Yazıq Abituriyent

Ah Abituriyent! Abituriyent! Çoxları bu adı daşımağa məcbur olurlar. Bu adı daşımağa məhkumdurlar. Neyləsinlər? Əlacları nədi? Getməsələr evdə günləri qara olacaq, valideyn tənqidinə, ailə və ictimai qınağa düçar olacaq. Ən yaxşısı elə YVG eləyəsən. Abituriyentlərin bir çoxu bir — birinə elə bunu məsləhət bilirlər- Yola Ver Getsin. Özünü oxumuş kimi göstər — bəsindir. 

Mama otağa girdi ciddi sifət al, guya dərin düşüncəyə qərq olubsan, sonra özünü məşğul apar guya bir misalın üstündə iki saatdı baş sındırırsan, riyaziyyatın atasısan, müəllimin sənin yanında söz deməyə çəkinir ki, birdən səhv tutarsan onda, bağ belə, bostan belə. Elə ki, gördün mamanın başını yastığa qoydun dayy səni bir müddət narahat eləyən olmayacaq. Kef elə də facebookda. Ən krutoy statusları yaz ki yazasan, like gəlsin.Yoxsa neynirsən açıq sualları, 5 dənə guya yazsan nolacaq, yazmasan nolacaq, lap 10 -nu olsun alim olan deyilsən ki? Camaat ödənişlidə oxuyur, bəyəm pulları azalır? İndiki zamanda əsas puldu. Oxumaq nədi eee? Havayı vaxt itirmək!!! 

Görürəm də oxuyanları. Məncə «savadlı» və «savadsız» sözlərini artıq arxaizm hesab etmək lazımdı, voobşe mənə görə lüğətdən də çıxarmaq olar. Kimə lazımdı? Əşi, indi oxumaq ancaq müəllimlərə lazımdı və başqa heç kimə. Yazıqlar ömürlərinin sonuna kimi elə hey oxuyur, imtahan verirlər ən az maaş da alan onlardır. Adamı gülmək tutur. İndi repetitorluqla məşğuldurlar, day neyləsinlər çörəkləri ondan çıxır, azca axsasalar kim gələcək onların yanına? Yenə hər uşaqdan 60-70 manat cib xərci edirlər də. Bu Azərbaycan dili və ədəbiyyat fənnini qəbulda ayırmaq lap onlara əl verdi. Bunu fikirləşənin atasına rəhmət. Yoxsa dil müəllimlərini lap  pis çıxmasın lom yerinə qoymuşdular iki fənnə eyni qiymət. Elə şey olar? Camaat fizikadan, nə bilim kimyadan bir fənnə eyni pul alır, bu həm Azərbaycan dili keçir, həm ədəbiyyat, iki fənnə eyni qiymət. İnsafsızlıqdı. Belə də ki, indi ədalət öz yerini tutdu. Müəllimləri demirəm bizi- abituriyentləri deyirəm, lazım idi hələ bir ədəbiyyat oxumaq? Lap ağın çıxarıblar. Az qala desinlər gedin fransa, italiya ədəbiyyatını da oxuyun. Onlar Azərbaycan ədəbiyyatını bilirlər, mən də onların ədəbiyyatını öyrənim? Yaxşı ki, Eurovision -2012 oldu. Yoxsa hardan biləcəkdilər ki, Bakı Azərbaycanın paytaxtıdır, Xəzərin sahilində yerləşir. 

«Oxumaq, oxumaq, yenə də oxumaq!» deyəsən bunu rəhmətlik Lenin baba demişdi, mamadan eşitmişəm. Amma mama bunu səhv anlayır. Lenin bildiyimə görə çox uzaqgörən adam idi. Kişi bilirdi ki, vaxt gələcək Şou- biznes deyilən bir termin yaranacaq və bu cəmiyyətdə tüğyan edəcək. Kim oxusa onun pulu, evi, maşını olacaq. Kim iki dəfə oxusa iki maşını, iki dəfə çox pulu olacaq. Kim onun dediyi kimi 3 dəfə oxusa, axı deyib də " oxumaq, oxumaq yenə də oxumaq" lap kef eləyəcək. Özü üçün gedəcək Bodruma, Londona, nə bilim canım sizə desin Misirə piramidalarda şəkil çəkdirəcək, «Versace», «Dolce gabbana»dan geyinəcək elə bir ayaqqabısı «roberto botticelli» olsa bəh bəh bəh. Yox,  kişi uzaqgörən olmağına söz ola bilməz, indi camaatdı da qazançanı tapança eşidir onun bir günahı yoxdu.

Guya ki, Universiteti fərqlənmə ilə bitirdin noldu, bitirmədin noldu? Biri var ali təhsillidi. Elə ağız dolusu «Mən ali təhsilliyəm» -deyir ki! adama deyərlər hanı diplomların? Deyəcək şkafdadı, hələ bir lovğa — lovğa gedib gətirəcək də, Allah ətivi töksün. Bir für görüm, diplomların tozundan göz — gözü görmür, otağı bir toz- duman bürüsün ki. Kimə lazımdı? Çoxusu şöhrətə oxuyur. Bilmirəm guya? Yox, yox deməklərinə baxma, rus demiş «в глубине души» ( ürəklərinin dərinliklərində, əlçatmaz yerində) yaxşı bilir ağ ağdı, qara qaradı. Oxumaq boş şeydi. Mahnı oxumağa demirəm haa. Kitab oxumağı nəzərdə tuturam. Bir çoxları bilməz (bu sözdə arxaikləşmə gedir ondan), qoy izah edim. 

Kitab — üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cilidlənmiş, indiki zamanda bəzən surəti çıxarılmış,  yəni kserokopiya edilmiş nəşriyyat növüdür. Deyəsən qəliz oldu. Nə isə elə vacib bir şey deyil dəqiq bilməsəniz də olar. Canı sağ olsun internetin, saytların. Necə də bu sözləri sevirəm, qulağa xoş gəlir, sevirəm də bu neologizmləri. Heyf deyil yenilikləşmə, müasirləşmə, avropalaşma. Hər axşam atamla (uşaqlıqdan bizi məcbur edib ki, ata deyək, papa deyə çağıranda cavab vermirdi, indi day öyrəşdik ata deyirik. Hələ də bu yaşıma çatdım, anlaya bilmədim fərqi nədi ee, papa ya ata? Hər nəsə, ixtiyar sahibidi deyir ata demək ata. Oyan -buyan eləsək yenə də ata) mübahisə edirəm, düzdü ağzım nədi, duram fikrimin üstündə amma YVG eliyirəm, başqa yol qoyub ki? Onun bir yolluq fikri budur ki, «müəllim yanına getdi var, döndü yoxdu». Deyir :" Bala var dövlətini əlindən alarlar, başındakı biliyi ala bilməzlər" Offf bu sovetski atalar sözləri, qınamıram ee, amma indiki zəmanədə başındakını da alarlar, lap o tərəfə keçərlər. Mənə lazımdı!!? 

İndi bacarıqlıların zəmanəsidi. Biri var, öndə gedən Universitetlərdən birini bitirib, CV verəndə Mühafizə işinə verir. Day diplomunu gizlət, bilən olmasın ki, əlində o boyda kağızın var. Gül kimi feyzdə keçirməli vaxtını durub nəyə xərcləmisən, sonra da daxil oldun ali təhsil ocağına. Qohum -əqrəba təbrikə gəldi ki, ay bala nənələr demiş «məktəb oldun». Lap doluyublar adamı, demirlər ki,  əsas boy buxundu, onu da Allah versin, ya da uşaqlıqda mama çoxlu yerkökü, balıq, qatıqdan, pendirdən versin ki, kalsiumun çox olsun, verəsən boya olasan şkaf, get işdə, kef elə. Heyif deyil mühafizəçilik? Gecə smende ya xorulda, başıvı at yat, ya da facebookda, internetin küçələrində veyillən özün üçün. Ayın axırı 300-500 manatıvı qoy cibinə, dünya sənin olsun. Düzdü o pula ilə saxlamaq olmur, heçnə olmaz, sənə kim deyir ee get evlen. Bir gözde 30-zu keç, ondan sonra ya Allah Kərim. Ən sevdiyim sözlərdən biri «baxarıq».

 Bircə onu bilirəm ki, qonşumuzda biri var, qızı sözünə baxmayanda qarğıyır ki, " Görüm səni müəllim olasan". Müasir folklordu da. Yəni min zillətlə oxuyub diplom alasan, sonra işə düzələ bilməyəsən, əziyyətin yerdə qalsın. Ya da ikinci variant — gedib işə düzəlmək üçün yenə imtahan verəsən, bal yığsan da qıraqda qalasan yana- yana. Tarix müəllimi də olsan, ingilis dili də fərq etməz bilmirsənsə yarısının yarısının yarısının 3 misli 24 olub onun üstünə də 8 gəlib cavabı 45 dir, day sənin tarix müəllimi kimi Səfəvilərin 18 əsrdə necə böyük xanlıq qurduğundan danışmağa haqqın yoxdu, nə də day demə ki, mən Azərbaycan dili və Ədəbiyyat müəllimiyəm, bəs gəlin sizə öyrədim Hüseyn əfəndinin 6 pərdəli şah əsəri olan "İblis" faciəsi 1909 -cu ildə səhnələşdirilib. 

Ehh, deməklə bitməz, Allah valideynlərimizin canın sağ eləsin qoymurlar zövq -səfa içində dolanaq, biz sizdən nə istəyirik? -İki göz ,bir əyri monitor, bir də ayda  düz 20 manat pul ki, internet çəkək. Bundan yaxşı övlad? " Sənin evini internet yıxacaq!"- deyrsiz — hansı evi? Tikməyə vaxt olub ki, yıxsın, siz Allah, qoyun oturaq oturduğumuz yerde. O da düzələcək. Cəlil demiş vallahi, billahi, tallahi yaxşı olar, hər zamanın bir dəbi var, bizim zamanın dəbi facebookdu, likedı. Guya atamın, ya anamın zamanında internet  olsaydı, onların facebookda, ya odnoklassnikdə, vkontaktedə profili olmayacaqdı, müəllim yanına gedib, super oxuyacaqdılar. Deməyə nə var, inanan daşa dönsün. Qınamayın məni, zəmanə oğluyam, onlar da öz zamanlarının. Neylək bizimki də belə gəlib.  

 

Müəllif: Zeynalova V.M

 26 avqust 2012

 


Davamı →

Oşo - Seksdən Ali Təfəkkürə - От секса к сверхсознанию

Sek oyundur və insanlar böyük məmnuniyyətlə bu oyunu oynayırlar.

Bu kitabında Oşo bizlərə insanın həyatında vacib rol oynayan əks cinslə olan cinsi əlaqədən söhbət açır. Bir çoxları bunu hərfi mənada başa düşür. Oşo bu kitabında deyir ki, ailə həyatı ruhi bir şeydi və insanın aydınlanmasında rol oynayır.


Ardı →

Antik dövrdə etik fikir

Qədim Yunanıstan. Həm ibtidai, həm də qədim dövrün əxlaq problemləri nəinki mifologiya, epos, poeziya və dramaturgiyada, həmçinin antik mütəfəkkirlərin ilk fəlsəfi konsepsiyalarında öz əksini tapdı. E.ə. VII əsrdə mövcud olan və ilk fəlsəfi məktəb sayılan Milet məktəbinin nümayəndələrinin (Fales, Anaksimandr, Anaksimen) sadəlövh materializmi və Efesli Heraklitin dialektikası mifoloji ənənələri inkar etdi.

E.ə. IV–III əsrlərdə Afina fəlsəfi mərkəz oldu. Bu, əvvəlcə digər pólislərdən (şəhər–dövlətlər) olan sofistlərin (məsələn, Abderdən Protaqor, Leontindən Qorgi, Keosdan Prodik, Eleydən Gippi) və onlarla daim mübahisə edən Sokratın, sonra isə Platonun Akademiyasının və Aristotelin Likeyinin fəaliyyəti nəticəsində baş verdi. Sokratın söhbətləri, Demokrit və sofistlərin təlimləri ilə yanaşı kirenaiklər (Sokratın şagirdi Aristipp), kiniklər (Qorgi və Sokratın şagirdi Antisfen), stoiklər (Kitiondan olan Zenon), skeptiklər (Karneaddan olan Arkesilay) məktəbləri də yarandı. Bunlarla mübarizədə Epikur özünün materializmə yaxın optimist konsepsiyasını yaratdı. E.ə. II əsrdə Yunanıstan Romanın əyalətinə çevriləndən sonra Qədim Yunan fəlsəfəsi tənəzzülə uğradı. Onun son mərhələsi III-IV əsrlərdə neoplatonizmin (Plotin, Porfiri, Prokl) çiçəklənməsi dövrünə təsadüf edir. Qədim Yunan etikasının ən maraqlı dövrü e.ə. V-III əsrlər Demokrit və Sokratdan başlamış Epikura qədərdir. Məhz bu vaxt mənəviyyat barədə ellin təlimlərinin bütün xüsusiyyətləri daha parlaq və müəyyən edilmiş şəkildə təzahür edir.

Demokrit (e.ə. 460–370) yunanlar içərisində ilk ensiklopedik düha idi. O, öz təlimində etika, məntiq, siyasəti birləşdirmişdi. Demokritə görə 2 cür qanun var idi: təbiət qanunları və insanlar tərəfindən müəyyənləşdirilmiş qanunlar. Birincinin pozulması məhvə səbəb olur. İkinciyə riayət etmədikdə isə insan hətta cəzasız da qala bilər. Demokrit hesab edir ki, xeyri olmayan həzzdən imtina etmək lazımdır. Xeyir və şər nə təbiətdə olur, nə də irsən keçir. İnsanlar tərbiyə vasitəsilə düzgün davranış seçir və xeyirlə şəri dərk edə bilirlər. (62, səh.145). Xoşbəxtlik nə sürüyə malik olmaqda, nə qızılda, nə qüvvədə, nə də puldadır. İnsanı xoşbəxt edən düzlük və müdriklikdir (62, səh.146). Demokritin etikasında ailə münasibətləri, tərbiyə problemləri, vətəndaşlara, dostlara, qohumlara münasibət geniş yer tutur. O, bunu çox vaxt aforizmlər vasitəsilə şərh edir. Demokritin əxlaq prinsipləri evdemonizmlə (insanların tələbatlarının tədricən ödənilməsi) müəyyən olunur. Bu təlimə görə hər şey qədərincə olmalıdır: nə az, nə də çox (yenə orada). Demokritin əxlaqi mövqeyi həmçinin rasionalizm (ən ali fəzilətin müdriklik, əxlaqi davranışın meyarının isə ağıl olması) və utilitarizmdir (xeyir, gərəkli olandır, şər isə zərərli olandır).

Sokrat (e.ə.469-399) şüurlu surətdə «böyük diakosmosun tədqiqindən imtina edir və diqqətini «kiçik diakosmos», yəni insan üzərində cəmləyir. O hesab edir ki, insanlara praktik cəhətdən xeyri olmayan şeyləri öyrənmək əbəsdir. Əgər insanlar ulduzlarda heç bir dəyişiklik edə bilməyəcəksə, onu öyrənməyin nə mənası? Tədqiqat real dəyişikliklərlə nəticələnməlidir. İnsan öz hökmünə tabe olan, dəyişdirilməsi və mükəmməlləşdirilməsi mümkün olan obyektləri tədqiq etməlidir. Belə obyekt insanın özüdür: özünü dərk et ki, dəyişə biləsən (62, səh.154). İdrakın sonsuzluğunu söyləyən Sokrat tez-tez təkrar edirdi: «Bircə onu bilirəm ki, heç nə bilmirəm» (62, səh.155). Xeyirxah olmaq üçün bilikli olmaq lazımdır. Xeyirin əsil mahiyyətini anlayan insan heç vaxt pislik etməz (101, səh.33). Fəzilətlər elm və təhsilləəldə edildiyi üçün əxlaqın mahiyyəti intellektual inkişafdır (102, səh.17).

Platon (e.ə. 427-347) etikasının
əsasını ideyalar və ruh haqqında təlim təşkil edir. Mənəvi keyfiyyətlərin, yəni fəzilətlərin fitri olduğunu söyləyən filosof hesab edir ki, düzgün tərbiyə bunları nizama salır, yanlış tərbiyə isə insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir. Əxlaqın təməli, mənəviyyat nümunəsi Allahdır. «Allah hər şeyin meyarıdır» (84, t.3, kn.2, s.190). Xeyir ideyası Platon etikasında mühüm yer tutur ki, bu da əbədi olan ideyalar aləmində Allahın müntəzəm nəzarəti altında mövcuddur. Yer üzündə olan xeyirin bütün növləri ali «xeyir ideyasının» yalnız surəti ola bilər ki, bu da 3 anlayışın vəhdətindən ibarətdir: ölçü, gözəllik, həqiqət. İnsanın buna can atması əxlaqi davranış nümunəsidir. Beləliklə, Platon hesab edirdi ki, insanın əxlaqı Allahın tabeliyindədir. Bu dünyada ali xeyir ideyası 4 fəzilətləəlaqədardır: 1) müdriklik; 2) mərdlik; 3) tədbirlilik; 4) ədalət. Sonuncu, yəni ədalət əvvəlkilərin harmonik uzlaşmasıdır ki, bu da insanın bədənində müvəqqəti sığınacaq tapmış «ideyalar aləminin» nümayəndəsi olan ruhun hissələrinə uyğun gəlir 1) ağıl; 2) iradə; 3) hissiyat. Müdriklik ağıla, mərdlik iradəyə, tədbirlilik hissiyata uyğun fəzilətdir. Platon «Dövlət» əsərində dövrünün ictimai təbəqələrinin mövqeyinə uyğun əxlaq qaydalarının təsnifatını verir: müdriklər – cəmiyyəti idarə edən filosoflar, qəhrəmanlar – vətənin keşiyində duranlardır. Ya gərək cəmiyyətin üzvləri filosoflar səviyyəsinə yüksəlsin, ya da gərək cəmiyyəti filosoflar idarə etsin. Platon bu fikirdə idi ki, ali əxlaqa, yəni müdriklik və mərdliyə yalnız əslən aristokrat olanlar malikdirlər. Demosun (xalqın) əxlaqı isə tabeçilik və ya özbaşınalıqla bağlıdır ki, bu da onu mövcud qanunqaydaya qarşı mübarizəyə ruhlandırır. Platon qulları ümumiyyətlə insan hesab etmir və güman edirdi ki, onlar mənəvi həyata qadir deyillər. Buna görə də diqqət mərkəzində ola bilməzlər. Platonun etik fikirlərinə «Fedon», «Sokratın tərifi», «Qanunlar», «Dövlət», «Ziyafət», «Teatet», «Protaqor» və s. əsərlərində rast gəlirik.

Platon fəlsəfəsinin və etikasının həm tərəfdarları, həm də rəqibləri var idi. Onu qəbul etməyənlər sırasında e.ə. IV əsrdə qədim yunan filosofu Antisfen tərəfindən əsası qoyulmuş kiniklər məktəbi də var idi. Onlar Platonun xoşbəxtlik haqqında təsəvvürlərini abstrakt və qeyri-mümkün hesab edir və hər bir insanın fərdi xoşbəxtliyini buna qarşı qoyurdular. Antisfen həzz almaq hissini rədd edirdi: «Həzz almaqdansa, dəli olmaq yaxşıdır». İnsan təbii halda olsa yaxşıdır. Nə varlılar olmalıdır, nə də kasıblar (101, səh.35). Bu məktəbin digər nümayəndəsi Sinoplu Diogendir. O harada gəldi, hətta çəlləkdə yaşayır, primitiv geyinir, yabanı qida yeyir və yalnız su içirdi. O, insanları mənəvi azadlığa və cəmiyyətdən asılı olmamağa çağırırdı. Makedoniyalı İskəndər bir dəfə görüş zamanı ondan nə istədiyini soruşduqda o belə cavab verib: «Burdan çəkil və işığın qabağını kəsmə». Maddi nemətlər və insanın həzz almağa olan təbii arzuları onu korlayır. Var-dövlətdən, həzz almaqdan, ictimai təltiflərdən imtina etmək və bunları qınamaq, öz mənəvi aləminin dərinliklərinə baş vurmaq qabiliyyəti insanın ən ali fəzilətidir. Beləliklə, kiniklərin təlimi – hedonizmin neqativ formasıdır.

Kirenaiklər hesab edirdilər ki, duyğular xoşagələn və xoşagəlməyən olur. Xoşagəlməyən duyğular əzab gətirdiyi üçün şər, xoşagələn duyğular isə həzz yaratdığı üçün xeyirdir. Aristipə görə xoşbəxtlik ləzzət və zövq hissidir. Kirenaiklərin etikası hedonizmlə bağlıdır (hedone – latınca həzz, zövq deməkdir). Aristip insanın həyatının məqsədini həzz almaqda görür. Onun fikrincə insan 3 növ psixi vəziyyətə düşə bilər: 1) həzz; 2) iztirab; 3) neytral.

Stoisizm (yunanca portik – «binaya yapışıq sütunlu eyvan» sözündən olub, stoiklərin yığıldığı yeri bildirir) e.ə. IV əsrdə Kitionlu Zenon (e.ə.336-264) tərəfindən yaradılıb. Stoiklərin fikrincə, insan müdrik vəəxlaqlı olmaq üçün daim özünü tərbiyə etməlidir. Buna görə də fəzilət həzzlə deyil, kamilləşmə iləəlaqədardır. Yalnız insanın mənəvi kamilliyi ətrafdakı mənəviyyatsızlığa müqavimət göstərə bilər. Mənəviyyatın zirvəsi ehtiraslara etinasız olmaqdır, çünki hiss və ehtiraslara, hətta xoşniyyətli hiss və ehtiraslara tabe olmaq zəiflik əlamətidir. Əsl xoşbəxtliyin həzzləəlaqəsi yoxdur, var-dövlət, şöhrət və digər nemətlərin səbəbi taledir. Mədəniyyətin zirvəsi insanın onsuz da dəyişə bilməyəcəyi hadisələrə mane olmamaqdır. Stoisizmin son, Roma dövrü – Seneka, Epiktet, Mark Avrelinin adları ilə bağlıdır. Onların fikrincə insan daim öz borcunu yerinə yetirməlidir. Əxlaqın əsas anlayışları borc, xeyir, şər və s. daimi tələblər olub, insanın taleyi iləəlaqədardır. Borcu yerinə yetirmək özü xoşbəxtlikdir.

Epikur (e.ə. 341-270) etikanı fəlsəfənin əsas sahəsi hesab edirdi. Onun fikrincə, etika Yer üzündə insan xoşbəxtliyinə nail olmaq haqqında təlimdir. Xoşbəxtlik əzab və həyəcandan uzaq olan daha möhkəm və uzunmüddətli hissdir. Həyatın məqsədi vəən ali neməti bədənin sağlamlığı, qəlbin rahatlığı, mənəviyyatın meyarı isə hisslərdir. Əxlaqın çıxış nöqtəsi xoşbəxtlikdir. Hedonizm kimi evdemonizm (latınca «xoşbəxtlik») də qədim yunan etikasında mühüm yer tutur ki, bu da daha çox Epikur yaradıcılığında inkişaf tapıb. Xoşbəxtliyə çatmaq təbii cəhddir. Xoşbəxt həyatın əvvəli və axırı həzzdir. Həzz insanın ilk fitri nemətidir. Bu müddəa Epikuru hedonistlərlə yaxınlaşdırır. Əsl xoşbəxt həyat – həyəcan və iztirabsız həyatdır. Ona biliklə vəəxlaq normalarına riayət etməklə çatmaq olar. Əlbəttə, heç də həmişə dərd və iztirabdan yaxa qurtarmaq mümkün deyil, hər bir həzzdə iztirab da olur. Həzz 2 növ olur: 1) qida, yaşayış yeri, geyim və sairədən alınan maddi, fiziki həzz; 2) bilik və dostluqdan alınan mənəvi həzz. Bunlar ağılla seçilməlidir. Xəstəlik və iztirab gətirən fiziki həzzdən qaçmaq, sadə və xeyirli həzzə can atmaq lazımdır. Bəzi müəlliflər, məsələn, V.Q.İvanov antik etikanın zirvəsində Aristoteli deyil, məhz Epikuru görür (62, səh.189).

Aristotel (e.ə.384-322) nəzəri problemlərin həllində öz dövrünü qabaqlayaraq e.ə. IV əsrədək mövcud olan bir sıra elm sahələrini ümumiləşdirir. Qədim dövrün etik fikir tarixində və onun inkişafında müstəsna rol oynayan dahi filosof etika elminin məsələlərini sistemləşdirir. İlk dəfə olaraq Aristotel etikanı elmi-fəlsəfi biliklər sisteminə daxil edərək onu ruh haqqında elm olan psixologiya və dövlət haqqında elm olan politikanın ortasında yerləşdirir. Aristotel etikanı öz ictimai-siyasi baxışlarına uyğun işləyərək hesab edir ki, etika siyasət və iqtisadiyyatla çox bağlıdır. «Nikomax etikası» Aristotelin əxlaq problemlərini daha dərindən ifadə etdiyi nəzəri traktatdır. Burada Aristotel etikanı predmeti əxlaq olan cəmiyyət haqqında elmin bir növü, tətbiqi və praktik elm kimi nəzərdən keçirir. Əsərdə Aristotel oğluna düzgün davranışla əlaqədar öyüd-nəsihət verir. Əgər Demokritin etik təlimi aforizmlərəəsaslanırdısa, Platon öz fikirlərini dialoq formasında, Aristotel isə monoloq formasında ifadə edirdi. Bədiilikdən və gündəlik məişət düşüncələrindən uzaq olan «Nikomax etikası» əsəri əsl elmi əsər kimi qiymətləndirilir. Aristotelin fikrincə, əxlaqi sistem yaratmaq üçün əvvəlcə müəyyənləşdirmək lazımdır ki, nemət nədir, ikincisi, insan bu nemətləri qazana bilərmi (burada hərəkətin qiymətləndirilməsi və iradə azadlığı problemləri qoyulur), üçüncüsü, nemətə çatmaq üçün hansı yolla getmək lazımdır (fəzilət, onun mahiyyəti və tərbiyə imkanları problemi) və dördüncüsü, insan cəhdlərinin daha layiqli məqsədi olan ali nemətlər nədir. Əsər nemətlər, fəzilətlər, iradə azadlığı haqqında təlimlərdən ibarətdir. Traktat mənəvi ideal haqqında mühakimə ilə bitir ki, bunu da hamı başa düşmür. Aristotel fəzilətlərin fitri deyil, sonradan qazanılan keyfiyyət olduğunu söyləyir. Aristotel özünün ruh haqqında təliminə uyğun olaraq fəzilətlərin təsnifatını verir. Fəzilətlərin spesifikasını müəyyənləşdirən Aristotel psixologiyaya müraciət edir. Mənəvi fəzilətlər ruhun hansısa vəziyyəti deyil və insana təbiət tərəfindən verilməyib, təbiət yalnız fəzilətli olmaq üçün şərait yaradır. Bütün əxlaqi fəzilətlər insanın fəaliyyəti zamanı həyata keçir. Bunlara – ədalət, dostluq, məhəbbət, mərdlik, mötədillik, əliaçıqlıq, sülhsevərlik, xoşxasiyyətlilik və s. aiddir. Bütün bunlar həm də ictimaidir. Fəzilətlər fitri olmadığı üçün Aristotel onların tərbiyə olunmasına xüsusi fikir verirdi. Özü də yalnız uşaqlar deyil, bütün vətəndaşlar, hətta insanın emosional qavrama qabiliyyəti və hissləri də tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət digər insanlara münasibət zamanı fəzilətə çevrilir.

Roma fəlsəfəsi kimi etik fikri də yunan mədənyyətinin təsiri altında olduğunu büruzə verir. Əgər ədəbiyyatın, xüsusən də poeziyanın təsiri e.ə. III-II əsrlərdə bilindisə, fəlsəfənin inkişafına e.ə. 155-ci ildə Romada açılmış Afina səfirliyi təkan verdi. Onun fəaliyyətində stoiklərdən Diogen, Akademiyanın başçısı skeptik Karnead və peripatetik Kritolay iştirak edirdi. İlk Roma filosofu sayılan Siseron fəlsəfi biliklərin yayılmasına çalışaraq etikada stoisizmə meyl edir. Parlaq üsluba malik olmasına baxmayaraq, etikası heç bir orijinallığı ilə fərqlənmədiyi üçün Siseronun etik baxışları əks olunmuşəsərlərinin yalnız adlarını çəkməklə kifayətlənək: «Tuskulan söhbətləri», «Ali nemət vəşər haqqında», «Borc haqqında».
Epikurun davamçısı Lukretsi Kar (e.ə. 199-44) «Şeylərin təbiəti haqqında» poemasında Epikurun etika və naturfəlsəfəsinə yenidən qayıdır.
Ən varlı romalı olan Seneka (e.ə. 4/5-65) siyasi xadim, yazıçı, filosof-moralist (əxlaqa aid əsərlər yazan yazıçı) idi. İlk növbədəəxlaq müəllimi kimi tanınan Senekanın şeirləri, pyesləri və pamfletləri içərisində «Qəzəb haqqında», «Mərhəmət haqqında», «Xoşbəxt həyat haqqında» və s. traktatları, «Lusiliyə məktubları» vardır ki, bunlarda müəllifin etik təlimi daha çox özünü büruzə verir.
Antoninlər sülaləsinin imperatoru, roma stoisizminin son nümayəndəsi Mark Avreli əxlaq müəllimi olmağa çalışmasa da, filosofluq edərək qısa qeydlər yazırdı ki, bunlar da onun ölümündən sonra işıq üzü gördü. «Özümə qarşı düşüncələr» adlı intim gündəliyində müəllif həyat, onun yaranması, insanın mövqeyi barədə fikirlər yürüdürdü.

Ümumiyyətlə, antik etika hedonizm mövqeyində dayanaraq hesab edir ki, insanın fəaliyyətinin məqsədi xeyir və mənfəət əldə etmək, həzz almaq və xoşbəxtliyə çatmaqdır, lakin bununla belə, insan öz kefinin əsiri olmamalıdır, hər şeydə ölçü gözləməlidir.

Mənbə: Etika: İncəsənət təmayüllü ali məktəb tələbələri üçün dərslik.- Bakı: 2009.- 160 s.
Müəllif: ŞAHHÜSEYNOVA SEVİNC ASİF qız
Davamı →

Təfəkkür prosesləri və ya fikri əməliyyatlar

Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən fikri akt subyektin hər hansı motivlərindən çıxış edir. Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, O həmişə nəyinsə həllinə istiqamətlənib. Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xarakteri daşıyır.
Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə edir.


Ardı →

Memarlıq

Memarlıq — incəsənətin müxtəliv növləri arasında (heykəltaraşlıq, rəssamlıq, qrafika, dekorativ-tətbiqi insənət və d.) onlardan ən vacibi sayılır. Tarixin təsdiq etdiyi kimi, incəsənətin bütün növlərinin bir vaxtda çiçəkləndiyi zaman mədəniyyətin ən yüksək və harmonik inkişaf dövrü başlayır. İncəsənətin bir növü kimi memarlıq – eyni zamanda maddi mədəniyyətin formalarından biridir, belə ki, o daima insanla və onun təlabatları ilə, həmçinin elm və texnikanın nailiyyətlərinin istifadəsilə bağlıdır.
“Davamlılıq, fayda, gözəllik” – bu b.e.ə. I əsrdə alim və memar Vitruvinin formalaşdırdığı klassik triada, bütün dövr və xalqların memarlığının qısa formulasıdır.
Memarlıq – bu, insanın şəxsi və ictimai həyat və fəaliyyətində maddi və mənəvi tələbatlatların hər vasitə ilə təmin edilməsinə istiqamətlənmiş inşaat incəsənətidir. “İkinci təbiət” olaraq, məkanı formalaşdıraraq memarlıq ozünün tərzi ilə daima insan kütlələrinə və tək insana təsir edir.
Ardı →

Corc Bayron

Corc Noel Qordon (Corc Bayron) 1788-ci il yanvarın 22- də Londonda yoxsullaşmış zadəgan ailəsində anadan olmuşdur. O, 1801-ci ildə London yaxınlığındakı Harrou qapalı zadəgan məktəbinə daxil olmuş, ilk şeirini də burada yazmışdır. 1805-1808-ci illərdə Kembric Universitetində oxumuşdur. 1807-ci ildə “Asudə saatlar” adlı ilk şeir məcmuəsini, 1809- cu ildə isə mürtəce romantiklər əleyhinə yazılmış “Ingilis bardları və şotland icmalçıları” satirik poemasını nəşr etdirmişdir.
Ardı →

Əbu-Simbel

Əbu-Simbel — Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298-1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir.

Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında «müqəddəs dağ», bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində «Ramessopolis qalası» adlandırılır.


Ardı →

27. Inflyasiyanın klassik nəzəriyyəsi

Biz inflyasiya probleminin baxılmasına qiymətlərin səviyyəsini və onların artım tempini müəyyənləşdirən uzunmüddətli faktorların izahı zamanı əksər iqtisadçılar tərəfindən istifadə olunan pulun kəmiyyət nəzəriyyəsi ilə tanışlıqdan başlayacağıq.

Qiymətlərin səviyyəsi və pulun dəyəri
THE LEVEL OF PRICES AND THE VALUE OF MONEY
Təsəvvür edək ki, hər hansı vaxt çərçivəsində (müddətində) bir stəkan dondurmanın qiyməti 10 sentdən 1 dollara qədər artdı. Insanların eyni mala daha çox pul verməyə hazır olmasından necə nəticə çıxarmaq olar? Bəlkə, onlar dondurmadan əvvəlkinə nisbətən daha çox həzz alırlar (məsələn, ona görə ki, onda yeni aromatik maddələr istifadə edilib)?


Ardı →

Beynəlxalq hüquq anlayışı

Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir cəmiyyətin normal   fəalliyəti üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdəhüquq da olmalıdır.Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır. Bu hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir. O, məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Bu normalar vasitəsilə dənizdən hava, məkanından bə kosmik fəzadan istifadə olunması, beynəlxalq telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır;


Ardı →