Ninni

Laylay dedim, yatasan,
Qızılgülə batasan,
Gül yastığın içində
Şirin yuxu tapasan.

Laylay dedim gündə mən,
Kölgədə sən, gündə mən,
İldə bir qurban olar,
Sənə qurban gündə mən.

Laylay, a gəlin bala,
Yuxusu dərin bala,
Tanrıdan əhdim budur,
Toyunu görüm, bala.

Könlümün bir gülüsən,
O gülün bülbülüsən,
Sinəmin sünbülüsən,
Səni, yavrum, sevərəm.

Layla dedim həmişə,
Karvan gedər enişə,
Yastığında gül bitsin,
Döşəyində bənövşə.

Layla, quzum, ağlama,
Ürəyimi dağlama.
Yat, yuxun şirin olsun,
Yuxuma daş bağlama.

Laylay, əməyim bala,
Duzum, çörəyim, bala.
Gözlərəm, böyüyəsən,
Görüm köməyin, bala.
 
 

0 şərh