Aviofobiya nədir?

Fobiya nədir?

Qorxu olduqca normal və insan psixologiyasına yad olmayan bir hissdir. Bir insan özünü təhlükədə hiss etdiyini düşünürsə yaşadığı hiss qorxudur. Qorxu hissinə biz o halda fobiya deyirik ki, şəxs qorxulan şeyin əslində qorxulu olmadığını bilir, bunun məntiqsiz olduğunu düşünür lakin bütün bunlara baxmayaraq hələ də ifrat dərəcədə qorxmağa davam edir və bu qorxu hissi həmin insanın həyatını məhdudlaşdırmağa başlayır.
Fobiyası olan insan məhz həmin fobiyası olduğu obyektdən qaçır həyatının başqa məqamlarında kifayət qədər cəsurdur. Yəni bir insanın fobiyasının olması onun qorxaq olması mənasına gəlməməlidir.
Uçmaq insan fitrətinə yad bir şey olduğu üçün insan psixologiyası uçuşu təhlükəli məqam olaraq qəbul edir. Əksər hallarda təkrarlanan davamlı uçuşlardan sonra bu hiss əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itib gedir.

Aerofobiyadan əziyyət çəkən insanlar nəinki uçuş zamanı, hətta uçuş barədə fikirləşəndə də onların fiziki reaksiyaları aşkar görünür. Bu qorxunun əsas əlamətləri ürək döyüntüsünün sürətlənməsi, qıcolma, isterika, ağlama, ürək bulanması və bərk tərləməkdir. Baxmayaraq ki, təyyarə ən təhlükəsiz nəqliyyat növü hesab edilir, hələ də təyyarə ilə səyahət etməkdən qorxan insanlara tez-tez rast gəlinir. Əslində, təyyarədə uçuş zamanı yaranan qorxu hissi normal bir hadisədir, lakin bununla birmənalı şəkildə mübarizə aparmaq lazımdır, çünki təlaş və panika sizə ciddi problem yarada və səyahətinizi əməlli-başlı korlaya bilər. 

Çox vaxt təyyarədə uçuş zamanı bir növ imitasiya olunan başqa psixoloji vəziyyətlər fobiyaya gətirib çıxarır. Bu vəziyyətlərə aşağıdakılar aiddir:

  • akrofobiya (yüksəklikdən qorxma)
  • aqorafobiya (ictimai yerlədən qorxma)
  • klaustrofobiya (qapalı məkandan qorxma)
  • enoxlofobiya (naməlum mühitdə izdihamdan qorxma).

Yuxarıda sadalanan bütün simptonlar ciddi təşvişə və nəticə etibarilə avtomatik olaraq aerofobiyaya gətirib çıxara bilər. Aerofobiyanın başqa səbəbləri də var. Məsələn, xəsarətlə nəticələnmiş hadisələr və ya daha əvvəl təyyarə ilə səyahətlərin uğursuz təcrübəsi.

Bütün mütəxəssislər bildirirlər ki, qorxu hissindən qurtulmaq üçün bu sahənin mütəxəssisləri və psixoloqlar müxtəlif müalicə metodları tətbiq edə bilərlər. Qorxudan qurtulmağın ən geniş yayılmış və səmərəli üsulu nəzarət edilən ekspozisiyadır. Bu halda ixtisaslı terapevt uçuşun bütün mərhələlərinin imitasiyası zamanı pasiyentə məsləhətlər verir, pasiyenti dəstəkləyir və ona başqa formalarda kömək göstərir. Bu metod insanın qorxuya düşməsinin səbəblərini asanlıqla üzə çıxarmağa imkan verir.

Hipnoterapiya adlanan digər üsul hipnoz, meditasiya və xüsusi tənəffüs texnikasını özündə birləşdirir. Lakin bu üsul yalnız peşəkar tərəfindən tətbiq edildikdə uğurlu ola bilər. 

Aerofobiyadan qurtulmağın daha bir üsulu özəl uçuş sifariş etməkdir. Əgər qorxu hissi yalnız çoxsaylı insanlarla eyni laynerlərdə uçuş zamanı yaranırsa, özəl uçuş ən yaxşı variantdır. Lakin aerofobiya ilə mübarizənin bu üsulunun bircə mənfi cəhəti var: onun qiyməti.

Təyyarə ilə səyahət etməkdən qorxan insanlar üçün bir neçə məsləhətlər təqdim edirik ki, bu məqamları yadda saxlasanız, təyyarə ilə səyahət sizin ən sevimli məşğuliyyətinizdən birinə çevriləcək.

1. Təyyarə ilə səyahət etməkdən qorxan insanlar, təyyarənin hansı hissəsində oturacaqlarını əvvəlcədən planlaşdırmalıdırlar. 

  • Əgər siz hündürlükdən qorxursunuzsa, bu zaman gərək pəncərədən kənar yerdə əyləşəsiniz.
  • Əgər siz turbulentlikdən qorxursunuzsa, bu zaman təyyarənin sonunda oturmanız məsləhət deyil, çünki təyyarənin bu hissəsi daha çox silkələnir.
  • Əgər siz qapalı məkanlardan qorxursunuzsa, bu zaman çıxışa yaxın yerdə əyləşə bilərsiniz. Təyyarədə oturacaq yerinizi online qeydiyyat zamanı və ya bilavasitə hava limanında qeydiyyatdan keçərkən seçə bilərsiniz.

2. Çalışın rahat geyimlərdən istifadə edəsiniz. Belə halda siz özünüzü evdəki kimi hiss edə və tez rahatlaya biləcəksiniz. Bu məqama xüsusən bir neçə saat uçuş tələb edən səyahət zamanı diqqət edilməlidir.

3. Sovurma şüşə konfetlərdən istifadə edin. Bu tip konfetlər sizin fikirinizi yayındıracaq və qorxu hissindən uzaqlaşmağa kömək edəcək. Belə hallarda həmçinin saqqız çeynəməkdə kömək edə bilər (xüsusilə meyvəli saqqızlar). Alimlər bu faktı insanların stress zamanı uşaqlıq illərində yaşadıqları xoşbəxt və qayğısız anlarına qayıtma istəyi ilə izah edirlər ki, saqqız çeynəmək də şüur altı olaraq bu işdə yardımçı ola bilir.

4. Təyyarə ilə uçmaqdan qorxanlar pis fikirlərdən uzaq olmalıdırlar. Bir az öz fantaziyanızı işə salın və qorxduğunuz vəziyyətin sonluğunu müsbət ssenari üzrə tamamlayın. Qorxu hissindən uzaqlaşıb rahatlamağın daha bir üsulu – dərin nəfəs almaqdır. Bu səbəbdən sizi narahat edən bütün fikirləri uzaqlaşdırmaq üçün dərin nəfəs alın. Dərin və sakit nəfəs alarkən rahatlanma reaksiyası işə düşür və daha sonra orqanizmdə bir sıra dəyişikliklər əmələ gəlməyə başlayır: ürək ritmi ləngiyir, əzələlər zəifləyir və s.

5. Əgər hündürlükdən qorxmursunuzsa, bu zaman uçuş zamanı çalışın tez-tez pəncərədən bayıra baxasınız. Bu zaman siz təyyarə göyə qalxarkən vəziyyətin sabit olduğunu görə, vəziyyətə bir növ nəzarət edə biləcəksiniz ki, bu da qorxu və təlaş hissindən azad olub, özünüzü rahat hiss etməyə kömək edəcək.

6. Uçuşa özünüz ilə yumşaq oyuncaq və ya əlinizə xoş gələn digər bir əşya götürün. Əllərdə bir çox sinir sonluqları var ki, siz yumşaq və ya xoş bir predmet ilə təmasda olduqda fikiriniz yayınacaq və pis fikirlər haqqında düşünməyə vaxtı qalmayacaq.

7. Nəhayət, uçuşdan qorxanlar üçün ən vacib məsləhət – müsbət dalğaya köklənib gözəl məqamlar haqqında düşünməkdir!

Təyyarə qorxusu yaşayan insana necə kömək etməli ?

İlk növbədə siz təyyarədən nədən qorxduğunuzu özünüz üçün ayırd edib bunun risklərini yəni reallaşma ehtimalını müzakirə etməlisiniz.Daha sonra təyyarə və uçuş haqqında sizin qorxularınıza təsir edəcək səviyyədə bəzi texniki biliklərə yiyələnməlisiniz. Məsələn “hava boşluğu, trübulans nədir, təyyarənin motoru dayana bilərmi, yanacaq qurtara bilərmi və sair”.Texniki biliklərdən başqa bəzi statistik məlumatlar da sizin qorxunuza qalib gəlməyinizə xeyli köməklik edəcəkdir.Bu statistik bilgilərdən birincisi isə təyyarənin dünyadakı ən etibar nəqliyyat növü olmasını və qəza etmə sayının olduqca az olduğudur.
Bu standart bilgilərdən sonra isə bəzi texnikları da bilməniz önəmlidir.Bunlara aşağıda qeyd etdiklərimiz daxildir
— Düzgün tənəffüs texnikası: burunla nəfəsi alıb biraz saxladıqdan sonra ağızla “fit” çalırmış kimi nəfəsi asta — asta vermək lazımdır. Bunu bir müddət etdikdə bədəninizdə müəyyən sakitlik hissi yaranacaq və bu texnika sizə gələcəkdə həyəcanlı vəziyyətlərdə həyəcanınızı dəf etməyə kömək edəcəkdir.
— Düçüncədə canlandırma texnikası: Siz “təyyarədə olduğunuzu” təssəvür edib həyəcan səviyyənizi idarə etməyə çalışın.Əgər düşüncədə canlandırma zamanı sizdə həyəcan səviyyəsi düşübsə artıq siz realda qorxuduğunuz obyektlə qarşılaşa bilərsiniz.
— Realda qarşılaşma texnikası: Mümkünsə əgər hava limanı ərazisində təyyarələrin enib qalxmasını müşahidə edin, mütəmadi təşkil olunan təyyarə tanışlıqlarından istifadə edin
Əgər yuxarıda qeyd etdiyimiz texnikalar sizin təyyarə qorxunuza qalib gəlməyə kömək etmədisə peşakar yardım almağa çalışın.Müəyyən periodlarda aparılan psixoterapiya seansları əmin olun ki, təyyarə səfərlərindən sizə yenidən zövq almanıza kömək edəcəkdir.Bəzi hallarda həkim müayinəsi sonrası sizə məhz uçuş zamanı qorxunuzu götürə biləcək dərman peraparatları da təyin oluna bilər.

 

0 şərh