Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

 “Conatus” – insanın özünü sevmək ehtiyacıdır. Spinozanın sözləri ilə desək, konus – insanın yaşamaq arzusu və həyata canatmasıdır. Tarix boyu insanın yaşamaq və bunun üçün mübarizə aparmaq şövqünə səbəb olan da məhz bu ehtiyacdır. Yaşamaq uğrunda mübarizə prosesi, bu ideyanı həyata keçirmə vasitə və üsullarının ortaya çıxmasına səbəb olub, hansılar ki, öz növbəsində və ümumi anlamda mədəniyyət adlandırıla bilər.
Söz və göz mədəniyyəti
Mədəniyyət, bir cəmiyyətin ənənələri, həyat tərzi, inancları, bayramları, ayinləri, yəni onu həyata bağlayan təcrübələr məcmusudur. Mədəniyyət, cəmiyyətin imanı, həyatda qalması, duyğu və dəyərləri ilə bağlı həyat təcrübəsidir.
Bəşəriyyət tarixində hər bir cəmiyyət öz mədəniyyəti ilə səciyyələnir. Bu özünəməxsusluq cəmiyyət tərəfindən obyektlərin, təbiətin və insanın qiymətləndirilməsi, tanınmasını mümkün edir. Bu qiymətləndirmə, tanıma isə öz növbəsində dünyanın dərkedilməsi və tanınmasına gətirib çıxarır. Həm bu qiymətləndirmə, həm də tanıma dünyanı qəbuletmə və dərketmə formasını yaradır. Dünyanı bir bütün olaraq tanıma forması, ayrı-ayrılıqda hər bir obyektin (mövcud olan hər şeyin) qavranılmasından meydana gəlir.
Məsələn, dairəvi hərəkəti mükəmməllik və bitkinlik kimi qəbul edən və ya tanıyan bir mədəniyyət, bunu məbəd qübbəsinin, yaxud kral tacının yuvarlaq forması ilə ifadə edir, çünki mükəmməllik və bitkinlik uca Yaradana xas keyfiyyətlərdir. Məbəd uca Allahın evini, padşah isə onun yer üzündəki xəlifəsini simvolizə edir.
Hələ XIV əsrin sonunda, sosiologiyanın atası hesab olunan İbn Haldun “Müqəddimə” adlı əsərində hər bir mədəniyyətin meydana çıxması ilə bağlı aşağıdakı tezisi irəli sürmüşdür: insanın fiziki quruluşunun, əhval-ruhiyyəsinin və davranışının formalaşmasında hava şəraiti, iqlim şərtləri rol oynayır. Bol, yaxud az qidanın olduğu coğrafi şərtlər insanın fiziki və psixoloji keyfiyyətlərinə təsir edərək, siyasət və idarəetmədə özünəməxsusluq formalaşdırır.
Bu və buna bənzər amillər bəşəriyyətin mədəni müxtəlifliyinin ortaya çıxmasına səbəb olmuş, yəni obyektlərin, təbiətin və insanın ifadə, qiymətləndirmə və təfsiretmə formalarının meydana gəlməsini şərtləndirmişdir. Bu müxtəliflik bəşər tarixi baxımından olduqca vacibdir. Bu – bəşəriyyətin həyat və yaşamaq uğrunda apardığı mübarizənin nəticəsində ortaya çıxmış sərvəti, insan həyatına müxtəlif perspektivlərdən baxışın məcmusudur.
Bu gün müasir dünyada əsas mədəniyyət xətlərindən biri, köklərini yəhudi-xristian, yunan-roma mədəniyyətlərindən alan və onların ənənələrinə söykənən Qərb,  digəri isə başlanğıcını türk, ərəb və iran mədəniyyətləri ənənəsindən, yəni İslam dünyagörüşündən götürən Şərqdir (Şərqi Aralıq dənizi).
Bunlar – təməlində fundamental fərqlərə malik iki əsas mədəniyyətdir. Biri – bugünkü dünyanı monoton, eynitipli görmək (özünü aparıcı mövqeyə qoymaqla, fərqli mədəniyyətləri yox etmək) istəyən qərb mədəniyyəti, digəri isə ona qarşı israrla müqavimət göstərən və təməldə rədd edən islam mədəniyyətidir. Qərb standartları adı altında müsəlman mədəniyyətinə israrla sırınmağa çalışılan dəyərlər məcmusu, bütün təzyiqlərə baxmayaraq işləmir və gözlənilən nəticəni vermir. Beyni Qərbin əsarətində olan yerli ziyalılar belə, Qərb standartlarının bizim kimi mədəniyyətlərdə işləməməsinin səbəblərini elmi cəhətdən əsaslandıra bilmirlər.
Bu mövzuda yazılanlar və deyilənlər isə sızıldama, incimə, narazılıq və emosional protestdən kənara çıxmır. Bu paradiqmada ən ucuz, asan və “doğru” izah, hər şeyin siyasi iqtidarın üzərinə yıxılmasıdır.

Bəs həqiqət haradadır və nədir? Buna dair başqa bir əsaslandırma, fikir yoxdurmu?

Məsələn, təməl sualların bir neçəsini sadalayaq:

– Dünyagörüşünün təməlində “səcdə” olan bir mədəniyyətin nümayəndəsi, dünyagörüşünün mərkəzinə “azadlığı”  qoymuş bir mədəniyyətin nümayəndəsi ilə eyni düşünə bilərmi?
– Yaxud, katolikliyin kökündə yatan şəffaflıq konsepsiyası – “günahların etirafı və əfvedilməsi” ritualı ilə, islam mədəniyyətindəki “tövbə” necə uzlaşa bilər?
– Məlumdur ki, mülkiyyət və ona olan münasibət siniflərin yaranmasına səbəb olmuş amillərdir. Buna misal kimi, Qərb dünyasında aristokratiya, burjuaziya, proletar anlayışlarının sinif kimi mövcudluğu, İslam mədəniyyətində isə bu cür sosial təbəqələşmənin olmamasını göstərə bilərik. Qərb dünyasında sözügedən siniflərin sosial statusu və təsirləri var, buna əsasən də, tənzimlənən hüquq və vəzifələri. Qərb mədəniyyətinin inkişafında burjua ziddiyyətləri mühüm rol oynamşdır. İslam mədəniyyətində isə insanı insan edən əsas elementlər, fərdlərin bacarıqlarıdır (mühəndis, dəyirmançı, tacir və s.). İslam düşüncəsində insan yalnız təqvada (dini hökmlərin icrası) üstün ola bilər. İslam mədəniyyətində insanın qabiliyyəti, bacarıqları dəyişə bilər, bunların qalıcılığı yoxdur, dəyişməyən tək şey isə xarakter, əxlaq, davranışdır.
– Ya da xristian mədəniyyətində “Adəmi cənnətdən” qovduran Həvvanın şəxsiyyətində təcəssüm etmiş mənfi qadın obrazı. Bu obraz sadizm, mazoxizm kimi formaların ortaya çıxmasına da səbəb olmuşdur. Feminist hərəkatın genezisinin təməlində də məhz, qadınlara qarşı güzəştsizlik prinsipi dayanırdı. Buna görə də, qadına tamam fərqli bir baxışa malik olan mədəniyyətlə, sözügedən mədəniyyətin nümayəndələrinin fikirləri üst-üstə düşə bilərmi?
Bu cür fundamental sualların qoyuluşu davam etdirilə bilər. Diqqət edilməli əsas nüans budur ki, köklü fərqləri olan bu iki mədəniyyət dünyanı da fərqli qavrayacaq və fərqli şərh edəcəkdir. Ona görə də, buradan çıxan nəticə, Qərb və Şərq (müsəlmanlar) insanlarının həyata adaptasiya qabiliyyətlərinin labüd müxtəlifliyi olacaqdır. Hər bir mədəniyyətin obyektə, təbiətə, insana fərqli münasibəti olduğuna görə, nəticə də eyni olmayacaqdr. Mədəniyyətə aid ictimai-siyasi quruluşlar, təşkilatlar, müxtəlif hadisələrə reaksiyalar və s. də elə bu səbəbdən fərqli olmağa məhkumdur.
Müasir dünyada müsəlmanların qərb insanının qayda və adətlərini rədd etmələrinin kökündə, birincilərin tarixi təcrübəsi dayanır. Qərb düşüncəsi isə bunu anlaya bilmir deyə, subyektivizmi israrla müsəlmanlara tətbiq etməyə çalışır. “Tərəqqi və ya inkişaf” adı altında bizə sırınmağa çalışılan Qərb standartları, qavrayışımızdakı obyekt və cəmiyyəti kökündən dəyişmək cəhdindən başqa bir şey deyil. Bu zorakı dəyişimə müqavimət göstərən İslam mədəniyyəti, qərb mediası vasitəsilə amansızlıqla təhrif olunaraq, ona qarşı istənilən hücumu və bombardmanı şüurlarda legitimləşdirir.
Bir sözlə, Qərbin “dəyişməz” şeyləri “dəyişdirmək” cəhdləri müsəlmanlara çox baha başa gəlməkdədir, çünki dəyişdirmənin yeganə və dəyişməyən vasitəsi – zorakılıqdır. Bütün bunlara baxmayaraq, biz yenə də “dəyişməz” olan şeylər üzərində düşünmək və onların köklərini araşdırmaqla mükəlləfik. Fərqlilik və oxşarlıqların əsas tezislərini müəyyənləşdirməklə də həmçinin.
 
Rasional və irrasional düşüncənin işığında söz və göz mədəniyyəti
Söz və göz mədəniyyəti, adından da bəlli olduğu kimi, görmə və eşitmə anlayışları ilə əlaqəlidir. Görmə anlayışında əsas şey gözlər, eşitmə anlayışında qulaqlardır. Göz görür, korrektə edir, səs qulaqdan daxil olur və beyində yerləşir. Görməyin (baxmağın) – ana xətti həndəsidir və məkan kateqoriyası ilə əlaqəlidir. Eşitmə isə aritmetikdir, zaman kateqoriyası ilə əlaqəlidir.
Fransız ənənəçisi René Guénon (Şeyx Əbdülvahid Yəhya) görməni birbaşa olaraq məkanla, eşitməni zamanla əlaqələndirir. Göz simvolunda hissəciklər eyni anda istifadə olunursa, eşitmə simvolunda hissəciklər ardıcıl olaraq istifadə olunur. Yəni gözün xüsusiyyətlərindən biri, onda axıcılığın olmaması, əksinə hərəkətsizlik, sinxronlaşma ilə səciyyələnməsidir. Eşitmədə isə ardıcıllıq (ritm) prinsipi var, sinxronizm isə yoxdur.
René Guénon hesab edir ki, oturaq cəmiyyətlərdə plastik (rəsm, inşaat, memarlıq, yəni məkanla əlaqəli olan) sənətlərin intişar tapması, köçəri cəmiyyətlərdə isə səslə bağlı sənətlərin (musiqi, şeir) meydana çıxmasının səbəbi məhz budur.
Daimi olaraq bir yerdə yaşayan oturaq cəmiyyətdə məkanın qavranılması, dərk edilməsi və estetikası güclüdür, məkanın bu cəmiyyətlər üçün rolu dominantdır. Köçəri cəmiyyətlərdə isə zaman əsas anlayışdır. Daim yer dəyişdirdikləri üçün oturaq cəmiyyətlərlə əlaqələri, münasibətləri zəifdir, bu səbəbdən də, zamanı qavrayışları güclüdür, ritmik sənət isə onlarda üstünlük təşkil edir, hakimdir.
Sadalananlar, “eşitmə və görmə”nin düşüncə, qavrayış təməlində fərqləndiyini göstərir. Qərb və şərq mədəniyyətləri arasındakı fərqin əsasını təşkil edən də bu amildir. Qərb göz mədəniyyətinə, Şərq isə söz mədəniyyətinə aiddir. Yəni bir qərbli insan dünyanı gözləri, şərqli insan qulaqları ilə tanıyır. Başqa sözlə, Qərb və Şərq gözü və qulağı tərbiyə edən iki fərqli mədəniyyətdir.
Bu fenomenə dair bir çox alim əsərlər, traktatlar qələmə almış, bəziləri gözə, bəziləri eşitməyə üstünlük vermişdir. Belə ki, Leonardo da Vinci Paragone (Müqayisələr) traktatında rəsmi (gözlər) şeir və musiqi (qulaqlar) ilə müqayisə edərək, birincinin üstünlüyünü sübut etməyə çalışmışdır. Müsəlman alimi İbn Kuteybə (vəfatı 889) isə, hələ 9-cu əsrdə, gözün qulaq üzərində üstünlüyə malik olduğunu müdafiə etmişdir. X əsrdə yaşamış başqa bir müsəlman alim-riyaziyyatçı Əbdül-Kahhar Bağdadi (vəfatı 1037 c.) isə, öz traktatında alim üçün gözün eşitməkdən daha vacib olduğunu qeyd etmiş, lakin filosofların eşitməyə üstünlük verdiyini də vurğulamışdır..
Tarixə müraciət etdikdə, xristian mədəniyyətində oxuma/yazma qabiliyyətlərinin məhdudlaşdırılmasının rəsm və ikonaların əhəmiyyətini artırdığını görürük. VI əsrdə yaşamış Papa Gregorius Magnusa (540-604) görə, yazma/oxumağı bilənlər üçün hərflər nəyi ifadə edirsə, savadsızlar üçün rəsm və ikonalar da həmin şeyi ifadə edir.
Qərb təfəkküründə görmə/baxma/gözlərə üstünlük verilməsinin təməlində, qədim zamanlardan bəri sənətə və ustalara himayədarlıq edən kilsə və onun nümayəndəsi – Vatikan dayanır. Müsəlman mədəni təcrübəsində isə görmə qabiliyyəti (göz, baxış) “çılpaqlıq, açıqlıq” kimi başa düşüldüyü üçün, bu mədəniyyətdə söz kultu üstünlük təşkil edir.
Şərq mədəniyyəti, bir növ görüntüdən gələ biləcək mənfi halları istisna etmək üçün, eşitməyə (qulaqlara) müraciət etməkdədir. Yəni şərq mədəniyyəti bilmək və anlamaq üçün “görmək” əvəzinə, “eşitməyə” üstünlük verir. Ta qədim zamanlardan şərq dünyagörüşündə hisslər və düşüncələr rəsmlə (gözlə) deyil, sözlə çatdırılır.
Günümüzdə də müsəlman dünyasında rəsmə, məsələn, məzar daşlarına şəkillərin həkk olunmasına qarşı mənfi münasibətin kökündə söz mədəniyyəti (kultu) dayanır. İslamın özündə buna dair konkret bir qadağa olmasa belə. Rəvayətə görə, Məkkənin fəthindən sonra Hz.Məhəmməd Məryəm və İsanı təsvir edən Maesta freskası xaricində, Kəbənin içindəki bütün bütləri, eləcə də divarlardakı bütün freskaları aşırtmağı əmr etmişdi. Maesta isə uzun müddət Kəbənin içərisində saxlanılmış, yalnız Əməvilər dövründəki döyüşlər nəticəsində tamamilə məhv edilmişdi.
Bir cümlə ilə ifadə edəsi olsaq – qərb düşüncəsi baxışa (gözlərə) üstünlük verir, həqiqəti bütün səmimiyyəti, açıqlığı ilə, bər-bəzəksiz görmək və göstərmək istəyir. Van Qoqun dediyi kimi: “Kəndli qadın obrazını canlandırmaq üçün, əsl kəndli qadın görmək istəyirəm. Fahişə obrazını canlandırarkən də, qadının üzündə sözün əsl mənasında fahişə ifadəsini görmək istəyirəm”.
Şərq düşüncəsi sözə (dilə) aşiqdir. Mistisizmi, əsrarı, maskalanmanı sevir və seçir. Yəni çılpaq bir cismi qavramaq ona yaddır. Bir müdrik kişinin dediyi kimi, hətta qadınlar da “soyunmaqla” deyil, “örtünməklə” izzətlənirlər. Şərq düşüncəsi – əhatə etməmək və toxunmamaq haqqındadır.
Şərq təfəkkürünün qərb təfəkküründən fərqli olaraq gizlətməyə, bitkinliyə meylinin əsas səbəbi, fərdin tapma/bilmə uğrunda cəhd etməsinə təşviqdir. Yəni deyiləcək, danışılacaq olan, bəribaşdan gözə soxulmur. Yaxud, “bax, mən belə etdim” kimi ifadələrlə sizə təzyiq olunmur. Əksinə, tədricən başa düşməyiniz, qavramağınız istənilir[9]. Başqa sözlə, sizə belə bir şərəf göstərilir. Şərq təfəkkürü SÖZƏ əhəmiyyət verdiyi üçün əsas olan dinləmək, eşitməkdir.

Son olaraq, mədəniyyətimizdən bir neçə maraqlı detalı paylaşmaq istərdim.
Məsələn, bu gün dilimizdə evi ifadə edən və onunla əlaqəli sözlər Qərbdən alınma sözlərdir – villa, salon, tualet, duş, şifoner, eyvan və s. Hamısı məkanla əlaqəlidir. Şərq dünyagörüşündə isə xarabalıq kimi mənfi konnotasiyalı anlayışlar təməldə məkanla yox, zamanla əlaqəlidir. Yaxud, Şərqdə nalayiq mövzular gözlə əlaqəlidir. Qərbdən fərqli olaraq bizdə şəkil, görüntü ilə bağlı mövzular ayıb sayılır. Şifahi açıqlama/ifadələr isə, adi haldır. Bu gün də bizdə obyektin, yaxud kainatın, insanın sözlə ifadə edildiyi sferalar var. Şeir və meyxana sənəti nümunələrinin ictimai səviyyədə aktuallığı da bu səbəbdəndir.

Sözlə bağlı hamımıza tanış olan bəzi ifadələr isə bunlardır:

– Sözünə əməl etmək
– Söz vermək,
– Söz eşitmək,
– Sözə qulaq asmamaq,
– Sözə fikir verməmək,
– Söz sözü çəkər,
– Sözlərini geri götürmək/almaq,
– Əvvəl söz vardı…
 
 
 
Müəllif: Rəvan Şirvani
Mənbə: azlogos.eu
 

0 şərh