Rusiya dəyişiklik ərəfəsində

1676-cı ildə çar Aleksey Mixailoviç vəfat etdikdə onun qədim boyar əsl-zadə nəslindən olan birinci arvadı M.İ.Miloslavskayadan iki oğlu, Fyodor və İvan, Sofiya böyük olmaqla altı qızı qalmışdır. Çarın ikinci arvadı çox da məşhur olmayan zadəgan nəslini təmsil edən N.K.Narışkina idi ki, onun da Pyotr adlı oğlu və bir qızı var idi. Çar öldükdən sonra tez bir zamanda Milos-lavskilər və onlara yaxın olan adamlar 14 yaşlı xəstəhal Fyodoru Kremlin Qranovit palatasında taxta əyləşdirərək ona çar kimi and içdilər. Narışkinlərə qarşı sipər çəkən Miloslavskilər çar taxtı ətrafında birləşərək dövlətdə bütün həlledici mövqeləri ələ aldılar. Ertəsi gün çar Fyodor Alekseyeviçə (16761682) strelets polku və Moskva əhalisi and içdi. Yeni hökmdara dair fərmanlar bütün ölkədə yayıldı.

Zəif və gənc hökmdarın hakimiyyətə sahib olması ilə boyar klanları mütləq monarxiya hakimiyyətini zəiflədib boyar aristokratiyasının mövqeyini gücləndirməyə başladılar. Məsələn, «Gizli işlər prikazı və gizli axtarış sistemi» ləğv olundu. Dövlət xəzinəsinə ciddi nəzarət edən Hesablama palatası fəaliyyətini dayandırdı. Patriarxın qəti əleyhinə olduğu, kilsəni çara tabe edən Mo-nastr prikazı işinə son verdi. Eyni zamanda Boyar dumasının rolu əhəmiyyətli dərəcədə artdı. Boyarların təkidli təkliflərindən sonra çar Narışkinlərin qardaşı A.S.Matveyevi Səfirlik prikazınım başçılığından azad etdi, ancaq xaç atası olduğu Pyotoru və onun anasını sarayda saxladı.

Artıq 1679-cu ildə 18 yaşı tamam olan çar tədricən işləri öz əlinə aldı. Bütütn prikazlardan gələn mübahisəli məsələləri həll etmək məqsədilə yenidən bərpa edilən Hesablama palatası işə başladı. Bilavasitə çara tabe olan palatada işlərə, imzaladığı fərmanlara çar özü çox halda təkbaşına qərar verirdi. Çar özünün gənc köməkçiləri okolniçi (boyar rütbəsi) Yazıkov, stolnik (saray xadimi) Lixaçev qardaşları, boyar və voyevoda V.V.Qolitsının iştirakı ilə hərbi, maliyyə, mərkəzi və yerli idarəetmə sistemi sahəsində islahatlar həyata keçirməyə başladı.Yeni quruluşlu polklar bölük və rotalara bölündü ki, onların da başında xarici hərbi rəislər dururdu. Dövlətin xidmət adamları ərazi əlaməti əsasında bölünürdü. Polklardan ibarət olan doqquz hərbi dairə yarandı ki, ehtiyac olanda onlar bir orduda birləşə bilsin. Bütün hərbi işlərə birləşmiş hərbi prikazların başçısı rəhbərlik edirdi. Əslində ölkədə hərbi işlərin mərkəzləşməsi baş verdi.

Zadəganlara əlavə torpaq ayırmaq məqsədilə çarın əmri əsasında tatar basqınlarının qarşısını almaq adı altında sərhəd nişanlaması cənub istiqamətində daha da dərinliyə çəkilərək arxada qalan torpaqlar mülkədarlara paylanırdı. Qaçqın kəndlilərin axtarıb tapılması daha da sərtləşdirilmişdi.

Maliyyə sahəsində mövcud olan çoxlu əvvəlki vergilərin yerinə xeyli azaldılan vahid strelets pulu müəyyən olundu. Bu həyətbaşına adamların imkanına görə toplanılır, əvvəlki bütün güzəştçilər imtiyazlarını itirirdilər. Çar Fyodor Alekseyeviç yerli idarəçilik sahəsində islahat keçirərək yerlərdə voyevodaların hakimiyyətini, onların mərkəz qarşısında məsuliyyətini artırdı. Yerlərdə bir çox hakimiyyət idarələri ləğv edildi, onların hakimiyyəti, o cümlədən məhkəmə işləri voyevodalara verildi. Fyodor Alekseyeviçin Rusiyanın yeni mədəniyyətə doğru atdığı addımı göstərən yerliçiliyi («местничество») ləğv etməsi ölkənin taleyində mühüm rol oyanmışdır. Çar palatası qarşısında yerliçiliyə aid olan bütün sənəd və kitablar təntənəli surətdə yandırılmışdır.

XVII əsrin 70-80-ci illərinin əvvəlləri Rusiya dövlətinin tarixində yüz ildən uzun bir zamandan sonra ilk dəfə cənubda müdafiədən hücuma keçilmişdir. Rusiya və Polşa üçün Türkiyənin siyasəti təhlükəli olduğuna görə hər iki dövlət öz aralarında 1672-ci il müttəfiqlik müqaviləsi bağlayaraq Türkiyə ilə müharibəyə başladı. Rus ordusu Dnestrdən Azov türk qalasına qədər olan geniş ərazidə hücuma keçdi. Türk ordusuna Ukraynaya daxil olmağa can atan sultan başçılıq edirdi. Eyni zamanda Krım süvariləri cənubi rus qəzalarına hücum etdilər. Azov dənizinə daxil olan rus polklarının uğuru Krım xanının geri qayıdıb doğma torpaqları müdafiə etməsinə səbəb oldu. 1677-ci ildə Polşa kralı Türkiyə ilə sülh bağlayaraq Rusiyanı tək qoydu. Yeni çar dövründə mübarizə davam etmişdir. Rus qoşunlarına gənc voyevoda knyaz V.V.Qolitsın və təcrübəli hərbi sərkərdə knyaz Q.Q.Romodanovski başçılıq edirdi. Yüzminlik türk ordusu Çiqirinə hücum etsə də, məğlub olaraq geri çəkildi. Sultan 1678-ci ildə Çiqirinə yeni böyük ordu göndərsə də, şəhərə tam sahib ola bilmədi. Türk və tatar qoşunu sağsahil Ukraynasının böyük hissəsini işğal etdi. 1681-ci ildə 20 il müddətinə sülh imzalandı, Osmanlı dövləti Rusiyanın solsahil Ukraynası və Kiyev üzərindəki hakimiyyətini tanıdı. Sağsahil Ukraynası döyüşən tərəflər, o cümlədən tatarlar üçün bitərəf zona elan edildi. Bu Krım xanına bu yerlərdən Rus və Ukrayna torpaqlarına basqınlar təşkil etməyə şərait yaratdı.

Fyodor Alekseyeviçin həyata keçirdiyi islahatlar onu I Pyotorla yaxınlaşdırır. Məlum deyil ki, çar sağ olsa idi Rusiya gələcəyə hansı yolla addımlayardı. Lakin Fyodor Alekseyeviçin ömrü qısa oldu və çar 1682-ci ildə 20 yaşında vəfat etdi.

Aprel ayının 27-də çarın ölümündən sonra Narışkinlərlə Miloslavskilər arasında taxt uğrunda mübarizə on yaşlı Pyotrun çar elan edilməsi ilə bitdi. Lakin Miloslavskilər çar Fyodorun həyata keçirdiyi islahatlar nəticəsində vəziyyətləri pisləşən, vaxtlı-vaxtında aylıq haqlarını ala bilməyən, çox zaman hüquqları komandirləri tərəfindən sıxışdırılan strelets polklarının köməyindən istifadə etdilər. 1682-ci ilin mayın 15-də şahzadə Dmitrinin növbəti ölüm günü Uqliçdə strelets polku “Narışkinlər şahzadə İvanı öldürdülər” şayiəsinin yayılması üzrə qiyam qaldıraraq Kremlə daxil olub çar sarayına girdilər. Ça-riçə Natalya Kirillovna Narışkina Pyotr və sağ-salamat İvanla onların qarşısına çıxdı. Bir an sakitləşən streletsləri öz komandirlərinin oğlu Mixail Dolqorukovun hədələməsi onların qəzəblənib hücum edərək hərbi rəis Dolqorukovu, boyar A.S.Matveyevi, knyaz M.A.Çerkasskini qətl etməsilə nəticələndi. Streletslər Narışkinlərin yaxınları ilə haqq-hesab çəkdikdən sonra qocaman hərbi voyevoda knyaz İvan Andreyeviç Xovanskini özlərinə başçı təyin etdirdilər. Onların tələbilə mayın 26-da Boyar duması patriarxla birlikdə İvan Alekseyeviçi birinci, Pyotru isə ikinci çar elan etdi. Üç gündən sonra çarlığa namizədlərin azyaşlı olması səbəbilə dövlətin idarə olunması onların böyük bacısı şahzadə Sofiyaya tapşırıldı və o qardaşlarının qəyyumu oldu. Səfirlik prikazının başçısı knyaz Vasili Vasiliyeviç Qolitsın təyin olundu ki, o da faktiki olaraq ölkənin daxili və xarici siyasətini ələ alaraq Rusiyanın kansleri oldu. Boyar dumasının, Zemstvo məclisinin mövqeyi xeyli gücləndi.

Moskvada ikihakimiyyətlilik yaranmışdır, bir tərəfədə Xovanskinin başçılıq etdiyi streletslər, ikinci tərəfdə rəsmi qəyyum Sofya, onun kansleri Qalitsın, Boyar duması və prikazlar. Avqust ayının axırında çar sarayı paytaxtı tərk edərək Kolomensk kəndinə yola düşdü. Bir həftədən sonra Moskvadakı bütün vəzifəli adamları dövlət sarayına dəvət etdilər. Çar sarayına yola düşən İ.A.Xovanski və oğlu hökumət qoşunlarını tərəfindən tutularaq qətl edildi. Zadəgan qoşununun başında Moskvya daxil olan Qolitsın streletslərin hakimiyyətin əfvinə sığınmasından sonra vəziyyətə nəzarəti bərpa etdi.

Sofiya qanunsuzluq və rüşvətin ən çox yayıldığı məhkəmə işlərində nizam yaratmaq istəyirdi. Rusiya tarixində ilk dəfə olaraq yeni hökumətin şüarı «qa-nun» və «qayda» elan edildi. Bəzi cinayətlərə görə ölüm hökmü ləğv olundu. Yeni hökumət təhkimçi kəndlilərin azadlığını yumşaldaraq zadəganların tələbinin əksinə olaraq şəhərlərə qaçan kəndlilərin qaytarılmasını qadağan etdi. Zadəganlar deyil, yalnız voyevodalar qaçqın kəndlilərin axtarışı ilə məşğul ola bilərdi.

1682-ci il dövlət çevrilişi, strelets üsyanı, yeni qarışıqlıq imkanı Rusiyanın rəqiblərini fəallaşdırdı. Sofiya və Qolitsının bacarığı nəticəsində Rusiya bu çətin beynəlxalq vəziyyətdən çıxa bildi. 1686-cı ildə təntənəli şəraitdə V.V.Qolitsının diplomatik uğuru sayəsində Polşa ilə «Əbədi sülh» imzalandı. Yüzillik düşmənçilik sona çatdı, Polşa Dneprin solsahilini və Kiyevin qəti olaraq Rusiyanın hakimiyyəti altına keçməsini qəbul etdi.

1687-ci ilin yayında rus qoşunları Qolitsının başçılığı altında cənuba, birinci Krım yürüşünə başladı. Qara dəniz sahilindəki güclü türk qalası Oçakov işğal olundu. Lakin Qolitsın hərbi əməliyyatın uğurlu davamını təmin edə bilməyərək geri döndü. 1689-cu ildə Qolitsın müttəfiqlik borcunu yerinə yetirərək ikinci Krım səfərinə başladı. Rus qoşunlarını yeni Ukrayna getmanı İvan Stepanoviç Mazepanın (1644-1709) kazakları da müdafiə edirdilər. Birləşmiş qoşun üç qələbədən sonra tatar süvarilərini məğlub edərək Perekop qalasına yaxınlaşdı. Krım xanı sülh istəyərək Ukraynanın bir hissəsinin Kiyevlə birlikdə Rusiyaya keçməsini qəbul etdi. Qələbə yarımçıq olsa da, gələcəkdə Qara dənizə çıxmaq uğrunda Türkiyə və Krım xanlığı ilə strateji mübarizənin əsası qoyuldu.

Sofiya Narışkin ailəsini, o cümlədən çar taxtına «ikinci» namizəd I Pyotru Moskva altındakı Preobrajensk kəndinə göndərmişdi. Onun müəllimi olan Nikita Moiseyeviç Zotov Pyotra oxumaq, yazmaq, hesablamaq öyrətmişdir. Boş vaxtlarında hərbi oyunlarla məşğul olurdu. Pyotr azyaşlı gənclərdən kiçik qoşun düzəltmişdi ki, bu da «uşaq» («потешные») qoşun adlanırdı. Tezliklə məşqlərdə bərkiyib təcrübə qazanan bu qoşundan iki batalyon yarandı ki, onlar da gələcək Pyotr qvardiyası polkları — Preobrajensk və Semyonov qoşun birliyi kimi formalaşmışdır. Anasının təkidi ilə 17 yaşında gənc və gözəl Yevdokiya Lopuxina ilə evlənən Pyotrla ögey bacısı Sofiya arasındakı hakimiyyət uğrunda amansız mübarizə başladı. Sofiyanın gec-tez hakimiyyəti verməli olduğunu nəzərdə tutan Boyar Duması, zadəganların böyük əksəriyyəti tədricən Pyotru müdafiə etməyə başladılar. 1689-cu il avqustun 7-dən 8-nə keçən gecə Pyotra xəbər çatdırırlar ki, Sofiya və Kremlə dəvət edilən streletslər Şaklovitı başda olmaqla Preobrajensk kəndinə hücum etməyə hazırlaşır. Troitsa-Sergiev monastrına yola düşən Pyotr bütün strelets və əsgər rəislərini monastra dəvət etdi. Onunla danışığa gələn patriarx da monastrda qaldı. Tezliklə iki «uşaq» polku da hərbi geyim və silah-sursatı ilə qanuni hökmdarın sərəncamına gəldi. Avqustun axırında Boyar dumasının üzvləri, prikzaların başçıları, strelets polkları, ardınca Sofiya və Qolitsın monastra doğru yola çıxdılar. Kansleri yolda dayandırıb ailəsi ilə birlikdə uzaq Karqopola sürgünə göndərdilər. Sofiyanı yolda saxlayıb Moskvya qayıtmağa məcbur edib sonra Novodeviçi monastrına qapatdılar. Streletslərin rəisi Şakloviti və tərəfdarlarını sorğu-sualından sonra edam etdilər. Beləliklə, qanlı hesablaşma və sürgünlərdən sonra I Pyotrun müstəqil çarlıq dövrü başladı.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh