Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Sarı Aşıq poeziyası

Sarı AşıqSarı Aşıq haqqında hələlik ilk yazılı məlumat Qaradağinin «Təzkireyi-Qaradaği» əsərindəki qeydidir. XIX əsrin sənətkarı olan Qaradaği təzkirəsində «Aşıq Qurbanəli və ya Sarı Aşıq və haqq aşığı deyilən şəxsin seyrü-süluki» sərlövhəsi altında yazır: «Zahirən bu zati pak şifteyi-ruzigardır. Əslən Qaradağ mahalındandır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında Həkəri çayının kənarında vaqe Güləbürd adlı qəryədə sükna edib». Sarı Aşığın bayatılarında Güləbirdin qədim adı da aşağıdakı şəkildə dilə gətirilir:

Mən aşıq, ağzındayam,
Aləmin ağzındayam,
Əslim Qaradağlıdır,
Məzməzək ağzındayam.

Məlumdur ki, qoyunun örüş yerində, arxacında məzməzək adlı ağ başlı, ağ qanadlı milçəyə bənzər həşərat olur. Yay aylarında, qoyun otlaqlarında həmin həşərat insanın burnuna toxunduqda əhval-ruhiyyəsi dəyişir, səsi gərlənir. O zaman həmin yerdə qoyun saxlanılırmış və o yerə «məzməzəyin ağzı» deyilirmiş.


Ardı →

Meqapolis hüznləri | Qismət

“Sovetski”nin pişiklərinə ithaf olunur...Qismət
Babamgilin şəhərin mərkəzində evləri vardı. Mustafa Sübhi küçəsi, 31-də. Məşhur adıyla “Sovetski”də. “Seqa”nın təzə məşhurlaşan vaxtlarıydı. Evə gələn qonağa gedəndə pay qoymaq adəti ( bunlar adətən kənd yumurtası, pendir, yağ və mürəbbə, kampot olurdu) təzə-təzə səngiyirdi. 150 nömrəli məktəbin ətrafındakı dar küçələrdə saqqızdan yox, saqqızdan çıxan şəkillərdən ötrü futbol oynayırdıq. O vaxtlar məhlələrarası oyunlarda “turbo” saqqızından çıxan bu şəkilləri qazanmaq, bizim üçün dünya kubokundan üstün idi. Dönəmin Braziliya futbol yığmasında ən ünlü oyunçular Romario və Bebetoydu, amma “Tom və Cerri” cizgi filmi hələ köhnəlməmişdi. 90-cı illərin ortasıydı, əbədi keçmişə çevrilmiş uşaqlığımın ən dəcəl, ən qaynar, ən kədərli günləri...

“Uçan boşqablar” barədə məhəlli söhbətlər, başqaplanetlilər haqqında sənədli filmlər artmağa başlamışdı. “Terminator” filmində, böyük bir hərbi hissəni yenidən qurmağa yarayacaq qədər arsenalı tum kimi çırtlayan Arnold Şvartzeneggerin, həyatda da o cür olduğuna inanan adamlar Marsdan məhəlləmizə təzə-təzə təşrif buyurmuşdular.
Ardı →

Qadınsız fantast yazıçı | Əjdər Ol

Namiq müəllim hərdən qadın nəvazişinin həsrətini çəkirdi. Bir az da çılpaq desəm, könlü qadın istəyirdi. Deyirdi ki, gərək kişinin bədəninin bütün üzvləri eyni vaxtda qocalsın. Əgər özünü kişi kimi fəal hiss edirsənsə, qoca görkəmin istəyini dilə gətirməyə mane olursa, bu dəhşətdir.

«Bir səhər obaşdan kişi yanında yatan qadının hənirtisinə yuxudan ayılır. Qadın yataqdan durub vanna otağına keçir. Yarıyuxulu kişi mələfənin üzərində qadının bədən izlərini görür, hətta yataqda xoş ətir də duyur. Hava soyuq olduğundan ləzzətlə yorğana bürünüb ehtirasla qadını gözləməyə başlayır. Ancaq gözlədiyi gəlib çıxmır. Axırda kişi yerindən durub qadının dalınca gedir. Vanna otağında onu tapmır. İşığı sönmüş mətbəxdə də heç kəs yoxdur. Bəlkə qadın çölə çıxıb? Kişi əlini qapının dəstəyinə atanda yuxudan tam ayılır. Qapı içəridən bağlıdır. Axı, içəridə başqa kim ola bilərdi?! O ki, tək yaşayırdı.»

Bu əhvalatdakı Namiq müəllimdir. Qadınsız yaşayan kişinin belə illüziyaları olmalı idi.
Namiq müəllim yaşından artıq qocalsa da… Başımda onunla bağlı əhvalatlar sıraya düzülüb…

1980-ci ildə yazıçının «Gecələr uzanaydı» adlı fantastik hekayələr kitabı çıxandan iki-üç həftə sonra bir tələbə qız oxuduğu kitabın təsirilə onun iş yerinə zəng vurub müəlliflə görüşmək istədiyini bildirir. Onlar yazıçının iş yerinin qarşısına görüş təyin edirlər. Görüş yerində o, üzünü görmədiyi qızı uzaqdan tanıyır, çünki oxucunun əlində öz kitabını görübmüş. Müəllif qıza yaxınlaşıb salam verir. Qız ona yad adam kimi baxır.

Ardı →

Bayatılar

Axşamlar, ay axşamlar,
 Şamlar yanar axşamlar.
 Yerli evinə gedər,
 Qərib harda axşamlar.

 Saqqalıma dən düşüf,
 Bilmirəm nədən düşüf?
 Aləmə qız paylanır,
 Mənəsə nənəm düşüf.

 O da yandırır məni,
 Bu da yandırır məni.
 Deyirlər ki sərindir,
 Su da yandırır məni.

 Əlifnazam mən-mən
 Topuxbazam mən-mən.
 On iki kişiyə getdim,
 Yenə də qızam mən- mən

 Şirinlərin şiriniyəm,
 Acıların acısıyam.
 Kimin bacısı yoxsa,
 Mən onun bacısıyam.

A gəlin, nazlı gəlin,
 Ördəkli-qazlı gəlin.
 Top-tüfəngin yaxşıdı,
 Barıtı azdı gəlin.

 Bir quş gəlir Ağdaşdan,
 Xəbər verir qardaşdan.
 Qardaş doysa bacıdan,
 Bacı doymaz qardaşdan.

 Allah, məni xar eləmə
 Qulağımı kar eləmə
 İnkir-Minkir gələndə
 Dilimi lal eləmə .

 Əzizim, ay şəkərsən,
 Həm qəndsən, həm şəkərsən.
 Bir quru canım qalıf,
 Alarsan, əl çəkərsən.

O da məni,
 Salmadı yada məni,
 Əğyar girdi araya,
 Satdılar yada məni.

 Əzizim üzüm qara,
 Bağımda üzüm qara,
 Yar yanına gedirəm,
 Əlim boş,üzüm qara.

Əziziyəm, incidi,
 Mirvaridi, incidi.
 Dodaqların bal-şəkər,
 Dişlərin dürr, incidi.

 Mən aşiq bəndə düşər,
 Çay gələr bəndə düşər.
 Dostunu darda atan
 Özü kəməndə düşər.

 Mən aşiq dəstə-dəstə,
 Durnalar dəstə-dəstə.
 Qasid, dilin qurusun,
 Düşübdür yarım xəstə.

Əzizim, ayaz olmaz,
 Buluddur ayaz olmaz.
 Mən ki qəm oylağıyam,
 Qəm məndən ayaz olmaz

 Əzizim, dolu gözlər,
 Göy kişnər, dolu gözlər.
 Mənə derlər ağlama,
 Durarmı dolu gözlər

 Əzizim, Alı mindi,
 Düratı Alı mindi.
 Koroğlu təki mən də,
 Yar, qadan alım indi

 Əzizim, ayaq sudan,
 Üzər hey, ayaq sudan
 Yarımı suda gördüm,
 Kəsmərəm ayaq sudan.

 Əzizinəm, gül, evin,
 Gül qönçəli, gül evin.
 Allah ilə qonşudur,
 Peyğəmbərlən, bil evin.

 Aşiqəm, ta İraqa,
 Xoş gəldin ta İraqa.
 Dost-dostun qədrini bilməz
 Düşməsə ta iraqa.


Arxa, kömək, dayaq, iftixar — haqqında bayatilar

Qaya tək buzlar gördüm,
 Göydə ulduzlar gördüm,
 Anasına oxşayan
 Qoçaq, mərd qızlar gördüm.

 ***

 Dağların qaşı sənsən
 Dibinin daşı sənsən.
 Eldə neçə igid var,
 Hamının başı sənsən.

 ***

 Bu yurdun tacı bağlar,
 Meyvəsi acı bağlar,
 Ağrısa qardaş başı,
 Yenə də bacı bağlar.

 ***

 Xəncər üstə qaş gəlir,
 Qoşun başa-baş gəlir,
 Qoşuna qurban olum,
 İçində qardaş gəlir.

 ***

 Gətir sazını, qardaş,
 Pozma yazını, qardaş,
 Böyü, ol qoçaq igid,
 Çəkim nazını, qardaş.

Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq — haqqında bayatılar

El batır qəm dəryada,
 Kimə gedim mən dada?
 İgid göyüşdə ölsə,
 Adı qalar dünyada.

 ***

 İgid gərək atlana,
 Atın minə, atlana,
 Mərd odur ki, döyüşdə
 Hər yaraya qatlana.

 ***

 Əzizinəm kasa dolmaz,
 Fitnəsiz fasad olmaz.
 Namərdə boyun əymə,
 Mərd əli kasad olmaz.

 ***

 Bu sazı alan gəlməz,
 Oxuyub-çalan gəlməz,
 İgidi öldürsələr,
 Dilinə yalan gəlməz.

 ***

 Əziziyəm aslandı,
 Qılınc qından aslandı,
 Tülküdən aslan olmaz,
 Aslan elə aslandı.

 ***

 Mərd anadan mərd oğul,
 Yada ağa, mərdə qul,
 Qorxaq töhmət gətirər,
 Baş ucaldar mərd oğul.

 ***

 Halalar, ay halalar,
 Qartal dağda balalar,
 Qorxaq ölər, məhv olar,
 İgid alar qalalar.

 ***

 Sular gələr, göl dolar,
 Şaxta vurar, gül solar,
 Mərd igidin balası,
 Özü kimi mərd olar.

 ***

 Əzizim dalda gəzər,
 Bülbüllər dalda gəzər,
 Mərdlər qabağı gözlər,
 Namərdlər dalda gəzər.

 ***

 İgidin bir atıdır,
 Bir də təmiz zatıdır,
 Koroğluda qoçaqlıq,
 Onun ehtiyatıdır.

Vətən, qurbət — haqda bayatı

Yağı gəldi yanıma,
 Susamışdı qanıma,
 Döndüm qürbət ellərdən,
 Qüvvət gəldi canıma.

 ***

 Söz qaldı el gələnə,
 Çırmandı sel gələnə,
 Gözəl bir bağ salmışam.
 El gələ gölgələnə.

 ***

 Yol vermə yada, Təbriz,
 El gedər bada, Təbriz,
 Sənin həsrətindəyəm,
 Can sənə fəda, Təbriz.

 ***

 Əzizim səni, Təbriz,
 El sevər səni, Təbriz,
 Al qoynuna əzizlə,
 Ana tək məni, Təbriz.

 ***

 Kəkliyəm, fərəm sənsiz,
 Düşübdür pərən sənsiz,
 Yad eldə, yad ölkədə,
 İnan, gülmürəm sənsiz.

 ***

 Payız qışdan əzəldi,
 Yarpaq tökən xəzəldi,
 Vətən viran da olsa,
 O, cənnətdən gözəldi.

 ***

 Əzizim kətan yaxşı,
 Keyməyə kətan yaxşı,
 Qürbət yer cənnət olsa,
 Yenə də vətən yaxşı.

 ***

 Su gələr arxa, haray!
 Tökülər çarxa, haray!
 İgid qürbətə düşsə,
 Çağırar arxa, haray!

 ***

 Belədimi qürbət el,
 İgid oğul, qürbət el,
 Adamı tez qocaldar,
 Qərib ölkə, qürbət el.

 ***

 Əzizim sözə qaldı,
 Bir şirin sözə qaldı.
 Yad qovuldu dağlardan,
 El-oba bizə qaldı.

 ***

 Yetdi arxa dolandı,
 Sular çarxa dolandı,
 Düşmən elin gücündən,
 Qorxa-qorxa dolandı.

 ***

 Gəzərəm suz dağları,
 Bağlayıb buz dağları,
 Hər kəsə şirin olar,
 Öz yeri, öz dağları.

 ***

 Təbrizim, can Təbrizim,
 Sənə qurban Təbrizim,
 Düşmənə boyun əymə,
 Mərd ol, dayan, Təbrizim.

 ***

 Don tiksən ağı bizdən,
 Belinin bağı bizdən,
 Qoymayın yad ellini,
 Almağa bağı bizdən.

 ***

 Burda yolum oldu tən,
 Varmı bu yoldan ötən,
 Bu dünyaya şirin şey,
 Bir anadır, bir Vətən.

 ***

 Qolunda var qüvvətin,
 Arzum var olsun mətin,
 El yolunda baş qoyan,
 Qazanar el hörmətin.

 ***

 Əziziyəm bac alar,
 Mərd rəqibdən bac alar,
 Hər kəsi el istəsə,
 Bülənd olar, ucalar.

Yağı gəldi yanıma,
 Susamışdı qanıma,
 Döndüm qürbət ellərdən,
 Qüvvət gəldi canıma.

 Kəm baxtı sönən qərib,
 Qürbət ölən qərib,
 Bəxtəvər günə düşdü,
 Vətənə dönən qərib.

 Söz qaldı el gələnə,
 Çırmandı sel gələnə,
 Gözəl bir bağ salmışam.
 El gələ gölgələnə.

 Əziziyəm dilən gəz,
 Bağda gülə dilən gəz,
 Qürbətdə xan olunca,
 Vətənində dilən gəz.
Davamı →

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz | Məhəmməd Füzuli

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.

Can bağışlardı ləbin izhari-göftar eyləyib,
Vurmadan İsa ləbi canbəxşlikdən dəm hənuz.

Səcdəgah etmişdi eşq əhdi qaşın mehrabını,
Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz.

Canə dərdin, cismə peykanın rəvan etmişdi hökm,
Cism ilə can irtibatı olmadan möhkəm hənuz.

Əşk sərf eylər fələkdən kam hasil qılmağa,
Bu gühər qədrini bilməz dideyi-pürnəm hənuz.

Pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə,
Olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz.

Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib,
Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz.


Davamı →

"Qeyri-ənənəvi cinsi əlaqə"

Beş uşaq əkib, özünün bazardan alındığına, dünyaya durna dimdiyində gəldiyinə inananlardan deyiləm. Reallıqdır, bilirəm bütün uşaqlar dünyanın ən möhtəşəm himni — ah-uf sədaları altında yaranır.
On yaşına qədər bazarda uşaq satıldığını görmədim. Bizim rayonda ara günü bazarlığa gedən adama dəli kimi baxırdılar. Müəllimlərdən başqa, onları bazarda şagirdləri görə bilərdi, bunun üçün. Atam fizika, anam ədəbiyyat müəlliməsi işləyirdi, Trotski adına bir nömrəli orta məktəbdə. Nədənsə fizika müəllimlərinin boynu qeyri-simmetrik, əyri olur.
Həkimin uşağı xəstə, müəllimin uşağı tərbiyəsiz olar deyiblər. Altıncı sinifdə oxuyanda qonşu qızını, toyuq hini yerinə istifadə etdiyimiz zirzəmiyə soxmuşdum. 7-15 yaş arasında baş verən bütün günahlar Allahdan gəlir, onun diqtəsidir ki, bu və ya digər formada özünü göstərir. İnanın, nəyi hara dürtəcəyimi heç əməlli-başlı dərk elmirdim.
Ardı →

Müşfiq dənizi | Xəlil Rza Ulutürk


...Pul-pul şəfəqlərilə min bir rəngə çalanda
Az qala özü boyda mavi tonqal olanda

Yosunlu bir qayanın ətəyində dayandım,
Dayandım, səni andım...


Maviliklər yanırkən al günəşin alından,
Eşitdim, səsin gəlir hər dalğanın dalından:

— Ah, bu uzun sevda yolu vurulurmu başa, könül?
Kaman çəkdim, nişan aldım, dəydi oxum daşa, könül!





Ardı →

Səndən nigaranam | İlqar Fəhmi

Biz bu kafeni alanda Əbdül kişini də üstündə hədiyyə kimi verdilər. Havayı. Kafenin köhnə sahibi yüz qırx min manatı sayıb çantasına yığandan sonra elə bu cür də dedi:
— Əbdül kişini də havayı bağışlayıram sizə. Amma bir şərtlə ki, işdən çıxartmayasız. Ev-eşiyi yoxdu, burda yaşayır.
Niyə çıxartmalıydıq ki? Onsuz da ağaclara qulluq edən adam tapmalıydım. Hazır var da.
Şəxsən mənim alverdən başım çıxmır. Tələbə adamam, ömrü boyu da atamın əlinə baxmışam və düzünə qalsa, texnikumu qurtaranacan da onun əlinə baxmaq fikrim vardı. Niyə də yox? Kişi neçə illərdi Bakıyla Moskva arasında güclü işlər fırladır, bir gün burdadı, üç gün Rusiyada. Deyəsən nəsə elektrik avadanlığının alveri ilə məşğuldular. Burdan Rusiyaya, ordan Qazaxıstana, nə bilim Sibirə. Dəqiq bilmirəm. Heç vaxt maraqlanmamışam.
Davamı →

Mərəz | Mirmehdi Ağaoğlu

-Arvad, daha dözə bilmirəm.
Pəncərə qabağındakı stolun arxasında əyləşib həyətdə çəpər düzəldən oğluna tamaşa edən yaşlı kişi astadan arvadına söylədi. Qapı kandarında əyləşmiş arvadı  badımcan soyurdu. O əllərini döşəməyə dayayıb ağır-ağır ayağa durub ərinə yaxınlaşdı. Astadan  qulağına:
— Çil çolpanı kəsim?
— Bilmirəm, ay arvad. Bilmirəm. Ürəyim partlayır! Guya elə bilirsən ürəyimə sinir? Hər dəfə elə bilirəm zəqqun  yeyirəm.- Bunu deyib kişi susdu. Əlini atıb stolun üstündəki filtrsiz “Astra”dan  birini  götürüb alışdırdı. Üzünü yenidən pəncərəyə çevirdi. Bu dəfə dağılıb köhnəlmiş çəpəri düzəldən oğluna deyil, ucsuz-bucaqsız çöllüyə zillədi gözlərini.


Ardı →

Buddanın qayıdışı | Vahid Məmmədli

Kapitan Məsud İbrahimzadə iş otağındakı divardan asılmış Tac-Mahal sarayının rəngli reproduksiyasına baxdı. Yenə də xəyal onu o uzaq illərə  çəkib apardı…

Camna çayının sahili. Hindistanın mirvarisi, yetmiş dörd metrlik bir möcüzə, Tac-Mahal sarayı. Ağ mərmərdən işlənilmiş dörd kiçik və bir nəhəng kümbəz mavi səmanın fonunda daha da bəyaz görünür. Dünyanın hər yerindən milyonlarla insan bu möcüzəni öz gözləri ilə görmək üçün Hindistana axışır…

Bələdçi-gid qız   gözəl çöhrəsinə qonmuş təbəssümlə sarayın qarşısına toplaşmış turistlərə Tac-Mahalın tarixçəsini danışırdı…
… Bu saray təkcə memarlıq abidəsi kimi deyil, min bir gecə nağıllarına bənzər məhəbbət hekayəti ilə də ürəkləri riqqətə gətirir.
XVII əsrdə yaşamış Cahan Şah on doqquz yaşı təzəcə tamam olmuş dünya gözəli Mumtaz Mahal ilə evlənir.
Davamı →