Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Axmaq alim

Yetmiş doqquz gün qalmışdı təxris olunmağıma. Yəqin əsgəri xidmətdə olanlar bilir bu son günlərin dadını. Həmişəki kimi tibb məntəqəsində uzanıb, mürgü döyürdüm dəmir çarpayımda. Qulluq elədiyim hərbi hissə, balaca bir tank batalyonuydu. Daimi tibb xidməti rəisi olmadığına görə hospitaldan ezamiyyətə həkim göndərilirdi. Onların da əksəriyyəti feldşer olurdu. Ona görə də, ali təhsilimə görə əsas həkim kimi məni tanıyırdılar. Hörmətim də ki, öz yerində. Tibb məntəqəsinin bütün kağız-kuğuz işləri də mənə baxırdı. Axır vaxtlar da lap kökəlmişdim. Ürəyim istəyəni bişirib yeyir, kefim istəyən vaxt yatıb-dururdum. Əsgərlərlə elə də yaxın ünsiyyət qurmazdım. Hamısı 18-19 yaşlı coluq-cocuqlarıydı. Öz yaşıdım olan qərargahın yazarı İbrahimlə dostluq eləyirdim ancaq. Çox vaxt qərargahda rəislərdən kimsə olmayan kimi, gedib otururdum kompyüterin qabağında, oyun oynayırdım. Təzə bir məşğuliyyət də tapmışdım. Telefonla daxil olduğum wap çatlar əməlli-başlı vaxt öldürürdü


Ardı →

Mərəz | Mirmehdi Ağaoğlu

-Arvad, daha dözə bilmirəm.
Pəncərə qabağındakı stolun arxasında əyləşib həyətdə çəpər düzəldən oğluna tamaşa edən yaşlı kişi astadan arvadına söylədi. Qapı kandarında əyləşmiş arvadı  badımcan soyurdu. O əllərini döşəməyə dayayıb ağır-ağır ayağa durub ərinə yaxınlaşdı. Astadan  qulağına:
— Çil çolpanı kəsim?
— Bilmirəm, ay arvad. Bilmirəm. Ürəyim partlayır! Guya elə bilirsən ürəyimə sinir? Hər dəfə elə bilirəm zəqqun  yeyirəm.- Bunu deyib kişi susdu. Əlini atıb stolun üstündəki filtrsiz “Astra”dan  birini  götürüb alışdırdı. Üzünü yenidən pəncərəyə çevirdi. Bu dəfə dağılıb köhnəlmiş çəpəri düzəldən oğluna deyil, ucsuz-bucaqsız çöllüyə zillədi gözlərini.


Ardı →

Ehsanyeyənlər

Ehsanbazlar (onlara ehsanyeyənlər də deyirdilər) partiyasının fəal, qocaman üzvü Mürsəl kişi səhər-səhər evindən düşəri bir ehsan həvəsi ilə çıxmışdı. Şəhərin mərkəzindəki adı məlum parka tələsirdi. Ehsanyeyənlər gündəlik məsələləri burda müzakirə edir, məsləhət-məşvərətdən sonra yığışıb harasa ehsan yeməyə gedirdilər…


Mürsəl kişi yolunun üstündə dayanıb hal-əhvallaşan iki nəfərin yanından ötərkən birdən qulağı səsə düşdü. Nə danışdıqlarını şübhə doğurmadan öyrənmək üçün təsbehini yerə saldı.
— Göytəpəlinin rəhmətə getdiyini eşitmisən?..
— Haçan rəhmətə gedib, ə?..
— Bu gün üçüdü…


Ardı →

Oliqarxla toqquşma | Murad Köhnəqala

Şəhərin mərkəzinə, “Tarqovı” tərəfdə toz-təmir işlərinə baxmağa gedirdim. Küçəni keçərkən yekə bir xarici maşın üstümə elə gəldi, az qala məni vursun, kənara tullanıb qəzadan güclə yayındım. Baxdım ki, maşının uzunluğu beş metr olar. Şüşələri gülləkeçirməz, dəmiri tankadavamlıdı. Ancaq markasından başım çıxmadı. Sükan ardında bir axmaq adam oturub saqqız çeynəyə-çeynəyə mənə baxırdı. Dedim, a kişi, zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?


Maşını bir az yana verib başını aynadan çölə çıxartdı: “Zibil sənin ayağındakı ayaqqabılarındı!” Məni od götürdü, demək o, mənim piyada olmağıma gülürdü. Dedim, arzum budu, sənin də maşınının təkərı yeyilib mənim ayaqqabımın gününə düşsün.


Ardı →

İlk cinayət/Gülər Miryəhya

İnsanın həyatında hadisələr çox olur. Komada olan və ya kliniki ölüm keçirən insanlar danışarlar həmişə, “gözlərimin önündən həyatım kino lenti kimi keçdi”-deyə. Bax hadisələr məhz elə xırda kino lentləri kimi baş verir. Bir-birinə birləşir və sonda ömür, ya nə bilim həyat adlanan nəsnəni yaradırlar. Amma onların arasında bir hadisə, məhz bir hadisə olur ki, həyatının həmin kino lentində əsas sujetlərdən olur. Çünki həmin o bircə lent, bircə sujet o qədər çox şeyi dəyişə bilir ki, istədin istəmədin bütün ömürünü həmin o bir, balaca sujetin təsirilə yaşaya bilirsən. Ana xətt o sujetdən ibarət olur və bütün digər sujetlər o xəttin üzərində qurulur. Fəlsəfə açmayacam, mənim də həyatımda o ana xətt baş verdi. Çox uzun illər mən o ana xəttin təsirilə yaşadım. Həmin hadisə həyatımı dəyişdi deyə bilmərəm, o mənim həyatımı məhv etdi. O zaman mənim 12 yaşım olardı.
Davamı →

Anam və onun quldur dəstəsi

Oxuduğum macəra romanlarından, baxdığım kinolardan bilirdim ki, quldurlar əsasən Karib dənizində və Qərbi Avropada, bir də Ərəbistanda-zadda olur. Ancaq belə deyilmiş. Mən yanlış bilirmişəm. Sən demə, bizim məhlədə də quldur dəstəsi varmış.Əgər sizin təsəvürünüz güclüdürsə, məni anlayacaq və mənə haqq verəcəksiniz. Məsəl üçün, təsəvvür edək ki, yaşadığım yataqxana bir quldur gəmisidi. İndi deyəcəksiniz ki, heç binadan da quldur gəmisi olar? Gəmi məhəllənin ortasında nə gəzir?


Əvvələn, onu deyim ki, bizim quldur gəmimiz dənizdədir. Belə ki, mənim yaşadığım yataqxana binasının altı tamam kanalizasiya suyudur. Əgər quldur gəmisinin dənizdə olmasını təsəvvür etdinizsə, niyə də kanalizasiya suyundan dəniz olmasını xəyalınıza gətirməyəsiniz?


Ardı →

Mənim birinci yalanım

— Gəldin, qadası, bəs niyə gecikdin? – Əbdül kişi dörd kiloluq qurğuşun külçəni linotip maşının qarmağına keçirib mənimlə salamlaşdı.
— Oxu zalında kitab axtarırdım, hayıf çox vaxtım getdi.
— Tapmadın?
— Yox, tapdım, amma mənə lazım olan səhifələri cırmışdılar.
— Deməli, səni qabaqlayıblar də.
Elə ağzımı doldurub demək istəyirdim ki, «yox, mən kitab cırmaram» – sexin dəhlizə bitişik balaca otağından məsul katibimiz Tələt müəllimin səsi gəldi  – «Ə, harda qalmısan, gəl çıx də. Hələ gəl bir tikə çörək ye, bu gün işimiz çox olacaq e».


Ardı →

Yazıçı və “koka-kola”

Vallah, birinci mərtəbədə yaşamaq da bir şey deyil. Həyətdə qonum-qonşu bir az bərkdən danışan kimi elə bil evdə onlarla  diz-dizə oturub söhbət edirsən. Səhər tezdən məktəbə gedən uşaqların hay- küyünü də bunun üstünə gələndə adam istəyir ki, ya evdən baş götürüb getsin, ya da satıb beş-altı mərtəbə yuxarı qalxsın. Amma başqasının evini necə satasan? Sağ olsun arvadın qardaşı, pulsuz-parasız verib ki, nə qədər istəyirsiniz yaşayın. Qohum-qardaşın kirayənişin həyatından danışdıqlarını eşidəndə arvadın yanında olmasa da, özlüyümdə qaynıma minnətdarlığımı bildirirəm ki, məni belə qayğılarla üz-üzə qoymayıb.
Ardı →

Həbsxana maşınından səsləniş

Yenə bizi iylənmiş it ölüsü kimi ordan-ora, burdan-bura sürüyürlər. Yenə mən dəmir barmaqlıqları əlimizin kirindən qaralıb parıldayan bu səyyar türmədə yazın ilıq şüaları altında özüm kimiləri ilə yol gedirəm. Bu türmədən o türməyə, o korpusdan bu korpusa daşınmaqdan lap zəhləm tökülüb. Azad insanlara bütün qəlbimlə nifrət etdiyim məqam isə türmə maşının şəhərin ortasıyla yol getməsidir. Günəş insanların, xüsusilə də qadınların bahalı şampunla yuyulmuş saçlarında, bir ildir qoxusuna həsrət qaldığım zərif çəhrayı dərilərində brilyant kimi bərq vurur. Yenə qəfəsə salınmış meymun kimi maşının dəmir barmaqlıqlarından yapışıb şəhərin mərkəzi küçəsi ilə bizi aparan bu səyyar həbsxanadan çöldə nə varsa hamısının hədsiz xoşbəxt olduqları qənaətindəyəm.
Davamı →

Mən necə Polat Alemdar oldum?

Güzgünün qabağında durmuşdum. Özümə baxanda dedim, gör necə də Polat Alemdara oxşayıram. Nənəm demiş, elə bil bir almanın yarısıydıq. Həqiqətən də elə görünürdü. Onunla mənim aramda elə də böyük bir fərq yoxdu. Boylarımız eyni, bədənimizin quruluşu eyni, üzümüzün forması eyni. Allah bir baxıb iki dənə yaradıb. Daha nə olmalıdı ki? Yalnız kiçik bir fərq vardı, o da ki, mənim tapançamın olmamasıydı. Düzdü, bundan bir il əvvəl mənim də laqanım vardı, təbii ki, oyuncaq laqandan söhbət gedir. Ancaq bu oyuncaq silaha görə az qala məhlənin bütün uşaqları mənə düşmən kəsiləcəkdi. Səbəb isə bu idi ki, guya onları yaralamışam. Hamısı qaçıb anama şikayətə gəlmişdi, yalandan bədənlərinin bir yerini tutub ufuldayırdılar ki, anam inansın.
Ardı →