Ceyms Bükenen (JAMES BUCHANAN)

Ceyms Bükenen ABŞ tarixinə quldarlıq problemini həll edə və İttifaqın dağılmasının qarşısını ala bilməmiş zəif prezident kimi daxil olmuşdur. O, cənublu olmasa da, müasirləri tərəfindən Cənub ştatlarının tərəfdarı kimi tənqid edilmişdir.

C.Bükenen 1791-ci il aprelin 23-də Pensilvaniya ştatı­nın Mersersberq şəhərciyində irland immiqrantı ailəsində anadan olub (Bükenen atası Amerikadan kənarda doğulmuş beş prezidentdən biridir).

Ceyms Bükenen

Ceymsin atası varlı ticarətçi olaraq övladlarının təhsilinə ciddi fikir verirdi. Ailənin on bir uşağından biri, eyni za­manda böyük oğlu olan Ceyms ibtidai təhsilini Karlisldəki Dikkinson kollecində alır. 1809-cu ildə kolleci bitirərək, Lankaster vəkillər kollegiyasının nüfuzlu nümayəndəsi Ceyms Hopkinsin rəhbərliyi altında vəkillik öyrənir.

Qısa müddətə 1812-ci il müharibəsində könüllü kimi iş­tirak etdikdən sonra Lankasterə qayıdaraq müstəqil vəkillik praktikasına başlayır.

Siyasi təcrübəsinin zənginliyinə görə Bükenen demək olar ki, bütün prezidentləri üstələmişdir. O, 1814-16-cı illərdə Pensilvaniya parlamentinin deputatı, 1821-31-ci illərdə federalistlər partiyasının (1824-cü ildən demokrat partiyasının) üzvü kimi konqresin deputatı olmuşdur. 1834- 45-ci illərdə Pensilvaniya ştatının Senatda nümayəndəsi kimi siyasi fəaliyyətini davam etdirir. Ədliyyə naziri təyin edilsə də, bu vəzifədən imtina edir. 1832-33-cü illərdə diplomatik missiya ilə Rusiyada səfərdə olur, C. Polk ad­ministrasiyasında dövlət katibi vəzifəsini tutur. “Monro Doktrinası”nın qızğın tərəfdarı kimi, İngiltərənin Mərkəzi Amerika və Oreqondan çıxarılması ideyasını dəstəkləmiş, Texas və Kaliforniyanın ilhaq edilməsində bilavasitə iştirak etmişdir.

1848 və 1852-ci illərdə Bükenen prezidentliyə namizəd olmaq istəsə də müvəffəqiyyətsizliyə uğrayır. Onun bu ar­zusu 1856-cı ildə həyata keçmiş, o, Sinsinattidən demok­rat partiyasının nümayəndəsi kimi prezidentliyə namizəd göstərilmişdir. Bükenenin seçkiönü kompaniyasının leyt­motivini abolisionist təbliğata son qoymaqla İttifaqı qoru­mağa çağırış təşkil edirdi. Onunla yanaşı respublikaçı Con Fremon və Amerika partiyasından keçmiş viq Millard Fillmor da prezidentliyə iddiaçı idilər.

Quldarlığa loyal münasibəti, ABŞ torpaqlarının genişləndirilməsinin tərəfdarı olması ona Cənub ştatların­da demək olar ki, mütləq qələbə qazandırır. Eyni zamanda bəzi Şimal ştatlarında da üstünlük əldə edir. Ceyms Büke- nen seçicilərin səsinin 45,3 %-ni, seçimçilər kollegiyasında isə 174 səs alaraq prezident seçilir.

Bükenen hələlik ömrünün axırınadək subay qalmış yeganə prezidentdir. Dostlarından biri yarızarafat- yarıcid­di «O özünü dərk edəndən Amerika konstitusiyasına evli- dir» demişdi. Kabineti qurarkən o, əsasən Cənuba rəğbət bəsləyənlərə üstünlük vermişdir.

Bükenen inauqurasiya nitqində barışdırıcı mövqe tutur və xalqı Qərb ərazilərində quldarlıq probleminin həllini Ali Məhkəməyə tapşırmağa çağırır. Lakin tezliklə prezidentin Ali Məhkəməylə gizli sövdələşmə bağlaması üzə çıxır və bu Şimalda kəskin etirazla qarşılanır. Gözlənildiyi kimi, Ali Məhkəmə, prezidentin gizli dəstəyilə, qaradərililərin ABŞ vətəndaşları və heç bir konstitusional hüquqa malik olma­dıqları qərarını çıxarır.

Bütün bunlarla yanaşı ölkədə iqtisadi böhran baş verir. Bükenenin bank işinin tənzimlənməsi yönündə gördüyü tədbirlər əvvəlcə əhalidə böyük ruh yüksəkliyi yaradır. La­kin onun dövlət sifarişlərilə ölkə iqtisadiyyatını dirçəltmək haqqında əvvəlcədən verdiyi vədə əməl etməməsi narazı­lığa səbəb olur. İqtisadi böhran Şimal və Cənub arasındakı münasibətlərə də təsir göstərir. Böhrandan daha az ziyan çəkmiş Cənub bunu quldarlıq sisteminin Şimalın iqtisadi əsasını təşkil edən «Muzdlu quldarlıq»dan üstünlüyü ilə izah edirdi.

İstər iqtisadi sahədə, istərsə də xarici siyasətdə qarşı­ya çıxan maneələr, ölkənin əsas problemi olan quldarlıq məsələsini arxa plana keçirməmişdir. 1859-cu ildə fanatik abolisionist olan Con Braun Virciniyanın Harpers-Ferri şəhərindəki silah anbarını ələ keçirməklə qulları üsyana qaldırır. Lakin qulların üsyanı amasızca yatırılır. Con Braun və oğlanları edam edilir.

Bu ərəfədə Konqres Bükenen administrasiyasını kor­rupsiyada ittiham edərək, onun fəaliyyətini təftiş etmək üçün komitə yaradır. Aparılan yoxlamalar nəticəsində pre­zidentin günahı sübut olunmasa da, onun nüfuzuna böyük zərbə dəyir. Amma Bükenen hələ prezident seçildiyi ilk günlərdə təkrar seçkilərdə iştirak etməyəcəyini bildirmişdi.

Demokratların 1860-cı il aprel ayında Çarlstounda ke­çirilmiş, prezident seçkilərinə həsr edilmiş Konventi par­tiyanın Şimal və Cənub qanadları arasında ciddi fikir ay­rılığı olmasını üzə çıxartdı. Nəticədə, Şimaldan Stiven Duqlas, cənubdan isə Con Brekinric prezidentliyə namizəd göstərildi. Səslərin bölünməsi onların məğlub olacağını qa­baqcadan göstərirdi.

Bükenen prezidentlik müddətinin qalan hissəsində də Cənub ştatlarının İttifaqdan çıxmasının qarşısını al­mağa, heç olmasa onu yeni seçilmiş prezident Linkolnun fəaliyyətə başlamasına qədər təxirə salmağa səy göstərirdi. Lakin onun bu cəhdləri də fayda vermədi. Beləliklə 1860-cı il dekabrın 20-də Cənubi Karolina, 1861-ci ilin fevralında isə digər altı cənub ştatı İttifaqdan çıxaraq Amerika Konfe­derativ Ştatlarını yaratdıqlarını elan etdilər.

Prezidentlik müddəti başa çatdıqdan sonra Bükenen Lankaster yaxınlığındakı Uitlend malikanəsində yaşayır. Vətəndaş müharibəsi ərəfəsində mətbuatda gedən yazılar­da o, nəinki problemin həllində qətiyyətsizlik göstərməkdə, hətta vətənə xəyanətdə günahlandırılırdı. Baş verənlərdən məyus olan eks-prezident gələcəkdə bəraət qazanacağına ümid bəsləyirdi. O, 1861-ci il iyunun 1-də öz malikanəsində vəfat etmişdir.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh