Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Unut məni | Məmməd Araz

Dilim dinməz, kirpiklərim səs elər, Məmməd Araz
Necə xoşdu — ürəyimi kəs elə... 
Qalan ömrə yarım ürək bəs elər, 
Unut məni, aldat məni, at məni.

Enişi qar, yoxuşu qar bu yolun, 
Yad nəfəsdən buz qayası su olu... 
Yalan yolu beş addımlıq su yolu, 
Aldat məni, unut məni, at məni.

Sən ömrünün atəşində yananda, 
Kölgəndən də gərəksizdim yanında. 
Qiymətli bir itik saxla yadında, 
Unut məni, aldat məni, at məni.


Ardı →

Bəxtiyar Vahabzadə - Bəli, əsəbiyəm!

Mənə "əsəbisən" deyən — düz deyir.
Mənim nöqsanımı demək istəyir.

Söz atdın… Könlümdə qopdu zəlzələ,
Bilmədim, nə zaman çıxdım özümdən.

Toxundun könlümə üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?

Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.

Mən ki istəmərəm bir ürək sına,
Əsəbiyəm, çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm, isti qanım var.

Mənə biganədir soyuqqanlılıq,
Hər şeyə öz ölçüm, öz tərəzim var.

Sənin qərəzinin mənə dəxli yox,
Mənim öz görüşüm, öz qərəzim var.

De, necə od tutub alışmayım mən –
Fikirsiz, məsləksiz ölü canlara?
Bəli, əsəbiyəm, heç çəkinmədən
Mənim əqidəmə toxunanlara.

Dünyaya gəlmişəm, qanam, anladım,
Ürəyim od tutub yanar.
Bəli, əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.

Quzuya da bəli,
Qurda da bəli?
Deyirsən, olmasm baxışım mənim?
Nöqsanım budursa əgər...
                           deməli,
Ancaq naxışımdır yanlışım mənim.


İyul, 1979
Davamı →

Bizik! / Afaq Şıxlı

Bəzən ətək kəsən, bəzən əl tutan,
Sonuncu tikəni bölən də bizik!
Torpağı pay verən, düşmənə satan,
Torpağın qədrini bilən də bizik!

Özgəyə yol verib, özü  yol azan,
Gah quyudan çəkən, gah quyu qazan,
Misli görünməmiş tarixlər yazan,
Tarixi yaddaşdan silən də bizik!

Haqdan danışanı asırıq dardan,
Namusu qoruyub keçirik ardan.
Özü-öz halına baxıb kənardan 
Ağlayan da bizik, gülən də bizik!

Yoxsuldan, yetimdən dayanıb gendə,
Kefi kök gəzirik çöldə, çəməndə...
Göylərə əl açıb,  dara düşəndə, 
Allahın yoluna gələn də bizik!

Təzadlar içində üzürük, nədən
Yola gedə bilmir bir başla bədən?
Vətəni tərk edib qürbətə gedən, 
Vətənin yolunda ölən də bizik!


Afaq Şıxlı
Davamı →

Dərd | Ramiz Rövşən

Dərd dərdi əridir, udur,
Dərd dərdin dibinə çökür
Dərd dərdin əlindən tutur,
Dərd dərdin ipini çəkir.

Nə uzundur dərdin ipi
Dolanır dörd bir tərəfi.
Dünyanın dərdli tərəfi
Dərdsiz tərəfini çəkir.

Dünyadan bezmir yenə də,
Şükür deyib bu günə də,
Adam lap öz dərdini də
Sevinə-sevinə çəkir.
Ardı →

Viktor Hüqo

Ağlamaq üçün gözdən yaşmı axmalı,

Dodaqlar gülərkən insan ağlamazmı?

Sevmək üçün gözələmi baxmalı,

Pis vücudda gözəl ruh,qəlb bağlanmazmı?

Həsrət- bir sevgidən uzaqmı qalmaqdır,

Sevgilin yanindaykən hicran duyulmazmı?

Oğurluq- pul, dövlət, malmı oğurlamaqdır,

Səadat oğurlamaq oğurluq olmazmı?


Ardı →

Baba Vəziroğlu - Bilirəm tək yanan mən olacağam.

Bu da son ayrılıq,son dayanacaq,
Qismətindən əlindən biz hara qaçaq ?
Günah kimdə oldu bilmirəm,ancaq
Bilirəm tək yanan mən olacağam.

Bilmirəm sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan ya çəndən oldu,
Bəlkə də ayrılıq tək səndən oldu,
Bilirəm tək yanan mən olacağam.

Min günah eylədin sən dönə-dönə,
Bağışladım səni sınadım yenə,
Yenə də,yenə də sənin xətrinə,
Bilirəm tək yanan mən olacağam.

Niyə ayrılırıq, hara gedirik ?
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimizdə günah edirik,
Bilirəm tək yanan mən olacağam.

Bəlkə bir yuxudur oyanmalısan,
Bəlkə geri dönüb dayanmalısan.
Cəhənnəm odunda sən yanmalısan,
Bilirem tək yanan men olacagam.
Davamı →

Mən səni unuda bilmirəm axı

Mən səni unuda bilmirəm, axı 
Unutsam nələri unudam gərək 
Göylərə baxmışıq aylı gecədə 
Unutsam göyləri unudam gərək! 

Dənizi unudum, ya dalğaları?
Xatirən yadımdan çıxaydı barı 
Payızda xəzanı, qışdasa qarı 
Baharda gülləri unudam gərək! 

De, necə unudum mən səni, necə?
Sevgi durna deyil payızda köçə 
Yuxuma gəlirsən mənim hər gecə 
Ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan 
Adındır hər saat qarşıma çıxan 
Qarışıb şəklinə gözümdən axan 
Yağışı, selləri unudam gərək! 

Sinəmdə peşiman ürəyim qaldı 
Uçdun əllərimdə lələyin qaldı 
Nələri itirib, bax nəyim qaldı 
Nələri, nələri unudam gərək!
 
Nüsrət Kəsəmənli
Davamı →

Unut kədərini / Nüsrət Kəsəmənli

Nədir gözlərində bu qəmli sual, 
Unut kədərini, qəmini unut, 
Hələ ki ömründə mən varam sənin, 
Unut kədərini, qəmini unut. 

Bu da bir zamandı gəlib gedəcək, 
Sevincin kədərə gülüb gedəcək, 
Bu qəmli günlərin ölüb gedəcək, 
Unut kədərini, qəmini unut. 

Elə bil dağsan ki, vüqar yaraşır, 
Söylə, taleyində kimlər dolaşır? 
Sən elə işıqsan görənlər çaşır, 
Unut kədərini, qəmini unut. 

Dağlardan gəlmişik çəni unutma, 
O şirin çağları, dəmi unutma. 
Qurban gözlərinə, məni unutma, 
Unut kədərini, qəmini unut...


Nüsrət Kəsəmənli
Davamı →

Bəxtiyar Vahabzadə lirikası

Bəxtiyar VahabzadəVətən onun şeirlərində doğulduğu şəhər anlamında deyil, Bütöv Azərbaycanı əhatə edən sözdür
Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Şair yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun şeirlərində türkçülük, Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir.
Bəxtiyar Vahabzadənin lirikasını üç hissəyə ayırmaq olar: fəlsəfi lirika, məhəbbət lirikası və təbiət lirikası. Fəlsəfi lirika onun poeziyasının əsasını təşkil edir. Bu şeirlərdə şair öz fəlsəfi düşüncəsini oxucularla bölüşür. Onun təbiət lirikası isə nisbətən azdır. Şairin sevgi şeirləri fəlsəfi lirika ilə təbiət şeirləri arasında həm fəlsəfi məzmunu, həm də mənəvi duyğuları ilə ifadə olunan poetik lirikadır.
Davamı →

Ömür | Bəxtiyar Vahabzadə

Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.
Ardı →