Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Ayaqlarım üşüyürdü | Aytən Cavanşir

Ondan yalnız xoşum gəlmirdi, onu ilahiləşdirmişdim… Hər axşam evə gəlir, köhnə kitablarla dolu havasız, dar otağıma girir, divarın o tayından onun qoyduğu mahnıları eşidərək ilhamlanıb musiqilərimi bəstələməyə başlayırdım. Mən Elisanın musiqisi, milyonlar isə mənim musiqilərimin sədaları altında rahatlıq tapırdı. Bəlkə, hətta kimlərsə mənim bəstələrimdən ilham alaraq şeirlər yazır, xəyallara dalır və yaxud qətl planını hazırlayırdı...

Bir anlıq təsəvvür edəndə ki, Elisa qonşuluğumuzdan köçə bilər, dəli olurdum. Bu fikri ağlımın ucundan belə keçirə bilməzdim. Saat neçədə evə gəldiyini də öyrənmişdim. Odur ki, harda oluramsa-olum, özümü həmin vaxta çatdırırdım. Təki onunla liftə eyni vaxtda daxil ola bilim və heç olmasa, yarım dəqiqə də olsa, onunla ünsiyyətdə olub, bahalı ətrini hiss edim, qoxulayım. Hər dəfə onu görəndə qəribə həyəcan hissi yaşayırdım. Həyəcan, qorxu və… ümidsizlik. Elisa nə vaxtsa mənə məxsus ola bilərdimi? Məncə, yox...

Liftin qarşısında onu görər-görməz mənsiz minməsin deyə təngnəfəs ona sarı qaçırdım. Görəsən, Elisa anlamışdı ki, ondan xoşum gəlir? Elə səfeh görünürdüm ki… Xüsusən də, onu görərkən otuz iki dişimi ağardıb: “O siz də buradasınız?” kəlmələrini işlədərkən. Bilmirəm, məni səfeh hesab edirdi ya yox, ancaq biz artıq tanış olmuşduq. Artıq mənim yaxınlaşdığımı görüb gülümsəyirdi. İlahi, onun təbəssümü necə də gözəl idi! Mən bu təbəssümə görə bütün dünyanın altını üstünə çevirməyə hazır idim. Di gəl, o bunu istəyərdimi? Məncə, yox…


Ardı →

İsgəndəri dinləmədilər, çünki kefli idilər

Ölülər mühitinə qarışırkən onlar heç nə itirmirlər. Çünki itiriləsi bir şey yoxdur. Yeni şapka – köhnə papaqlar üçün elə bir təhlükə deyil. Başına nə qoyursan, qoy. Təki diri olma. Təki hamı kimi ol. Fərqlənmə.

Şeyx Nəsrullah əsarəti

İsgəndər təkdir. Çünki diridir. Ölülər arasında.

I. Şeyx Nəsrullahın peyda olması
Şeyx Nəsrullah dünyaya erkən gəlmişdir. Cəlil Məmmədquluzadənin klassik “Ölülər”indən çox əvvəl. Onu insanın özünə yox, möcüzələrə inamı yaratmışdır. Adilərin, “balacaların” qeyri-adi, ilahi qüvvələrə inamı. “Taleyin öz əlində deyil, fözqəlbəşər qüvvənin əlindədir” –kəlamı.

“Sən adi həyata məhkumsan, düşüncənin keçilməz sərhədi var. Bütün arzuların, niyyətlərin həmin sərhəddə qurtarır. Onun arxasında isə sirli, möcüzəli alım başlayır. Bu aləmdə hər şey mümkündür. Ölü diriltmək belə”.

İki aləm. İnsanların özləri və təsəvvürlərində, təxəyyüllərində bəslədikləri sonsuz qüdrət!

İnsanın özünə inamı itdiyi zaman yaranan inam. İki ölçü.
Məmmədhəsənlərin, Novruzəlilərin bəsit fəaliyyəti və Şeyx Nəsrullahların möcüzələri. Birinci alımdə insan öz ulağını qorumağa acizdir, ikincisində ölü dirildirlər.
Ardı →

Füzuli haqqında düşüncələrim

Şərqin böyük və həssas şairi Füzuli İslam mədəniyyətinin beşiyi olan Bağdadda yaşamışdır. Fitrətən şair olan Füzuli zamanında məşhur elmləri böyük maraq ilə öyrənərək həm alim, həm şair olmuşdur. Lap gənc ikən şairlikdə şöhrət tapmış ilk şeiri ustadı Rəhmətullah Əfəndinin qızına təqdim etmək üzrə yazmış olduğu:

“Pərişan halın oldum, sormadın hali pərişanım” mənzuməsidir.

Məhəhmməd Füzuli qovğalı və yoxsul əsrdə vücuda gələn bütün vəqə və hadisələrə qismən şahid olmuş,onu bütün ruhi ilə, qəlbi ilə yaşamış və o acı və sıxıcı təsirlərlə öz sənət abidəsini tikmişdir. O həyatın acı həqiqətlərindən, hissin rəqiq şəfəqlərindən yüksəlmiş elə canlı bir abidədəir ki, 4 əsrdən bəri yaşayır və yaşayacaq. Onu yaşadan mühitini həqiqi və doğru olaraq göstərə bilməsi və onu həyati hisslərlə tərənnüm edə bilməsidir.

Pərişanlığa, fəqr və yoxsulluğa olan meyli, cəmiyyətdən uzaqlaşmaq fikri o qaba mühitin onun mənəvi qüvvələri və fitri istedadı üzərinə vurduğu damğanın təsiridir. Yoxsa Füzuli əsasən nə bədbin, nə də həyat və cəmiyyətə qarşı yabancı qalmaq istəyən şəxsiyyətdir.

O mühitinə deyil, mühiti ona yabancı qalmışdır. Əsrinin yeganəsi olan Füzulini o şaşqın,əsəbi və düşkün mühit təqdir etməmiş və etməzdi də. Ölüm üzlü əsrin boğucu ehtiyac və zərurəti qarşısında o dəxi hər adi şair kimi sultan Süleyman Qanuninin Bağdada daxil olduğu zaman onun ətrafında bulunan paşalara və daha sonralar onların vasitəsilə Sultan Süleymana qəsidələr təqdim etmişdi. Nə yapsın!
Ardı →

Taksi və vaxt / ANAR

 Küçənin tinində dayanmışdıq. İstiydi. O, maşın gözləyirdi. Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim. Maşınlar bir–bir ötürdü. Hər dəfə evin yanından maşın burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama–dama naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar içində. Mən ağrıyla. Maşınlar bir–bir ötürdülər. Taksilər gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı. Mən tərəddüd içindəydim: deyim, deməyim? O, bu gün başqa şəhərə gedirdi. Qatar bir saatdan sonra hərəkət edəcəkdi. Onu ötürmək istədim. Razı olmadı. Yalnız küçəyə, taksiyə qədər ötürməyə icazə verdi. Bəlkə elə belə yaxşıdır. Bilmirəm birmi, beşmi, onmu dəqiqə sonra döngədən sıçrayacaq, dama–dama naxışlı, qabağı yaşıl işıqlı bir taksi onu məndən aparacaqdı. Hələ vaxt vardı. Evin tinindən sıçrayacaq – yaşıl işığını qara görəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon altında xəbərsiz, biganə, başqa həvəslə, özgə intizarla çırpınan ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi? Yaşıl işıqlı bir taksi döngəni buruldu. Əlimizi qaldırdıq. Saxlamadı. Görünür, qoca dindar anam dualarının hansındasa bu sürücünü yad etmişdir. Deyimmi? Etirafım bomba partlayışı təsirini buraxacaqdı. Əlbəttə, təşbeh çeynənmişdir. Bütün hisslərim çeynənəndə təşbeh haqqında düşünməyə dəyərmi? Deyimmi? Cavab əvvəlcədən məlumdur. İki, bəlkə üç, bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olaçağına, donub qalacağına ayırıram. Bəs altıncı dəqiqə? Qəzəb? İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə ağır bir təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq, incidəcək, kədərləndirəcək bir cavab. Amma məni bu qorxutmurdu. Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ənçoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi. Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hisshəyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı. Bəs birdən… Birdən… Bəlkə bu beş dəqiqəlik heyrətdən sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: 

–Mən sənsiz hara gedə bilərəm, – deyəcək,

– Ayrılıqda da yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi. Bəs onda? Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə rəngli gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü. Bəs sonra? Sonra xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Axırda da ölüm hər şeyi qaralayacaqdı. Mənim 20 yaşım vardı və mən belə düşünürdüm. Mənə elə gəlirdi ki, insana səadət verilməmişdir; ona yalnız səadət arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq gümanında yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. Səadətə çatdığın an o öz təravətini, ətrini, gözəlliyini, cazibəsini itirir. Səadət üfüq kimidir: görünən və çatılmaz, yaxınlaşdıqca uzaqlaşan. Ya da bəlkə səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, gələcək həsrətində yaşamaq və nəyisə hey gözləmək,gözləmək, gözləməkdir. Eh! İndi ki, belədir, onda qoy dama-dama naxışlı, qabağı yaşıl işıqlı taksi tez gəlsin. Deyilməmiş sözlərin yarası həmişə qəlbimizdə qövr eləsin.

 


Ardı →

Əli bəy Hüseynzadə və həcv

Yəqin ki, Əli bəyin yaradıcılığına, əsərlərinin mündəricə və əhatə dairəsinə bələd olanlar bu sərlövhəni görəndə ilk növbədə təəccüblənəcəklər.
Eyni şəkildə, deyək ki, incə ruh şairi kimi tanınan Hüseyn Cavidin də həcv yazması, yaza bilməsi bizə o qədər qəribə görünür.
Lakin heç bir yanlışlıq yoxdur. Söhbət həqiqətən də Əli bəyin qələmə aldığı, həm də ilk poetik yaradıcılıq nümunələrindən biri olan həcvdən gedir.
Həcv obyekti onun hərbi həkim – dermatoloq ixtisasına yiyələndiyi İstanbul Hərbi Tibb Akademiyası – Əsgəri Tibbiyyədir.

Əsərin meydana çıxmasının öz tarixçəsi var. Məsələyə aydınlıq gətirmək üçün bir qədər uzaqdan başlamaq lazım gələcək.

Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 1906-cı il 18, 22, 23, 25 avqust tarixli saylarında dərc etdirdiyi “Nümunə məktəbi” adlı avtobioqrafik məqaləsində Tiflis klassik gimnaziyasını bitirdikdən sonra peşə seçimi və ali təhsillə bağlı ciddi suallar qarşısında qalmasından söz açaraq yazırdı: “Gimnaziyada ikmali-təhsildən sonra bənim üçün bir yerinə iki məsələ hasil oldu. Həm gələcəkdə təmini-məişət edəcək bir məslək, bir sənət sahibi olmalı idim. Həm də bu sənəti öylə bir yerdə, öylə bir darülfünunda öyrənməli idim ki, müsəlmancam da yaddan çıxmayıb mümkün isə ülum və əlsinə və tarixi-İslamı mütaliədə davam və səbat edib bu xüsusda tərəqqiyə qabil olum. Sənət və məsləklərdən intixabım təbabətdə qaldı. Lakin ülumi-tibbiyyəni təhsil üçün Rusiyanın hansı darülfünun olan şəhərinə getsəm, ülumi-islamiyyə və əlsineyi-şərqiyyədən (Şərq dillərindən – V.Q.) tamamən binəsib və bibəhrə qalacağım mühəqqəq idi”.
Ardı →

Külək adam | Orxan Fikrətoğlu

Suda qalmaqdan çürüyüb, kəndir rənginə çalan çirkli saçlarının kəpəyi hərbi gödəkcəsinin yaxalığına tökülən bu adamı şəhərdə tez-tez görürəm. Uşaqlar onun İsti gözlərindən siqaret alışdırır. Baxışı da yerişi qədər tələskəndir. Harda yaşadığını, nə işlə məşğul olduğunu heç kəs bilmir. Bəziləri onu küçədə yaşayan sərsəri, bəziləri ağıldankəm sayır. Onun yemək yediyini, kimdənsə çörək pulu istədiyini də görməmişəm. Heç vaxt bir yerdə oturub dincəlmir də. Geyimi köhnə olsa da ütülü və həmişə bir az nəm olur. Başının üstündə halə var. Kölgəsi də işıqlıdır, qara deyil. Bir dəfə onu Göy qurşağının üstündə oturan zaman da görən olub.

Bəziləri deyir ki, bu qəribə adamın evi yoxdur, o hər səhər külək kimi birdən-birə, dənizdə yaranır. O, bu dünyanın adamı deyil. Hardan gəldiyini isə görən olmayıb. Baxışı da fərqlidir, Yerişi də. Görürsən birdən-birə getdiyi yerdə durdu, bir boş, baxılmaz yerə və ya heç kəsin görmədiyi bir adama diqqətlə baxmağa başladı. Qəribəsi budur ki, Həmin O mənasız yer, o adi adam bu baxışdan sonra birdən-birə tamam başqa ağırlıqda görünməyə başlayır. İnsan o baxılana tamam başqa gözlə, elə bil təzədən baxır. O, baxışıyla olmayanı oldurur. Mənası olmayanı mənalandırır. Sonra yenə heç nə olmayıbmış kimi, tələsə-tələsə çıxıb harasa gedir.
Ardı →

Anasına qulaq assaydı Molla Ömər olacaqdı

Omər Faiq Nemanzadə1877-78-ci illərdə Rusiya ilə Osmanlı arasında növbəti mübaribə baş verdi. Müharibə başlananda Axalsix uyezdinin Azqur kənd sakini Ömər Faiqin cəmi 5 yaşı vardı. Bu müharibəyə gedən rus qoşunlarına baxmaq üçün məktəbdən qaçan Ömər falaqqa qorxusu ilə bir daha məktəbə getmədi.

Molla məktəbindəki əzbərçilik, cəhalət onu sıxırdı, rus məktəbindəki uşaqlar kimi mahnı oxumaq, həyət bağçasında oynamaq istəyirdi 6 yaşlı Ömər. Rus məktəbinə meyllənmişdi. 
Anası qarşısında, atası yanındaydı.“Orda nə oxudurlar, Quran yox, dua” yox deyirdi. Oğlunun könlünü konfet, armud qaxı ilə almaq istəyirdi.

Səhər evdən çıxanda çox düşüncəliydi, hansı məktəbə gedəcəyini qərarlaşdıra bilmirdi. Bir tərəfdə rus məktəbinin sərbəstliyi, bir tərəfdən də anasının hədiyyələri...
“Anamın dadlı yeməklərini düşündükcə məndə köhnəyə qarşı meyl artırdı”.

 Axırda molla məktəbinə getdi, lakin çox oturmadı. Bədəninin istəyini yox ruhunun tələbatını düşünürdü. Rus məktəbinə yazıldı. 


Ardı →

Səməd Vurğun “Azərbaycan” şeirində nələri gizlədib?

Səməd Vurgun“Mən ona görə dahiyəm ki, özümdən öncəki dahilərin çiyinlərində dayanmışam” – bu sözləri dahi ingilis fiziki İsaak Nyuton deyib. Həqiqətən də, bu deyimdə böyük bir hikmət payı vardır.
Millətin millət kimi formalaşmasında onun sayının azlığının, ya çoxluğunun fərqi yoxdur, yəni daha doğrusu, bu prinsipdə kütlə amili heç bir əhəmiyyət kəsb etmir. Hər bir xalqı dünyada tanıdan onun şəxsiyyətləri, onun dahiləridir. Yəni xalq üçün doğulan, lakin bəşəriyyət üçün yaşayan, iz buraxan dühalar xalqı tanıdıb.

Maddi-mədəniyyət nümunəsi, folkloru zəngin olan xalq özünün möhtəşəm varlığı üzərində ədəbi və bədii ədəbiyyatını yaradıb. Bu ədəbiyyat nümunələri dövrün fəlsəfəsinə, yaşam tərzinə uyğun olaraq, sanki, böyük bir zəncir halqaları kimi bir-birinə keçərək gələcəyə doğru uzanıb. Əgər bu halqalardan hər hansı birini öz dövrünün epoxasından ayırıb, ona ya özündən əvvəlki, yaxud da özündən sonrakı dövrün siyasi və sosial tələbləri müstəvisindən baxılsa, bu mükəmməl bağlılıq darmadağın olar.
Ardı →

Sənətkar şəxsiyyəti

Huseyn CavidHüseyn Cavid: «Həqiqət istərəm, yalnız həqiqət!»

Hüseyn Cavidin bir sənətkar və insan kimi həyat, habelə zəngin yaradıcılıq yolu olduqca mürəkkəb, ziddiyyətli dövrə təsadüf edib. İlk növbədə iki yerə parçalanmış Azərbaycanın taleyinə «Vətən, Vətən deyərək hər diyarə səs salaram» qeyrəti ilə yaşayan şair yazmışdı:

Dərd aldı sağımı, ölüm solumu
Namərd Araz kəsdi mənim yolumu.

Qədim Odlar Yurdunun «istibdad zülməti» və onun insanlarının hüquqlarının bərbad hala salındığını, ölkənin qəflət adlı «qanlı kəfən libasına büründüyünü» kədərlə qeyd edən Hüseyn Cavid qəlbən inanmışdı ki, Vahid Azərbaycan timsalında «nazənin Vətən» hökmən «şəbi — hicran bəlalarını» aradan qaldıracaq, işıqlı «sübhi — iqbal» ümidlərinə qovuşacaq. Bu ülvi məqsədə çatmaq üçün isə:

İmdi qeyrət edərsə millətimiz,
Yenə övdət edər səadətimiz.


Ardı →

Atasıyla yaşıd qız

Atam orta yaşda olanda mən uşaq idim. O məni indi düşündürən mövzulardan danışardı, mən də boş-boş suallar verərdim. Atam bilirdi ki, gün gələcək, mən böyüyüb onu anlayacağam. Mən tələsirdim ki, tez böyüyüm. Özümə söz verirdim ki, böyüyəndə yazıçı olacağam və atamın mənə danışdıqları, ən çox da  müharibə illərinə düşmüş kədərli uşaqlığı haqda roman yazacağam.

Mənim böyüməyim uzun çəkdi. Uşaqlıqda atamı anlamadım, gənclikdə qəbul etmədim; gah radikallıqda, gah pessimizmdə qınadım. Orta yaşa çatıb onu anlamağa başlayanda isə artıq gec idi.


Ardı →