Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Ruhunu şeytana satan Bulqakov

Ruhunu satmaqla bağlı
Deyilənə görə, Bulqakov tez-tez “Faust”a baxmaq üçün “Bolşoy Teatra” gedirmiş. Bu opera onun əhvalını açırmış. Faust obrazı ona xüsusilə doğma imiş. Ancaq, günlərin bir günü Bulqakov teatrdan evə qaşqabaqlı, gərgin vəziyyətdə gəlir. Arvadı nə olduğunu soruşunca, o yaxın günlərdə yazmağa başladığı “Batum” pyesin ucbatından bu hala düşdüyünü deyir. Sən demə Stalin haqda pyes yazmağa razılıq vermiş Bulqakov, birdən-birə ruhunu şeytana satmış Faustun yerində özünü görüb.

Əskik olan personaj
1937-ci ildə A. S. Puşkinin ölümünün ildönümü münasibətiylə bir neçə yazara onun haqda pyes yazmaq tapşırılır. Bu yazarlar arasında M. A. Bulqakov da olur. Lakin Bulqakovun “Aleksandr Puşkin” adlı pyesində digər müəlliflərin əsərlərindən fərqli olaraq bir obrazı verilmir. Bulqakov hesab edirmiş ki, bu şəxsin səhnəyə çıxması vulqar və zövqsüz görünəcək. Həmin şəxs Aleksandr Puşkin özü imiş.

Davamı →

Jomon - 51 dəqiqəlik dayanacaq | Jorj Simenon

Meqre yuxuda zəng səsi eşitdi, amma bunun telefon olduğunu başa düşmədi və arvadının onun üstündən əyilib dəstəyi götürməyini hiss etmədi.

— Popoldur, — arvadı onu silkələyib dedi.
– Səni istəyir.
— Sənsən, Popol. – Meqre dəstəyə mızıldadı.
— Sənsən, dayıcan. – deyə xəttin o başından səs gəldi. Gecə saat üç idi. Yataq isti idi, bayırdakı şaxtanın təsirindən pəncərənin şüşələri qırov bağlamışdı, Popolun zəng elədiyi yerdə — Jomonda isə daha soyuqdur. — Nə danışırsan?.. Gözlə!.. Adları yazım… Otto… Hərif-hərif de: daha dəqiq olar…

Madam Meqre ərinə baxırdı. Onu bir şey maraqlandırırdı — durmalı olacaq, ya yox. Onun gözlədiyi kimi Meqre ayağa durub izah etdi:
— Jomonda nadir hadisə olub. Popol isə öz cavabdehliyi ilə vaqonu saxlayıb…
Popol deyəndə Meqrenin bacısı oğlu, Belçika sərhədində polis inspektoru işləyən Pol Vinşon nəzərdə tutulurdu.
Davamı →

Xalid Ziya Uşaqlıgil

XIX-XX əsr türk ədəbiyyatının görkəmli nümayəndəsi, Türkiyədə roman janrının qurucuları sırasında adı hörmətlə yad edilən yazıçılardan biri də Xalid Ziya Uşaklıgil olub. O, “Sərvəti-fünun” ədəbi cərəyanın böyük nəsr ustası kimi tanınıb. Erkən çağlardan fransız dilini, daha sonra ingilis, alman, ərəb və fars dillərini öyrənib. Fransız ədəbiyyatının təsiri altında yazmağa başlayıb. Eyni zamanda milli ədəbiyyat və milli düşüncədən uzaq düşməyib.

Xalid Hacı Halil oğlu Ziya 30 iyul 1866-cı ildə İstanbulda zəngin bir ailədə dünyaya göz açır. Atası onu hərbi təmayüllü məktəbə (Rüştiyə) qoyur. Bir müddət sonra İzmirə köçürlər. Burada təhsilini özəl məktəbdə fransız bölməsində davam etdirir. 1884-cü ildə orta təhsilini başa vurur və atasının ticarət şirkətində fəaliyyətə başlayır. Sonra İzmirdə ədəbiyyat müəllim kimi işləməyə başlayır. Müəllimliklə bərabər mətbuatda tez-tez çıxışlar edir, ədəbi yaradıcılığa meyil edir. Xalid Ziya əsl-kökcə Uşaklıq qəsəbəsindən olub. Buna görə də özünə Uşaqlıgil təxəllüsünü götürüb. Ədəbiyyat aləmində Xalid Ziya Uşaklıgil kimi tanınıb.
Davamı →

Ölü kəllə kəpənəyinin vahiməsi

İndi ədəbiyyat kluarlarında söhbəti Kafkadan başlayıb Markesdə bitirmək dəb düşüb. Xüsusən də gənclər arasında populyar olan bu iki sənətkarı kim necə gəldi təhlil eləyib, istədiyi kimi yozur. Kafkanın qorxulu, ziddiyyətli və sarsıdıcı hekayələri, Markesin magik və detektivvari əsərləri heç də yenilik deyilmiş. Halbuki, bir az dərinə gedəndə qarşımıza Edqar Po kimi ciddi və təkrarsız yazıçı çıxa bilər. Elə mən də ondan yazmaq istəyirəm.

Hekayələrində detektivdən tutmuş magik realizmə qədər gedib çıxan Po dünya ədəbiyyatında bir neçə istiqamətin başlanğıc nöqtəsi olmuşdur. Daha çox qotik üsluba meyl edən yazıçının əsərləri, loru dildə desək, məşhur yazıçıların “çörək ağacı”na çevrilib. Əbəs yerə onu detektiv janrın atası saymırlar. O, həm də elmi fantastikanın və mistifikasiyanın banisidir.

Bədbin və qorxulu tona köklənəm qısa hekayələri yazıçıya ölümündən sonra dünya şöhrəti gətirdi. Cəmi qırx il yaşamasına baxmayaraq bu gün o, klassik yazıçılarla bir sırada durur.
Davamı →

Kəskin qələmli Tofiq Fikrət

Ötən yüzilliyin əvvəllərində Osmanlı Türkiyəsində mübariz ruhlu yaradıcılığı ilə seçilən şairlərdən biri də Tofiq Fikrət olub. Onun dərin məzmunlu ədəbi irsi Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına təsir göstərib.

Tofiq Hüseyn oğlu Fikrət 1867-ci ildə İstanbulda ziyalı ailəsində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərib və ilk şeiri “Tərcümani-həqiqət” qəzetində dərc olunub. Qalatasaray liseyində təhsilini başa vurduqdan sonra Gədikpaşa Ticarət Məktəbində fransız və türk dili, eləcə də hüsnxət üzrə müəllim kimi işə götürülür.

 Gənc şair 1894-cü ildə “Mirsad'” jurnalı ilə əməkdaşlıq edir. Rəcaizadə Əkrəmin dəvəti ilə “Sərvəti-fünun” jurnalının redaktoru olur. 1895-ci ildən mətbuatda “Tofiq Fikrət” imzası ilə nəşr olunmağa başlayır. “Sərvəti-fünun”da istedadlı gənclərin sənətə gəlişinə şərait yaradır. Lakin 1900-1901-ci illərdə sərvəti-fünunçular arasında anlaşılmazlıq yaranır. Getdikcə dərinləşən ziddiyyətlər jurnalın ətrafına yığılan gənclərin qütblərə ayrılmasına səbəb olur.
Davamı →

Hadisə | Anton Çexov

Sübh çağı. Günəşin parlaq şüaları pəncərənin şüşələrini örtən buz torunun arasından sızaraq uşaq otağına düşür. Saçları qısa kəsilmiş altı yaşlı fındıqburun Vanya və buruqsaç, koppuş, dörd yaşına görə bəstəboy bacısı Nina oyanaraq, çarpayılarının məhəccərindən acıqlı-acıqlı bir-birinə baxırlar.

— Utanmazlar, yaramazlar! – dayə deyinir. – Camaat çoxdan ayaqdadır, çaylarını da içiblər, sizsə heç cür yuxudan doymursunuz…

Günəşin şəfəqləri xalçanın, divarın və dayənin ətəklərində oynayır və sanki otaqdakıları birgə əylənməyə dəvət edir, lakin uşaqlar onlara fikir vermir. Körpələr xoş əhval-ruhiyyə ilə ayılmayıblar. Nina dodaqlarını büzüb üzünü turşudur və uzada-uzada deyir:

— Dayə, ca-ay istə-əyirəm!
Vanya alnını qırışdırıb fikirləşir: ağlamaq üçün bəhanə axtarır. O, gözlərini qırpıb ağzını açmağa hazırlaşırdı ki, qonaq otağından anasının səsi gəlir:

— Pişiyə süd verməyi unutmayın, indi onun balaları var!
Vanya ilə Nina gözlərini bərəldib çaşqınlıqla bir-birinə baxırlar, sonra bir ağızdan qışqırıb, çarpayıdan yerə tullanır və ətrafı qulaq batıran ciyiltiyə bürüyərək ayaqyalın, bircə alt köynəyində mətbəxə qaçırlar.
— Pişik balalayıb! – onlar çığırırlar. – Pişik balalayıb!
Davamı →

Nadenkanın ən gözəl xatirəsi | Anton Çexov

Parlaq bir qış günü idi. Dondurucu soyuq küləklər əsirdi. Nadenka nın başı və üst dodağı gümüş rəngini alan qar dənəcikləri ilə örtülmüşdü. Qolumdan tuturdu, yüksək bir təpədə dayanmışdıq. Başında durduğumuz hündürlüyün aşağısındakı yamaca günəş sanki ayna kimi yansıyırdı.

– Nadenka Petrovna, gəl bircə dəfə burdan sürüşək! Bircə dəfə! Heç nə olmayacaq, söz verirəm. Heç yerin zədələnməyəcək. Amma Nadenka qorxurdu. Balaca qaloşları ilə başında dayandığı təpədən aşağıdakı mənzərə ona ürküdücü, sonsuz bir uçurum kimi görünürdü. Ondan xizəyə minməsini istəyəndə aşağı boylanaraq dərindən bir nəfəs aldı. “Özünü boşluğa buraxarsa, nə olar?” deyə düşünürdü. Nə ola bilərdi? Ölə bilər və ya ağlını itirə bilərdi.

Davamı →

Yalansız yaşamaq | Aleksandr Soljenitsın

Bütün bunlarda heç də “onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Vaxt vardı cınqırımızı da çıxara bilmirdik. İndi artıq “samizdat” yazıb-oxuyuruq, institutların dəhlizlərinə yığışıb ürəyimizi boşaldırıq: “Gör nə oyundan çıxırlar, gör bizi hara sürükləyirlər?!”. Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin qızışdırılması…
Kefləri istəsə, bizi öz əlimizlə (öz vəsaitimizlə) bəsləyib böyütdüyümüz Mao Tszedunun üstünə də göndərə bilərlər və gedərik — çarəmiz nədir? Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar. İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük. Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq:

“Necə mane ola bilərik? Bizdə o zor hanı?”. Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri, mənəviyyatımızı, ata-babalarımızın bütün elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə qurban veririk — təki köhnə nizam pozulmasın, vücudumuza xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb. Biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü dünya müharibəsindən də qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb gizlənə bildik?); biz yalnız cəsarətli vətəndaş addımı atmaqdan qorxuruq. Təki sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq — birdən bir parça çörəyimizi itirərik, qazdan, isti sudan, Moskva qeydiyyatından əlimiz çıxar. Siyasi dərnəklərdə beynimizə möhkəm yeridiblər ki, ömür boyu sabit və rahat yaşamaq gərəkdir: mühitdən, sosial şəraitdən qaça bilməzsən, varlıq şüuru müəyyən eləyir, yəni bizlik bir iş yoxdur, biz heç nə eləyə bilmərik. Ancaq biz hər şey eləyə bilərik! Yalandan özümüzə toxtaqlıq veririk. Bütün bunlarda heç də “onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Deyə bilərsiniz ki, axı həqiqətən, çıxış yolu yoxdur! Ağzımızı tıxayıblar, nə bizə qulaq asan var, nə bizdən söz soruşan. Onları necə məcbur eləyək ki, bizə qulaq assınlar?
Davamı →

Susqunlar | Albert Kamyu

Qışın oğlan çağı olmasına baxmayaraq, parlaq günəş hələ də hərəkətli şəhərin səmasında var-gəl edirdi. Dalğaqıranın sonunda dənizlə səma göz qamaşdırıcı bir işıqda bir-biri ilə birləşirdi. Amma Yvars bütün bunların fərqində deyildi. O, limanın yuxarısındakı bulvarda yavaş-yavaş velosipedini sürürdü. Bir ayağı gecəki rütubətdən sonra hələ də nəm olan sürüşkən səkidə velosipedi hərəkət etdirməyə çalışarkən, şikəst olan digər ayağı pedalın üzərində hərəkətsiz olaraq dayanmışdı. Velosipedin üstdə ayaqlarını aralayıb oturmuş bədəncə kiçik Yvars köhnə dəmir yolundakı relslərə ilişməmək üçün başını yuxarı qaldırmadan sürürdü.

Yoldakı maşınların onu ötüb keçməsinə imkan vermək üçün qəfildən velosipedin sükanını döndərdi və bu zaman dirsəyi, təsadüfən, Fernandenin onun üçün hazırladığı yemək çantasına toxundu. Adətən bu cür hallarda o, acıqlı-acıqlı çantanın içindəkiləri fikirləşərdi. İkinci növ çörəyin iki dilimi arasında onun xoşladığı İspansayağı omlet ya da yağda qızardılmış bifşteks yox sadəcə pendir var idi.
Davamı →

Absurd və intihar | Albert Kamyu

Fəlsəfənin bircə ciddi problemi var: intihar. Həyatın yaşamağa dəyib-dəymədiyinə qərar vermək elə fəlsəfənin ən başlıca sualına cavab verməkdir. Bütün başqa problemlər ikinci dərəcəlidir: dünyanın üç ölçülü olması da, təfəkkürün doqquz yaxud on iki kateqoriyasının olması da. Bunların heç bir əhəmiyyəti yoxdur!

Qayda belədir: ilk öncə suala cavab verməlisən. Nitsşenin təbirincə desək, filosof hörmətəlayiq olmaq istəyirsə, ilk növbədə özü nümunəvi olmalıdır. Bu zaman cavabın vacibliyi önə çıxır, çünki cavab davranışı qabaqlayır. Bunlar qəlb həqiqətləridir, ağla tətbiq etmək üçün dərinləşdirmək lazımdır. Özüm-özümə sual verirəm: digərləri ilə müqayisədə bu problemlərdən hansı daha vacibdir? Cavab verirəm: davranış qərardan sonra gəlir, ona görə də qərar haqqında danışmalı.

Hansısa elmi sübut üçün ölən adam görməmişəm. Ən vacib elmi həqiqətlərdən birini kəşf edən Qaliley də həyatı üçün təhlükə yarandığını hiss etdiyi an kəşfini inkar etdi. Müəyyən mənada ona haqq qazandırmaq olar. Bu həqiqət diri-diri yanmağa dəyməzdi. Elə də vacib məsələ deyil, dünya Günəşin ətrafında fırlanır, yoxsa Günəş dünyanın. Boş şeylərdir. Bunun əksinə, həyatın yaşamağa dəymədiyini düşünərək ölən xeyli insan görmüşəm.
Davamı →