Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

42 üzv, 234 topik

İki alma | Cəlil Məmmədquluzadə

Axşam vaxtları gəzməyə çıxanda, hərdənbir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.
Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdənbir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da demirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə çox pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin.
Davamı →

Buz | Cəlil Məmmədquluzadə

Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Haçı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri Hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.
Müsəlman həkimi dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; Məşədi Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərsə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə, həb və işlətmə verməkdən ibarət idi.
Davamı →

Pirverdinin xoruzu (Cəlil Məmmədquluzadə)

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.
Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Bu dəfə on put unun çörəyi gərək yapılaydı və Zibeydənin mədədə gəlməyi, əlbəttə, lazım oldu. Həlimə xala üzünü ərinə tutub dedi:
-A kişi, durma, min ulağı, get Zibeydəni gətir.
Məlumdu ki, çörək pişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir; o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə “qəcəmə daş”, “beşbaş” oynayırlar.


Ardı →

Hadisə | Arif Qasımzadə

Qəflətən burum-burum qalxan tüstü genişlənərək, obyektə doğru gəlməyə başladı. Obyekt isə, xüsusi rejimli zonaydı, ciddi-cəhdlə qorunurdu. Elə bil, arı yuvasına ağac dürtmüsən. Burada bir qaça-qov başladı ki, gəl görəsən.
Əvvəlcə, qarovulçular gəlib baxdılar. Arxasınca texniki işçilər, sonra operativ bölmə işçiləri. Axırda da vıy-vıyla yanğınsöndürmə dəstəsi. Tüstü isə öz işindəydi, ağ lopa buludlar kimi bir yerdə dayanmayaraq qorxunc görkəmi ilə hamını vahiməyə salırdı. Kənardan durub tüstunu müşahidə eləyən həmin sıravi işçilər qorxa-qorxa tüstyə baxıb, bir nəticə hasil etməyəndən sonra ordan uzaqlaşıb üz qoydular hərə öz rəisinin kabinetinə. Hər kəs öz gördüyü gözüylə, başa düşdüyü bir anlayışla baş vermiş hadisəni öz rəislərinə izah etməyə çalışdılar.
Davamı →

Təcili yardım stansiyasında

O gün Təcili Tibbi Yardım Stansiyasında həkim- Cavid Ələkbərzadənin növbəsi idi. Ondan başqa TTYS-da tibb bacısı Çimnaz, növbətçi Xalidə və sürücü Əmiraslan da vardı.
Günün ikinci yarısı idi. Yavaş-yavaş qara buludlar görünərək hava qaralır-axşam düşürdü. Lakin səhərdən bəri buraya zəng edib,çağrış verən olmamışdı. Arada zəng gəlib, həkimin tibb bacısının ürəyini sevindirsə də, lakin növbətçi Xalidənin  dəstəyi qaldırıb, pıçıltı ilə danışığından sonra hamıya məlum olmuşdu ki,  zəng edən Xalidənin nişanlısı Mehmandı.
Ardı →

Evimizin diktatoru

Yəqin ki, hamınız faşistlərin kim olduğunu tarix kitablarından, baxdığınız saysız-hesabsız kinolardan çox gözəl bilirsiniz.  Dəqiq bilirəm ki, faşizm İtaliyada yaranıb, sonra Almaniyada və İspaniyada yayılıb. Onu da deyim ki, faşizimdən indi əsər-əlamət də qalmayıb.  Tarix müəlliminin hər dəfə Hitleri pisləməsindən belə qanırdıq ki, yer üzündə ondan qəddar adam olmayıb, Çingiz xan, Makedoni-yalı İskəndər, Stalin-zad heç onun əlinə su tökməyə də yaramayıb. Amma əslində bunların hamısı bir zibil olub, qan tökməkdən, qəddərlıqdan ləzzət alıblar.
Davamı →

Şaxta Babanın arzuları

Bu gün Santa Klaus sehirli kirşəsinə oturacaq və dünyanı sehirli nağıllara inanmağa vadar edəcək. Köməkçiləri elflər dünyaya bəs edəcək qədər hədiyyələri, kirşəyə yerləşdirirdilər. Şimal maralları bu dünya səyahətini bir il gözləmişdilər. Bacalarından daxil olduğu evlərə sevinc gətirəcəkdilər. Hər şey hazır idi, bircə qar çatmırdı. O, əlindəki kürəni tərpətdi və bu da qar. Kürə qara büründü. Sonra digər əlində tutduğu siyahıda kürəni hədiyyə edəcəyi uşağın adın tapdı və qarşısında qırmızı qutu sözünü yazdı. Santalı, marallı, elfli kürəni qırmızı hədiyyə qutusuna qoydu, torbasına yerləşdirdi.Torbası bir xeylək ağırlaşmışdı. Öz rolunu oynamaq vaxtı yetişmişdi. Şikayətlənmənin yeri yox idi.Onun bəxti gətirirdi.
Davamı →

Təraneyi-qəmpərvəranə

Cahanә gәlmәdә mәqsәd nәdir insanә, bilmәm ki?
Hәqiqәtmi bu xilqәt, yoxsa bir әfsanә, bilmәm ki?

Mәn idrak etmәdim dünyayә gәlmәkdәn nәdir hikmәt,
Yaratmaqdan nәdir hikmәt bizi sübhanә, bilmәm ki?

Mücәssәm bir xәyalә bәnzәyir timsalı imkanın,
Neçin dildadeyi-şövqüz xәyalistanә, bilmәm ki?
Davamı →

"Avropa mənşəli dana" | Bəxtiyar Hidayət

Bax o Şahmarın təzə darvazasının qabağına yığılan adamlar var haa — onları nəyləsə dəyişmək, təəccüblləndirə bilmək qeyri-mümkün bir zaddır.
Istər futbol üzrə dünya çempionatının final oyunu olsun, istər prezidentliyə namizədlərin çıxışı olsun, istər hansısa şairin şeir gecəsi olsun, istər hansısa üçəm qüllələri partlatsınlar, o adamlar elə o darvazanın qabağındakı söhbətlərini kəsib televizorun qabağına keçməyəcəklər.
“Ondan mənə nə” deyəcəklər.
Özlərinin söhbəti isə daim təkrardı ki təkrardı. Özləri də bilillər ki bu söhbəti dəfələrlə ediblər və eşidiblər — amma yenə də təkrarlayırlar.
Ay nə bilim dananı necə kökəltmək olar, yoncanın neçənci çalımı yaxşıdı,
filankəs evi görəsən nəynən tikdi, filankəsin gəlini gəzir, filankəsin də uşağı bədəsil çıxdı və sair bu kimi söhbətlər.
Ardı →

"Bazarlıq" | Azər Abdulla

Bu dəfə Bəhram talonu deşəndən sonra dönə-dönə sürücüyə göstərib, tramvayın son pilləkənində yuxarı qaldırıb havaya buraxdı. Yolun qırağında alma, fındıq, yumurta satırdılar.
— Camaatda ağıl yoxdu, belə almanı qoyub gedib od bahasına bazardan alırlar,- dedi. Heç kim ona məhəl qoymadı. O, fındıq növbəsində dayanmış adamlara, ağzı açıq kisəyə yaxınlaşıb bir ovuc fındıq götürdü, ağırlığını yoxladı, “sən öl, əməlli-başlı fındıqdı da!” – deyib birini ənginə salıb sındırdı, iri, sağlam fındıq çıxdı. Ağzına atıb yeyə-yeyə adamların üzünə baxdı. Yenə ona məhəl qoyan olmadı. Ovcundakı fındığı kisəyə atdı. Yumurta satılan yerə yaxınlaşdı. Əlində dolu zənbil tutmuş qadından:
— Neçiyədi?- soruşdu.
— Bir otuza.
— Onu, eləmi?
— Onu olmamış, otuzu olmayacaq ki!?
Ardı →