Göyərti ruleti

Xəmir üçün:
– 1 yumurta
– yarım ç.q maya
– 3 st. un
– 1 ç.q. duz
– 2 x.q mayonez
– təxminən 1 st. su

İçlik üçün:
– 1 dəstə turşəng ( və ya əvəzinə 2 x.q. zirinc )
– 2 dəstə şomu ( ispanaq ), 2 dəstə keşniş, 2 dəstə şüyüd
– 1 dəstə göy soğan
– 80 qr kərə yağı ( ərinmiş).

Hazırlanması:
Əvvəlcə içliyi hazırlayırıq. Göyərtilər təmiz yuyulub quruduqdan sonra xırda-xırda doğrayın. Az yağda bir az pörtlədib duz, istiot və zirinci vurub qarışdırın. Xəmir üçün bir qabda un, yumurta, mayonez, duz və mayanı qarışdırın. Məndə instant maya, yəni özü aktivləşən maya olduğu üçün birbaşa qatıram. Sizdə quru mayadırsa bir az ilıq suda açıb əlavə edin. İlıq suyu az-az xəmirə əlavə edərək yoğurun.

Mayalanmağını gözləmədən xəmiri 3 kündəyə bölün. Hər kündəni nazik yayın. Yaydığınız xəmirin üzərinə fırça ilə ərinmiş kərə yağı çəkin və içlikdən bir qat hər tərəfinə yayın. 3 qatı üst-üstə eyni qayda ilə edib, sonda rulet kimi bükün və kənarlarını bağlayın.

Sinini yağlayıb ruleti qoyun, üzərinə yumurta çəkib küncüt səpin,ruleti bir neçə yerdən çəngəl ilə deşin. Sobada 180 dərəcədə 30-40 dəqiqə, üzəri qızarana qədər bişirin. Süfrəyə isti və ya soyuq halda verə bilərsiz. Nuş olsun!

Hazırladı: Müjgan Həsənli
«Züleyxa» jurnalı
 

0 şərh