonra 1921-ci ildə Moskvaya etdiyi səfər ilə birlikdə kommunizm ilə tanış olmuşdur.

Moskvada ali təhsil aldıqdan sonra Türkiyəyə dönmüş və burada yazdığı şeirlərdən dolayı çoxlu təqiblərə məruz qalmışdır. Hətta həbs olunmaq təhlükəsi, mavi gözlü şairi yenidən vətənindən uzaq düşməyə sövq etmişdir. Nazim Hikmət Türkiyədə sərbəst vəzni ilk tətbiq edən şəxs və müasir türk şeirinin öndərlərindən hesab olunur. İllərlə məhbus həyatı yaşayan Nazim Hikmət, 1963-cü ilin 3 iyununda Moskva şəhərində vəfat etmişdir.
Ardı →

Orxan Pamuk - Dostoyevski

“Times Literary Supplement”in “minilliyin ən yaxşı kitabı hansıdır” sorğusunaOrhan Pamuk

Mənim düşündüyümə görə, bu minilliyin kitabı dahi rus yazıçısı Mixail Fyodoroviç Dostoyevskinin “Karamazov qardaşları” əsəridir. Bu dünyada yaşamağın, digər insanlarla birlikdə olmağın və başqa dünyanı arzulamağın bütün problemlərini haradasa ensiklopedik ölçüyə çatan bir genişlik və ürəkdən gələn sarsıdıcı sıxlıqla dramlaşdıra bilən belə bir başqa kitab tanıya bilmirəm.

Kilsə və dövlət, ideologiyalar və gözəllik, sərbəstlik və cavabdehlik kimi hər zamanın problemləri ilə əyalətdəki balaca bir rus ailəsinin pul, eşq, ata qorxusu, qardaş qısqanclığı, etibar kimi daxili problemlərin arasında bu roman eləsinə bir ahəng və güclə gedib-gəlir ki, insan oxumağın verə biləcəyi ən böyük hədiyyəni alır. Bu da öz həyat təcrübəmizin insanoğlunun təcrübəsinin bir parçası olduğunu dərindən hiss etməkdən ibarətdir.

Bu roman başqa romanlarda çox az görə biləcəyimiz qədər qəribə, xarici dünyanın qanunlarını, bir müddət sonra bütün dünyanın qanunları olaraq qəbul etdirərək bizi bütünlüyü ilə içinə çəkir. “Karamazov qardaşları”nın dünyasına yaxşıca girərkən bu dünyadakı yerimizi, həyatın mənasını, eşq, qardaşlıq, Allahın varlığını bir fikir olaraq deyil, həyəcan və sarsıdıcı duyğu olaraq yaşayırıq.
Ardı →

Əsgər mahnısı | Dino Buzzati

Kral almaz və poladdan düzəldilmiş nəhəng yazı masasına əyilmiş başını qaldırıb qulaq asdı.
— Lənət şeytana, bu nədi mənim əsgərlərim oxuyurlar?- o dedi.

Bu vaxtı ordu həqiqətən də sarayın yanı ilə Tacqoyma meydanından keçərək sərhədə doğru istiqamətlənirdi — batalyon batalyon dalıyca keçirdi və əsgərlər sıravi addımlarla oxuyurdular. Onların güzəranları xoş idi, çünki artıq düşmən qaçmağa üz qoymuşdu. Onlara ancaq orda-ucqar diyarda qələbə çələnglərini dərib başlarına qoymaq və şan-şöhrətlə evə qayıtmaq qalırdı. Buna görə kral da özünü əla hiss edir və öz gücünə əminlikdən coşub daşırdı. Bir az da keçsin, bütün dünya ona təslim olacaqdı.
Davamı →

Ölülər | Pablo Neruda

Pablo NerudaAğır-ağır ölər vərdişinin köləsi olanlar, hər gün eyni yoldan gedənlər, gəzməyinin formasını heç dəyişdirməyənlər, geyimlərinin rəngini dəyişdirməyə cürət etməyənlər, tanımadıqlarıyla danışmayanlar. 

Ağır-ağır ölər ehtirasdan və duyğulanımdan qaçanlar, ağın üzərində qaranı seçənlər, gözləri işıldadan, əsnəməyi təbəssümə çevirən və yanlışlıqla emosiyaların qarşısında ovundurulmuş ürəyi dup-dup atdıran bir dəstə duyğunun yerinə “i” hərflərinin üzərinə nöqtə qoymağı üstün tutanlar. 

Ağır-ağır ölər işlərində və sevgilərində uğursuz olub, vəziyyəti tərsinə çevirməyənlər, bir xülyanı reallaşdırmaq üçün qətilik yerinə tərəddüd göstərməyənlər, həyatlarında bir dəfə də olsun məntiqli bir öyüdə qulaq asmayanlar. 

Ağır-ağır ölər səfərə çıxmayanlar, oxumayanlar, musiqi dinləməyənlər, ürəyində incəlikdən əsər olmayanlar. 
Ardı →

Mən necə düşünürəm | Rünoske Akutaqava

Ən çox susuzlayan adam, tuluğunda suyu qurtarmış səhradakı səyyahdı. Ən çox ədalət arzulayan adam, kapitalizm şəraitində sosial ədalət tapmayan inqilabçıdı. Biz insanlar üçün ən çatışmayan şey, ən vacib olan şeydi. Buna yəqin heç kimin şübhəsi olmaz.

Əgər mənim dediklərim doğrudusa, ayaqlarını itirən əsgər hər şeydən çox ayaqlarının olmasını istəyir. Ən çox sevgi həsrəti çəkən sevgilisini itirən aşiqdi. Ən çox ciddilik arzulayan – məntiqə riayət etməyə bilmərəm, — daxilən ciddi olmağı bacarmayan yazıçılar, tənqidçilər, dramaturqlardı. Ta bineyi-başdan insanların ciddi olmadığını deməyə, məncə, ehtiyac yoxdu. Üstəlik, yumor hissi olan adamları günahlandırmaq, onları təhqir etmək olardı.

Tarix göstərir ki, həqiqi ciddi sənətkarlar öz ciddiliyini heç vaxt gözə soxmur. Onların əsərlərində, az, ya çox, ancaq gülüş həmişə olub. Hətta qaraqabaq, zəhmli İbsen də heç vaxt bunu gözə soxmurdu. «Per Qyunta»dan az sonra tamaşaçıda qəhqəhələr doğuran «Çöl ördəyi» yarandı. Məzhəkəyə olan məhəbbətini «Timsah» və «Dayının yuxusu»nda göstərən Dostoyevski İbsendən geri qalmır. Tolstoy əri ilə öpüşəndə paltarının əziləcəyindən narahat olan qadını təsvir eləyir. Strindberq həyatda dəmdəməki olan, ancaq həmişə əxlaqdan dəm vuran kişi obrazı yaradır.
Ardı →

Qəribə hekayə | O.Henri

O HenryAustinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, beş yaşındakı balaca qızından və onun valideynlərindən ibarət idi. Kəndin rəsmi siyahıyaalmasında ailə altı nəfərdən ibarət olsa da, əslində onlar üç nəfər idilər.

Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli mədə sancısıyla qıvrılmağa başladı. Con Smoders vaxt itirmədən evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.

Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da böyüyüb gözəl gənc qadın oldu. Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay bundan əvvəl ailə qurub San-Antonio kəndində yerləşdi. Bir müddət sonra balaca qız da ailə qurdu və aradan illər keçdikdən sonra balaca qızın da qızı dünyaya gəlib beş yaşına çatdı. Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.

Bir gecə qəribə bir hadisə baş verdi. İllər öncə Con Smodersin yoxa çıxdığı gecədəki kimi gənc qadının balaca qızı mədə sancılarıyla qıvrılmağa başladı. Əgər Con Smoders yaşayırdısa deməli, o, nəvə sahibi də olmuşdu. Con Smit (gənc qadının əri) arvadına «Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam» dedi. Arvadı «Yox, yox, Con getmə. Bəlkə, sən də evə qayıtmağı unudub əbədi yoxa çıxarsan», — deyə ərinin getməyinə etiraz elədi.
Ardı →

Qismət | Elis Munro

1965-ci ilin iyunun ortalarında Torrans-hausda semestr başa çatır. Culietə daimi iş təklif etmədilər. Onun əvəz etdiyi müəllimə sağalıb öz işinə qayıtdı. Demək o, evə qayıda bilər. Amma Culiet özünün dediyi kimi, xırdaca bir dövrə vurmaq istəyir-sahiin azca yuxarısında yaşayan tanışını yoluxmaq üçün dövrə.

Təxminən bir ay əvvəl o, həm məktəbdə yaşca ona hamıdan yaxın, həm də rəfiqəlik etdiyi yeganə müəllimə olan Xuanitayla köhnə «Xirosima, məhəbbətim mənim» filminə baxmağa getmişdi. Xuanita sonradan etiraf etdi ki, o da bu filmin qəhrəmanı kimi evli kişiyə, dərs dediyi qızın atasına vurulub. Həmin vaxt Culiet dedi ki, oxşar vəziyyət onun da başına gəlib, amma o, həmin kişinin arvadının faciəvi taleyinə görə bunu büruzə verməyə heç cür ürək eləməyib. Onun arvadı ömürlük yataq xəstəsiymiş, özü də anlaqsız yataq xəstəsi…

Az sonra sanki bu səfeh yalan, yaxud da yarımyalan öz ardınca bir məktub gətirdi. Konvert əzik-üzük olmuşdu, onu elə bil uzun müddət cibdə gəzdirmişdilər. Üzərində yalnız bu sözlər yazılmışdı: «Culiet (müəllimə), Torrans-xaus, 1482, Mark-strit, Vankuver, Britaniya Kolumbiyası». Direktor xanım onu Culietə verib dedi: «Fikrimcə, bu məktub sizədi. Qəribədi ki, familiya qeyd olunmayıb, amma ünvan düzgün yazılıb. Yəqin soraq kitabçasından götürüblər».


Ardı →

Qaçaqmalçı | İsaak Zinger

İsaak ZingerTelefon zəng çaldı. Qaldırdığım dəstəkdə anlaşılmaz bir hənirti, sonra isə öskürək səsi eşitdim. Boğazını arıtlayan adam, nəhayət, sözə başladı:

— Bəlkə də artıq bunu unutmuş olarsınız, ancaq bir kərə Filadelfiyada görüşərkən məndə olan kitablarınızı imzalamağı vəd eləmişdiniz. Mənə öz adres və telefonunuzu da vermişdiniz onda. Ünvan dəyişməsə də, telefon nömrəniz həminki deyil. Katibəniz bu nömrəni mənə o şərtlə verdi ki, çənə döyməklə, çox vaxtınızı almayım.

Filadelfiyada görüşərkən nələrdən bəhs etdiyimi mənə sadaladığı zaman xatırladım ki, söhbət düz on il əvvəldən gedir.

Məndən soruşdu:

— Yoxsa siz hamıdan gizlənirsiniz? Əvvəllər nömrənizi telefon sorğu kitabından tapmaq mümkün idi. Əslində mən də ciddi biri olduğum üçün elə sizin kimi davranıram. Özüm də insanlardan qaçıram.

— Niyə ki? – deyə xəbər aldım.

— Bunu sizə anlatmam uzun çəkər, mən isə əvvəlcədən söz vermişəm ki, telefonda çox vaxtınızı almayım.


Ardı →

Əbdülqasım Firdovsi

Bəşər tarixində bir ədib tərəfindən yazılmış ən uzun poema fars şairi Əbdülqasım Firdovsinin ( 940 – 1020\1030) yazdığı “Şahnamə” əsəri hesab edilir.

“Şahnamə” əsərinin digər bir adı da “Şahlar haqqında kitab”dır. Fars ədəbiyyatına məxsus olan bu möhtəşəm əsər İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir.

Möhtəşəm “Şahnamə” əsərinin müəllifi Ə. Firdovsi haqqında məlumat çox azdır. Tarixi məlumatlara əsasən, o, Şərqi İranda, indiki Tacikistan ərazisində X əsrin ortalarında dünyaya gəlmişdir. O, “firdovsi” sözünü özünə ləqəb götürmüşdür. “Firdovsi” sözünün mənası – “cənnət”, “behişt” deməkdir. Bu ləqəblə (Firdovsi) şair bütün dünyada məşhurlaşmış və tanınmışdır. Firdovsi dünya əbəbiyyatının ən uzun poemasının müəllifidir.

Firdovsi “Şahnamə” poeması üzərində 35 il işləmişdir. Demək olar ki, həyatının yarısını şair bu poemaya həsr etmişdir. Bu poemanın yazılmasına görə, Sultan Mahmud Qəznəvi (998 – 1030) Firdovsiyə külli miqdarda qızıl pul vəd etmişdi. Belə ki, sultan poemanın hər beytinə (beyt – iki misradır) bir qızıl pul verəcəyini söz veribmiş.
Ardı →

Kifir qadın haqqında təzadlı düşüncələr | Markes

Qabriel Qarsiya MarkesO, dondurma kafesinin ilk sıralarındakı stollardan birinin arxasında əyləşmişdi. Və mən əmin idim ki, bu, ömrüm boyu rastlaşdığım kifir qadınların ən kifiridir. Şlyapasız idi… Görən andaca onun bu cür qəribə, xariqüladə kifirliyi məni necə sarsıtdı, necə karıxdırdısa, mənə elə gəldi ki, şlyapa olsa belə çətin nəyisə dəyişə bilsin… Uzun, iri yaşıl güllü, meydan oxurcasına sadə biçimli libasda o həqiqətən də kifir görünürdü. O qədər kifir ki, hətta həkim tanışım Armando Solano da onu aşkar maraqla gözdən keçirməkdən çəkinməzdi, bəlkə lap yanındakı stolun boş olduğunu görüb onunla əyləşərdi də.

Onun kifirliyi nifrət dolu nəzərlərlə seyr etməyə hazır olduğumuz qadınları belə ötüb keçmişdi, adət etdiyimiz həddi aşmışdı. Görünür, kifirliyin bütün düşünülən sərhədləri pozulduqda, o, heç gözlənilmədiyimiz anda məlahətli, cəzbedici olur. O küçədə görüb üz-gözümüzü turşudaraq «Ay Allah, necə də eybəcərdir!» — dediyimiz qadınlara heç bənzəmirdi. Burada vəziyyət tamamilə başqa idi. Düşünün ki, təkrarsız gözəlliyi olan bir dilbər kimi belə qadınları görəndə də nitq tutula bilər, yerində donub qalarsan. Məhz buna görə dünən kafedə əyləşmiş qadın, belə bir iddiada olmadan, özünün bütün fövqəladə kifirliyi ilə məndə təbiətin comərdcəsinə gözəllik bəxş etdiyi xanımların oyada biləcəyi təəssüratı oyatdı. Hətta ürək edib deyə bilərəm ki, o, ən füsunkar, canalan afətin oyada biləcəyi hissləri oyatdı.
Ardı →