Beynimizin "heykəlləşməsi"

Dünən axşamüstü bir şeyi çox düşündüm. Son vaxtlar nədənsə ətrafımda baş verənlərə iç dünyamında daha çox yer verirəm. Dünənkilərə də anındaca münasibətlərini bildirdilər.
Dünən iç dünyamın gündəmini zəbt edən o idi ki, mühit insanlara necə təsir edir? Mən bizim gənclərdən çox şey gözləyirdim. Fikirləşirdim ki, bizim gənclərin şəxsiyyət prinsipləri sırasında ən ön sıralarda demokratiya, dürüstlük olacaq. Ən azı dünyada söz azadlığı, demokratiya deyə bir şeyin olduğundan xəbərdar olmalıdırlar.
Xəbərdar olmalarında da problemlər olur. Ən böyük insan haqqlarının pozulması onların informasiya azadlığının boğulmasıdır. Amma nə də olsa, bu gün ətrafda baş verənləri, olub keçənləri izləmək üçün onlara çox da geniş vasitələr təqdim olunmasa da, ən azından internet var. Amma internet də bizim təfəkkürü dəyişə bilmir. Axı yazıq internetdə də günah görmək olmaz. Gənclər internetlə tanış olana qədər mühit, ailə, cəmiyyət bunların beyinlərini elə yoğurub başqa formada heykəlləşdirir, daşlaşdırırlar ki, Allah bu günə kimi bu daşlaşmanı köklü deformasiyaya uğratmaq üçün nəyisə kəşf etmək xoşbəxtliyini heç bir bəndəsinə bəxş etməyib. Heykəlləşdirmək, daşlaşdırmaq və dəyişməmək bizim ana prinsiplərimizdən biridir. Bizim insanların heykələ bu qədər güclü marağı olduğunu bir il olar ki, kəşf etmişəm. Keçən il orta məktəbdə uşaqlara sual verdim ki, kim harada heykəlinin qoyulmasını istəyir? Uşaqlardan biri dedi ki, sualı başqa cür qoyun, kim istəməz ki, şəhərin mərkəzində heykəli qoyulmasın? O zaman öz-özlüyümdə əmin oldum ki, gələcəkdə Xəzərin bir hissəsini qurudub yerində heykəllər ucaldılmış olsa, qeybdən məndə də Zirəddinin “istedadından” pay verildiyini bilərsiniz. 

İndi bizim gənclər başqa cürdür. Mühit onların beynini elə daşlaşdırıb ki, onun təsirindən kənara çıxa bilmirlər. İnkarı inkar etmək qanunu cəmiyyətimizdə itir sanki. Əgər bugünkü nəsil əvvəlkini inkar edə bilmirsə, deməli, hər hansı inkişaf yoxdur. Obrazlı desək, gəclər yaşlı nəsli inkar etmirsə, deməli, gənclik funksiyasını itiriblər. Amma bizdə heç «inkişaf» yoxdur demək olmaz. Biz mini ətək geyinib nənəmizi inkar etmiş oluruq. Lakin mini ətək geyinib metroda oturan qızımız başlayır ətəyini aşağı çəkməyə. Onun özünü oxşatdığı fransız qadın isə mini ətəklə oturanda əksinə ayağını ayağının üstünə aşırır, damağına da bir siqret qoyur. Mən bu inkaretməni nəzərdə tutmuram. Mən mini ətək geyinən qızlara qarşı deyiləm. Amma mahiyyətcə də təzahür tamamlanmalıdır. Bugünkü gənclərimizin əksəriyyətində demokratiya, fikrə hörmət, ən əsası isə dürüstlük mənim dediyim, mənim istədiyim olsun prinsipindən arxada qalıb. İndi əminəm ki, içinizdə bir sual yaranıb ki, bəs sən guya demokratiyanın ana vətəni olan Amerikada böyümüsən? Yox, kim dedi ki, mən sizdən fərqliyəm. Mən də sizin birinizəm. Amma istisnalar qaydanı pozmaz. Əminəm ki, bu yazını oxuyan hər kəs özünü istisna hesab edəcək.

 

0 şərh