ABŞ prezidentlərinin siyahısı

Amerika Birləşmiş Ştatlarının prezidentlərinin siyahısı:

 

«Prezident» termini hərfən «irəlidə əyləşən» mənası verən latın sözü «praesidens»dən götürülüb və yəqin ki, an­tik dövr məclislərində sədrlik edənin tutduğu yerlə əlaqəli olmuşdur. Sonralar senat başçılarını prezident adlandırma­ğa başladılar. «Prezident» termini öz müasir məzmununu XVIII əsrin sonlarında, ABŞ-da prezidentlik institutu təsis edildikdə almışdır. Prezidentlik vəzifəsinin təsis edilməsi ilk dəfə 1787-ci ildə Filadelfiyada, ABŞ-ın yeni Konstitu­siyasının hazırlandığı Konstitusiya Konventində müzakirə edilmişdir.

Maraqlıdır ki, o zamanlar ölkənin şəriksiz siyasi li­deri müharibə qəhrəmanı, general Corc Vaşinqton idi və təsis ediləcək dövlət başçısı vəzifəsi (kral) «ona uyğunlaşdırılır», dövlət quruluşu kimi monarxiya təklif edi­lirdi. C.Vaşinqtonun nəhəngliyi təkcə onun monarx olmaq istəməməyində yox, sonralar, üçüncü dəfə prezident seçkilərində iştirakdan könüllü imtina edərək, ABŞ-ın de­mokratik inkişafında misilsiz ənənənin başlanğıcını qoy­masında idi.

Beləliklə, ABŞ-da respublika idarəetmə formasının bərqərar olması olduqca çətin məsələ idi, çünki, ABŞ- ın nə lazımi siyasi təcrübəsi, nə də uyğun tarixi ənənələri yox idi. İcraedici hakimiyyətin başçısı — prezidentin həm fəaliyyət müddəti, həm də seçilməsi qaydaları haqqında ciddi müzakirələr getmiş, nəticədə, C.Medisonun təklif etdiyi, müəyyən düzəlişlərlə bu gün də davam edən plan qəbul olunmuşdur. Prezident vəzifəsinin unikallığı onda idi ki, o, həm dövlət başçısı, həm də icraedici hakimiyyətin rəhbəri idi.

Xatırladaq ki, ABŞ dövlət quruluşu modeli, hakimiyyət bölgüsü ideyasını ilk yaradanlardan biri, fransız mütəfəkkiri Ş.L.Monteskyönün konstitusiya hüququ nəzəriyyəsinə əsaslanırdı. Məhz bu məqam ABŞ-da güclü prezident hakimiyyətinin ölkədə avtoritar rejim yaratmasına imkan verməmişdir.

Yeri gəlmişkən, Latın Amerikası ölkələrində ABŞ nümu­nəsinə uyğun olaraq prezidentlik institutu təsis edilsə də (XIX əsrin birinci yarısında), bu təhlükədən yaxa qurtarmaq mümkün olmamışdır. Bundan əlavə, prezidentlik vəzifəsi ABŞ modelindən «köçürülmüş», 1848-ci ildə Avropanın ilk prezidentli respublikası olan Fransanın (digəri İsveçrə) prezi­denti seçilmiş Lui-Napoleon öz səlahiyyətlərindən monarxi­yaya qayıtmaq və özünü III Napoleon adı ilə imperator elan etmək üçün istifadə etmişdi. Burdan görünür ki, uğurlu siyasi sistem təkcə kağızda yazılmış qanun və konstitusiyalardan asılı deyil, bu sistemi yaşadan konkret insanlardan, onların keyfiyyətlərindən, malik olduğu dəyərlərdən asılıdır. Məhz buna görə ABŞ konstitusiyasını yaşadan siyasi liderlər — prezidentlər bizim üçün çox maraqlıdır.

 

0 şərh