Qrover Klivlend (GROVER CLEVELAND)

Hazırda Ağ Evin sahibi Barak Obama sıra nömrəsi ilə 44-cü prezident hesab edilir. Əslində isə o, ABŞ prezidenti olmuş 43-cü şəxsdir. Birləşmiş Ştatların 22-ci prezidenti ol­muş Qrover Klivlend ikinci müddətə seçilməsə də, növbəti seçkilərdə yenidən namizədliyini irəli sürərək qələbə qa­zanır. Belə ki, Q.Klivlend 22-ci və 24-cü prezident sayılır. Onun prezidentliyi bir də onunla əlamətdardır ki, son 28 ildə Ağ Evin sahibi respublikaçı deyil demokrat idi.

Qrover Klivlend

Qrover Klivlend 18 mart 1837-ci ildə Nyu-Cersi şta­tının Kolduell şəhərində anadan olub. Ulu babası Mouzes Klivlend 1635-ci ildə İngiltərəni tərk edərək, Massaçusets ərazisində məskunlaşmışdı. Gələcək prezidentin atası var­lı olmasa da mükəmməl dini təhsil almışdı. Balaca Qro- ver ilk təhsilini Klinton (Nyu-York şt.) şəhərindəki xüsu­si məktəbdə alır. 15 yaşlı Qrover atasını itirdikdən sonra təhsilini davam etdirməklə yanaşı günəmuzd işləməyə məcbur olur. Əvvəlcə dükanda satıcı kimi, sonra isə Nyu- York korlar cəmiyyətində çalışır. 1855-ci ildə Buffaloda- kı vəkillər kontorunda şagird olur. 22 yaşı olarkən vəkillik praktikasına başlayaraq, tezliklə hörmətli və qazanclı vəkil kimi tanınır.

XIX əsrin ikinci yarısında ABŞ prezidenti olan şəxslərin əksəriyyəti vətəndaş müharibəsində iştiraki ilə karyera qu­rub. Lakin, Klivlend maraqlı istisna təşkil edir. O, nəinki müharibədə iştirak etməmiş, hətta əvəzinə hərbi xidmətə yollanan şəxsə 150 dollar ödəməklə ordudan yayınmışdır.

Təcrübəli vəkil olaraq cəmiyyətdə qazandığı nüfuz onun siyasi karyera etməsi üçün zəmin yaratdı. Demokrat partiyasına üzv yazılan Klivlend 1862-ci ildə partiya qurul­tayının iştirakçısı olur. Onun antikorrupsiya xarakterli çı­xışları siyasi dairələrdə rəğbətlə qarşılanır. «Dövləti vəzifə — dövləti cavabdehlikdir» şüarı onun gələcək siyasi karye­rasının leytmotivinə çevrilir.

Klivlendin yüksək qazanclı vəkillik praktikasından müvəqqəti uzaqlaşaraq müxtəlif inzibati vəzifələrdə ça­lışması onun siyasi ambisiyalarından xəbər verirdi. Lakin 1868-ci ildə Buffalo dairə rəhbərliyinə seçkilərdə uğursuz­luğu onu yenidən vəkillik fəaliyyətinə qayıtmağa məcbur etdi. İki şəriki ilə birgə açdığı vəkillər kontoru varlı kom­mersant və iş adamları ilə yanaşı «Standart oyl», «Mer- çants ənd Treyders», «Lixay-Velli reylroud» kimi nəhəng korporasiyaların hüquqlarını qoruyurdu. «Nyu-York sent- ral» dəmiryol şirkətinin əlverişli və yüksək məvacibli təklifindən imtina edən Klivlend 1870-ci ildə Eri qraflığı­nın polis rəisi vəzifəsini tutur. Bu vəzifə az gəlirli olmasına baxmayaraq ona böyük siyasi kapital gətirir. On il sonra isə Buffalo şəhərinin meri seçilir.

Dövlət idarəetmə orqanlarında korrupsiya və rüşvət­xorluq hallarının barışmaz tənqidçisi, islahatlar tərəfdarı olması onun 1882-ci il Nyu-York qubernatoru seçkilərində demokratların namizədi olmasına şərait yaratdı. Quberna­tor vəzifəsinə seçilən Klivlendin prinsiplərinə sadiq qalma­sı, ona ümummilli etimad qazandırdı. Nyu-Yorkla yanaşı digər regional partiya qurumları ilə isti münasibətləri isə 1884-cü il prezident seçkilərinə namizədliyini təmin etdi.

Seçkiönü kampaniya Klivlend üçün olduqca çətin keçir. Bu ABŞ tarixinə ən qalmaqallı və çirkin mübarizə üsulları ilə yadda qalan seçki kimi düşüb. Belə ki, əks düşərgələr bir-birlərinin seçki proqramlarını tənqid etməklə yanaşı, ictimaiyyətə namizədlərin xarakterik xüsusiyyətləri, şəxsi həyatları haqqinda çeşidli kompromatlar da ötürürdülər. Rəqibləri respublikaçı namizəd Ceyms Bleyni korrupsiyaçı partiya funksioneri kimi tənqid atəşinə tuturdularsa, respubli- kaçilar Klivlendi daha ağır ittihamlarla məişət pozğunluğun­da, əxlaqsızlıqda suçlayırdılar. Şübhəsiz ki, 47 yaşlı subay Klivlend haqqında səsləndirilən ittihamların heç də hamısı əsassız deyildi. Lakin Klivlend bəzi «cavanlıq səhvlərini» səmimi etiraf etməklə reputasiyasını qoruya bildi.

Seçkilərdə rəqibinə çox kiçik, yalnız 0,2% səs çox­luğu ilə qalib gəlsə də, Klivlend seçimçilər kollegiyasında daha yaxşı nəticə göstərdi. Onun qələbəsi, Vətəndaş müharibəsindən sonra ilk demokratın Ağ Evə sahib olması, Demokrat Cənubu ilə Respublikaçı Şimalın barışıq simvolu təsiri bağışlayırdı.

Onun birinci prezidentliyinin əsas fəaliyyət istiqaməti valyuta siyasəti, rüsum islahatları, hökumət və dövlət xidmətinin təkmilləşdirilməsinə yönəlmiş islahatlar oldu. Sələfi Arturdan fərqli olaraq inzibati işlərə daha çox vaxt sərf edən Klivlend səhərdən axşamadək çalışırdı. Dəbdəbəli ziyafətləri, təmtəraqlı qəbulları xoşlamayan prezident Ağ Evə işgüzar mühit gətirmişdi. Bu, prezidentliyinin ikin­ci ilində gözlənilmədən aristokrat nəslindən olan Franses Folsla ailə qurduqdan sonra da dəyişmədi.

Prinsiplərinə sadiq qalan Klivlend himayədarlıq sis­teminə qarşı çıxır, gəlirli (təəssüf ki, bəzi dövləti vəzifələr hələ də gəlir mənbəyi hesab edilirdi) vəzifələrin bölün­məsində partiya mənsubluğunu nəzərə almamağa çalışırdı. Lakin radikal islahatlar keçirilməsindən çəkinirdi.

Klivlend güclü mərkəzləşmiş hakimiyyət tərəfdarı ol­masa da Konqreslə icraedici hakimiyyət arasındakı bəra­bərsizliyi minimuma endirməyə cəhd göstərir. Prezident ol­duğu müddətdə veto hüququndan görünməmiş sayda, 304 dəfə istifadə etmişdir.

Seçkiönü verdiyi vədlərin heç də hamısını həyata keçirə bilməməsi, himayədarlıq sisteminə qarşı çıxmaqla bəzi par­tiya bosslarını özündən incik salması 1888-ci il seçkilərində uğursuzluğunun başlıca səbəbi oldu və o, respublikaçıların namizədi B.Harrisona uduzdu.

Məğlubiyyətindən sonra maliyyə problemlərinin həlli ilə məşğul olur. Prezident Harrisonun fəaliyyəti, onda prezi­dentliyə özünün daha layiqli şəxs olduğu fikrini gücləndirir. Respublikaçıların təsərrüfatsızlıq və korrupsiya rejimindən milləti xilas etmək istəyilə, növbəti seçkilərə namizədliyini irəli sürərək parlaq qələbə qazanır.

Klivlendin ikinci prezidentliyi gözlənildiyinin əksinə olaraq uğurlu alınmır, iqtisadi böhranla müşayiət olunur. Xüsusilə maliyyə sisteminin iflic vəziyyətinə düşməsi təkcə 1893-97-ci illərdə 600 bankın bağlanmasına, 15000 müəssisənin müflis olmasına səbəb olur. İşsizik 20 % ar­tır. Kənd təsərrüfatı məhsullarının qiymətdən düşməsi fermerlərə böyük ziyan vurur.

Bu ərəfədə prezidentin səhhətində problemlər yaranır. xərçəng xəstəliyindən əzab çəkən Klivlend 1893-cü ildə ağır cərrahiyyə əməliyyatına məruz qalır. Olduqca gizli şəraitdə aparılan əməliyyat yalnız 1917-ci ildə ictimaiyyətə açıqlanıb.

1896-cı il seçkilərində namizəd olmaq istəsə də, de­mokratlar onun deyil Cenninqs Brayanın namizədliyini irəli sürürlər. İstefaya çıxdıqdan sonra Prinstona köçür, burada yerli universitetin rektoru, gələcəkdə prezident ola­caq Vudro Vilsonla dostluq münasibəti yaradır. İttifaq Sı­ğorta Şirkətləri Təşkilatının sədri və publisist kimi ictimai mühitdə fəaliyyət göstərir. Qrover Klivlend 24 iyul 1907-ci ildə vəfat edir.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh