Dövlət hakimiyyəti. Erkən feodal münasibətlərinin əmələ gəlməsi. Şəhərlər, ticarət və ordu

IX əsrdə Rusun başında əvvəllər olduğu kimi böyük Kiyev knyazı dururdu ki, onlar da artıq digər knyazların arasında birinci olmayıb ölkənin tamhüquqlu hökmdarı idi. Knyazın tayfasının əvvəlki kişilərini boyarlar adlandırırdılar. Onlar drujina təbəqəsinin üst qatını — qocaman drujinanı təşkil edirdilər. Az tanınmış və nisbətən cavanlar aşağı təbəqə olan kiçik drujinanı təşkil edirdi. Hər ikisi böyük knyazın xidmətçisi sayılırdı. Onlar knyazın hərbi işə, ölkənin idarəetməsinə, məhkəmə, vergi toplanmasına, başqa dövlətlərlə diplomatik münasibətlərə dair müxtəlif tapşırıqlarını yerinə yetirirdilər. Knyazın xidmətində yeniyetmə və uşaqlar adlanan şəxsi qulluqçular və şəxsi drujinalar da fəaliyyət göstərirdi. Onlar hamısı kiçik drujinanın üzvü olub böyük knyaz sarayında və knyaz işlərində müxtəlif məzmunlu qulluq göstərirdilər. Əvvəllər yalnız hərbi funksiya yerinə yetirən böyük və kiçik drujina X əsrin sonu və XI əsrdə idarəetmə aparatına daxil olaraq dövlət hakimiyyətinin vasitəsinə çevrilmişdir. Şəhərlərdə knyaz boyar-posadnikə, orduda voyevodaya, minbaşıya güvənirdi ki, bir qayda olaraq onlar da görkəmli boyar nəslindən olurdu.
Böyük knyaz özü qeyri-məhdud hakimiyyətə sahib idi. O qoşuna başçılıq edir, ölkənin müdafiəsini təşkil edir, işğalçı yürüşlərə istiqamət verir, çox halda hərbi rəis kimi ordunun önündə gedirdi. Böyük knyaz ölkənin bütün idarəetmə və məhkəmə işləri sisteminə rəhbərlik edirdi. Onun hakimiyyəti çoxşaxəli və kompleks şəkildə idi. Qəbilə tayfasının qalıqları dağıldıqca böyük knyazın və onun aparatının mərkəzdə və yerlərdə hakimiyyəti artırdı. Knyaz birinci növbədə cəmiyyətin üst təbəqəsinin təmsilçisi idi, knyaz hakimiyyəti isə onların hamısının mənafeyini qoruyurdu.
XI-XII əsrlərdə Rusda keçmiş quruluşun qalıqları qalmışdı. Məsələn, şəhərlərdə mühüm qərarlar qəbul edilərkən ənənəvi veçe yığıncağı çağrılırdı ki, burada da bütün azad şəhərlilər iştirak edə bilərdi. Onların iradəsi böyük knyazın və yaxud onların vassalı olan digər knyazlıqların siyasətinin formalaşmasında mühüm rol oynayırdı. Veçe köhnə xalq yığıncağının davamı idi. Daha çox nüfuzlu və varlı şəhərlilər veçeni yönləndirməyə başlasa da, yığıncaq hələ də xalq əlamətlərini qoruyub saxlamışdı. Kənd yerlərindəki məhkəmə araşdırmasında yerli kəndli icmasının nümayəndəsinin iştirakı zəruri idi. Bu qəbilə tayfası məişətinin dərin kökündən xəbər verir.
 
Böyük knyaz hakimiyyətinin bir hökmdardan başqasına keçməsi qaydasının ciddi və dəqiq həddi boyarların, kiçik drujinaçıların, zəngin tacirlərin, din xadimlərinin məafeyini ifadə edirdi. Onlar knyaza yaxın olub öz üstünlük və gəlirlərinin müdafiəsində knyaza güvənirdilər. Bu adamlar, eyni zamanda cəmiyyətin daha həyat qabiliyyətli və dinamik hissəsini təşkil edirdi. Onların tərəqqisi əsasən təşkilatçılıq və şəxsi bacarıqları ilə bağlı olmuşdur. Odur ki, onların hakimiyyətlə ittifaqı təbii və qanunauyğun idi.
Eyni zamanda ölkəni xarici işğalçılardan qorumaq, ölkə daxilində qayda-qanunu saxlamaq, cinayətkarı cəzalandırmaq, xüsusi mülkiyyət hüququnu müdafiə etmək, şəxsiyyətə qarşı zorakılığı aradan qaldırmaqla knyaz bütün cəmiyyətin marağını təmsil edirdi. Cəmiyyətdə sosial fərqin meydana gəlməsinə baxmayaraq, hələ ayrı-ayrı siniflərin və sosial təbəqələrin hüququ dəqiq müəyyən edilməmişdi. Cəmiyyətin əsas hissəsi azad adamlardan ibarət idi. Yaroslavlın vəsiyyətnaməsinə baxmayaraq, XI-XII əsrlərdə hakimiyyət yaşca böyük olmağa görə, vəsiyyətə əsasən, atadan oğula irsi olaraq, knyazlığın mərkəzi olan şəhər əhalisinin dəvəti ilə müəyyən olunmuşdu. Bəzən knyaz hakimiyyəti güc hesabına zəbt edilərək uzun müddət zor gücünə mövcud olmuşdur. Bütün bunlar möhkəm və ciddi qanuniləşdirilmiş qaydaların olmadığını, cəmiyyətin sabit olmayan keçid xarakterini göstərir. Lakin buna baxmayaraq, XI-XII əsrlərdəki dövlət hakimiyyəti Oleq və İqorun ilk illərdəki hakimiyyətindən əhəmiyyətli dərəcədə fərqlənmişdir.

Məhz bu şəraitdə qəbilə tayfası daxilində baş vermiş əvvəlki keyfiyyət dəyişikliyi Rus həyatı quruluşunun sonrakı inkişafına səbəb olmuşdur. Hər şeydən əvvəl cəmiyyətin nəzərində torpaq əhatə etdiyi əhali ilə böyük dəyər kəsb etmişdir. Belə torpaqlara sahib olmaq o dövr üçün çox böyük gəlir, artıq güc, çiçəklənmə, siyasi hakimiyyət şəxsi zənginliyin artmasını vəd edirdi ki, yalnız bunun üçün obyektiv imkanları olan knyazlar, boyar-drujinaçılar, yeni yaranmaqda olan dini qulluqçular, zəngin şəhərlilər deyil, təbiətən çalışqan və bacarıqlı, enerji dolu fəaliyyəti ilə fərqlənən, şəraitə uyğunlaşmağı bacaran, şöhrətpərəst, hiyləgər amansız insanlar da çalışırdı.
Torpaqda işləyən əhalinin knyaza, boyara, drujinaçılara tabe olmağın birinci mərhələsi onlardan «töycü» («полюдье»), sonradan isə hakimiyyət altında olan əhalidən müntəzəm və qaydaya salınmış xərac toplamaq olmuşdur. Adamlar hələ şəxsən azad idi, ancaq onlar dövlət hakimiyyətinin müəyyən asılılığı altına düşmüşdü. Xərac və yaxud bac Rusda əhalinin dövlətdən asılılığının birinci məlum forması olmuşdur. Kiyev knyazlığı işğal edərək özünə birləşdirdiyi torpaqların əhalisinin üzərinə də, həmçinin öz əhalisinin, kənd icmasının azad üzvlərinə də xərac kəsmişdi. Belə torpaqlar xəraclı, burada yaşayanlar isə xəracçılar adlanırdı. Böyük knyazlıqda dövlət torpaqlarının knyazlaşması baş verirdi ki, alınan xərac yalnız knyazın ehtiyaclarını deyil, bərqərar olan dövlətin tələbatını da ödəməli idi. Beləliklə, dövlət onun hakimiyyəti atında olan torpaq üzərində özünün ali mülkiyyətini təsdiq etmiş olurdu. Deməli, əraziyə siyasi hüquq sırf təsərrüfat iddiası ilə bağlı olmuşdur.
Xəracın müəyyən olunmasının əsas prinsipi kəndli təsərrüfatında əkin torpaqlarının mövcud olması ilə əlaqədar idi. Torpaq və ona təsərrüfatçılıq edən kəndli verginin əsas obyekti olmuşdur. Böyük Kiyev knyazının bütün şərqi slavyan torpaqları üzərində hakimiyyətinin bərqərar olması ilə yuxarıda da qeyd edildiyi kimi, digər bir proses baş vermişdir: birilərinin varlanması, digərlərinin yoxsullaşması nəticəsində icmada zəngin torpaq sahiblərinin meydana gəlməsi, torpağını itirərək yoxsullaşmış kəndlilərin isə özlərinin varlanmış qonşularının yanında çalışmağa məcbur olması.
XI əsrin ortalarında bu proses sürətlə inkişaf etmişdir. Rusun geniş ərazilərində, xüsusilə Orta Dnepr, Novqorod torpaqlarında torpaqlar daha tez-tez xüsusi əllərə keçirdi. Burada, əlbəttə, böyük knyaz və knyaz ailəsi nümayəndələri birinci sıraya yerləşmişdir. Özlərinin güc və nüfuzundan istifadə edərək onlar ya açıq şəkildə icma torpaqlarını mənimsəyir və yaxud da azad torpaqlara əsirləri yerləşdirərək onları öz işçilərinə çevirib yerlərdə təsərrüfat evi, xüsusi imarət, ovçuluq evi inşa edərək bura öz idarəçilərini yerləşdirib xüsusi təsərrüfatlarını təşkil edirdilər. Əvvəllər knyazla və dövlətlə yalnız illik xərac verməklə bağlı olmuş azad sıravi icma üzvləri onların mülklərini knyaz torpaqlarının sıx əhatə etməsinə, əlverişli əkin sahələrinin, otlaq, meşə, göl, balıq vətəgələrinin knyazın təsərrüfatına keçməsinə, yoxsullaşmış kəndlilərin knyazın himayəsi altına düşərək ondan asılı işçilərə çevrilməsinə qorxu və dəhşətlə baxırdılar.

Avropanın başqa ölkələrində olduğu kimi, knyazın şəxsi mülkü, yəni do-menlər meydana gəlirdi ki, bu da kompleks yaşayış torpaqları olub bilavasitə dövlətin və yaxud xanədanlığın başçısına aid idi. Böyük knyazın arvadının qardaşlarının, başqa qohumlarının belə mülkləri ola bilərdi. XI əsrdə belə mülklər az olsa da, onların meydana çıxması torpaq üzərində xüsusi mülkiyyətə, torpaqda çalışan və ağaya mənsub olan asılı adamlardan ibarət yeni qaydaların yaranmasına şərait yaradırdı. Məhz bu zaman xüsusi torpaq mülkləri — boyar və drujinaçıların iri şəxsi mülkləri təşəkkül tapmışdır. Qədim rus təbəqəsinin varlanması vasitələrindən biri böyük knyazın ilk növbədə yerli knyazlara və boyarlara bu və ya digər torpaqlardan xərac toplamaq hüququnun verməsi ilə əlaqədar olmuşdur.
Xərac toplamaq hüququ ilə torpaqlar knyaz və boyarlara onları yedizdirmək məqsədilə ilə verilirdi. Bu onların təminatı və zənginləşməsi vasitəsi olmuşdur. Sonradan şəhərlər də belə «yedizdirmə» sisteminə məruz qalmışdır. Knyazın vassalı sonradan belə «yedizdirmə» («кормление») sisteminin bir hissəsini öz drujinaçılarından olan vassallarına verirdi. Feodal iyerarxiyası sistemi belə yaranmışdır. «Феод» (lat. feodum) sözü irsi torpaq mülkiyyətçisi demək olub, senyor, yəni torpaq sahibinin müxtəlif hərbi idarəçilik, məhkəmə işləri xidməti müqabilində vassalına bağışladığı hədiyyə idi. Odur ki, feoalizmin sistem kimi əsas əlamətlərindən biri senyor və vassal arasında bütün səviyyələrdə mövcud olan münasibətlər olmuşdur. Belə bir sistem Rusda XI-XII əsrlərdə yaranmışdır. Bu zaman boyar, voyevoda, posadnik və böyük drujinaçıların ilk votçinaları meydana çıxmışdır.
Votçina, yəni iri mülkədara məxsus təsərrüfat kompleksinin atadan oğluna irsi keçən xüsusi mülkü torpaq sahibliyi idi. Lakin bu sahibkarlıq münasibətlərində ali mülkiyyət hüququ böyük knyaza məxsus idi ki, o da votçinanı hədiyyə etdiyi kimi onun sahibinin hakimiyyətə qarşı cinayət əməli aşkar edildikdə alıb başqasına bağışlaya bilərdi.
XI əsrdə kilsə torpaq sahibkarlığı meydana gəlmişdir. Böyük knyaz belə mülkləri ali kilsə iyerarxiyası — mitropolit, yepiskop, monastr və kilsələrə bağışlayırdı. Zaman keçdikcə hökmdarlar öz vassallarına yalnız torpağa sahib olmaq hüququ deyil, öz ərazilərində məhkəmə hüququ da təqdim etmişdir. Mahiyyət etibarilə ərazidə yaşayan əhali öz ağalarının — böyük knyazın vassalının tam asılılığı altına düşürdü ki, onlar da sahib olduğu torpağın və hüququn bir hissəsini öz vassalına hədiyyə etmişdir. Hakimiyyətin torpaqlarında çalışan kəndlilərin və şəhərlərdə yaşayan sənətkarların əməyinə əsaslanan piramidası ucalırdı.
 
Əvvəllər olduğu kimi, Rusda hələ feodal mülklərinə daxil olmamış çoxlu torpaq sahəsi mövcud idi. XI əsrdə bu sistem hələ yeni yaranmağa başlamışdı. Böyük ərazilər volostlarda yaşayan azad adamlardan ibarət idi ki, onların da dövlətin başçısı olan böyük knyaz kimi yalnız bir ağası var idi. Bu zaman daxilində azad kəndli — smerdlər, sənətkarlar, tacirlər ölkədə çoxluq təşkil edirdi.
Özünün vassal tabeçiliyindən başqa feodal mülklərinin ayrı bir xarakterik əlaməti də mövcud idi. O, asılı əhalinin əməyinin ayrılmaz hissəsi olmuşdur. Knyaz, boyar, drujinaçı, kilsə mülkiyyətçisi olan ağa torpaqlarında çalışan böyük və kiçik kəndlərin sakinlərinə feodal hakimiyyətinin sahibkarlığı şamil edilmişdi. Özlərinin xüsusi ərazilərindəki əkin sahəsi, otlaq, meşə, çaylardan istifadəyə görə torpaq sahibinə natura ilə ödəmə etməli idilər. Ticarət və pul münasibətləri kənd yerlərində inkişaf etmədiyi, təsərrüfatlar natural olduğu üçün istehsal etdiyi məhsuldan pay ayırmalı idi. Məhsul ilə ödəmə taxıl, xəz, bal, mum və s. kimi ola bilərdi. Onlar, eyni zamanda, at-araba mükəlləfiyyəti yerinə yetirərək ağanın tələbi ilə yayda atları qoşulmuş araba, qışda xizək verməli, yol və körpülərin təmiri üçün müxtəlif işlər yerinə yetirməyə borclu idilər. Bu vəzifələri əvvəllər əhali böyük knyazın, dövlətin xeyrinə yerinə yetirirdisə, indi yeni ağanın — boyarın, drujinaçının, kilsənin, monastrın xeyrinə bu işləri görməyə borclu idi. Eyni zamanda ümumdövlət vəzifə və mükəlləfiyyətləri də qalırdı.
Tədricən kənd yerlərində müxtəlif səbəblərə — məhsulsuzluq, quraqlıq, müharibə dağıntısına və yaxud ağanın borc pul, toxum, mal-qara götürüb əvəzini ödəyə bilmədiyinə görə xüsusi təsərrüfatını itirmiş adamların təbəqəsi meydana gəlmişdi. Onlar torpaq sahibi üçün kənd təsərrüfatı işləri — torpaq şumlamağı, məhsul yığmağı, mal-qaraya qulluq etməyi və başqa vəzifələri yerinə yetirməyi öhdələrinə götürürdülər. Belə adamlar sahibkarla «müqavilə» («ряд») bağladığı üçün onlara «raydoviçlər» deyilirdi. Torpaq sahiblərindən «borc» («купу») almış adamlara isə «zakuplar» adı verilmişdi. Onlar müqavilənin şərtlərini yerinə yetirmədən ağalarının yanını tərk edə bilməzdilər.
Şəhərlər və kənd yerlərində ən hüquqsuz adamlar xoloplar olmuşdur. XI-XII əsrlərdə onları kənd təsərrüfatı işlərinə cəlb edərək torpağa yerləşdirib öz ağasına işləməyə məcbur edirdilər. Getdikcə daha çox adam xolop sırasına daxil olurdu. Azad adam çox böyük ehtiyac üzündən özünü xolop olaraq sata bilərdi. Xolop qadınla evlənən, ağasının yanına xüsusi müqavilə olmadan xidmətə girən insan da xolop sırasına daxil edilirdilər.
Xolopların uşaqları, müqavilənin şərtlərini yerinə yetirə bilməmiş «ryadoviç» və «zakuplar», əsirlər xolop sırasına daxil olurdu. Ümumiyyətlə, Rusdakı xo-loplar qədim dünyanın qullarından fərqlənir. Onların bəzi hüquqları var idi. Xolopların öldürülməsi qanunla mühakimə olunurdu. Başqa şahidlər olmadıqda xoloplar məhkəmədə şahidlik belə etmək hüququna malik idi. Xo-lopların hüququ vəziyyətini yumşaltmağa çalışmış kilsə XI əsrin sonu-XII əsrin əvvəllərində buna nail olmuşdur.
Şəhərlər şərqi slavyanlarda vahid dövlətin yaranmasından çox əvvəl meydana çıxmışdır. Bu ya tayfa knyazlığının mərkəzi idi və yaxud bütpərəst Allahların olduğu yer idi ki, bura da qurbanlar gətirirdilər. Şəhərlər adətən düşmənin çata bilmədiyi dağların zirvəsində, çayların sıldırım dərəsində salınır, canlı ticarət və sənətkarlıq məhsullarının mübadiləsi mərkəzinə çevrilirdi. Rusun təsərrüfat həyatı dəyişdikcə sənət, ticarət, kənd təsərrüfatı tərəqqi edərək vahid dövlət yaranır və köhnə qəbilə tayfası qaydası zəiflədikcə şəhər həyatı da dəyişirdi. Tayfa əyanlarının da yaşadığı əvvəlki şəhərlər öz mövqeyini itirirdi. Məsələn, İqor və Olqanın dövründə Kiyevlə belə rəqabət aparmış derevlyanların mərkəzi İskorosten şəhəri buna misaldır. Xristianlığın qəbulu ilə əlaqədar olaraq çoxlu müqəddəs bütpərəstlik yerləri əhalinin dağılması ilə boş qalmışdır. Ticarət yollarının üzərində yerləşmiş şəhərlər isə canlanmışdır, çünkü tacir və sənətkarlar mallarını sərfəli qiymətə satmaq məqsədilə bu yerlərə toplaşırdı.
Lakin siyasi və inzibati mərkəzlərə çevrilmiş daha böyük iqtisadi güc və sərvət qazanmış şəhərlər fərqlənirdi. Knyaz, boyarlar, knyaz drujinası belə şəhərlərdə yerləşirdi. Burada knyaz öz köməkçiləri ilə məhkəmə işlərini, öz hakimiyyəti altında olan yerləri idarə edirdi. Eyni zamanda şəhər ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edirdi. Dini həyat burada cəmləşərək knyaz-lığın əsas məbədləri, böyük monastrlar, xristian ayinləri yerinə yetirən miro-polit və keşişlər belə şəhər mərkəzlərində yerləşirdi.
Şəhərlər bir qayda olaraq əlverişli hərbi-strateji mövqedə yerləşmişdi. Onlar keçilməz qala-qəsrlərlə möhkəmləndirilmişdi. Belə şəhərlər həm də mədəniyyət mərkəzləri olmuşdur. Burada incəsənət inkişaf edir, salnamələr tərtib olunur, kitabxanalar təşkil edilirdi. Bütün bunlar Rusun şəhər həyatını müəyyən edirdi.
Çoxlu Qərbi Avropa şəhərləri qədim Roma şəhər-qəsəbələri və Roma qalalarının yerində meydana gəldiyi halda, Rus yalnız öz gücünə arxalanaraq şəhərlər salmışdır ki, bu da Qərb ölkələrinin şəhərləri ilə müqayisədə Rus şəhər həyatını xeyli ləngitmişdir. Buna baxmayaraq, Şərqi Avropa, o cümlədən Macarıstan, Polşa, Skandinaviyada İsveç və Norveçlə müqayisədə Rusda şəhərlər daha erkən meydana gəlmişdir.
IX əsrdə Rusda dövlətin meydana çıxması, qəbilə-tayfa münasibətlərinin aradan qalxması ilə daha böyük qədim rus şəhərləri yaranmağa başlamışdır. X-XI əsrin əvvəllərində Rusda iç qalası, Kremli olan 30 böyük şəhər mövcud olmuşdur. XI əsrin ortaları-XII əsrin I yarısında belə şəhərlərin sayı 42, XIII əsrin ortalarında isə 62 olmuşdur. Kiyev, Çerniqov, Smolensk, Polotsk, Rostov, Suzdal, Lyubeç, Ladoqa, Pereyaslavl, Permışl və d. şəhər həyatının bütün xarakterik əlamətlərinə malik olan şəhərlərdir. Şəhər əhalisinin əhəmiyyətli hissəsi ticarət adamlarından — zəngin tacirlərdən, başqa ölkələrlə ticarət edən «qonaqlardan», kiçik səyyar tacirlərdən ibarət idi. Şəhərlərdə öz nizamnaməsi, vəsait fondu olan tacir birlikləri meydana gəlmişdir ki, onlar da çətinliyə düşmüş tacirlərə köməklik göstərirdi.
Kiyev, Novqorod, Çerniqov və b. böyük şəhərlərdə xarici tacirlərin həyətləri var idi. Xəzəriyyədən, Polşadan, Skandinaviya ölkələridən olan tacirlərin yaşadığı öz bütöv bir rayonları olmuşdur. Yəhudi və erməni tacir və sələmçi icmaları fəaliyyət göstərirdi ki, onların əlində ticarət və sələmçilik kapitalının böyük bir hissəsi toplaşmışdı. Yəhudi tacirləri öz həmyerliləri ilə əlaqələrindən istifadə edərək rus tacir mərkəzlərini Avropanın uzaq yerləri, o cümlədən İngiltərə və İspaniya ilə belə birləşdirirdilər.

Volqa Bulqarıstanından, Şərq ölkələri, o cümlədən İran, Xarəzm və s. yerlərdən olan tacirlər rus şəhərlərində ticarətlə məşğul olurdu. Rus tacirləri Konstantinopol, Krakov, Reqensburq, Budapeştdə, Skandinaviya, Baltikyanı və alman ərazilərində ticarət edirdilər.
Rusun böyük və kiçik şəhərlərində ticarət qaynayırdı. Ətrafında az əlverişli torpaqlar olan Novqoroda taxıl karvanları daxil olurdu, Volından bütün rus şəhərlərinə duz daşınırdı. Şimaldan cənuba bütün növ balıq məhsulu daşınırdı. Kiyev, Novqorod və başqa böyük şəhərlərdən incə sənətkar əşyaları daşınırdı. Sərhəddəki ölkələrə rus «qonaqları» mum, xəz, kətan, parça, dəri, gümüş, sümükdən hazırlanmış əşyalar və s. aparırdılar. Tez-tez rus tacirləri karvanla birlikdə Xerson, Bulqar, Konstantinopol bazarlarında satmaq məqsədilə rus drujinalarının hərbi səfər zamanı əsir aldıqları «qullar»ı da aparırdılar.
Xarici tacirlər Rusun hər yerində satmaq üçün Bizansdan bahalı parçalar, silah, qiymətli daşlar, qızıl və gümüş bəzək əşyaları, Qafqaz, İran, Xəzər ətrafından rus qadınlarının çox xoşladığı ətir, muncuq, ədviyyat, Flandriyadan zərif mahud parça daşıyırdılar. Rus tacirləri metal məmulatları, o cümlədən silah, şərab və atları ilə Reynyanı şəhərlər, macar, çex, polyak torpaqlarında ticarət edirdilər. Bütün bu müxtəlif çeşidli ticarətdən böyük Kiyev knyazı və yerli knyazlar böyük gömrük haqqı əldə edirdilər. Knyaz evlərinin nümayəndələri də ticarət işlərində öz mallarını tacirlərə əmanət edərək və yaxud karvanlarda öz ticarət nümayəndəsini yerləşdirərək iştirak edirdilər. Hər bir şəhər yaxın əyalətlərin ticarət mərkəzi idi. Ətrafdakı şəhərlərin sənətkarları, kənd yerlərindəki smerdlər öz məhsullarını satmaq və yaxud ehtiyacı olduğu malı almaq məqsədilə şəhər mərkəzlərinə can atırdı.
Rusun bazarında müxtəlif sikkələr işləyirdi. Gümüş qrivna və kun kimi yerli sikkələr, ərəb dirhəmi, Bizans qızıl nomismi və alman taleri ilə ticarət edirdilər. Uzaq şimalın dərinliklərində və cənub çölündə qədimdə olduğu kimi pul vahidi kimi heyvan və mal-qara dərisindən istifadə olunurdu. Təsadüfi deyil ki, qədim zamanlardan Rusda pulu kun, yəni «dələ xəzi» adlandırırdılar ki, bu da metalın deyil, xəzin pula ekvivalent olduğu vaxtlardan xəbər verir.
Ordu, hərbi adamlar qədim rus cəmiyyətinin, rus şəhərləri həyatının ayrılmaz tərkib hissəsi olub, böyük knyaz sarayının, başqa knyaz və boyarlar sarayının üzvi bir hissəsi idi. Bütün tayfa üzvlərinin düşmənə qarşı səfərbər olduğu və yaxud böyük knyazın uzaq səfərlərə on minlərlə həmtayfalılarını apardığı təcrübə artıq tarixə çevrilmişdi. Güclü və vahid rus dövlətinin yaranması ilə hərbi iş müharibənin həyatlarının mənası olduğu peşəkar hərbçilərin əlinə keçmişdi. Onlar knyaza xidmət göstərərək bunun müqabilində haqq alırdılar. Böyük drujina üçün «yedizdirmə» sistemindən istifadə edilir, sonradan isə torpaq sahəsi ayrılırdı. Kiçik drujina üçün, ələ keçirilmiş qənimətin bir hissəsi verilirdi və s. Drujina ordunun nüvəsini təşkil edərək knyaz ordusunun yaxşı silahlanmış hissəsinə çevrilmişdi. Kiyev böyük knyazının 500-dən 800 nəfərə kimi drujinası olmuşdur. Döyüşçülər ya atla və yaxud kiçik qayıqlarda çay və dənizlərdə hərəkət edirdi. Onlar qılınc, qalxan və xəncərlə silahlanmışdı. Başlarında şişuclu dəbilqə, bədənlərində dəmir geyim onları qoruyurdu. Hər bir drujina öz knyazının yanında döyüşürdü. Knyaz və ya boyar döyüş vaxtı öz drujinasına başçılıq edirdi. Əlbəyaxa döyüş vaxtı xüsusi cangüdənlər knyazı öz bədən və qalxanları ilə düşmən oxu və qılınc zərbəsindən qoruyurdu.

Drujina qədim rus ordusunun yalnız bir hissəsini təşkil edirdi. Başqa bir hissə isə smerd və sənətkarlardan ibarət olmuş «polk» və yaxud sadəcə «voi» idi. Onları böyük knyaz və yaxud knyazlar ölkə üçün xarici təhlükə mövcud olduğu zaman, yəni peçeneq və qıpçaqların basqınları vaxtı və ya uzun yürüşlərlə əlaqədar olaraq orduya cəlb edirdilər. Polklara daxil olmuş şəhərlilər on və ya yüz nəfərdən ibarət dəstələrə ayrılırdı ki, onların da başında onbaşı və yüzbaşı dayanırdı. Kənd əhalisi polklara öz ağsaqqalları ilə daxil olaraq onlar da on və yüz nəfərlik dəstələrə bölünürdü. «Polk»a isə «minbaşı» («тысяцкий») başçılıq edirdi. «Voi»lərin silahları sadə olub oxqabı, ox, nizə və ya ağır hərbi baltadan, əlbəyaxa döyüş üçün isə bıçaqdan ibarət olmuşdur. Baha olduğu üçün dəmir geyimləri olmasa da, hər birinin əlində qalxan olurdu. Döyüş hər iki tərəfin meydana göndərdiyi bahadırların qarşılaşması ilə başlayırdı. Döyüş vaxtı qalxan, nizə, balta ilə silahlanmış piyadalar düşmən süvarisinin önünü kəsmək məqsədilə mərkəzdə yerləşirdi. Sağ və sol cinahlarda süvari döyüşçülər, knyaz drujinası yerləşirdi ki, mərkəz düşmən hücumunun qarşısını kəsdikdən sonra onlar cinahlardan düşməni mühasirəyə alıb məhv etsinlər. Tez-tez rus qoşunları ilə birlikdə muzdlu əsgərlər və yaxud müttəfiq xarici tayfa nümayəndələri, o cümlədən varyaqlar, torklar və b. hücumda iştirak etmişdir. Kiyev knyazları peçeneq və qıpçaqları da hərbi xidmətə qəbul edərək bəzən öz yurddaşlarının üzərinə aparmışdır. Muzdlu və mütttəfiq qoşun bir qayda olaraq rus əsgərlərinə qarışmayaraq öz komandirlərinə tabe olurdu. Uğursuzluq məqamında onlar tez-tez döyüş meydanından qaçırdı. Rus ordusu düşmən qalasına hücum etdikdə xüsusi mühasirə qurğularından, o cümlədən tarandan, yəni ucu dəmir tirdən, daşatıcıdan, hücum nərdivanından, hərəkət edən ağac qüllədən və s. istifadə edirdi.
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı,  «Təhsil», 2021
 

0 şərh