Livoniya müharibəsi

IV İvan Qroznının xarici siyasətinin əsas istiqamətlərindən biri məhsuldar torpaqları olan, şərqdə yerləşən Kazan və Həştərxana sahib olmaq idi. Bir tərəfdən zadəganlarına torpaq payı ayırmaq zərurəti, başqa bir tərəfdən şərq ölkələri ilə Moskva çarlığının əlaqələrinə əhəmiyyərli yol açan Volqa ticarət yolunun əl keçirilməsi marağı məsələnin qısa bir vaxtda həll olunmasını tələb edirdi. Başqa bir tərəfdən, Rus dövlətilə Kazan xanlığı arasındakı qanlı toqquşmalar zaman-zaman davam etmişdir ki, İvan Qroznı buna son qoymaq istəyirdi. 1552-ci il iyunun 1-də 150 minlik rus ordusu başda çar olmaqla Kazana doğru hərəkət etdi. Avqustun 23-də şəhərə yaxınlaşan son ordu bir neçə dəfə cəhd etsə də, möhkəm müdafiəsi olan şəhəri ala bilmədi. Belə olduqda sentyabrın 30-da əsas şəhər darvazalarının altında lağım atılaraq partladıldı. Qanlı döyüşdən sonra oktyabrın 2-də şəhər alındı və Kazan xanlığı süqut etdi. Volqada yaşayan əhali Rus dövlətinin tərkibinə daxil oldu. Bəziləri rus çarının hakimiyyətini könüllü olaraq qəbul etdi. Başqırdlar dəqiq müəyyən edilən bəxşiş müqabilində IV İvandan öz mülklərinin sahibi olmaq hüququ almışdı. Kazanın süqutuna kimi çuvaşlar «padşaha qulluq etmək» arzusunda olduqlarını bildirərək Moskva qoşunu tərəfdə Kazan xanlığına qarşı döyüşdə iştirak etdilər. Mari və udmurtlarla rus dövlətinin münasibətləri bir xeyli mürəkkəb olaraq qalmışdı.

1556-cı ildə 30 minlik rus ordusu Həştərxana yaxınlaşdı və heç bir müqavimətə rast gəlmədən şəhəri tutdu. Sonuncu Həştərxan xanı Yamgürçəyin dəstələri məğlub oldu. Tezliklə XIV yüzilliyin sonlarında Volqa ilə İrtış çayları arasındakı çöllük ərazidə meydana gələn, Qızıl Ordudan ayrılan köçərilərin Noqay Ordu dövləti də rus çarından asılılığı qəbul etdi. Beləliklə, bütün Volqa ticarət yolu Moskva rus dövlətinin əlinə keçdi ki, bu bir tərəfdən Rusiyanın Şimali Qafqaz və Orta Asiya xalqları ilə əlaqələrini artırdı, başqa bir tərəfdən Volqa ticarət yoluna nəzarət etmək imkanı əldə edən Rus dövlətinin Şərq ölkələrilə münasibətləri xeyli möhkəmləndi. Başlıcası, Rus dövləti şərqdən davam edən soyğunçu tatar basqınlarından birdəfəlik azad oldu. Ölkənin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə birinci Tula müdafiə xətti tikildi.

Volqaboyu torpaqlarının işğal edilməsi Rus dövlətinin şərq və cənubda mövqeyini xeyli möhkəmləndirdi. Çar IV İvan Qərbə — bir vaxtlar Polşa krallarına qarşı mübarizədə Moskvanın müttəfiqi olan, hazırda isə «Yuriyev pu-lu» haqqını verməkdən imtina edib pravoslav əhalisini sıxışdıran Livoniyaya hücum etməyi planlaşdırdı. 1558-ci ilin yanvarındakı birinci Livoniya yürüşü müvəffəqiyyətli oldu, Narva, Derpt, Revel ələ keçdi. Alıst, Rakobor, Krasnı, İzborsk, Vışqorod, Oreşek şəhərlərində rus qarnizonları yerləşdirildi. 1559-cu ildə barışıq imzalandı. Livoniya magistri barışıqdan istifadə edərək Polşa kralı ilə ittifaq bağlayıb ondan hərbi kömək aldı.

1562-ci ildə IV İvan Livoniyanın müttəfiqi Litvaya hücum etmək məqsədilə Zemstvo məclisini çağırdı, əsas hədəf isə Polotsk seçildi. Qoşunun başında duran çar vəsiyyatnamə tərtib edərək böyük oğlu İvanı varis, kiçik qardaşı Fyodoru Suzdal-Udel knyazı elan etdi. Noyabrın 30-da yürüşə başlayan çar ordusu iki aydan sonra Polotska çataraq top atəşindən sonra şəhər uğrunda döyüşə başladı. Fevralın 14-də Polotsk yandırıldı və təslim oldu. Çar təntənə ilə Moskvya döndü. 1564-cü il yanvarın sonunda Ulla çayında Litva polku knyaz P.İ.Şuyski başda olmaqla rus ordusunu məğlub etdi, sərkərdə öldürüldü, 600 nəfərdən çox dvoryan əsir düşdü. Cəza tədbirlərindən ehtiyat edən bir çox Voyevoda, o cümlədən çarın xoş münasibət bəslədiyi görkəmli hərbi sərkərdə, knyaz A.M.Kurbski Litvaya qaçdı. Bu azmış kimi A.M.Kurbski çara məktub göndərərək onu qaralayıb öz əməlini təmizə çıxarmağa çalışmışdır. Çar isə qaçqın knyazla mübarizəyə başlayaraq hakimiyyətin mahiyyətini, ondan asılı olanların vəzifə və borcunu izah etmişdir. 1564-cü ilin iyulunda çar Böyük Litva knyazlığına təkrar hücum təşkil etsə də, uğur qazana bilmədi.

1569-cu ildə Böyük Litva knyazlığı Polşa ilə uniya imzalayaraq vahid Reç-Pospolita dövlətində birləşdilər. Artıq Rusiyanın qərb sərhədlərində Avropa timsalında təlim görüb silahlanmış qüdrətli ordu dayanmışdır.

İvan Qroznı Livon Ordeni cəbhəsində hərbi əməliyyatları dayandıraraq Reç-Pospolita ilə sülh bağlayıb nisbətən zəif İsveçdən torpaqlar işğal etmək niyyətində idi.

  • 1571- ci ilin aprelin 5-də Krım xanı Dövlət-Gəray Moskvaya hücum edərək mayın 24-də şəhəri yandırdı. Krım tatarlarının hücumundan şimala qaçan IV İvanın Moskvanı başsız qoyması ilə şəhəri yandırıb külə çevirən Dövlət-Gəray yüklü qənimətlə ölkəsinə döndü.

  • 1572- ci ilin yanvarında İsveç kralı III Yuxanla müharibə edən IV İvan İsveç torpaqlarına daxil oldu. İsveçlilər yaya kimi barışıq imzalamağı təklif etdilər. Krım xanının yeni basqınından ehtiyat edən çar razı oldu.

1572-ci ilin iyulunda Krım xanı Dövlət-Gəray növbəti dəfə Moskvaya hücum təşkil etsə də, onu şəhərin 45 kilometrliyində knyaz M.İ.Vorotınskinin polku qarşıladı. Ağır zərbə alan krımlılar döyüş meydanından qaçdılar. 1572-ci ilin payızında çar və hər iki oğlu isveçlilərə qarşı yürüşə başlayaraq Estoniyanın Payda, Kalover, Korkus şəhərlərin ələ keçirdilər. Livoniya yürüşü də davam edirdi. 1575-ci ildə Salis və Pernov işğal olundu. Nəticədə Revelə Tallinə (başqa adı Kalıvan) kimi olan bütün sahilboyu torpaqlar çarın əlinə keçdi. 1577-ci ilin yanvarında rus ordusu Reç-Pospolitaya tabe olan Livoniya torpaqlarına hücum edərək Reveli mühasirə etdi. Revel və Riqadan başqa demək olar ki, bütün şəhərlər çar İvana təslim oldu. Lakin bu iyirmiillik müharibədə sonuncu uğur oldu. Yeni uğursuzluqlar çarın uzun illər dövləti tükədərək əldə etdiyi qələbələrə son qoydu.

Polşa-Litva dövlətinin yeni kralı seçilən təcrübəli və güclü Transilvaniya knyazı Stefan Batori Polotska hücum edib 1579-cu ildə onu Litvanın tərkibinə qatdı. Növbəti il kral Veliki Lukaya hücum edib buranı aldı. Çar tez-tələsik barışıq istədi. Rus dövlətinin mövqeyinin zəifləməsindən istifadə edən İsveç kralı 1580-ci il noyabrın 4-də hücuma keçib Korel və ətrafını aldı.

1581-ci ilin avqustun 18-də Stefan Batori Pskovu mühasirəyə aldı. İlk vaxtlar polyak qoşunu uğur qazansa da, tezliklə voyevoda knyaz İ.P.Şuyskinin başçılıq etdiyi qoşun onları geri oturtdu. Uzun danışıqlardan sonra 1582-ci ildə Yam-Zapolsk adlanan yerdə sülh müqaviləsi imzalandı. 10 il müddətinə bağlanan sülhün şərtlərinə əsasən, Polotsk və Livoniya torpaqları Reç-Pospoli-taya keçdi, Veliki Luki və Velijadan başqa ətrafı Rusiyaya qaytarıldı. Bir il sonra 7 il müddətinə İsveçlə imzalanan Plyussk sülhünə əsasən, Rus dövləti Estoniya və Kareliyadakı ərazilərdən imtina etdi. Beləliklə, iyirmi illik Livoniya müharibəsi ölkə üçün heç bir nəticə vermədən başa çatdı, hətta İvan-qorod rayonunda Rusun vaxtı ilə ələ keçirdiyi bir sıra torpaqlar belə itirilmişdir.

Ural dağlarının arxasında Qızıl Ordunun bir parçası olan Sibir xanlığı yerləşmişdir ki, burada da Sibir tatarları və onların tabe etdiyi Xantı, Mansi xalqları yaşayırdılar. Xanlıqda əhali əsasən ovçuluq və maldarlıqla məşğul olurdu. Sibir xanlığının tatar-türk üst təbəqəsi islama, yerli xalqların nümayəndələri bütpərəstliyə etiqad edirdi. Kazanın süqutundan sonra Sibir hökmdarları Rusiyadan asılılığı qəbul etdilər. Sibirin yeni xanı Kuçum Moskvaya bac ödəməkdən imtina edərək tez-tez sərhəddə yerləşən ruslarla qarşı-qarşıya gəlirdilər.

Uralı əhatə edən torpaqları çarın icazəsi ilə varlı sənayeçilər olan Stro-qanovlar mənimsəməyə başladı. Onların əsas işi duz emal etmək idi ki, soyuducu olmadığı üçün qida məhsullarını xarab olmaqdan xilas edən duz çox gəlir gətirən bir nemət olmuşdu. Tez bir zamanda bu işdən zənginləşən Stro-qanovlar öz hesablarına şəhərcik və qalalar salaraq onların müdafiəsini ka-zaklara tapşırdılar. Belə kazak dəstələrindən birinin komandiri ataman Yermak Timofeyeviç təqribən 600 nəfərlik dəstə ilə 1581-ci ildə Sibirə yürüş təşkil etdi. Yermak Çusov çayını, sonra Ural aşırımını və Tagil çayını keçib İrtış çayındakı Kucumun paytaxtı Kaşılıka hücum etdi. Qılınc və oxla silahlanmış xanlığın əsgərləri kazakların odlu silahı qarşısında davam gətirmədən döyüş meydanından qaçdılar. 1582-ci ilin oktyabrında Yermak və kazaklar Sibir xanlığının boş qalmış paytaxtına daxil oldu. Qışı burada keçirən Yermak ətraf əhalini rus təəbəliyinə qəbul edərək onlara yasak (dəri xəracı) kəsdi. Onlar indi Kuçuma deyil, Moskvaya xərac verməyə borclu idi. Bir neçə ildən sonra tatar türkləri Yermakın dəstəsinə qəfil basqın təşkil etdi, qaçmaq istərkən İrtış çayına atılan ataman boğulub öldü. Yermakın ardınca Sibirə kazak, strelets, kəndli, sənətkar və ovçular axışdı. XVI yüzilliyin sonunda Kuçum qəti olaraq məğlub oldu və Sibir xanlığı süqut etdi. Sibirin mənimsənilməsində bir çox Sibir xalqları Rusiya dövlətinin təəbəliyinə qəbul oldu.

 

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh