Qırıq qəlb sindromu

Ürəyi məhv edən sınıq qəlb sindromu

Son illərdə tez-tez eşidilən qırıq ürək sindromu («Broken Heart Syndrome”), bədənin güclü stressə verdiyi cavabdır. Ürək böhranına bənzər tapıntılarla özünü göstərən bu xəstəliyi 1990-cı ildə Hiraru Sato kəşf edib və ona Takotsubo Kardiyomiyopatiyası adını verib. Bu ad, ürəyin sol hissəsinin sindromun inkişafı zamanı Yapon balıqçıları tərəfindən istifadə edilən səkkizayaqlı ilbiz ovlayan qaba bənzəməsi ilə əlaqədardır.

A: Normal ürək
B: Sınıq qəlb sindromuna məruz qalmış ürək


Sınıq ürək sindromuna stress kardiomiopatiyası və apikal balon sindromu da deyilir. Xəstəlik infarkt kimi inkişaf edir və xəstə kriz keçirmiş kimi hiss edir. Bu arada, xəstənin EKQ ölçmələrinin parametrləri və qan dəyərləri infarkt tapıntılarına bənzəyir. Həddindən artıq stress altında olan fərdlərdə daha çox görülən bu xəstəliyin ürək dayanmasına qədər ciddi fəsadları ola bilər.

Sınıq qəlb sindromu nədir?

Biz neqativ emosional hissləri keçirdiyimiz zaman sempatik sinir sistemimiz normadan çox fəaliyyət göstərir. Nəticədə nəbzimiz sürətlənir, təzyiqimiz qalxır və ürəyi qidalandıran damarlar büzülür. Ayrıca, qanımızda adrenalin və noradrenalin kimi stress hormonlarımızın miqdarı da artar. Bütün bu proseslər infarkt keçirməyimizə səbəb olur. „Qırılmış qəlb sindromu”nun ortaya çıxdığı xəstələr adətən oğlunu, qızını, həyat yoldaşını və ya çox sevdiyi bir insanı itirən; silah gücü ilə soyulan; xəyanət edilən, boşanan, yoldaşı ilə mübahisə edən; zəlzələ, sel və daşqın kimi təbii fəlakətlər nəticəsində evini, yerini, yurdunu və ya hər hansı maddi gəlir mənbəyini, işini, qumarda pulunu itirən və bu səbəbdən üzüntü, kədər hissi keçirən insanlardır. Üzüntü və ya kədər hissi keçirdikdən sonra xəstələrin çoxu (təqribən 76 faizi) sinələrində şiddətli ağrı hiss edərlər. Ancaq bəzi xəstələrdə ağrı olmaz və yeganə şikayət təngnəfəslik ola bilər. Bəzi xəstələrdə isə yeganə şikayət ürəkdöyünmə ola bilər. Təəssüf ki, bəzi xəstələr də anidən vəfat edirlər. Qorxu, kədər, təşviş, üzüntü və sairə kimi neqativ hisslər keçirdikdən sonra şiddətli sinə ağrısı və ya təngnəfəslik şikayətləri olan hər kəs ətraflı müayinə edilməli, mütləq elektrokardioqram çəkilməli və lazım olarsa, qan testinə baxılmalıdır.

İnfarkt və sınıq qəlb sindromu tez-tez qarışdırılsa da, əslində aralarında əhəmiyyətli fərqlər var. İnfarkt adətən ürək damarlarının qismən və ya tam tıxanması nəticəsində yaranır. Bu maneənin səbəbi yüksək qan yağları və ya damarda əmələ gələn laxtalar səbəbindən inkişaf edən ateroskleroz ola bilər. Sınıq qəlb sindromunda damarlarda heç bir maneə yoxdur, lakin ürək damarlarında qan axını yavaşlayır.

Əlamətləri

Xəstəliyin ən əhəmiyyətli iki əlaməti sinə ağrısı və nəfəs darlığıdır. Sinə içində yüngül və ya şiddətli uzun müddət davam edən ağrı infarkt və ya sınıq qəlb sindromunun əlaməti ola bilər. Bu səbəbdən ciddi qəbul edilməli və həkimə müraciət edilməlidir. Çox sürətli və ya nizamsız ürək döyüntüləri, insanı dərindən təsir edən və ağır stresə səbəb olan hadisədən sonra nəfəs darlığı kimi hallarda gecikmədən xəstəxanaya müraciət etmək lazımdır. Bunlara əlavə olaraq, sınıq qəlb sindromunu göstərən digər simptomlar aşağıdakı kimi sıralana bilər:

  • Sol qolda və aşağı bölgədə ağrı
  • Tərləmə
  • Ürəkdə daimi sıxılma hissi
  • Yorğunluq, narahatlıq və stress
  • Nəzarətsiz və balanssız bədən hərəkətləri
  • Monofobiya
  • Baş ağrısı
  • Konsentrasiyada çətinlik
  • Döş qəfəsində ağrı
  • Hava çatışmazlığı hissi
  • Aritmiya
  • Ritm pozulması
  • Huşun zəifləməsi
  • Sıxılma
  • Baş gicəllənmə 

Xoşbəxt qəlb sindromu

Qorxu, kədər, üzüntü və sairə kimi neqativ hisslərin infarkta səbəb ola biləcəyini çox yaxşı bilirik. Ancaq təəssüf ki sevinc, qürur hissi, xoşbəxtlik kimi pozitiv, müsbət emosiya hissləri yaşadığımız zaman da ciddi infarkt keçirə bilərik. Buna da “Xoşbəxt ürək Sindromu” (»Happy Heart Syndrome”) deyilir. «Qırılmış qəlb sindromu”nda olduğu kimi pozitiv emosiya hissi zamanı və ya sonrası infarkt keçirənlərin də 95 faizi qadınlardır. Qadınların nəyə görə daha böyük risk altında olduqları haqqında bəzi fikirlər səsləndirilsə də, dəqiq səbəb bilinmir. Sevinc hissinin keçirildiyi zaman infarkt keçirənlərin 90 faizi sinəsində ağrı hiss edərlər. Ancaq təngnəfəslik şikayəti də ortaya çıxa bilər.

Niyə əsasən qadınlar?

»Qırılmış qəlb sindromu” olan xəstələrin 90-95 faizi qadınlardır və qadınların nəyə görə daha böyük risk altında olduqlarının dəqiq səbəbi bilinmir. Ancaq ən çox qəbul edilən fikir, qadınların ürəyinin stress zamanı bədəndə ortaya çıxan hormonal dəyişiklərə daha həssas olmasıdır. Son vaxtlarda qarşımıza daha çox çıxan bu xəstəlik heç də nadir xəstəlik deyil. Əslində «Qırılmış qəlb sindromu” da bir növ infarkt keçirmə halıdır və bütün infarkt keçirmə hallarının 1-2 faizini təşkil edir. İnfarkt keçirən bir insanın ürək damarları, adətən tıxanmış olur. Ancaq maraqlısı odur ki, „Qırılmış qəlb sindromu”nun olduğu insanlara anjiyoqrafiya elədiyimiz zaman, damarları adətən tərtəmiz çıxır, ürək damarlarında ciddi daralma və ya tıxanma olmur. Ayrıca, bu xəstələrin ürəklərinin müəyyən bölümləri anormal dərəcədə genişlənir. 
“Qırılmış qəlb sindromu”nun ortaya çıxdığı qadınların çoxu menopauzaya girmiş qadınlardır. Bu qadınların ortalama yaşları təqribən 66-dır. Menopauzaya qədər yumurtalıqlardan qana ifraz olunan esterogen hormonu qadınları infarkt keçirməkdən qoruyur. Ancaq qadın menopauzaya girdikdən sonra qandakı esterogen hormonu azalır və bunun nəticəsində qadınlar infarkt keçirmə baxımından daha həssas olurlar. Bu xəstələri bəzi dərmanlarla çox yaxşı şəkildə müalicə edirik və hər hansı bir problem olmadan xəstəxanadan evə göndəririk. Ancaq çox təəssüf ki, „Qırılmış qəlb sindromu” bəzi xəstələrimiz üçün öldürücü də ola bilir. Belə ki bu diaqnozla yatırılan xəstələrin 4 faizi xəstəxanada dünyasını dəyişir. Ancaq xəstələrin çoxu 1-2 həftə içində tamamən normal sağlamlıqlarına dönürlər. Bir insanda “Qırılmış qəlb sindromu” ortaya çıxıbsa, bu xəstəliyin həmin insanda təkrar ortaya çıxma riski hər il 2 faiz artar.
 

0 şərh