Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Kira Naytli

Kira NaytliKira Naytli (Keira Christina Knightley) 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onunanadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri — anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə,onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur.

Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi. Bəlkə də artist ailəsində dünyaya göz açması onun bu arzusunu reallaşdırmağına kömək edirdi.

Hələ üç yaşında olarkən valideynlərində olduğu kimi, onun da şəxsi agenti olmasını istəyir. Valideynləri dərslərini yaxşı oxuduğu zaman Kira Naytli üçün agent tutacaqlarına söz verirlər. 

Balaca Keira tərs, inadkar və istədiyinə nail olan uşaq olduğu üçün dərslərini yaxşı oxuyur. Baxmayaraq ki, sözləri oxumaqda çətinlikçəkilən xəstəlikdən – disleksiyadan əziyyət çəkirdi. Lakin Keira bütün səyi ilə çalışır. Məktəbdə fərqlənməyi sevir və bacardığı qədər digərlərindən seçilir. Məktəb tətillərində isə artistlik dərslərini öyrənir. Onun səyi layiqincə qiymətləndirilir və altı yaşında olanda artıq şəxsi agenti olur.
Ardı →

Odri Hepbern

Audrey HepburnO, əsl mələk idi...

Arıq, cansız vücudlu bir xanım ilk dəfə ekranlara çıxarkən heç kim, ilk növbədə özü də bilməzdi ki, o, əsrin ən gözəl, cazibədar aktrisası, xanımı kimi tarixə düşəcək...

Bəli, bu gözəllik şahzadəsi, ilahəsi Odri Hepbern idi! Milyonlarla kişi milyonlarını bu xanımın tək bir baxışı üçün qurban verərdi…

Odri Hepbern 1929-cu ilin mayın 4-də Brüsseldə dünyaya gəlir. Anası holland baronessası, atası ingilis bankiri olan Odrinin uşaqlıq dövrü ağır müharibə illərinə təsadüf edir. İkinci dünya müharibəsinin dəhşətli səhnələrini Odri öz gözləri ilə görür, bu dəhşəti özü də yaşayır. Müharibə başlayan zaman anası ona İngiltərədən Hollandiyaya qayıtmasını tapşırır. Odrinin anası düşünür ki, Hollandiya əvvəlki tək olduğu kimi, bu dəfə də öz bitərəfliyini qoruyacaq və neytral zona olub müharibədən sığortalanacaq.

Hollandiyanın Arnem şəhəri ölkənin ən sakit və dinc şəhərlərindən biri idi, ta almanlar şəhərə bombaları yağdıran ana qədər…
Ardı →

Ququş | Faiqə Atəşin

«Neyləyim ki sənə çata bilmirəm…»
Ququş«Ona qarşı təzyiqlər davam edirdi. Ondan hətta müsahibə alınmasına da qadağan edilmişdi.  Alaqaranlıq otağında pəncərəyə yaxın yerləşən divanın üstündə əyləşib gözünü bir nöqtəyə zilləmişdi. 
— Mənim günahım nədir? — deyə pıçıldayırdı. 
Bütün fəsilləri qapalı otaqda pəncərə arxasından baxmağa məcbur edilmişdi. Nə vaxtsa ölkəsinin dəb, gözəllik, tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya bilərmi? Yeni rejim onun həyatını əbədi puç etmişdi. Müğənni depressiyadan əziyyət çəkməyə başlamışdı. Ətraf mühitlə əlaqəsi kəsilən Ququş daha oxumurdu...».
Əslən Azərbaycan türkü olan bu xanım həyatının ən gözəl günlərini elə gəncliyində yaşadı. O zamana qədər ki, artıq tale onu imtahana çəkirdi; Ququş həyatının ən uzun gecələri başlayırdı artıq… 
1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsindən başladı fərari mələk Ququşun ilk uzun gecəsi. Kasıb bir məhəllədə, yoxsul ailədə dünyaya gözlərini açdı. Valideynləri əslən Azərbaycandan idi, əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçmüşdülər.
 
Yeni doğulan körpəyə Faiqə adını verdilər. Günü-gündən böyüyürdü qızcığaz. O qədər gözəl idi ki, Tehranda qonşuluqda yaşayanlar onu Qu quşuna bənzədirdilər. Başqa bir versiyaya görə atası Sabirin insanları əyləndirmək və pul qazanmaq üçün bir restoranı olub. Əylənmək üçün xarici qonaqlar tez-tez buraya gələrdilər.  2-3 yaşı olan balaca Faiqə də qonaqları əyləndimək üçün müxtəlif mahnılar oxuyarmış.

Bir dəfə kafedə əylənən fransızlar Faiqənin səsinə heyran qalırlar və onu əzizləyərək «Ququş» deyə müraciət edirlər. Bu ehtimallardan hansı daha doğrudur, bilmirik, amma sonradan bu bənzətmə müğənninin səhnə adına çevrilir. Amma taleyin işi elə gətirir ki, Faiqənin 2 yaşı olanda valideynləri Sabir və Nəsrin Atəşinlər bir-birindən ayrılırlar. Balaca Faiqə böyük yolçuluğa addımlarını kəndirbaz və əyləndirici artist olan atası ilə birlikdə atmağa başlayır. Azyaşlı qızının istedadını görən ata onu tez-tez özü ilə səyyar səhnələrə çıxarır, ona mahnılar oxutdurur. Əvvəllər atası ilə birlikdə səhnəyə çıxmaqdan utanırdı Faiqə, amma özünün dediyi kimi, zaman hər şeyi həll edir, səhnəyə çıxmaq, geniş auditoriya qarşısında çıxış etməyə üzü-gözü öyrəşir. Atası akrobatik hərəkətləri ilə insanları əyləndirir, balaca, 3 yaşlı Faiqə isə müxtəlif müğənnilərin mahnılarını oxuyurdu. Gələcəkdə isə Ququş şah sarayında təşkil edilən məclislərdə çıxış edəcəkdi… 

Valideynlərinin tezliklə ayrılması Ququşun həyatına təsirsiz ötüşmədi. Həyat onun üçün bundan sonra başlayırmış… Tezliklə atası Sabir başqa bir xanımla ailə həyatı qurur. Ququşun 3 ögey qardaşı doğulur. Doğma anasından ayrılan Ququş ikinci dəfə anasız qalmaq istəmirdi. O, ev işlərində analığına kömək eləyir, qardaşlarından birinə baxmağı öz öhdəsinə götürür. Yeniyetmə Ququş sanki öz doğma övladı kimi baxırdı kiçik qardaşına. Eyni zamanda təhsilini davam etdirir, səhnələrdə çıxış edərək çörəkpulu qazanırdı. İsti ana qucağına həsrət qalan Ququş ögey anasından təsəlli alırdı. Artıq onun 13 yaşı var idi. Bu yaşa qədər bir dəfə də olsun anasını görməmişdi. Elə bilirdi ki, anası artıq dünyasını dəyişib. Yoxsa niyə bir dəfə də olsun gəlib onu görməsin ki? Bağrına basıb, şirin-şirin “qızım” deyə söyləməsin? Fikirləşirdi… Bununla anasına haqq qazandırmağa çalışırdı. Ta o günə kimi…
Googoosh — Qızım, Faiqə! 
— Bəli, ata! 
— Anan üçün darıxırsan? — Sabir başını qaldırmadan, bir az da kövrək səslə qızının fikrini öyrənməyə çalışdı. 
Qızın bədənini üşütmə aldı. İllərdir bu mövzu ilə bağlı evdə bir kəlmə də olsun danışılmamışdı. Birdən-birə atasının bu sualı onu çaşdırmışdı. 
— Çox darıxmışam… — titrək səslə ancaq bunu söyləyə bildi. 
— Mən də darıxırdım, — deyə Sabir pıçıldadı, amma artıq darıxma, unut onu, — israrlı şəkildə sözlərinə əlavə etdi. 
— Axı, niyə, ata, — qız atasının dediklərini başa düşməyə çalışırdı. 
— Onun artıq öz ailəsi — həyat yoldaşı, bir oğlu və bir qızı var, — dedi və qızını bərk-bərk qucaqlayaraq sanki ona təsəlli verməyə çalışırdı.
Başını atasının sinəsinə sıxan Ququş artıq heç nə fikirləşmirdi. Anasına haqq qazandırmağa çalışmırdı. Artıq anlamışdı nəyə görə anası ötən illər ərzində onu bir dəfə də olsun görməyə gəlməmişdi…
Zirvəyə doğru 
Ququşun gəncliyi İranın şahlıq dönəminə düşür. Qərb sivilizasiyasının hökm sürdüyü şahlıq İranında “bəxt quşu” Ququşun başına 1957-ci ildə qonur. 7 yaşlı Ququş “Qorxu və Ümid” filminin çəkilişlərinə dəvət alır. Obrazı uğurla canlandıran balaca Faiqəyə 1960-cı ildə “Fərari mələk” filmində çəkilmək üçün təklif gəlir. Və yavaş-yavaş Faiqənin ulduzu parlamağa başlayır. 

21 yaşı olanda Fransanın Kann şəhərində təşkil edilən ənənəvi festivalda fransızca ifa etdiyi “Retour de la vie” («Həyata dönüş») və “J`entends crier je t`aime” ( «Səsini eşitdim — mən səni sevirəm») mahnılarına görə birinci yeri tutur. Qələbə sevinci ilə Tehrana qayıdan gənc müğənniyə tələbat gözlənilməz dərəcədə artır. Kiçik yaşlarından pul qazanmaq üçün ən adi səhnələrdə belə çıxışlar edən Ququş artıq çıxış edəcəyi səhnələr arasında seçim etməyə başlayır. 
Artıq hər kəs onu sevirdi. Şöhrət qapısını döyməkdə idi. Nəinki sıravi qızlar-qadınlar, həm də müğənnilər, aktrisalar Ququşun geyindiyi paltarlardan geyinir, onun jestlərini təkrarlayırdılar. O zaman hakimiyyətdə olan Məhəmməd Rza şah Pəhləvinin bütün məclislərində çıxış edən Ququşun qonorarı artdıqca müğənni şöhrətin zirvəsinə ucalırdı. Ona bir-birinin ardınca müxtəlif filmlərdə baş rollarda oynamaq təklifləri gəlir, Ququş isə rejissorlara öz qrafikinə uyğun olarsa, çəkilə biləcəyini deyirdi. Dözülməz kaprizləri ilə bəzən yaxın ətrafını belə bezdirən Ququş 70-ci illər İranında ən bahalı müğənni və aktrisa kimi tarixə düşür.
 
Ququşun ard-arda uğur qazanmasında onun həyat yoldaşı Mahmud Qurbaninin də böyük rolu olub. Qurbani musiqi təşkilatçısı idi və İranın musiqi meydanında ayaq üstə durmaq üçün həyat yoldaşına yaxından kömək edirdi. Qurbani uğurlarıyla birlikdə, eyni zamanda əzablarına da hamilik edirdi. 
Onlar 1967-ci ilin fevralında ailə həyatı qururlar. Kəmbiz adında bir oğulları olur (hazırda o, Los-Ancelesdə yaşayır və musiqi ilə məşğuldur-red.). Ququş sənət dünyasında get-gedə parlasa da, ailə sarıdan bəxti gətirmir. Evliliklərindən 6 il sonra 1972-ci ilin sonlarında Qurbani ilə boşanmağa qərar verirlər.  
Bir vaxtlar Ququş anasının başqası ilə ailə həyatı qurduğunu eşidərkən yıxılmadığı kimi, bu dəfə də ayaqları üstündə dayanmağı bacarır. Qurbani onu sevməsə də, artıq onu sevənlər var idi. Tehran və digər şəhərlərdəki kinoteatrların dəyişməyən bir afişası vardı… “Ququş!”. Çox vaxt çəkildiyi filmlərin adı afişaya yazılmır, təşkilatçılar sadəcə, onun adını yazmaqla kifayətlənirdilər. Halbuki Ququşun çəkildiyi bütün filmlərin adı artıq tamaşaçıya nə isə izah edirdi. Bəlkə də səhnənin və ağ pərdənin ehtiraslı qəhrəmanının adı afişalarda yazılmasa belə, filmlərin adı tamaşaçıya gəl-gəl deyə bilərdi… “İsti hiss” (1971), “Bita” (1972), “Amerikalı Məməl” (1975), “Nazənin” (1975), “Həmsəfər” (1975), “Darıxma gecəsi” (1975), “Bal ayı” (1976), “Uzun gecə” (1977), “Bu gecə kimsə ağlayır” (1979)… 


Ququşun şöhrəti qısa müddətə ölkə sərhədlərini aşır. “Uzun gecə” filmi isə karyerasının pik nöqtəsi olur. 1977-ci ildə film ekranlara çıxan kimi sovet respublikaları da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində göstərilir. İran mətbuatı hər gün Ququşla bağlı baş xəbərlər dərc edir, guya “Uzun gecə” filminin müğənninin sifarişi ilə çəkildiyini yazırdılar. Mətbuat hesab edirdi ki, həmin filmdə əslində, Ququş Pərvanə rolu ilə öz taleyini oynayırdı... 
Ona qibtə edənlər “necə də xoşbəxtdir!” — deyirdilər. Ququş sonralar etiraf edirdi ki, həyatda ən nifrət etdiyi sual xoşbəxtliklə bağlı olub. Dörd dəfə rəsmi ailə həyatı qursa da, tale Ququşun üzünə gülmədi. Təsəllisi isə yalnız birinci nikahından olan oğlu Kəmbiz oldu. Qəribə burasındadır ki, “xoşbəxtsiniz?” — sualına cavab verməyən Ququş “bədbəxt” olduğunu da etiraf etməyib. Ona bəxtəvərlik oxuyanlara isə gülümsəyərək cavab verdiyindən, heç kim Ququşun daxilən bədbəxt olduğunu hiss etməyib. 

1975-ci ildə Ququş İran aktyoru Bəhruz Vüsuqi ilə ailə qurur. Cəmi 14 ay bir yastığa baş qoyurlar. 1976-cı ildə başanırlar. 
1978-79-cu illərin sonlarında Ququş Humayun Müstəqi ilə eşq macərası yaşayır. 1979-cu ildə ölkədə İslam inqilabı baş verir, üsyançılar qanuni olaraq Rza şah Pəhləvini devirirlər. İslamın qayda-qanunlarına görə Ququş Müstəqi ilə qeyri-qanuni, yəni nigaha girmədən yaxın əlaqələri olduğuna görə üç ay müddətinə həbs edilir. Həbsdən çıxandan sonra da onlar bir müddət bir yerdə yaşayırlar.
Ququş və onun ikinci həyat yoldaşı Behruz Vosughi 
“Bu gecə kimsə ağlayır” 
Çox maraqlıdır ki, hər kəsi gözəlliyi ilə özünə cəlb edən Ququşa İslam inqilabından bir neçə ay əvvəl yeni bir filmə çəkilmək üçün təklif gəlmişdi. Maraqlı olduğu qədər də dəhşətlidir ki, Ququş 1979-cu ildə çəkildiyi “Bu gecə kimsə ağlayır” filmini görə bilmədi. Həmin filmin çəkilişləri bir il əvvəldən başladığına görə 1979-cu ildə təhvil veriləcəkdi. Lakin yeni molla rejimi filmin göstərilməsini qadağan edir və Ququşu sıxışdırmaqda davam edir. Ququş isə yeni filmlərə çəkilmək istəyirdi. Lakin yaxşı başa düşürdü ki, artıq inqilabdan əvvəlki filmlərdə aldığı rolları bir daha oynaya, əvvəlki kimi geyinib səhnəyə çıxa bilməyəcəkdir.
Dörd divar arasında 
Təzyiqlər isə davam edirdi. Ondan, hətta müsahibə alınmasına da qadağan edilmişdi.  Alaqaranlıq otağında pəncərəyə yaxın yerləşən divanın üstündə əyləşib gözünü bir nöqtəyə zilləmişdi. Fəsilləri qapalı otaqda pəncərə arxasından baxmağa məcbur edilmişdi. Nə vaxtsa ölkəsinin dəb, gözəllik, tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya bilərmi? 1979-cu ilin fevralında baş verən İslam inqilabı Ququşun həyatını əbədi puç etmişdi. İllərlə ev dustağı olan müğənni depressiyadan əziyyət çəkməyə başlamışdı. Ətraf mühitlə əlaqəsi kəsilən Ququş daha oxumurdu. Hətta kiçik pəncərəsi olan darısqal otağında belə oxumaqla özünü ovuda biləcəyini hiss etsə də... 

Yeni həyata başlamalı idi. 1990-cı ildə Məsud Kimyayi ilə tanış olur. Məsud bir zamanlar dünyanın ən xoşbəxt adamı hesab edilən Ququşun çox pərişan olduğunu görür. 
— Ruhun solğun çiçək kimi görünür, — divanda əyləşib otağın kiçik pəncərəsindən yarpaqları solmuş ağaca baxan Ququş Məsudun sözlərinə heç bir reaksiya vermədi. 
— Sənin belə bir vəziyyətdə olmağına dayana bilmirəm, — Məsud əlini uzadaraq Ququşun saçlarını oxşamaq istədi. Amma buna cəsarət etmədi. Nədənsə qorxurdu.
Otağa sakitlik çökür. Bir neçə dəqiqədən sonra səssizliyi Ququşun pıçıltısı pozur. 

Ququş — İçimdəki o solğun çiçəyi yalnız sən görə bilirsən, Məsud, — Ququş gözlərini ağacın solğun yarpaqlarından çəkib Məsudun parlayan gözlərinə baxır. 
Məsud Ququşu qucaqlayaraq “O, solğun çiçəklər yenidən açacaq” deyir və qolundan tutub onu səsyazma studiyasına aparır. 
Məsud Ququşun hər addımında yanında idi. Ona yaşamaq, çalışmaq üçün stimul verirdi. Sevirdi Məsud fərari mələyini. 1991-ci ildə cütlük arasındakı münasibətlər məntiqi sonluqla nəticələnir. Onlar ailə həyatı qururlar. 
Bir neçə il sonra onun oxuduğu “Qəribi Aşina” mahnısı “BBC” tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanır. Müğənni həmin titulu gecikmiş ehsan kimi qəbul etdiyini bildirməkdən çəkinmədi. 

Bir vaxtlar fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və s. dillərdə mahnılar oxuyan Ququş bu gün nostalji hisslərlə yaşayır. Gəncliyində dünyanın bir çox ölkəsində mahnıları, filmləri ilə uğur qazanan Ququş bu gün də İtaliya və Cənubi Amerika ölkələrində ən çox sevilən müğənnilərdən biridir. Ququş gəncliyində yüksəldiyi zirvəyə yenidən can atmağa çalışsa da, əlbəttə, onun bu cəhdi ürəkaçan nəticə vermir. 
21 il ev dustağı olan Ququş-Faiqə Atəşin molla rejimi tərəfindən edilən təzyiqlərə dözməyib 2000-ci ildə «Dünya turu» adı altında doğma vətənini tərk edərək Amerika qitəsini özünə sığınacaq seçir. Orada ilk müsahibəsində sonuncu filminin adında redaktə etmək lazım olduğunu deyir. Göz yaşlarını saxlaya bilməyən Ququş 1979-cu ildə sonuncu dəfə çəkildiyi, lakin senzuranın ləğv etdiyi «Bu gecə kimsə ağlayır…» filminin adını dəyişib “Bütün ömür boyu kimsə ağlayır” adlandırır…
Qürbətdə yaşasa da, onu qanadlarından vuran rejimə qarşı mübarizəsini davam etdirirdi. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bəyan etdi. Aclıq aksiyası üç gün — iyulun 22-dən 24-dək davam edəcəkdi. Aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısı idi. Dissident ziyalılar iyunun 12-də İranda keçirilən son prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz edirdilər. 

Ququş öz bəyanatında bildirirdi ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-da yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: “Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik”. 

Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda insanların qətlə yetirilməsindən, həbsə atılmasından son dərəcə sarsıldığını söyləyirdi: “Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.
Aman ayrılıq… 
Qanadlarından vurulmuşdu Ququş. Ölkəsinə dönə bilmirdi. Şəhriyarın sözlərinə Əli Səliminin yazdığı mahnını — «Ayrılıq» mahnısını yenidən ifa etdi acı-acı, gözüyaşlı. Gəncliyində də oxumuşdu. Amma o “Ayrılıq”la indi oxuduğu “Ayrılıq” arasında dağla daş qədər fərq vardı… Qərib ölkədə yaşayan Ququş 2005-ci ildə Kanada və ABŞ-da verdiyi konsertlərdə “Ayrılıq” mahnısını ifa edərkən göz yaşlarını saxlaya bilmir. 
2009-cu ildə qəzetlərin birinə müsahibə verir. “30 ildir ki, Vətənimdən ayrılmışam və İrana gedə bilmirəm” deyən Ququş müxtəlif ölkələrdə verdiyi konsertlərdə «Ayrılıq» mahnısını göz yaşları ilə ifa edir.

…Uzun gecənin son dəqiqələri. Hər kəs uzun gecənin sonunun necə olacağını düşünür, gözləyir. 
Nəhayət, təyyarə havaya qalxmağa başlayır. Sevgilisinin səhhəti getdikcə ağırlaşırdı. Əllərindən tutur. Əlləri buz kimi idi. 
— Əllərin buz kimi olub, əzizim, — qoxru və həyəcanla söyləyir. 
— Bilirəm, başımı çiyinlərinə qoya bilərəm? 
— Əlbəttə, əzizim. 

Sevgilisinin əllərini ovucunda bərk-bərk sıxmışdı. Onu buraxmaq, heç kimə vermək istəmirdi. Öldüyünü anlamışdı, lakin onlara yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyirdi. Stüardessa başını çiyinlərinə qoymuş sevgilisinin halını soruşur. O isə onun yaxşı, özü də lap yaxşı olduğunu söyləyir. 
Və… təyyarə səmada gözdən itir… 
Yəqin, oxucuya aydın oldu ki, təsvir etdiyimiz bu hadisə «Uzun gecə» filmindəndir. Sanki öz həyatını oynayırdı Ququş-Faiqə xanım. O təyyarə bir daha geri dönəcəkmi? Bilmirik. Bəlkə də heç dönməyəcək. Amma o təyyarə artıq düz 12 ildir ki, geriyə qayıtmır. O təyyarə özü ilə Ququşu apardı. Vətənindən, elindən-obasından ayrı saldı: 
Fikrimdən gecələr yata bilmirəm 
Bu fikri başımdan ata bilmirəm. 
Neyləyim ki sənə çata bilmirəm, 
Ayrılıq, ayrılıq, aman ayrılıq 
Hər bir dərddən olur yaman ayrılıq!
Saməddin Mehralıyev 
Davamı →

Elena Rubinşteyn

O, zorla ərə verilməkdən yaxasını qurtarmaq üçün qaçıb getdiyi Avstraliyada, dünyanın ən böyük kosmetika markasını meydana gətirdi.
O, deyilənə görə, ilk dəfə Amerikaya getdiyi vaxt belə deyibmiş: “Bütün amerikalı qadınların burunları çəhrayı, dodaqları isə bozdur. Hamısının da üzü ağappaqdır. Burada ömrümün ən böyük uğurunu qazana bilərəm”.
Bir müddət sonra isə o qədər böyük uğur qazandı ki, dünya ondan danışmağa başladı. Bu qadın Elena Rubinşteyn idi.


“Çirkin qadın yoxdu, tənbəl qadın var.”
Elena Rubinşteyn


Ardı →

Ölümə doğru uçan təyyarəçi qadın

* Qadınlar arasında yüksəklik rekordu: 14 min fut (4200 metr) – 1928-ci il
* Atlantik okeanını keçən ilk qadın sərnişin – 1928-ci il
* 100 km-də sürət rekordu – 1931-ci il
* Avtojir (təyyarə ilə helikopter arasında bir uçuş aparatı) uçurdan ilk qadın – 1931-ci il
* Avtojirlə yüksəklik rekordu: 15 min fut (4500 metr) − 1931-ci il

Ardı →

İmelda Markos

İmelda Markos Filippinin keçmiş diktatoru Ferdinand Markosun arvadıdır. Bu il «Newsweek» jurnalı xanım Markosu «Bütün dövrlərin ən tamahkar insanları» siyahısına salıb.
Onun 2500 cüt ayaqqabısı, böyük geyim və zinət əşyaları kolleksiyası var. Siyasət aləmində isə İmelda Markosa «polad kəpənək» deyirlər. Hazırda 80 yaşı olsa da, o, hələ də ölkəsinin ən nüfuzlu siyasi fiqurlarından biri sayılır.
Cavanlıqda İmelda çox gözəl olub, 18 yaşında gözəllik müsabiqəsində qalib gəlib. İmelda həmin dövrdə konqresmen olan Ferdinand Markosla tanış olur və tezliklə onlar ailə qururlar. 1966-cı ildə isə konqresmen Markosun ulduzu parlayır, o, prezident seçilir.
Ardı →

Londonda Vivyen Linin əşyalarının sərgisi

Istedadlı və gözəl Vivyen Li tamaşaçıların qəlblərində əbədi olaraq 1939-cu ilin «Küləklə sovrulanlar» kult filmindəki cəsarətli və çox güclü Skarlet O'Hara kimi qalıb. Aktrisa və onun qəhrəmanı arasında hər zaman müqayisələr olunacaq. Londondakı sərgi — Vivyen və Lourens Olivye arasındakı sevgi hekayəsini, onun xəstəliyi və məşhur rolunun təfərrüatını, məşhur «küləklə sovrulan» Skarletin əslində kim olduğunu açmağa çalışacaq.

Davamı →

İlk qadın redaktorumuz

İlk qadın məcmuəsinin naşiri

XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.


Davamı →

Nazlı Tahirova (Nəcəfova)

XIX yüzilliyin sonlarında Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanda maarifçiliyin formalaşmasında və inkişafında yüksək demokratik əhval-ruhiyyə duyulurdu. Naxçıvanda hamı maarifə can atırdı. 1830-cu ildən sonra yaradılan və dünyəvi elmləri öyrədən məktəblərin sayı artmaqda idi. Əslində, işğalçı dövlətlərin apardığı müharibələr ötən yüzilliklərdə maarifçiliyin nizamını pozmuş və onu “unutdurmuşdu”. Amma tarixi sənədlər o dövrdə yaşamış insanların elmi, biliyi, təhsili çox yüksək qiymətləndirdiklərindən xəbər verir. Naxçıvanlılar ulu əcdadlarının şanlı ənənələrini yaşatmaq üçün əllərindən gələni əsirgəmir, imkanlı şəxslər yaradılan məktəblərə xeyriyyəçilik edirdilər. Rusiya imperiyası digər millətlərin kamil təhsil almasını istəmirdi və bunun üçün hər cür maneələr yaradırdı. Amma dağların sinəsindən çağlayan bulaqların gözünü bağlamaq mümkün olmadığı kimi, xalqın da təhsilə, elmə vurğunluğunun qarşısını almaq mümkün deyil. Çar məmurları naxçıvanlıların təhsilə dərin maraqlarının qarşısını ala bilmirdilər.

Davamı →

Janna Vilprö-Pauer

Bioloq Riçard Oven dəniz biologiyasının qabaqcıllarından olan Janna Vilprö-Pauer üçün «O, akvarium araşdırmalarının anasıdır» demişdi. 

Janna Vilprö adi bir ayaqqabı ustasının ən böyük qızı idi. O, 25 sentyabr 1794-cü ildə Fransanın Julliak kəndində anadan olub. Doğulduğu günlərdə Fransa inqilabın ən qarışıq günlərini yaşayırdı və Robespyerin idarəsi minlərcə insanı qiyotinə göndərirdi. Bununla yanaşı, Janna Vilprö ölkənin və inqilabın mərkəzindən uzaqda sakit bir uşaqlıq keçirmişdi. Oxumaq və yazmaqdan sadəcə bir az daha çox təməl təhsil ala bilmişdi.


Davamı →