Duayt Eyzenhauer (DWIGHT D. ISENHOWER)

Birinci Dünya Müharibəsi istisna olmaqla, Birləşmiş Ştatların iştirakçısı olduğu bütün müharibələr ölkəyə yeni prezident verib. İstiqlaliyyət müharibəsi C.Vaşinqtonun, 1812-ci il müharibəsi E.Ceksonun, Meksika ilə aparılan müharibə Z.Teylorun, Vətəndaş müharibəsi U.Qrantın, İs­pan-Amerika müharibəsi T.Ruzveltin, nəhayət İkinci Dün­ya Müharibəsi Duayt Eyzenhauerin prezident seçilməsində önəmli rol oynayıb.

Duayt Eyzenhauer

Duayt Eyzenhauer 14 oktyabr 1890-cı ildə Texasın De­nison şəhərində anadan olub. Ailədə tez-tez təkrar olunan deyimlərə görə Eyzenhauerlər «orta əsrlər alman ordu­sunun silahlı süvariləri»ndən olmuşlar. Təəssüf ki, bu ro­mantik nağıl tarixi faktlarla təsdiqini tapmayıb. Amerikada yaşamış ilk Eyzenhauer XVIII əsrin əvvəllərində Pensilva­niyada yaşamış Frederik olub. Gələcək prezidentin xırda ticarətçi olan atası Devid Eyzenhauer 90-cı illərdə ölkədə baş verən iqtisadi böhran səbəbindən müflis olur və Kan- zasın Abilin şəhərinə köçür. Burada o, yaxın qohumuna məxsus yağ fabrikində işə düzəlir. Aykın (Duaytı uşaqlığın­da belə çağırırdılar) yeniyetməlik dövrü də Abilində keçir. Zəhmətkeş və əməksevər Eyzenhauerlər uşaqlarını işgüzar ruhda tərbiyə etmişlər. Balaca Ayk atasına məxsus 3 akrlıq torpaq sahəsində çalışır, yetişdirdikləri tərəvəz məhsullarını Abilinin varlılar yaşayan məhəlləsində satırdı. Sonralar isə dayısına məxsus yağ fabrikində fəhləlik edirdi.

Abilindəki orta məktəbdə təhsilini bitirən 19 yaşlı Ayk əmək fəaliyyətini elə həmin fabrikin gecə növbəsində da­vam etdirir. İki il sonra Uest-Poyntdakı Hərbi Akademiyaya daxil olaraq qırx illik hərbi karyerasının başlanğıcını qoyur. 1915-ci ildə Akademiyanı bitirən Duayta leytenant rütbəsi verilərək, San-Antonio yaxınlığındakı Sem-Hyuston qalası­na göndərilir. Qalada xidmətinin ilk aylarında hərbi hissənin yaxınlığında yaşayan, qədim aristokratlar nəslindən Da- udlar ailəsinin qızı Memi ilə tanış olur və tezliklə onunla evlənir.

Artıq Avropada Birinci Dünya Müharibəsi başlamışdı. ABŞ müharibəyə qatıldıqdan bir neçə gün sonra Duayta ka­pitan rütbəsi verilərək, Avropaya gedəcək qoşun hissələrinin təlim keçdiyi 57-ci piyada polkuna göndərirlər. Qısa müddətdə tank qoşun hissələrinin hazırlanması sahəsindəki uğurlu fəaliyyəti hərbi rəhbərlik tərəfindən qiymətləndirilir və o, 1918-ci il iyunun 17-də mayor, oktyabr ayında isə podpolkovnik rütbəsinə layiq görülür.

1922-ci ildə Panama kanalı bölgəsinə göndərilən Eyzenhauer 1924-cü ilin oktyabrına kimi orada qulluq edir. O, Amerika ordusunun nüfuzlu simalarından general Kon- nerin rəhbərliyi altında işləyir. Elə generalın zəmanəti ilə də Duayt 1925-ci ildə Baş Qərargah Akademiyasının funk­siyalarını yerinə yetirən Livenorq qalasındakı (Kanzas şt.) komandir-qərargah kollecinə qəbul edilir. Dövrünün ən nü­fuzlu hərbi təhsil ocaqlarından olan kolleci o, 1926-cı ildə əla qiymətlərlə — 275 dinləyici arasında birinci bitirmişdir.

Kolleci bitirdikdən sonra Eyzenhauer Birinci Dünya Müharibəsində Amerika qoşunlarının iştirak etdiyi döyüş yerlərinin soraq kitabçasını hazırlamaq üçün Fransaya ezamiyyətə göndərildi. O, vətənə qayıtdıqdan sonra, 1928­ci ildə Vaşinqtondakı hərbi kolleci bitirmiş və 1929-33-cü illərdə hərbi nazir aparatında işləmişdir. Burada o, general Makarturla tanış olur. General ABŞ ordusuna qərargah rəisi təyin edildikdə Duaytı yanına işləməyə aparır. Makartur Filippinə göndərildikdə isə, onun köməkçisi vəzifəsində ek­zotik adaya gedir və 1940-cı ilədək burada xidmət göstərir.

İkinci Dünya Müharibəsi başladıqda Eyzenhauer Baş Qərargah rəisi general Corc Marşallın yanında xidmət edir. Burada o, Cənubi Asiya və Filippinin gözlənilən Yapon təcavüzündən müdafiə planını hazırlayır. Tezliklə o, ABŞ ordusunun Avropada strateji fəaliyyət proqramını hazır­layan əsas fiqura çevrilir və general Marşall onu Avropa cəbhəsinə baş komandan təyin edir.

1942-ci il 24 iyunda İngiltərəyə gələn Eyzenhauerin qarşısında duran ilk məsələ ingilis və amerika hərbi birləşmələri arasındakı əməkdaşlığı möhkəmlətmək, Fransaya qoşun çıxarmaq planını hazırlamaq oldu. Marşall kimi o da ikinci c ə bh ə nin tezlikl ə aç ı lmas ı na t ə r ə fdar olsa da Uinston Çorçillə Ruzvelti bu plandan çəkindirmək nəsib oldu. Yalnız 6 iyul 1944-cü ildə «Overlord» əməliyyatını başlamaqla müttəfiq qoşunları Normandiyaya çıxarıldı. Bir həftə sonra Fransa torpağına ayaq basan Eyzenhauer, müharibənin sonunda məşhur amerikalıya çevrilir.

Müharibə bitdikdən sonra, 1945-ci ilin noyabr ayına qədər, Eyzenhauer Almaniyada ABŞ bölgəsinin hərbi qubernatoru olur. General Marşalldan sonra üç il ərzində Ordu Qərargahı rəisi vəzifəsini tutur. 1948-ci ildə isə ordudan gedir.

İstefaya çıxan Eyzenhauer müxtəlif fəaliyyət sahəl ə­rindən çoxsaylı dəvətlər alır. Nəhayət IBM şirkətinin pre­zidenti və Kolumbiya Universitetinin qəyyumu Tomas Uotson onu Universitetin prezidenti olmağa razı sala bilir. Bu vəzifədə onun fəaliyyəti nəzərəçarpacaq olmamış, bu ərəfədə əsasən xatirələrini yazmışdır.

1948-ci il seçkilərində Trumenin vitse-prezidentliyə namizəd kimi iştirak etməsi təklifini Eyzenhauer qəbul etmir. Lakin bir il sonra prezidentin NATO hərbi birləşmələrinin baş komandanı olmaq təklifini qəbul edərək yenidən Avro­paya gedir.

Prezident seçilənədək onun konkret partiya mənsubluğu olmayıb. Lakin bir çox respublikaçı liderlərin, xüsusilə se­nator Henri Locun təkidlərindən sonra Eyzenhauer növbəti seçkilərdə respublikaçıların namizədi olur. 1952-ci ildə o, demokratların namizədi Edlay Stivensona qalib gələrək prezident seçilir.

Eyzenhauerin daxili siyasi-iqtisadi kursunun əsasını azad rəqabətin inkişaf etdirilməsi təşkil edirdi. Antitrest qanunvericiliyinin kəskinləşdirilməsi, müharibə ərəfəsində məvacib və qiymətlərə dövlət nəzarətinin ləğvi, müxtəlif iqtisadi-icraedici təşkilatların buraxılması onun iqtisadi proqramının başlıca müddəaları idi.

Əxlaqi prinsiplərə söykənən dünyagörüşü onun xa­rici siyasi kursunda da özünü büruzə verib. Şərq və Qərb arasındakı münaqişəni, Sovet İttifaqı və Çinin təmsilçisi olduğu, mənəvi dəyərlərə söykənməyən kommunist dik­taturası ilə azad Qərb demokratiyası arasındakı ziddiyyət kimi dəyərləndirirdi. Kommunist təhlükəsinə qarşı Qərb demokratik qüvvələrinin güclü koalisiyasının zəruriliyini bildirsə də, Sovet İttifaqı ilə münasibətlərin yaxşılaşdırıl­ması tərəfdarı idi. Onun nüvə enerjisindən sülhməramlı məqsədlərlə istifadəyə çağırışları 1957-ci ildə Atom Ener­jisi üzrə beynəlxalq təşkilatların yaranması ilə nəticələndi.

Dünyada sülhün bərqərar olması uğrunda fəaliyyəti onun 1956-cı ildə yenidən prezident seçilməsini təmin etdi. Artıq Konqresin hər iki palatasında üstünlüyü əldən verən respublikaçıların onun bu qələbəsinə əhəmiyyətli köməyi olmayıb. Bu, Eyzenhauerin populyarlığının zirvə nöqtəsi idi.

Prezident postundan getdikdən sonra siyasi fəaliyyət göstərməmiş, yalnız xatirələrini yazmaqla məşğul olmuş­dur. Duayt Eyzenhauer 28 mart 1968-ci ildə dünyasını dəyişib.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh