Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Virciniya Vulf - Ədəbiyyatda feminist inqilabı edən qadın

Feminizm və ədəbiyyatda fikir axını texnikası deyiləndə ağla ilk gələnlərdən biri Virciniya Vulf olur.
25 yanvar 1882-ci ildə Londonda dünyaya gələn yazıçı daha çox “Özünə aid bir otaq”, “Mayaka doğru”, “Dalğalar”, “Missis Dallouey” əsərləri ilə tanınır.

Adi bir fikirlə başlayıb bir neçə dəqiqə sonra insanı tamamilə başqa mövzuda düşündürməyə başlayan fdüşüncə zənciri – fikir axını Vircinya Vulfun əsərlərində istifadə etdiyi əsas texnika idi. Məh bu vasitə ilə o, yaratdığı obrazların daxili monoloqlarını bütün çılpaqlığı ilə oxucuya çatdıra bilirdi. Bununla da yazıçı qaydalardan və qəliblərdən kənara çıxıb ədəbiyyatda modernist hərəkatın əsas nümayəndələrindən oldu.
Davamı →

Tomas Vulf ədəbiyyat haqqında

Ədəbiyyat, istəsək də, istəməsək də, həyata münasibətdə tənqidi mövqe tutur. Bu, birbaşa, ya da dolayısıyladır və daha çox dramlara aiddir. Əsl ədəbiyyat istəyiriksə, bu zaman sənətkarın istedadı heç bir məhdudiyyət tanımamalıdır. Onu, “qıcıqlandırıcı məsələ” olduğuna görə irqi mövzuda pyeslər yazmaqdan çəkindirmək olmaz. Bununla hesablaşmaq istəmiriksə, onda hələ sənət səviyyəsinə qalxmamışıq, həqiqi ədəbiyyata da layiq deyilik. 

Köhnə formalardan, köhnə dildən yoruldum. Son üç gündə yetərincə sadə bir şey üzərində düşünürəm – biz daha dərinə getməliyik, dili özünün ilkin, çılpaq şəklində axtarmalıyıq – Konrad da, Coys da buna bəzən nail olur. Bu dil nisbətən sadədir, amma heyrətamiz təəssürat oyadır. Nəsrin binasını daş-daş ucaltmaq lazımdır. 
Davamı →

Hər şey kasıb olduğumuza görədir | Xuan Rulfo

Çox pis yaşayırıq, bundan betəri ola bilməz. Keçən həftə Xasinta xala öldü, şənbə günü isə — onu dəfn edəndən sonra hələ özümüzə gələ bilməmişdik — yağış başladı. Leysan yağış. Atam saçını yolurdu, çünki bütün arpamızı dal həyətdə qurumağa sərmişdik. Leysan qəfil başladı, arpanı yığışdıra bilmədik, bircə dən də götürə bilmədik. Gücümüz ancaq talvarın altına girib, göydən tökülən soyuq suyun bütün arpanı necə məhv elədiyinə baxmağa çatdı.

Üstəlik, dünən bacım Taçanın on iki yaşı tamam oldu, atam ona inək bağışladı, sonra bizə dedilər ki, atamın bacıma bağışladığı inəyi sel aparıb.

Çayın suyu üç gün bundan qabaq, alatoranlıqdan artmağa başlamışdı. Mən evdə yatmışdım, birdən uğultuya oyandım, əvvəl-əvvəl elə bildim dam üstümə uçur, adyalımı da qucaqlayıb bayıra qaçdım. Sonra başa düşdüm ki, bu, çayın səsiymiş, təzədən uzanıb yatdım.
Davamı →

Dahi... | Robert Valzer

Şaxtalı qış axşamlarından birində dahi Vensel tül kimi nazik, nazikdən də nazik paltarda, küçənin ortasında dayanıb, yoldan keçənlərdən yardım istəyirdi. Yoldan keçən kişilər, qadınlar fikirləşirdi ki, ilahi, o axı dahidir, amma bunu özünə rəva görür. Dahilər başqa ölümlülər kimi hələm-hələm xəstələnmir. Vensel gecəni kral sarayının qabağında keçirdi və gördüyünüz kimi, donmadı. Dahilər asanlıqla donmur, lap daha çox soyuq olsa da.

Səhər elə əynindəki köhnə-kürüşlə gənc və gözəl kral qızının hüzuruna getdi. Onun yazıq görkəmi vardı, qulluqçular yoldan çəkilib bir-birinə pıçıldadı: dahidi, uşaqlar, bu, dahidi. Venselin gəldiyini şahzadəyə xəbər verdilər və əyləncə xatirinə onu içəri buraxdılar. Vensel şahzadəyə təzim etmədi, bilirsiniz, o bunu özünə yaraşdırmadı.

Davamı →

Teodor Amadey Hofman

Alman yazıçısı, bəstəkar və rəssam Teodor Amadey Hofman romantik ədəbiyyatın ən parlaq və ziddiyyətli nümayəndələrindən biridir. Sənət tarixində o, rəssam, bəstəkar, misilsiz satirik, gülüş usatsı, gözəl olduğu qədər əcaib, çılğın xülyalarla dolu nağıl və novellalar müəllifidir. 

Hofman 24 yanvar 1776 –cı ildə Köniqsberq şəhərində kral advokatının ailəsində anadan olmuşdur. Onun ata –anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır.

Onun musiqi və rəssamlığa həvəsi erkən yaşlarında, ədəbiyyata olan meyli isə yetkinlik yaşlarında aşkar olunmuşdur.
Davamı →

Cavab verməklə düşünməyin fərqi | Əli Nesin

Bu gün qəribə, ibrətamiz təcrübə yaşadım. Bunu sizə danışmaq istəyirəm, hətta, mütləq danışmalıyam.
Bir orta məktəbin şagirdləri gəldi kəndə (Söhbət Əli Nesinin yaratdığı “Riyaziyyat Kəndi”ndən gedir — red.). Beşinci sinifdən səkkizinci sinifədək, 40-50 şagird idi. İlk sualıma hər kəs o dəqiqə doğru cavab verdi. Elə məqsəd də bu idi — dərsə həvəslə başlasınlar deyə.

İkinci sualı verdim. Əlbəttə, bir az çətin idi. Ohoo… Hər ağızdan bir səs, əllər havada uçuşur, cavablar havada toqquşur. Birindən başqa da hamısı səhv. 

Baxdım ki, cavab verməyə çox tələsirlər, heç düşünmürlər. «Sizə 5 dəqiqə möhlət verirəm, dedim, — 5 dəqiqə də düşünün, sonra cavab verin. Vaxt bitməyincə kimsə əl qaldırmasın». 

Razı salmaq asan olmadı. Bəziləri cavab vermək istədi, qoymadım, «düşünün», dedim, — «bir az da düşünün». Beş dəqiqə sonra cavabları aldım. İki nəfər doğru tapmışdı, digərləri yenə də səhv idi.
Davamı →

Gözəllik əsiri: Oskar Uayld

XX əsrin sonlarından başlayaraq dünya ədəbiyyatında ən görkəmli şəxslərdən birinə çevrilən irland əsilli ingilis yazıçı Oskar Uayld (1854-1900) haqqında indinin özündə də təkcə elmi araşdırmalar deyil, romanlar, monoqrafiyalar yazılır, televerilişlər hazırlanır, dillər əzbəri olmuş aforizmlərindən həm ciddi, həm də zarafatla siatatlar gətirilir. Pyesləri hələ də dünya teatrlarında səhnəyə qoyulmaqdadır. Oxucularına məxsusi estetik zövq aşılayan Uayld dövrünün problemlərini incə nüanslar, yumor və sarkazmla işıqlandırır, cəmiyyətin dəyərlərinə, prinsiplərinə qarşı meydan oxuyurdu.

İngiltərə öz şairini əxlaqsızlıqda günahlandırıb, ondan “üz döndərmişdi”. Lakin tale elə gətirdi ki, bir əsrdən sonra adı İngiltərənin ən tanınmış və dahi yazıçılarının qəbri yerləşən Vestminister abbatlığında “Şairlər məskəni”ndə əksini tapdı. Dünya və ingilis ədəbiyyatına, mədəniyyətinə misilsiz töhfələr verən Uayld elit cəmiyyətlərin yaddaşında pərəstiş abidəsi kimi qalıb. Milyonlarla oxucu ingilis ədəbiyyatının nümayəndələrini sadalayarkən Şeksprin, Dikkensin adı ilə bərabər Oskar Uayldın da adını çəkirlər. Bu isə təkcə ədəbi fakt deyil, həm də sosial mədəniyyətə öz təsirini göstərmiş fenomendir.
Davamı →

Cəfər Cabbarlı Cəlil Məmmədquluzadəni tənqid edir

Əfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə qalıb gəlmək istəyirlər. Müddəi çox vaxt həqiqət və ədalətlə belə hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə edərkən bütün fəna hərəkətlərini bilərək yaxşıhğa yozmağa, cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki, heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş İskəndərin əsl siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə vətəndaşlardan gözlər, ümid və arzu edəriz.

Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcudur. Alman bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun vardır. Təsir əks təsirə müsavidir. Bu qanun dediyiniz məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir.
Davamı →

Əbül-Üla Gəncəvinin Xaqanidən şikayəti

Əbül-Üla Gəncəvinin 55 yaşı olanda o saray himayəsindən məhrum qalmışdı və öz bəxtindən şikayət edərək yazırdı:

Mənim qəlbim su və alov kimi incə və güclü ikən
Nə üçün mən hər yaramazın qarşısında torpaq və yel kimi alçalıram.

...Bu bitməz ömrümdə müasirlərimdən
Bir nəfər tapmadım ki, onda həqiqət və vəfa olsun.

Bu şikayətlər tamamilə əsaslı idi, çünki şairə qorxunc zərbə endirənlərdən biri də onun ən yaxın şagirdi, saray qəsidəsinin böyük ustadı Əfzələddin Xaqani idi. Əbül-Ülanın təcrübəli gözləri Xaqanini çox tez seçmişdi. Onun nəzarəti altında bitirdiyi məktəb, Xaqanini tez bir zamanda sarayın mədh və tərif ustalarının ilk sırasına çəkmişdi. Ədəbi dilin bütün zənginliyini mənimsəməsi və yeni, lakin çox vaxt son dərəcə cürətli, bəzənsə yersiz, təşbeh və obrazlar yaratmaq cəsarəti Xaqanini saray şairləri üçün qorxunc bir rəqib etmişdi. Əbül-Üla texnika sahəsində onun üstünlüyünü bilə-bilə yenə də öz şagirdini saraya gətirmişdi. Xaqani dərhal gözə çarpmış, həm Məniçöhrün, həm də onun oğlu Axistanın yüksək iltifatına nail olmuşdu.
Davamı →

Vladimir Nabokov Dostoyevski haqqında

Belinski “Qoqola məktub”unda (1847) yazırdı: “…Diqqət etmisinizmi ki, Rusiya xilasını mistisizmdə, asketizmdə, pietizmdə yox, sivilizasiyanın, maarifçiliyin və humanizmin uğurlarında görür. Ona nəsihət (kifayət qədər qulaq asıb!), dualar (kifayət qədər təkrarlayıb!) yox, əsrlərlə palçıq və peyin içində itib-batmış insani ləyaqət hissinin oyanması – kilsə təliminə yox, ağla və ədalətə uyğun qanun və qaydalar, həmçinin onların qəti yerinə yetirilməsi imkanı lazımdır.

Lakin Rusiya insanın insanı satdığı qorxunc bir ölkəyə bənzəyir; amerikan plantatorları kimi, zəncilərin insan olmadığını iddia edərək hiyləgər bəhanələr arxasına da sığına bilməz. Bu ölkə insanların bir-birini adlarla yox, ləqəblərlə çağırdığı (Vanka, Vaska, Steşka, Palaşka), nəinki şəxsiyyət, ləyaqət və mülkiyyət üçün, hətta polis nizamı üçün belə heç bir zəmanətin olmadığı, yalnız müxtəlif xidməti quldurların və oğruların yaratdığı nəhəng korporasiyaların mövcud olduğu dəhşətli bir yeri təmsil edir.
Davamı →