Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Badam talaları | Alber Kamyu

“Məni ən çox nəyin heyrətləndirdiyini bilirsiniz? – Napoleon Fontana (Lui de Fontan (1757-1821) – ədəbiyyatçı, İmperiya dövründə universitet rektoru) söyləyirdi. – Gücün heç nəyi yarada bilməməsi. Yer üzündə yalnız iki fateh var – qılınc və ruh. Və hər şeyə rəğmən, ruh həmişə qılınc üzərində qələbə çalır”.

Göründüyü kimi, fatehlər də bəzən ruhdan düşür. Axı necəsə səs-küylü olduğu qədər boş və anlamsız şan-şöhrətin cavabını vermək lazım gəlir. Lakin yüz il öncə qılınc üçün ədalətli sayılanların dövrümüzün tankına heç bir aidiyyatı yoxdur. Fatehlər yetərincə irəliləyib və param-parça edilmiş, ruhun yoxa çıxdığı Avropanın üzərinə uzun illər davam edəcək qaranlıq səssizlik pərdəsi çəkilib.

Flandriya uğrunda gedən rəzil müharibələr zamanı holland rəssamları hələ quşxanalarındakı xoruzların şəklini çəkə bilirdilər. Və Yüzillik müharibə çoxdan unudulsa da, Sileziya mistiklərinin duaları hələ bir çoxlarının qəlbindədir. İndi hər şey dəyişib: rəssam da, monax da səfərbər edilib, dünyamızın rifahına görə hamımız eyni qədər cavabdehik. Ruh nə vaxtsa fatehin etiraf edə biləcəyi əlahəzrət sarsılmazlığını itirib; və o, gücü lənətləyərək özünü xərcləyir, çünki artıq birincisini özünə ram edə bilmir.

Bunun xəstəlik olduğunu deyəcəksiniz. Biz eyni proqnoza iddia edə bilməyəcəyik, lakin bir şeyi dəqiq bilirik – bu, reallıqdır. Nəticə: onunla hesablaşmaq lazımdır. Deyəsən, ən əsası, nəyi istədiyimizi bilməkdir. Bizsə bir şey istəyirik: bir də heç vaxt qılınca boyun əyməmək, bir daha ruha xidmət etməyən gücü qəbul etməmək.

Açığı, qarşımıza qoyduğumuz məqsədin sonu görünmür. Lakin bizim öhdəmizə düşən onun qarşısında aciz qalmamaqdır. İdrakın gücünə sonunadək arxalanmayan birisitək tərəqqiyə və ya Tarixin hansısa fəlsəfəsinə arxayın deyiləm. Əvəzində insanların həmişə öz talelərini daha dərindən dərk etmə istəyinə inanmışam. Biz öz mövcudluğumuzun şərtlərinə sarılmışıq, lakin daha çox ondan baş çıxarırıq. Ziddiyyətlərin bizi didib-dağıtdığını bilirik, amma eyni zamanda bununla hesablaşmamağı və onun yumşalması üçün əlimizdən gələni etmək lazım olduğunu bilirik.


Ardı →

Dönük | Cek London

İlahi, səhər oldu, işimə gedirəm mən;
Əl-qoluma güc-qüvvət, işimə fərəc ver sən.
Əcəlim yetişibsə, budur səndən xahişim:
Bir az aman ver mənə, qoy başa çatsın işim.
Amin!
—Bu saatca dur, Conni, yoxsa yemək vermərəm!
Bu hədə oğlana təsir etmədi. Xəyalpərvər bir adam öz xəyallarından necə möhkəm yapışarsa, o da şirin yuxusundan eləcə yapışıb inadla ayılmaq istəmirdi. Onun əlləri düyünlənib havaya zəif, adda-budda yum- ruqlar vurdu. Bu yumruqları guya anasına vurmaq istəyirdi, amma anası vərdiş etdiyi bir çevikliklə bu zərbələrdən qaçınaraq, onun çiynindən yapışıb möhkəmcə silkələdi.
—Di yaxşı, dəlilik eləmə!
Davamı →

Xəlil Rza Ulutürk

Biz Türkləriz...Vətənimiz başdan-başa yer kürəsi

Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.

 Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü. Yeddi yaşı olanda onu məktəbə göndərdilər.

        İki saylı Salyan rayon orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərinin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin fəal üzvü idi. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdır. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı.

        Onun ilk mətbu şeri 1948 ci ildə“Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur. 1949 cu ildəXəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühüti onun yaradıcılıq imkanlarına geniş yol açdı: Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü”məşğələlərində fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərirdi.


Ardı →

Torpaqdan pay olmaz - Bəxtiyar Vahabzadə

Biz yaxın olmuşuq qədimdən, yaxın. 
O qədər yaxın ki, bizim dağların
Kölgəsi düşübdür sizin dağlara.
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.

Babam baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcardaraq
Dostqludan deyirik o ki var.

Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa tökülməli artıq qanın var?

Mənə üzəvari qardaş deyirsən,
Ancaq altdan-altdan iynələnirsən.
Əyyami-qədimdən sadədiləm mən,
Baş aça bilmədim hiylələrindən.


Ardı →

YAĞIŞ YAĞARKƏN - MİKAYIL MÜŞVİQ

Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına fırıl-fırıl.
Çaxnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baxın, qaldırımlar.
Dönmələrdə durana bax, qaçana bax!

Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq.
Ayağını şappıldadır oxuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi xali deyil səksəkidən,
Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.
Ey gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şux, çaqraq zamanıdır,

Yağ, yağışım, yağ, sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki, kölgəli bir yar saçısan,
Bağrı yanıq səhraların əlacısan.

Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Zümzümənlə şirin-şirin dillən, yağış,
Küçələrdə uşaq kimi vellən, yağış!
Bunlar keçər, çarpın səma köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!

Yağ ey yağış, fikrim kimi, hissim kimi,
Uzaq, yaxın çöllərə yağ,
Ölkələrə, ellərə yağ!
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.


Davamı →

Su pərisi | Margo Pfeiff

Atasının ölümündən sonra qızı ovutmaq mümkün deyildi. Heç nə dərdinə çarə olmurdu, ta ki…

Ronda Cill dörd yaşlı qızının sözlərini eşidəndə heyrətindən donub qaldı. 1993-cü ilin oktyabr sabahında Deziri qonaq otağında sakitcə ağlayırdı. Ronda ayaqlarının ucunda qapıya yaxınlaşdı. Qarasaçlı balaca qızcığaz doqquz ay bundan əvvəl ölmüş atasının şəklini qucaqlamışdı. İyirmi dörd yaşlı Ronda Dezirinin barmaqları ilə atasının şəklini oxşadığını gördü. «Atacan”, –  o, astaca dedi, – „axı niyə qayıtmırsan?”
Ardı →

Şeir nədir?

Şeir nədir?- Bu suala elmdə saysız – hesabsız cavablar verilmişdir. Şeir sözünün lüğəti mənası- bilik, bilmə, başa düşmə, dərketmə, anlama, duyma duyğu, hiss, hiss etmə deməkdir. Terminoloji mənası– vəznli və qafiyəli, söz poeziya, vəznli və qafiyəli, mənaca incə xəyallar və təsəvvürlər daşıyan söz.

Şərq ədəbiyyatında şeir sözü uzun müddət nəzm sözü ilə sinonim kimi qəbul edilib işlənmişdir. Sonralar bu iki tetminin ayrı-ayrılıqda mənaları dəqiqləşmiş, vəznli və qafiyəli, lakin bədii cəhətdən zəif əsərlərə nəzm, sənətkarlıqla yazılmış vəznli və qafiyəli əsərlərə isə şeir deyilmişdir. Hətta son dövrlərdə gözəl, ahəngdar nəsri də mənsur şeir adlandırmışlar.

Ümumi mənada şeir sözü təbiət və cəmiyyətdə olan şeylərin ən gözəllərini və onların gözəlliklərini bildirən bir söz kimi işlənir. Həqiqi şeir insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən gözəlidir. Şeirdə həm musiqinin ahəngi, ritmi, həm rəsmin rəngarəng daxili cazibəsi həm heykəltaraşlağın füsunkar hüsnü vardır.

R.Taqor deyir ki, “Şeirin saflığı qəlbin odu ilə yoxlanılır”. Ərəb filoloqları isə çox zaman şeirdə hər şeydən əvvəl vəzn və qafiyə axtarırlar. Belə dar və formal tələb təsiredici əsərlərin şeir adlandırılımasını aradan qaldırır, digər tərəfdən şeir ilə adi nəzmi birləşdirir, yəni şerin şeiriyyətini, ruhunu, məzmun və ideya cəhətini hesaba almır.


Ardı →

"MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN HAQQ BAĞIRAN SƏSİYƏM" - Əhməd Cavad

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.

Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunmuşdur. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.

Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O,klassik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.


Ardı →

Şeytanın hiyləsi | Lev Tolstoy

Yoxsul kəndli səhər tezdən kotan sürməyə gedirdi, səhər yeməyini yemədiyi üçün özü ilə bir parça çörək aparmışdı. Tarlaya çatanda torbasını endirib bir yerə qoydu. Çörəyi də onun yanına qoyub dəsmalla üzərini örtdü. Bir az kotan sürdü. At yorulub, kəndli də acanda kotanı dayandırdı. Rahat otlasın deyə heyvanı da açıb buraxdı. Yemək yesin deyə də bayaq torbasını qoyduğu yerə getdi. Ancaq dəsmalı qaldıranda gördü ki, çörək yoxdu. Bir xeyli axtardı. Dəsmalı silkələdi, amma çörəyi tapmadı. “Qəribədir!” dedi öz özünə. “Ətrafda da heç kimi görmədim, amma kimsə gəlib çörəyi götürüb yəqin” deyə düşündü.

Bu işi görən balaca şeytan idi. Çörəyi alıb bir ağacın altında oturdu, kəndlinin əsəbləşib və bunun adını anıb necə təhqir edəcəyini gözləyirdi.

Kəndli biraz düşündükdən sonra: “Nə edək?.. Acından ölməyəcəm ki? Götürənin ehtiyacı olmasa götürməzdi. Nuş olsun” – dedi.

Sonra quyunun başına gedib su içdi. Biraz istirahət etdi. Heyvanını yenə kotana qoşub torpağı şumlamağa başladı.

Balaca şeytan kəndlini günaha sala bilmədiyi üçün təəccüblənmişdi. Olanları böyük şeytana danışmağa getdi. Kəndlinin çörəyi necə oğurladığını, kəndinin təhqir etməli olduğu halda “nuş olsun” deməyini danışdı. Böyük şeytan isə buna çox əsəbləşdi.


Ardı →

JİDDU KRİŞNAMURTİ-“İLK VƏ SON AZADLIQ”

Jiddu Krişnamurti ( 1895-1986), Hindistan əsilli məşhur filosof, natiq və yazıçıdır. 14 yaşında, “Teosophical Society” tərəfindən “dünya müəllimi “seçilmişdir. Həyatını, bütün dünyanı dolaşaraq, insanlarla həyata və dünyaya dair söhbətlər edərək keçirmiş, lakin onları hansısa bir dinə çəkməmişdir. Dünya üzərindəki milyonlarla insan, fərqindəliyin işığını yaymağa çalışan bu insandan çox şey öyrənmişdir. “İlk və son azadlıq” kitabında, Jiddu Krişnamurtinin  müxtəlif  mövzular barədə fikirləri ilə tanış ola bilərsiniz.

KİTABDAN SEÇMƏLƏR: 

Sevgi haqqında”
Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqaclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi?


Ardı →