Ceyms N.Polk (JAMES KNOKS POLK)

ABŞ-ın 11-ci prezidenti Ceyms Noks Polk 2 no­yabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şima­li Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Tennessiyə qayıdaraq Neşvilldə vəkillər kontorunda işləyir. 1824-cü ildə varlı biznesmen, böyük torpaq sahibi mayor Coel Çayldresin qızı Sara ilə ailə həyatı qurmuş, lakin övladları olmamışdır. Saranın ata­sı vəfat etdikdən sonra, onun bütün varidatı, Tennessi və Alabamada malikanələr, çoxsaylı qullar Polklara çatmışdır.

Ceyms Noks Polk

E.Ceksonun və demokrat partiyasının inanılmış t ərəfdarı olan Polk parlaq natiqlik bacarığı ilə hətta rəqiblərinin də hörmətini qazanmışdı. 1823-25-ci illərdə Tennessi parla­mentinin üzvü olur. Onun çoxlu tanışları olsa da, onların çox az hissəsi ilə dostluq əlaqələri qurmuşdu. Endrü Cekson onun ən yaxın dostlarından biri idi. Məhz onun yaxından köməyi və himayədarlığı sayəsində Polk böyük siyasətə gəlmişdi.

Ştatın tanınmış şəxsləri ilə isti münasibətdə olması onun yerli milisin polkovniki və qanunverici orqanın üzvü seçilməsinə kömək etmişdi. 23 yaşında ikən Konqresə seçi­lir və 1825-39-cu illərdə burada fəaliyyət göstərir. Son dörd ildə Nümayəndələr Palatasının spikeri seçilmiş və burada demokratlar fraksiyasına rəhbərliyi ələ almışdı.

1839-41-ci illərdə Tennessinin qubernatoru kimi siyasi təcrübə toplayan Polk məğlub olduğu iki ardıcıl seçkidən (1841, 1843) sonra Vaşinqtona qayıdır. 1844-cü ildə de­mokratların Baltimorda keçirilən partiya konventində onu prezidentliyə namizəd göstərirlər. Bunun başlıca səbəbi partiyanın görkəmli xadimləri M.Van Buren, L.Kass və C.Bükenenin arasındakı qarşıdurma olur. Onlar qarşıdur­manı kəskinləşdirməkdən çəkinərək Polkun şəxsində ortaq məxrəcə gəlirlər.

Siyasi xadim olmaqla yanaşı, quldar olan Polk Cənubda böyük nüfuza malik idi. Cənublular onun prezident olaca­ğı təqdirdə vergiləri azaldacağına, bankların özbaşınalı­ğına qarşı çıxacağına ümid bəsləyirdilər. Viqlər demok­ratların seçiminə istehza ilə yanaşır, «Ceyms Polk kimdir axı?» kimi istehzalı şüarla çıxış edirdilər. Lakin Polk özünü seçkiönü mübarizənin bacarıqlı strateqi kimi göstərdi və müxtəlif regional maraqlardan öz xeyri üçün istifadə etdi. Belə ki, Texasın ilhaq edilməsi planı demokratlar arasın­da ikitirəliyin yaranmasına səbəb olmuşdu. Polk Şimalda seçiciləri Texasın ABŞ-a birləşdirilməsinin onların da ma­rağı çərçivəsində olduğuna inandırmaq istəyirdi. O, senator Robert Uolkerlə birlikdə Cənubda qullar və quldarlar ara­sında başlaya biləcək hər hansı konfliktin Şimala da yayıla­cağını bildirirdi. Bunun qarşısını isə yalnız ABŞ ərazilərini genişləndirməklə almaq olardı. Polk quldarlığın əleyhinə olmasa da, onun ABŞ-a daxil edilmiş yeni ştatlara yayılma­sının tərəfdarı deyildi.

Mühafizəkar viqlərdən fərqli olaraq Polk ictimai rəyin ərazilərin genişləndirilməsi tərəfində olduğunu yaxşı başa düşür və bundan səmərəli istifadə edirdi. Uğurlu seçkiö- nü kampaniya təşkil edə bilməsi, nəticədə onun viqlərin namizədi H.Kleydən daha çox səs toplaması ilə nəticələndi. Seçimçilər kollegiyasında Kleyə böyük fərqlə qalib gəlsə də (170:105), əhalinin seçkilərdə iştirak səviyyəsinin yüksək olmasına (79,9 %) baxmayaraq, yalnız 49,6 % səs topladı. 1824-cü ildən sonra ilk dəfə prezident 50 %-dən aşağı səs toplamaqla seçilirdi.

Nazirlərin təyin edilməsində Polk yüksək siyasi və in­zibati bacarıq göstərmişdir. Dövlət katibi vəzifəsini tutan Ceyms Bükenenlə yanaşı Uilyam L.Mersi (hərbi), Robert Uolker (maliyyə), Corc Bankroft (hərbi-dəniz donan­ması) kimi yüksək səviyyəli mütəxəssislər kabinetə da­xil edildilər. Onlar prezidentin demokratik prinsiplərini müdafiə etsələr də, icraedici hakimiyyətin siyasi kursuna əhəmiyyətli təsir göstərə bilmədilər. Çünki əsas kursu Polk özü müəyyənləşdirir və həyata keçirirdi. Bu isə onun prezi­dentliyi üçün bəzi problemlərin yaranması ilə nəticələndi.

Prezidentin gömrük xidmətini təkmilləşdirmək üçün vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsinə veto qoy­ması qərb demokratlarının partiyadan uzaqlaşmasına səbəb olur. Onlar Polku cənub ştatlarının mənafeyinə xidmət etməkdə günahlandırırdılar.

Prezident kimi fəaliyyətində əsasən ölkə ərazisinin genişləndirilməsi kursunu götürən Polk 1845-ci ilin de­kabrında Texasın 28-ci ştat kimi ABŞ-a birləşdirilməsinə nail olur. Bunun ardınca o, həmin vaxt Meksikaya məxsus olan Nyu-Meksiko və Kaliforniyanı da İttifaqa daxil edir. Beləliklə Polkun prezidentliyi dövründə Birləşmiş Ştatların ərazisi 2/3-si qədər artırılır.

Səhhətində əmələ gələn problemlər üzündən Polk de­mokratların 1848-ci il prezident seçkilərinə namizədi olmaqdan imtina edir. Digər tərəfdən partiyadaxili müzakirələrdə onun artıq ikinci müddətə prezidentlik üçün yaramadığı fikri səslənirdi. Belə ki, partiyanın Şimal qanadı onun cənubluların mövqeyində dayanmasından narazı idi. Prezidentlik müddəti başa çatdıqdan sonra Tennessiyə qayı­daraq Neşvilldə yaşayır. Bir neçə ay sonra, 15 iyul 1849-cu ildə 53 yaşında vəfat edir.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh