AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 5-ci Hissə

(2020-ci ilin sentyabrından, gələcəyə baxış)

 


İQTİDARDA, YÜKSƏK ZƏKA VƏ YA HƏQİQİ LİDER ÇATIŞMAZLIĞI Faktoru

Diqqət etsək, indiyəqədər Əliyevlər iqtidarının mövcud olmasının və bu qədər uzun çəkməsinin əsas səbəbləri; bölgədə xüsusi həssas tarazlıq durumu və balanslaşdırılmış siyasətin effekti; sistemin qurucusu Heydər Əliyevin xüsusi siyasi bacarığı; Qərbə, münasib qiymətə təqdim oluna bilən enerji ehtiyatları; strateji coğrafi şərait və tranzit mövqeyidir. Lakin, hazırda bunlardan ən azı biri- Heydər Əliyev və ya yüksək zəka amili mövcud deyildir; nə, hazırda siyasi limiti tükənməkdə olan İlham Əliyevin, nə də varislik üçün razılaşa biləcəyi Mehriban Əliyevanın ciddi siyasi səbatı yoxdur. Xanım Əliyevanın, rəsmi görüşlərdə özünü aparma, və vəziyyətə nəzarət etmə zəifliyindən, çatışmayan özgüvən mənzərəsindən və indiyəqədər xüsusi nə iləsə fərqlənə bilməməsindən; siyasi potensialının yetərsiz olması və həssas və gərgin situasiyalara uyğun olmaması zatən görünməkdədir. Və onsuz da qadına qarşı yetərincə ciddi yanaşmayan Azərbaycan toplumunun, özgüvəni zəif qadın rəhbərə ciddi yanaşmayacağı reallığını hesaba qatsaq və üstəlik, onun siyasi bacarığının zəif olmasını və bundan sonrakı proseslərin xüsusi həssas olacağını nəzərə alsaq; M. Əliyevanın hansısa ciddi siyasi perspektivinin olmadığı və başçı olarsa da bu yükü, uzun müddət daşıya bilməyəcəyi aydınlaşır. Bəli, xanım Əliyeva, bu 17 il ərzində siyasətçi ola bilmədi və sadəcə olaraq, süni şəkildə; dövlət xadimi kimi və “xeyriyyəçi” imici ilə təqdim edilməyə çalışıldı. Hazırda ona, cəmiyyət nəzdində bəslənilən qismi rəğbət, daha çox məhz- yüksək postu müqabilində, indiyəqədər məsuliyyətdən və əsas proseslərdən uzaqda qalması və həmçinin, elə, bezginlik yaratmış İlham Əliyevə alternativ axtarma istəyindən qaynaqlanır.

Bəli, siyasi bacarıq və potensial olaraq götürsək, hakimiyyətdə, bu amil baxımından; H. Əliyev dövrü ilə müqayisədə ciddi çatışmazlıq və dezavantaj vardır.

 

“HAKİMİYYƏTDAXİLİ CƏBHƏ”NİN REVANŞI VƏ SİYASİ AMBİSİYASI  Faktoru

Bəzilərinin “danışıqlı döyüş” olaraq” zənn etdiyi; “uzun illərdir bir-biriylə bitişmiş iki ünsür” kimi görünən İlham Əliyevlə (və ya hakimiyyətlə) Ramiz Mehdiyevin birdən-birə bu cür toqquşması, ilk baxışda, çox təəccüblü bir olay kimi görünür. Lakin, unudulmamalıdır ki, maraqlar və şəxsi mənafelər, zatən siyasətdə hər zaman ön plandadır və buna görə də fərdi ambisiyaların toqquşduğu an, uzun illərin “sadiq dostları”, “ruh əkizləri” də bir-birinə düşmən ola bilirlər və dünyada tez-tez baş verən bu hadisə, əslində surpriz də deyil. Məsələn qonşu Türkiyədə, son zamanların ən diqqətçəkən və dünyada populyar olan analoji hadisəsini- prezident Tayyip Erdoğanla, nurçu lider Fətullah Gülən arasında olan qovğanı misal göstərmək olar. Bir-birini gücləndirdikləri və bir-birinə lazım olduqları zaman, “ayrılmaz ikili” olan bu şəxslərin, mənafeləri toqquşduğu zaman, az qala ölkənin vətəndaş müharibəsi həddinə çatdığı məlumdur. Elə ölkəmizdə də; uzaq olmayan keçmişdə, bir-birinə lazım olan və bir-birinin siyasi karyerasının yüksəlişində həlledici rol oynamış Heydər Əliyevlə Sürət Hüseynovun maraqlarının sonradan ayrılması, və nəticədə ölkədə çalxantıların baş verməsi bəllidir.

İlham Əliyevlə Ramiz Mehdiyevin “niyə birdən-birə çəkişməyə başladıqları”, əslində kökündən anlamsız və məntiqsiz sualdır. Çünki əvvəla, heç də hər şey, “birdən-birə” başlamayıbdır və uzun illərin nəticəsində yaranan yol ayrımının sonucu və “şəxsi maraq bucağı”nın; artıq, 180 dərəcə və ya yüksək dərəcədə “açılması”nın nəticəsidir. Sadəcə olaraq, belə demək olar ki, hakimiyyətdaxili mübarizədə daha çox güc və imkanlara malik olan tərəf; zamanla, bu üstünlükdən istifadə edərək, balansı öz xeyrinə dəyişibdir. Ramiz Mehdiyev 2019-cu ilin payızında Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən çıxarılana qədər, zatən bu post, əvvəlki qədər güclü deyildi və xüsusən də 2016-ci il referendumunun nəticəsində yaranan vitse-prezidentlik institutu nəticəsində, Prezident Adminstrasiyasının çəkisinin azalması, və idarəçilik sistemində önəmli dəyişiklik baş vermişdi. Ələlxüsus, bundan sonra, Mehdiyevin qruplaşmasının öncə nisbətən aşağı ranqlı, daha sonra yuxarı ranqlı üzvləri, passivləşdirilməyə və “tərksilah edilməyə” başlandı və keçən il bu proses; özü də siyahıda olmaqla, ən yuxarı postlardakı “təmizlənmə” ilə, pik həddinə çatdı. Lakin, sürəcin, tədrici və nisbətən yavaş olması, qarşı tərəfin müqavimət potensialının ayarını, psixoloji və praktiki olaraq pozub zəiflətsə də, şübhəsiz ki; az qala gəncliyindən bəri önəmli postlarda olmuş Ramiz Mehdiyev başda olmaqla,  “vurulan” “stajlı məmurları” narahat etməyə bilməzdi. İnsan psixologiyası, birdən-birə ona, “sən lazım deyilsən” deyilməyə öyrəncəli deyil və xüsusən də özünü, “böyük bir şey”, “əvəzedilməz” zənn etdikləri şübhə doğurmayan və şəxsi maraqları, ən son həddə şişmiş sözügedən şəxslər üçün, bu cür münasibət, asan həzm olunan deyil və onların, hakimiyyətdən və onun başı olan İlham Əliyevdən narazı qaldıqları qətidir. Əlbəttə, narazılıq, hələ hansısa akt və ya hərəkət demək deyil, lakin əlverişli hesab etdikləri bir vaxt üçün nələrsə planladıqları və hətta əlverişli zəmini yaxınlaşdırmağa çalışdıqları, olduqca yüksək ehtimaldır. Onların əllərindəki ən böyük imkan- hələ də bəzi qurumlarda və strukturlarda qalan sadiq kadrları və ən əsası; milyardlarca vəsait, və mövcud olduğu şübhə doğurmayan- kompromatlardır. Əslində “Ramiz Mehdiyev əgər doğrudan belə təhlükəlidirsə niyə həbs olunmur?” sualının cavabı, elə “Eldar Mahmudov niyə həbs olunmur?” sualının cavabında axtarılmalıdır və hər şeyə baxmayaraq E. Mahmudovun hələ də azadlıqda qalmasının ağlabatan cavabı da; əllərindəki yüksək maliyyə imkanları və təsirli kompromatlardan başqa bir şey deyil. Görünür, eyni hal, uzun müddət dövlətin strateji və həlledici postlarında çalışmış Ramiz Mehdiyev, Əli Həsənov (və digərləri) üçün də keçərlidir və onlar, nə qədər “asi” davranış və çıxışlarda bulunsalar da, “sərhədi” keçmədikləri müddətcə, şiddətli təqibə məruz qalmaları və həbs olunmaları real deyil. “Rusiyanın vassallarıdır və onları cəzalandırmaq Rusiyaya meydan oxumaqdır” kimi gərəkçələr, birinci dərəcəli önəmə sahib deyil, çünki Rusiya kimi böyük və strateji dövlət üçün hansısa “müstəmləkə” hesab etdiyi bir ölkədə- əsas faktor, fiqurlar yox, siyasi xətdir ki, bu siyasi xətdə də hələki kəskin bir dəyişiklik mövcud deyildir.

Bəli, elə həm də bu faktorlar, yəni əllərindəki potensial kompromatlar və maddi resurslar, “Mehdiyev qruplaşmasına” sərbəstlik və rahatlıq verir, və arzu və istəklərini, hakimiyyətin iradəsinə zidd olsa da, bəlli bir həddə qədər həyata keçirə bilirlər. Buna görə də Ramiz Mehdiyevin, çıxıb, AMEA adlı- ölkənin ən ali elm ocağını, öz siyasi qərargahına çevirməyə çalışması və qurumun saytından, prezidentə üstüörtülü meydan oxuya bilməsi; “Eldar Mahmudov olayında” əsas təhlükəli fiqurlardan biri olan və “baş cinayətkar”ın “sağ əli” olan Akif Çovdarovun, N qədər cinayətə baxmayaraq, cəmi 5 il sonra həbsdən buraxılması və “nümayişkəranə pozalar verməsi” ilə eyni tipli hadisədir və ondan daha təəccüblü deyil.

Bəs bu işin axırı necə olacaq? Şərti olaraq “Ramiz Mehdiyev dəstəsi” adlandırıla biləcək qruplaşmanın “açıq qiyamı” baş verəcəkmi; yoxsa hakimiyyət, onları qabaqlayıb tamamilə “məhv edəcək”?

Əslində hər iki tərəf, bir-birini xofda saxlamaqdadır və hər iki tərəf üçün “barmağı tətiyə yaxınlaşdırmaq” faciə ilə nəticələnə biləcəyini üçün, indiki şəraitdə, xüsusi şərtlər ortaya çıxmadıqca, ciddi dəyişiklik gözlənilmir. Lakin, məsələ də budur ki, “əli silahlı tərəflərin” hər ikisinin durumu, eyni deyil; tərəflərdən birinin üstünə, başqası da hücuma yaxınlaşmaqdadır və “ikinci cəbhə” açılmaqdadır. Yəni, iqtidaryönlü mediadakı bütün cəhdlərə və kampaniyaya baxmayaraq, “Mehdiyev qruplaşmasına”, xalq tərəfdən hansısa “hücum” gözlənilmir və belə bir perspektiv, ümumiyyətlə real deyil. Hətta əksinə, Ramiz Mehdiyevin, hakimiyyətə qarşı çıxdığı üçün, xalq nəzdində reytinqi, nisbi olaraq artıbdır və bəzi insanlar ona, “pislərin yaxşısı” kimi, və hətta “qurtarıcı” kimi baxmağa başlayıblar. (Hazırda onun reytinqi və cəmiyyətdəki müsbət qəbul faizi, ümumilikdə çox olmasa da, Əliyevdən qat-qat çox olduğu, dəqiqdir). Lakin bunun müqabilində, Əliyevin, bir tərəfdən- hakimiyyətdaxili aspektdə olan təhlükə, digər tərəfdən- xalq aspektindən olan təhlükə, yəni ictimai narazılığın getdikcə hiss olunan səviyyəyə çatması və reytinqinin sıfıra yaxınlaşması, başqa bir tərəfdən də- xarici təzyiq və dəyişən beynəlxaq şərait faktorları nəticəsində; tarazlığı itirmə ehtimalı, təcil qazanmaqdadır. Hətta ən dahi liderin də yetərincə “dolaşa biləcəyi” bir situasiya olan bu dramatik vəziyyətdə; siyasi potensialı o qədər də yüksək olmayan və psixoloji tarazlığı qaydasında olmadığı, bəzi şokedici çıxışlarından bəlli olan- İ. Əliyevin duruş gətirə bilməsi, olduqca zəif ehtimaldır.

İstənilən halda görünən budur ki, siyasi tarazlıq və balans, getdikcə dəyişməkdədir və hakimiyyətin hansısa qərarının xalq tərəfindən birbaşa bloklanması hadisəsini, ən son elə Beynəlxalq Nəqliyyat Agentliyinin qərar dəyişikliyində və şöbə müdirini “qəzəbli kütləyə” “yem etməsində” görmək mümkündür.

 Digər tərəfdən unudulmamalıdır ki, hakimiyyətin getdikcə zəifləməsi və siyasi balansın dəyişməsi; başda, “Mehdiyev qruplaşması” olmaqla, narazı qrupları iştahlandıracaqdır və əllərindəki təsir imkanlarını aktivləşdirmə ehtimalını gücləndirəcəkdir. Elə günü bu gün, onların, konkret işlər görməkdə olduqlarını və iqtidar üçün “dinamitlər basdırdığını” söyləməmək mümkün deyil və onsuz da bunu asanlıqla aşkara çıxarmaq, hakimiyyət üçün real deyil və əslində indi bu, ona, heç lazım da deyil. Ən azından ona görə ki, zatən onları (“Mehdiyev qruplaşmasını”) qismən də olsa, “təmizləmək” və “zərərsizləşdirmək” üçün “karantini pozmaq” kimi-“nisbətən az riskli” ittiham irəli sürülübdür və bunu tezliklə dəyişdirib, “dövlət çevrilişinə cəhd” ittihamı ilə əvəz etmək, cəlbedici bir seçim kimi görünmür. İkincisi də onların qarşısını tamamilə almaq, bir çox hallarda mümkün də deyil və ya yuxarıda da qeyd etdiyimiz kimi, çox riskli qərardır. Beləliklə də, daxili narazı qüvvələrin; müxalifəti və müxalif fəalları maliyyələşdirmək başda olmaqla, bir çox əks təbdirlərə əl atmaqda olduqları və bununla, özlərinin siyasi limitlərini bərpa etməyə, yaxud gələcəklərini sığortalamağa və ya ən azından qisas almağa çalışdıqları, olduqca yüksək ehtimaldır. Maliyyənin, hakimiyyətlə mübarizə üçün son dərəcə önəmli olduğu və bu baxımdan da “sonsuz” tədarüklərə sahib olan çoxlu narazı məmurların olduğu bir şəraitdə bu, çox realdır. Beləliklə bu faktor, özlüyündə; mövcud hakimiyyətin davamı və gücü baxımından qarşıya çıxan əks-faktorlardan və dezavantajlardan biri və çox önəmlisi kimi qeyd olunmalıdır.

(Ardı Var)

Müəllif: Yunis Dürüst   

 

 

0 şərh