Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

İntizar | Qoderzi Çoxeli

— Mənə elə gəlir, kiminləsə görüşməliyəm.
— Kiminlə?
— Nə bilim.
— Bəs, onda niyə elə gəlir sənə?
— Bilirsənmi, mən onu sevirdim.
— Nə vaxt?
— Bilmirəm nə vaxt, yəqin qabaqlarda.
— Yenə də. Düzü?
— Anadan olmamışdan qabaq.
— Başa düşmədim.
Ardı →

Tacir | Frans Kafka

Bəlkə də, elə adamlar var ki, mənə yazığı gəlir, ancaq özüm bunu hiss eləmirəm. Balaca mağazam mənim üçün o qədər qayğılar yaradır ki, izləri alnımda və gicgahlarımda görünür, ancaq gələcəyi də heç nə vəd etmir, çünki çox balacadır.Gərək bir neçə saat əvvəl hər şeyi dəqiqləşdirəm, səhv eləməmək üçün xidmətçiyə hamısını dönə-dönə təkrar elətdirəm, bu fəsildə gələn fəslin dəbini nəzərə alam, özü də tanış-bilişlərimin deyil, lap ucqar kəndlərdə yaşayanların zövqünü əsas götürəm.

Bütün pullarım tanımadığım adamlardadır, nə işlə məşğul olduqlarını, eləcə də sabah hansı təhlükələrlə üzləşəcəklərini bilmirəm ki, lazım gələndə kömək edim. Bəlkə də, bədxərc olublar, meyxanada qonaqlıq verməyə başlayıblar, bəziləri də qonaqlığın qurtarmasını gözləyirlər ki, Amerikaya qaçsınlar.

Nəhayət, iş gününün sonunda mağazanı bağlayıram, bir anlığa sevinirəm ki, mağazanın sonu-sonucu görünməyən qayğılarından canım qurtardı, ancaq elə həmin anda da səhər-səhər keçirmiş olduğum həyəcan hissi məni geriyə qayıdan dalğa kimi təzədən öz qoynuna  alır, səngimədən özü ilə harasa aparır.

Lakin  bu ovqatımdan istifadə edə bilmirəm, evə tələsirəm, çünki əllərim də, üz-gözüm də çirklənib, tərləyib, pencəyimi toz basıb, ləkə-ləkə olub, mağazada qoyduğum papaq da hələ başımdadır, taxta qutuların üstündəki mismarların deşik-deşik elədiyi başmaqlar da ayağımda… Sanki dalğaların qoynunda irəliləyirəm, əllərimi bir-birinə sürtə-sürtə ovuşdururam, qarşıma çıxan uşaqların başlarını sığallayıram.


Ardı →

Çaqqallar və ərəblər | Frans Kafka

Biz vadidə düşərgə salmışdıq. Yol yoldaşlarımız yatırdı. Yanımdan ucaboy, ağbəniz bir ərəb keçdi; dəvələri yerbəyer edib yatmağa gedirdi.

Arxası üstə otluğa uzandım; yatmaq istəyirdim, yata bilmirdim; uzaqdakı çaqqalın “gileyli” ulartısı; yenidən qalxıb oturdum. Uzaqdakılar birdən-birə yaxında peyda oldu. Ətrafımda çaqqalların vurnuxması; tutqun qızılı rəngdə parlayıb sönən gözlər; şümşad bədənlər, qamçı altında qanunauyğun və cəld hərəkətlə.

Biri arxadan yaxınlaşdı, qolumun altından sivişib düz qarşımda durdu, sanki, hənirtimə ehtiyacı vardı, sonra yaxına gəlib, az qala, mənimlə göz-gözə danışmağa başladı:

— Bu göz işləyən yerlərdə ən qoca çaqqal mənəm. Səni burada salamladığıma görə özümü xoşbəxt sayıram. Az qala, ümidimi itirmişdim, çünki səni çoxdandır ki, səbirsizliklə gözləyirik; anam gözləyib, onun anası gözləyib, daha sonra onların da ana və nənələri, düz bütün çaqqalların ulu anasına qədər. İnan buna!

— Bu məni bərk heyrətləndirir, – dedim və tüstüsü ilə çaqqalları qovmaq üçün odun qalağını yandırmağı unutdum, – eşitdiklərimə çox təəccüblənirəm. Yalnız təsadüfən uzaq şimaldan gəlmişəm və kiçik bir səyahət etmək fikrim var. İstədiyiniz nədir, çaqqallar?


Ardı →

Dönüş | Frans Kafka

Mən evimizə qayıtdım, həyətdən keçib ətrafıma baxdım. Atamın köhnə həyətidir. Ortada bir gölməçə var. Köhnə, yararsız hala düşmüş alətlər üst-üstə qalanıb, eyvana çıxan pillələrin yolunu kəsib. Sürahinin üstündə oturmuş pişik pusquda dayanıb. Külək nə vaxtsa payanın ucuna bağlanmış cırıq yaylığı yelləndirir. Bu  da evimiz!

Məni kim qarşılayacaq? Mətbəxin qapısı arxasında gözləyən kimdir? Bacadan tüstü çıxır, yəqin, axşam yeməyinə qəhvə hazırlayırlar. Nəsə bir doğmalıq hiss olunur? Adam özünü evdə hiss eləyə bilir? Bilmirəm… Heç inanmıram… Düzdür, ata evidir, ancaq burda hər şey bir-birinə yaddır, elə dayanıblar ki, deyərsən hərə öz işi ilə məşğuldur. Bəzilərini unutmuşam, bəzilərini də heç tanımıram.

Onlar üçün mən kiməm ki?!  Lap atamın – o qoca kəndlinin oğlu olmağımın da onlar üçün heç bir mənası yoxdur. Və mətbəxin qapısını döyməyə cəsarət etmirəm, uzaqda dayanıb mətbəxi dinşəyirəm. Elə uzaqdan dinşəyirəm ki, heç kəs qapını qəfildən açıb, mənim dinşədiyimi hiss eləyə bilməz. Və çox uzaqda dayanıb dinşədiyim üçün də heç nə eşidə bilmirəm, qulağıma yalnız saatın zəif çıqqıltısı gəlir, bəlkə, bu da elə uşaq vaxtından qulağımda qalıb… Mətbəxdə nə baş verirsə, orda oturanların məndən gizlətdikləri sirr kimi qalır.

Adam qapının ağzında nə qədər çox tərəddüd edirsə, o qədər də yadlaşır. Kaş indi kimsə qapını açıb məndən nəsə soruşaydı! Bəs onda elə mən özüm də o sirrini gizlədənlərdən biri olmazdımmı?!

Tərcümə etdi: Vilayət Hacıyev


Davamı →

İmtahan | Frans Kafka

Mən qulluqçuyam, ancaq iş tapa bilmirəm. Bir az qorxağam, irəli soxulmağı bacarmıram. İrəli soxulmaq bir yana, başqaları ilə bir sırada da dayana bilmirəm, ancaq bu mənim işsiz qalmağımın yalnız bircə səbəbidir və bəlkə də, bunun, ümumiyyətlə, işsizliyimə heç bir qarışacağı yoxdur, ancaq əsas məsələ odur ki, məni heç yerə çağırmırlar, halbuki başqaları çağırılıb, özü də onlar məndən çox müraciət etməyiblər və ya özləri çağırılmaq istəməyiblər, mən isə çağrılmağı, ən azı, hərdən, lap çox istəmişəm.

Ona görə də qulluqçuların otağında uzanıram, tavandakı tirlərə baxıram, yuxuya gedirəm, ayılıram, təzədən bir də yatıram. Bəzən də yaxınlıqdakı meyxanaya gedirəm, ancaq verdikləri pivə yaman turş olur. Hərdən əsəbiləşib yerə tökürəm, ancaq sonra da təzəsini alıb içirəm. Orada oturmaqdan xoşum gəlir, çünki onun balaca, bağlı pəncərəsindən evimizin pəncərələrinə baxdığımı heç kəs görmür. Orada da çox şey görünmür, mənə elə gəlir, bu küçəyə baxan yalnız dəhlizlərin pəncərələridir.

Özü də bu dəhlizlər ağaların qaldığı otaqların dəhlizləri deyil. Ancaq ola bilsin ki, səhv edirəm, bunu bir dəfə kimsə demişdi, özü də mən şoruşmamışdım, özü demişdi, evin ümumi görünüşü də bunu sübut edirdi. Pəncərələr nadir hallarda açılırdı, açan da qulluqçu olurdu, ona söykənib bir az küçəyə tamaşa edirdi. Deməli, elə dəhlizdir ki, onun küçəyə baxdığını heç kəs görmür. Yeri gəlmişkən, yuxarıda işləyən qulluqçuları tanımıram, onlar mən qalan otaqda yatmırlar.


Ardı →

Mövlananın rübailəri

Ağlıyla, elmiylə tanınan kəsi
Bir tikə çörəyə etdilər əsir.
Onun biliklərlə dolu başında
İndi cövlan edir mal-mülk həvəsi.

Həm avam, həm dindaram, həm də dinsiz, kafirəm,
Həm uşağam, həm cavan, həm də ağsaqqal pirəm.
Canım bədəndən çıxsa, sanmayın öldüm… Deyin:
«Alıb getdi onu Dostu … elə dirildiyi dəm».

Ya rəbb, özün səbəb sal, məndəki «mən»i bilim,
Məğzimi dərk etməklə barı özümə gəlim.
Varlığımdan qoparaq sənin sirrinə varım,
Yoxsa səndən bixəbər bu canı, «mən»i neylim?!

Eşqə düşməyincə gülürdü üzüm,
Sonra alt-üst oldu gecəm-gündüzüm.
Aşiqlə məşuqu ayrı sanırdım –
Təki iki dənə görürmüş gözüm.


Ardı →

Misilsiz it | Anton Çexov

Orduda xidmətə illərini verən poruçik Dubov sərbəst xidmətə çağırılan Knaps ilə oturub, içki içirdi. Öz iti Milkanı Knapsa nişan verən Dubov dedi:

— Bunun tayı-bərabəri tapılmaz! Mi-sil-siz it-dir bu! Bir onun sifətinə baxın hələ! Təkcə sifəti nəyə desən, dəyər! İtlərdən başı çıxmayan birisi təkcə sifətinə görə buna iki yüz rubl sayar! İnanmırsınız? Onda siz bu məsələlərdən heç nə anlamırsınız…

  — Anlamağına anlayıram ey, ancaq…

  — Bu ki setterdir, həm də safqanlı ingilis setteridir. Duruşu gözəldir, iybilmə hissinə isə… söz ola bilməz! Heç bilirsiniz küçük ikən bu Milkanı neçəyə almışdım mən? Yüz rubla! Dəh-şət it-dir! Çox-bil-miş-dir bu Milka! Ax-maq-dır bu Milka! Haydı, gəl, gəl yanıma… sevimli itim mənim…

Milkanı özünə tərəf çəkən Dubov itin qulaqlarının arasından öpdü. Bu ara gözləri də yaşardı onun.

— Yo-o-ox, səni heç kəsə vermərəm… gözəlim mənim… şeytanım mənim. Sən də məni sevirsən, eləmi, Milka? Sevirsən?.. Haydı, get, oyna! – deyə poruçik səsini yüksəltdi.


Ardı →

Onore de Balzak və Viktor Hüqo

Vida

(M.A.Aldanovun "Ölüm haqqında povest«indən sonuncu səhifə)

17 avqustda Viktor Hüqonun evində nahar və qəbul idi. Məlum oldu ki, Balzak can verir. Baxmayaraq ki, bəzən aralarında gərginlik olurdu, Hüqo „Bəşəri komediya“nın müəllifinə təzim edirdi və o da qarşılıqlı təzim edirdi.

Qonaqlarını tərk edərək, şair Fartune küçəsinə getdi. O qayıtdıqda gördüklərini yazdı. Uzun illər sonra və hətta onun vəfatından da sonra nəşr olunan bu səhifə onun haqqında yazılanların ən mükəmməlidir.

Hüqo heç kəsi günahlandırmırdı. Balzakın öldüyü tənhalığa o hətta eyham belə vurmurdu. Ziyarətçinin tanınmış adı qapıları açdı. Qulluqçu onu can verənin yanına ötürdü.

»Mən Balzakın otağında oldum. Otağın ortasında çarpayı vardı… Balzak başını yastığa qoyub bu çarpayıda uzanmışdı.Yuxarı otaqdakı divandan götürülmüş qırmızı, məxməri yastıqlar vardı. Balzakın üzü bənövşəyi idi, demək olar ki, qara idi, sağa əyilmişdi, qırxılmamışdı, boz saçları qısa kəsilmişdi, gözləri açıq, baxışları hərəkətsiz idi. Mən ona yandan baxdım. O imperatora bənzəyirdi.

Ardı →

Hər kəsin dostu | Stefan Sveyq

Həyatda çox az insanın bacara bildiyi iki çətin iş var: həmcinsləri arasında bir düşmən belə qazanmadan yaşamaq və daxili azadlığı sayəsində Yer kürəsinin ən böyük qüvvəsi  olan pulun hökmündən qurtulmaq.

O özünəməxsus xarakteri olan adamla tanışlığım çox sadə bir şəkildə oldu. O vaxtlarda kiçik bir şəhərdə yaşayırdım və bir gün ilkindi vaxtı itimi gəzdirməyə çıxartmışdım. Birdən-birə it əcayib hallara düşməyə başladı: Dəlicəsinə yerdə yuvarlanır, inildəyib ulayaraq ağaclara sürtünürdü.

Heyvana nə oldu deyə düşünərkən yanımda birinin gəzdiyinin fərqinə vardım: təqribən otuz yaşında, yoxsul qifayəli, yaxasız, şapkasız bir adam idi. Dilənçi zənn edib əlimi cibimə aparacaqdım. Lakin yad adam köhnə bir dostunu görmüş kimi açıq mavi gözlərilə mənə sakit-sakit gülümsədi. İti göstərərək: -“Yazığı bit-birə basıb”, dedi. “Gəl onu çıxaraq.” Təklifsiz, qohummuş kimi mənimlə sənli-mənli danışırdı, lakin o qədər şirin bir baxışı vardı ki, təklifsizliyindən incimədim. Bir oturacağa doğru getdik, yanında oturdum. Kəskin bir fit ilə iti çağırdı.

Qəribə deyilmi, yad insanlardan daima çəkinən Kaspar bu dəvəti yaxşı qarşıladı. Gəlib başını yad insanın dizinə qoydu. O da uzun, həssas barmaqları ilə heyvanın dərisini yoxlamağa başladı. Nəhayət məmnun bir rəftarla, “Ah!..” dedi və bir işə girişdi. Heyvanı necə incitdisə, heyvan bir neçə dəfə inlədi. Amma heç də qaçmağa çalışmadı. Adam onu birdən-birə sərbəst buraxdı. Gülərək və havada bir şeyi göstərərək:


Ardı →

Çıxılmazlıq | Tomas Vulf


Təəccüblüdü, tənhalığın bir dəqiqəsindən də xəbərləri olmayan varlı adamlar tənha həyatın sevinclərinə nə qədər vəcdlə həsəd aparırlar. Nə barədə danışdığımı bilirəm. Demək olar, bütün həyatım boyu tənhaydım, — dünyada məndən tənha adam yox idi – həmin kefikök adamlarla da bir vaxtlar rastlaşmışdım. Onları tənha həyat necə də cəlb eləyir! Axşamlar o adamları şəhərətrafı evlərə daşıyırlar, orda onları səbirsizliklə arvadları-uşaqları gözləyirlər, ya da dəbdəbəli şəhər mənzillərinə aparırlar, ordasa qəşəng arvadı, yaxud məşuqəsi ətirlənmiş, ərköyün bədənlərilə onları sevinc dolu təbəssümlə, mehriban ağuşla gözləyirlər. Sən demə, bütün bunlar da bir ovuc soyuq toz, kül, bir xışma soyuq kömürmüş.

Bəzən onlardan kimsə sizi nahara dəvət eləyir. Sizin ağanız – qırx altı yaşlı keçəltəhər, qırmızıyanaq, kök, amma sifətində azacıq da kobudluq, yaxud hissiyyat əlaməti olmayan məlahətli cənab – bir sözlə, tamamilə zərif milyonçudu. Sifətinin cizgiləri iri olsa da, hissiyyat, ağıl ifadə eləyir, təbəssümüsə gəncliyin bütün əzablarından, narahatlıqlarından, ümidlərindən keçmiş, indi həyatdan nə gözlədiyini bilən adamın təbəssümü, kirpiklərinə yorğunluq toxunmuş, rahatlanmış, amma dərdə boyun əyməmiş insanın təbəssümü kimi qüssəli, istehza çalarlıdı.

Bununla belə, həyat ağamızla o qədər də sərt davranmayıb – onun özünü əhatə elədiyi bahalı, qiymətsiz əşyalar aralıdan, amma açıq-aşkar buna şəhadət verir. O, İst-River yaxınlığındakı evin üst mərtəbəsində yaşayır; mənzil incə zövqlə döşənib – burda Ceykob Epstaynın əsərinin bir neçə başı və fiquru, o cümlədən ev sahibinin portreti var, onu heykəltəraş «iki il əvvəl mən o diyarlarda olanda çəkib», elə burdaca nadir kitabların, ilk nəşrlərin külliyyatı var, siz həmin xəzinəyə baxıb ləzzət alandan sonra ev yiyəsilə çay mənzərəsini seyr eləmək üçün dama çıxırsınız.
Ardı →