Uilyam H.Taft (WILLIAM H. TAFT)

ABŞ-ın 27-ci prezidenti olmuş Uilyam Houard Taft 15 sentyabr 1857-ci ildə Ohayo ştatının Sinsinnati şəhərində varlı vəkil Alfonso Taftın ailəsində dünyaya gəlmişdir. Taftlar hələ 1678-ci ildə Amerikaya köçmüş ilk mühacirlərdən idi və bu sülalədən iri torpaq sahibləri, vəkillər, dövlət xadimləri çıxmışdı. Balaca Uilyam ibtidai təhsilini doğma şəhərində aldıqdan sonra Yel Kollecində oxuyur. 1878-ci ildə Kolleci bitirərək Sinsinnati hüquq məktəbində təhsilini davam etdirir.

Uilyam H.Taft

Hüquq fakültəsini bitirən Taft qəzetdə ona təklif olunan yüksək məvacibli işdən imtina edərək, öz hüquq biliklərini zənginləşdirmək məqsədilə məhkəmədə işləməyə başlayır. 23 yaşında ikən Hamilton qraflığının (Ohayo şt.) prokuror köməkçisi təyin edilir. Bu təyinat Taftın 30 il sonra Ağ Evdə bitəcək siyasi-ictimai karyerasının başlanğıcı idi.

Tezliklə o, atasının dostu Harlan P.Lloydla birgə şəxsi vəkillər kontoru açsa da, iki il sonra vəkillik fəaliyyətinə son qoyur. Maddi cəhətdən heç bir çətinliyi olmayan Uilyam sırf siyasətlə məşğul olmağa qərar verir. Şöhrətpərəst ol­masına baxmayaraq, ambisiyaları ABŞ Ali Məhkəməsinin sədri olmaqdan uzağa getmirdi. Ona Ali Məhkəmənin üzvü olmaq təklif edilsə də, sədr olmaq məqsədilə bu təklifdən imtina etmişdi.

1896-cı ildə nüfuzlu ailədən olan Ellen Herronla ailə qurmuş və bu nikahdan onların üç övladı dünyaya gəlmişdir.

1887-ci ildə Ohayo Ali Məhkəməsinin sədri seçilir. Üç il sonra isə prezident Harrison onu Birləşmiş Ştatların Baş prokuroru təyin edir. İki il bu vəzifədə çalışan Taft 1892-ci ildə Sinsinnatiyə qayıdaraq səkkiz il yerli məhkəmədə ha­kim kimi fəaliyyət göstərir. 1900-cü ildə prezident Mak- Kinli onu iki il əvvəl ABŞ tərəfindən ilhaq edilmiş Filippin arxipelaqının konstitusiyasını hazırlayacaq İkinci komis­siyaya prezident təyin edir. Növbəti il Taft arxipelaqın ilk qubernatoru olur.

1904-cü ildə ikinci müddətə prezident seçilmiş T.Ruzveltin qurduğu kabinetə hərbi nazir kimi daxil olan Taft dörd il bu vəzifədə çalışmışdır. Onun Ruzveltlə isti münasibətləri karyerasına əhəmiyyətli təsir göstərmişdir. Müxtəlif xarakterli insanlar olmasına baxmayaraq, onlar istər siyasi, istərsə də gündəlik həyatda dost olmuşlar. Elə Ruzveltin təklifi ilə də respublikaçılar Taftı 1908-ci il pre­zident seçkilərinə namizəd göstərirlər. Ruzvelt başladığı si- yasi-iqtisadi islahatları Taftın davam etdirəcəyinə inanırdı.

1908-ci ilin noyabrında keçirilən seçkilərdə Taft vitse- prezidentliyə namizəd göstərilmiş Nyu-Yorklu senator Ceyms Şermanla birgə demokratların namizədi Uilyam Brayana qalib gəlir.

Gözlənildiyinin əksinə olaraq, yeni seçilmiş prezident heç də Ruzveltin başladığı islahatları davam etdirməmiş, partiyanın mühafizəkar qanadının dəstəyinə arxalanaraq islahatlar aparılmasına loyal yanaşmışdır. Taftın Ruzveltin məsləhətlərinə laqeyd münasibəti, köhnə dostları bir-birinə rəqib, sonda isə düşmən etdi.

Prezidentin belə daxili siyasi kurs götürməsi respub­likaçılar partiyasında böyük narazılıqla qarşılanırdı. İs­lahat tərəfdarlarının Konqresin hər iki palatasında güclü fraksiya yaratdığını nəzərə alsaq, prezidentin mövqeyinin zəifləyəcəyini, konqres-prezident qarşıdurmasının labüdlü­yünü əvvəlcədən xəbər vermək olardı. Taftın apardığı kadr siyasəti də Ruzvelti məyus etmişdir. Yeni kabineti qurarkən Taft əsasən yaxından tanıdığı və inandığı şəxslərə üstün­lük vermişdir. İqtisadi məsələlər üzrə vəkil Filander Nok- sun dövlət katibi, Riçard Bollingerın daxili işlər naziri təyin olunmasını da bununla izah etmək olar.

Lakin, Taft heç də islahatların tam əleyhdarı olma­mışdır. Sonradan o, nəinki Ruzveltin başladığı bəzi isla­hatları həyata keçirmiş, bir çox sahələrdə islahatlar apa­rılmasının təşəbbüskarı olmuşdur. Poçt xidməti sahəsində islahatlar aparılması və poçt idarəsi nəzdində əmanət kassasının yaradılmasını, uşaq əməyini məhdudlaşdırmaq məqsədilə Ticarət və Əmək Nazirliyində xüsusi idarənin təsis edilməsini yüksək qiymətləndirmək olar. 1910-cu ildə Mann Elkins qanununun qəbul edilməsi dəmiryol şirkətləri üzərində dövlət nəzarətini gücləndirmişdir. Məhkəmələrdə dinlənilən 90 antitrest prosesində o, Ruzveltdən daha kəskin mövqe tutmuşdur. Ruzveltin məharətlə yayındığı gömrük rüsumları haqqnıda qanun da Taftın prezidentliyi dövründə qəbul edilmişdir.

Xarici siyasətdə də Taft öz yolu ilə getmişdir. Preziden­tin yeritdiyi xarici siyasi xətt bəzən «dollar diplomatiyası» adlandırılır. Bu siyasətin mahiyyəti bəzi ölkələrə, xüsusilə Çin və Latın Amerikası ölkələrinə yüksək faizlə kreditlər vermək və iqtisadiyyata investisiyalar yatırmaqla onları təsir dairəsində saxlamaq idi. Hadisələrin gedişi bu kursun heç də doğru olmadığını göstərdi.

Ruzvelt və tərəfdarlarının prezidentin yeritdiyi daxili və xarici siyasətlə razılaşmaması respublikaçılar partiyasında ikitirəliyin yaranması ilə sonuclandı. Ruzveltin növbəti prezident seçkilərində partiyanın namizədi olmaq istəyinə kəskin reaksiya verən Taft bunu özünə qarşı xəyanət kimi dəyərləndirdi. Ruzveltin daha yüksək reytinqə malik ol­masına baxmayaraq, Tafta bəzi partiya funksionerlərini ələ almaq nəsib oldu və o, 1912-ci il 18 iyunda partiya­nın Çikaqoda keçirilən qurultayında prezidentliyə namizəd göstərildi. Bundan dörd gün sonra yeni yaradılmış Tərəqqi Partiyası Ruzveltin namizədliyini irəli sürdü. Seçkilərin gərgin keçəcəyi əvvəlcədən bəlli idi.

5 noyabr 1912-ci ild ə keçirilən seçkilərdə Taft ağır məğlubiyyətə uğradı. O, vur-tut 23,23 % səs toplamışdı. Demokratların namizədi V.Vilson 41,9 % səs toplayaraq prezident seçildi. Ruzveltin 27,4 % səs alması isə onun cəmiyyətdə hələ də öz nüfuzunu qoruyub saxladığından xəbər verirdi.

Seçkiləri uduzan eks-prezident vaxtilə tələbəsi oldu­ğu Yel Universitetinə qayıdır və professor kimi elmi-pe­daqoji fəaliyyət göstərir. Burada o, hakim və prezidentlik fəaliyyətini analiz edərək üç kitab yazmışdır. Birinci Dünya Müharibəsində Vilsonun bitərəflik siyasətini dəstəkləmiş, Sülh Uğrunda Mübarizə Liqasının prezidenti kimi Yeni dünya düzəninin formalaşdırılmasına tərəfdar çıxmış­dır. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin sədri seçilməklə ilk gənclik arzusuna çatmış, növbəti il isə ABŞ məhkəmə sistemində əsaslı islahatlar keçirmişdir.

Uilyam Taft 8 mart 1930-cu ildə Vaşinqtonda vəfat etmişdir. Onun prezidentliyi zəif qiymətləndirilsə də, Ali Məhkəmənin məşhur sədri kimi öz adını Birləşmiş Ştatlar tarixinə böyük hərflərlə yazmışdır.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh