AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 4-cü Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)
 


QLOBAL DƏYİŞİKLİKLƏR Faktoru

Elm və texnikanın inkişafı, prinsipcə; ümumi zəka səviyyəsinin gəldiyi son nöqtənin məhsuludur. Bu ümumi nəticədən hər kəs faydalanmış olur, yəni məsələn internet resurslarını və kompüter texnologiyalarını yaradan alimlər, avtomatik olaraq bu nailiyyətləri, ümumi bəşəriyyət xidmətinə sunmuş olurlar və bu imkan, nəticə etibarilə, ən zəkasız insanın da “özününkünə” çevrilmiş olur. Buna görə də, belə demək olar ki, indiki-qloballaşma və informasiya çağında, hadisələrin inkişaf tempi, insanları qabaqlamaqdadır. Avtomatlaşma və suni intellekt şəraitində, artıq, bir insanın özünün düşünməsinə belə, bəzən ehtiyac qalmır və hətta verə biləcəyindən daha yaxşı qərarları, başqa vasitələr verir. Ən vacib informasiyanı əldə etmək üçün belə, sadəcə bir düyməyə basmaq, yetərli olur, yaxud da 7 yaşlı bir uşaq, mahiyyətini heç anlamadığı smartfonun bir çox funksiyalarından məharətlə istifadə edə bilir.

Dolayısıyla da eyni proses və temp, əslində bütün sahələrdə və o cümlədən siyasi qərar və vətəndaş məsuliyyəti ilə bağlı da getməkdədir. Sosial şəbəkəyə cəmi bir neçə ay əvvəl daxil olan və o zamana qədər müxalif düşüncəli olmayan bir insan, intensiv və çoxtərəfli məlumat axınının təsirilə; qısa müddətdə, əks-düşüncəli ola bilir və bu sürəc, heç onun özünün də xəbəri olmadan gedə bilir.

Digər tərəfdən də, dəyişən dünya və şərtlər, insanların xarakterini və qərarlarını dəyişkən və asılı edibdir, nəticədə, bu gün sevdiyinə, sabah nifrət edə bilən, yaxud da dünən böyük bir şövqlə evləndiyi şəxsdən, bu gün böyük nifrətlə ayrılan bir nəsil formalaşmaqdadır. İnsanlar, daima dəyişməyə, və qane olmamağa meyillidirlər, ona görə də siyasi qərar və seçimlərin də eyni cür dəyişikliyə uğraması, qaçılmaz bir vəziyyət almaqdadır. Bu da, bütün dünyada; ümumi bir dəyişim dalğasını və bu fonda da, ən cəlbedici görünən və hələki meydandakı ən yaxşı seçim olan-demokratiya anlayışına meylin sürətlənməsini şərtləndirir. Görünən budur ki, bəşəriyyət, ümumilikdə ciddi dəyişikliklərə möhtacdır, və bir nəfərin ya da bir qrupun hakimiyyətindən bezməyə başlayıbdır; azad olmaq və öz qərarını, özü vermək istəyir. Buna görə də, avtoritar, totalitar rejimlərin, “domino effekti” ilə bir-bir dağılması qaçılmazdır və ən azından dünyanın “mərkəzində”- elə bizim regionda və yaxın şərqdə, proseslərin, artıq başladığı, müşahidə edilməkdədir. Görünən budur ki, bütün dünya, bir gün nə vaxtsa “İmam Zaman düzəninə” keçəcəksə belə, məhz, indi yeganə ideal kimi görünən demokratik sistemi yoxlayıb bezdikdən sonra keçəcəkdir.

 

BEYNƏLXALQ SİYASİ DÜZƏNİN VƏ ANLAYIŞIN DƏYİŞİMİ Faktoru

Digər mühüm amil də, qlobal və regional balansın dəyişməkdə olması və yeni dünya nizamı quruculuğunun xüsusi fazaya keçməsidir. Beynəlxalq güclərin, geri qalan dünyanı, öz aralarında daha sürətlə bölməyə çalışdığı və bu yolda bir-birilə xüsusi amansızlıqla yarışdığı və hibrid savaşların tüğyan etdiyi bir zamanda; gücün, haqqa olan üstünlük fərqi, daha da böyüməkdədir. Belə olduqda, təbii olaraq; xüsusi həssas regionda, və böyük və maraqlı zidd dövlətlərin ortasında yerləşən kiçik Azərbaycan üçün böyük risk və təhlükə perspektivi mövcuddur. Və daxildə baş verməkdə olan və baş verəcək proseslərin xarakterini də nəzərə alsaq, Azərbaycanın və onun zatən kövrək və qəliz olan mövqeyinin daha da mürəkkəbləşəcəyi ehtimalı, olduqca yüksəkdir.

Rusiya-Türkiyə rəqabətinin, cəbhələrinin genişlənib sərtləşdiyini və Azərbaycanın da bu cəhbənin önəmli halqasını təşkil etdiyini, “xarici faktorlar” baxımından birinci amil kimi qeyd etmək gərəkir. Ən son elə “Tovuz təcavüzü” reallığı aşkar şəkildə göstərdi ki, Rusiya, Azərbaycanı itirməklə və Türkiyəyə qapdırmaqla, asan barışacaq deyil və bundan sonra əlindəki bütün imkanlardan yararlanmaqda qərarlıdır.

 

YENİ DÖYÜŞLƏR Faktoru

Bəli, ən azı; “İyul döyüşləri”, bu yaxınlarda aşkara çıxan Rusiyanın və Serbiyanın Ermənistana külli miqdarda silah tədarükü, Rusiya-Türkiyə rəqabətinin xüsusi fazaya keçməsi, ümumiyyətlə yeni, və “gücün, daha ön planda olduğu beynəlxalq və regional düzən” faktorlarını üst-üstə qoyduqda; yaxın zaman üçün yeni döyüşlərin yüksək ehtimal olduğu, hətta qaçılmaz olduğu görünür. Bu da Azərbaycan hakimiyyəti üçün, onsuz da qəliz olan və daha da qəlizləşəcəyi labüd olan-daxili və xarici situasiyanı, əlavə çətinləşdirəcək amildir. Lakin nə qədər qəribə olsa da, məhz bu məsələ, yəni Ermənistanla başlana biləcək yeni döyüşlər, iqtidar üçün həm də “tunelin ucundakı işıq” kimi görünür; hakimiyyət üçün mövcud olan-qəliz və ağır siyasi perspektiv, müharibə faktorunun da üst-üstə gəlməsi ilə daha da ağırlaşacaq kimi görünsə də, bütün bu çıxılmazlıqların və məngənələrin son ucu olan müharibə faktoru, həm də bir qurtuluş və ümid ola bilər. Belə ki, bu savaşda qazanılacaq hərbi uğurlar, və müəyyən önəmli ərazilərin təmizlənməsi; cəmiyyəti, vətənpərvərlik konteksində öz xeyrinə kökləyəcəyi üçün, ictimai rəyi, qismən dəyişdirə bilər. Ki, bu da ona, ciddi zaman və şans qazandıracaqdır və etməyə məcbur qaldığı dəyişikliklərin xarakterini, beləliklə öz mənafeyi istiqamətinə yönəldə bilmək imkanı əldə edəcəkdir. Söhbət, təbii ki, ən birinci, hakimiyyətin başındakı və ya sistemdəki dəyişiklikdən gedir ki, bu dəyişiklik isə daha çox 2 formada ola bilər: seçki və referendum keçirib prezidentlik üsul-idarəsini parlament forması ilə dəyişmək və beləliklə də İlham Əliyevi prezident saxlamaqla, Mehriban Əliyevanı sistemin başı etmək. Digər variant isə; hansısa “üzrlü səbəbi” (məsələn səhhətdəki problemləri) əsas göstərərək İ. Əliyevin kənara çəkilib, prezidentlik kürsüsünün M. Əliyevaya dövr edilməsidir

Bu variantlardan ikincisi-yəni birbaşa dəyişiklik, hakimiyyət üçün daha asan yol kimi görünsə də, ən azı 3 səbəbə görə, daha az ehtimaldır. Belə ki, bu, əvvəla daha riskli və legitimlik baxımından xüsusi problemli seçimdir. Çünki bu, ən əvvəl, “hakimiyyətin ər-arvad arasında dəyişdirilməsi” effektini, daha aşkar yarada, və daha çox ictimai təpki çəkə bilər. İkincisi, onsuz da mövcud parlament, hakimiyyətin indiki tarazlığına və güc nisbətinə uyğunluqdan çıxıbdır və artıq, xeyli zəiflədilmiş Mehdiyev qruplaşması başda olmaqla, digər qrupların təsirini və adamlarını özündə cəmləşdirir. Ki, bu da, Əliyevlər üçün potensial təhlükə ocaqlarından biri deməkdir və bir an öncə dəyişdirilməsi gərəkən bir durumdur. Dolayısıyla da onsuz da hazırki parlamentin, normal vaxtı olan- 2025-ə qədər davam etmə ehtimalı real deyil və beləliklə də zatən keçirilməli olan növbədənkənar seçkini, daha erkənə almaq, yüksək ehtimaldır. Və ümumilikdə sistemi və idarəçiliyi, yeni hakimiyyət tarazlığına uyğunlaşdırıb “rəndələmək” labüd olduğu üçün, konsitusiya islahatları keçirmək də gərəkə bilər və bu da referendum deməkdir. Beləliklə də referendum və parlament seçkilərinin qoşa halda keçirilməsi, mövzu bəhsidir. Bununla bərabər, ümumi sistem dəyişiklikəri və yenilənmələr fonunda, prezident seçkilərinin də keçirilməsi aktuallaşa bilər. Nəticədə biz, eyni vaxtda baş tutacaq üçlü seçkiyə gedə bilərik.

Digər tərəfdən, birbaşa dəyişiklik, həm də ona görə real görünmür ki, bu, İ. Əliyevin avtomatik oyundan kənar vəziyyətdə qalması demək olacaq, çünki prezidentlikdən vitse-prezidentliyə keçməsi, inandırıcı deyil. Və vəzifədən getdikdən sonra, yenidən nə vaxtsa gəlməsi də real deyil və psixoloji-ictimai-siyasi şərtlərə uyğun deyil. İlham Əliyevin, zəif fiqur olduğu aşkar olan Mehriban Əliyevanı, siyasi meydanda tək qoyması isə ağlabatan görünmür.

Beləliklə də potensial sistemiçi dəyişiklik üçün Əliyevlərin, məhz növbədənkənar-üçlü və ya ikili seçkiyə başvurmaları, çox daha yüksək ehtimal kimi görünür.

(Ardı Var)

Müəllif: Yunis Dürüst            
 

0 şərh