Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Lotoreya bileti | Anton Çexov

1200-lük illik maaşla ailəsini dolandıran və bəxtindən çox razı olan İvan Dmitriç orta təbəqəyə mənsub idi. O, şam yeməyindən sonra divanda oturdu və qəzet oxumağa başladı.

Arvadı masanı təmizləyə-təmizləyə dedi: “Mən bu gün qəzetə baxmağı unutmuşam. Bax gör, lotoreyaların siyahısı oradadır”.

İvan Dmitriç bildirdi:
”Hə, burdadır. Bəs sənin biletinin vaxtı keçməmişdi ki?”
“Yox, mən çərşənbə gününə olanı almışdım”.
“Nömrəsi nədir?”
“Seriya 9,499, N=26”
“Belə… İndi baxaram… 9,499 və 26.”

İvan Dimitriçin lotoreyada bəxti gətirmirdi və bir mənalı olaraq qalib gəlmiş nömrələrin siyahısına baxmağa razı olmayacaqdı. Lakin indi onun görüləsi başqa bir işi yox idi və qəzet də gözünün qabağındaydı. O, barmaqlarını nömrələr sütununun aşağısı boyunca gəzdirdi. Elə o saat da, sanki,  skeptisizminə bir rişxəndmiş kimi yuxarıdan ikinci sırada o, 9,499 rəqəmini gördü. O, gözlərinə inana bilmirdi və biletin nömrəsinə baxmamışdı ki, əlindən saldığı qəzet dizlərinin üstünə düşdü. Elə bil, kimsə onun üstünə soyuq su tökmüşdü və o, qarnının düz ortasında cimiltili, dəhşətli və xoş bir üşütmə hiss etdi.
“Maşa, 9.499 ordadır!” – o, boğuq səslə dedi.
Davamı →

Keçmişdən günümüzə “Dədə Qorqud” dastanı

Mədəniyyətimiz, xalq yaddaşımız zaman-zaman müxtəlif ideoloji-siyasi təsirlərə məruz qalsa da, keçmişimizin etibarlı bələdçisi olmuşdur. Türk xalqlarının ortaq mədəniyyət abidəsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanının da islam dininin bərqərar olması ilə, eləcə də sonrakı dövrlərin ideoloji meyarlarından irəli gələn müəyyən təsirlərə baxmayaraq, əsas qayəsi, etnik-mədəni sistemimizin mühüm elementləri əsrlərin hüdudunu aşmışdır.

“Kitabi-Dədə Qorqud” və digər milli-mədəni abidələrimizə birmənalı olmayan münasibət onların haqqında yazılan məlumatlarda, araşdırmalarda da özünü göstərmişdir. Sovet dövründə nəşr edilmiş Azərbaycan dastanlarını müstəqillik illərində çapdan çıxan nəşrlərlə müqayisə edəndə bu mətnlərə ciddi müdaxilə olunduğunu görürük. Onu da deyək ki, dastanın mətninə edilmiş müdaxilələr xalqın yaddaşına müdaxilədir. Məsələn, 1980-ci ildə nəşr olunan “Dədə Qorqud dastanları” kitabında (“Maarif” nəşriyyatı) bunu aydın müşahidə edirik. “Məktəb kitabxanası” seriyasından buraxılan nəşr uşaqlar üçün anlaşılan olsun deyə dastanın dili dəyişdirilmiş, tipik sovet şüarçılığı və pafoslu leksikonu buraya daxil edilmişdir. Məsələn, “Basatın Təpəgözü öldürdüyü boy” belə başlayır: “Xanım, bir gün oğuzlar xəbərsiz otururkən yurdlarına düşmən gəldi. Onlar gecəylə qorxub köçdü”. Boyun girişi nəsrlə olduğu halda, onu məqsədli olaraq nəzmə çevirmişlər:

Davamı →

Bir türkün hind dərvişləri ilə bağlı yazdıqları | Volter

Mən Qanq çayının üstündəki Benares1 şəhərində olanda, öncədən buranın brahmanların2 yurdu olduğunu bildiyim üçün, onlarla bağlı olan bilgilər toplamağa başladım. Hindi dilini yetərincə bildiyimdən, nə eşidirdimsə, hamısını özüm üçün araşdırıb, yadda saxlamağa çalışırdım. Burada, öncələr məktublaşaraq tanış olduğum, Omri adında birisinin evində yerləşdim; bu kimsə mənim indiyəcən tanıdığım adamların içində, ola bilsin, ən yaxşısı idi. O, Brahman inancına bağlı idi, mən isə müsəlman idim; ancaq bir yol da olsun, Məhəmmədlə Brahmanı tutuşduranda, biri-birimizə qızıb səsimizi qaldırmamışdıq. Biz böyür-böyürə dayanıb dəstəmaz  alır, sərinlədici içkilərimizi bir qabdan götürüb içir, bir qazanda bişmiş düyüdən yeyir, bir sözlə lap qardaşyana dolanırdıq.
 
Günlərin birində, biz birlikdə Havan məbədinə yollandıq. Orada bir neçə bölük dərvişlərin olduğunu gördük, onların bir bölüyü yoqaçılar idi—onlar özlərini bu yaşamdan ayırdıqlarını, ancaq özlərinin duya bildiyi gercəkləri izlədiklərini deyirdilər, bir başqa bölük himnosofistlər3  adlanırdılar, onlar da bir başqa sayaq yaşayır, ancaq özlərini yaşamdan büsbütün ayırmırdılar. Bu dərvişlərin, ancaq özlərinin bildiyi hansısa bir dilləri vardır, bu dil əski çağlarda yaşamış brahmanların dilidir, onların bu dildə yazılmış Vedalar4  adında bir kitabları da vardır. Bu kitab isə, Zend-Avestadan sonra, bütün Asiyada ən əski kitabdır.
Davamı →

Yaxşı Brahmanın başına gələnlər | Volter

VolterDünyanı gəzib-dolaşdığım çağlarda bir qoca brahmanla tanış oldum, o, çox müdrik, itiağıllı, oxumuş bir kimsə idi; bundan başqa da, çox varlı olduğu üçün, nə kimsədən qazanc güdər, nə də kimsəni aldatmağa çalışardı, bu isə onun müdrikliyini bir az da artırırdı. Onun ev diriliyi üç gözəl qadının əlində idi, bunlar onun qulluğunu yetərincə gətirir, ürəyindən keçənlərin hamısını yerinə yetirirdilər; brahman bu qadınlarla əylənməkdən başqa, qalan bütün boş vaxtını dərin düşüncələrə dalmaqla keçirərdi.
 
Brahmanın qonşuluğunda, çox gözəl bağlı-bağatlı bir evdə, qoca indus qadın yaşayırdı — bu qarı, qatı inanclı, kütbeyin, çox da yoxsul idi.
 
Bir gün brahman üzünü mənə tutub dedi: “Mənə elə gəlir, doğulub bu dünyaya gəlməsəydim çox-çox yaxşı olardı”. Mən ondan nədən belə düşündüyünü soruşdum. O mənə bunları dedi: “Mən qırx ildir, günümü oxuyub öyrənməklə keçirməkdəyəm, ancaq indi görürəm, bu qırx il boş-boşuna keçib gedibdir; mən başqalarını öyrətsəm də, özüm heç nə bilmirəm; bu məni elə alçaldır, çiyrəndirir, artıq bu sayaq yaşamaqdan bezmişəm.
Davamı →

İblis | Cübran Xəlil

Xəlil CibranCamaat huri (Livanlılarda müqəddəs ata) Samaana ruhani və dini məsələlər üzrə böyük nüfuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cəhənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.

Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tələlərdən onları xəbərdar etməkdən ibarət idi. İblis  hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.

Fəllahlar (Livan kəndliləri) huri Samaana hörmət edir, onun moizə və dua­la­rının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məhsulda da Samaanın öz payı vardı.

Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kən­də doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boylanaraq bax­anda yolun kənarında, otun üzərində uza­nılı halda çılpaq bir kişi gör­dü. O, ağır yaralanmışdı, yara­sın­dan hələ də qanın sızdığını görmək olur­du. “Mənə yazığın gəl­sin, – deyə yaralı yalvardı, – məni xilas elə, ölü­rəm!”

Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özü­­nə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq is­tə­yib, əvəzində özü zərər çəkib… Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”.


Ardı →

Məntiqin fəlsəfəsi, yaxud özünüdərk | Cübran Xəlil

Xəlil CibranYağışlı Beyrut axşamlarının birində Səlim əfəndi Duay­bas köhnə kitablar və müxtəlif  vərəqlər yığını ilə qalaqlanmış ma­sanın arxasında oturmuşdu.

Vərəqləri səhifələdikcə o, vaxtaşırı başını qaldırır və qa­lın dodaqları arasından  havaya qalın tənbəki tüstüsü buraxırdı. O, müəllimi Sokratdan ilhamlanmış Platonun özünüdərk haq­qın­da yazdığı traktatı nəzərdən keçirirdi.

Bu qiymətli traktatın möcüzəli sətirləri üzərində düşünən Sə­lim əfəndi yaddaşında bu mövzuyla bağlı filosofların və bə­şər nəslinin ruhani rəhbərlərinin nə dediklərini xatırlamağa ça­lı­şırdı. Və nə Qərb mütəfəkkirlərinin ən ötəri bir qeydi onun diq­qətindən yayındı və nə Şərq alimlərinin bir sözü nəzərindən qaç­dı. Və nəhayət onun “mən”i özünüdərk haqqında düşüncə­lər­də əriyib itəndə o, dik atılaraq əllərini göyə qaldırdı və uca­dan söylədi:

“Bəli! Bəli! Özünüdərk – hər bir dərkin anasıdır! Mən öz “mən”­imi dərk etməliyəm – və mən onu axıra qədər dərk edə­cəm! Mən onun bütün hissə və xassələrini, onun bütün incə­lik­lə­rini və zərrəciklərini dərk edəcəm.  Mən ruhumun üzərindəki sirr­lər pərdəsini qaldırmalı, ürəyimin dərinliklərində olan bütün giz­linləri işıqlandırmalıyam. Bundan başqa mən ruhani möv­cud­luğumun maddi mövcudluğum üçün əhəmiyyətini və maddi var­lığımın ruhani varlığım üçün dəyərini aydınlaşdırmalıyam”.

O bu sözləri vəcdlə söylədi və onun gözlərində “idrak yan­ğısı”, özünüdərk işığı parladı. Sonra o qonşu otağa keçərək yer­dən tavana qədər bütün divarı tutmuş iri güzgünün qar­şı­sın­da heykəl kimi hərəkətsiz dayandı. O, öz əksini tədqiq edirdi: üzü­nü, başının formasını, bədəninin cizgilərini, bir sözlə, bütün xa­rici görünüşünü.


Ardı →

Əli Qurban Dastançı. Şeirləri.

Əl var

Əl var, barmağını qızılladasan,
Cansız daşı yonur, insan eyləyir.
Əl var, neştər vurub sızıldadasan,
Abadı uçurur, viran eyləyir.

Əl var, qabarlıdır işdən, əməkdən,
Əl var, yay günü də çıxmır əlcəkdən.
Əl var, əsər yazır xoş gələcəkdən,
Əl var, böhtan yazır min qan eyləyir.

Əl var, qızıl yığır, qubar artırır,
Əl var, ürək qoyur, bahar artırır,
Əl var, dərd artırır, azar artırır,
Əl var, min bir dərdə dərman eyləyir.


Ardı →

Qəsidə - "Olursa"

Müavin mana ol Sübhan olursa,

Bədəndə ruhi-qüdsi can olursa,

Tutam ömrüm kimi zülfün ucun bərk,

Nigara, vəslinə dərman olursa.

 

Çü cövhər dür saçam ol dəm gözümdən,

Xəyalin lütf edüb mehman olursa.

Necə etsün qərarı can saçınla

Ki, sir nə əhdü, nə peyman olursa.

 

Sən ol sultani-cansan, ey diləfruz

Ki, qapında sığar, min xan olursa.


Ardı →

Gənc yazarlara 10 dəyərli məsləhət - Virciniya Vulf

Əsl adı Adelin Stefan olan Virciniya Vulf 1882-ci ildə Londonda dünyaya göz açıb. Səhhəti ilə bağlı yaşadığı problemlərə görə məktəbə getməyən Virciniya Vulf 12 yaşında anasını, 22 yaşında isə atasını itirib. “Xaricə səyahət” adlı ilk kitabı 1915-ci ildə işıq üzü görüb. 1929-cu ildə işıq üzü görən “Özünə aid bir otaq” əsəri klassik feminizm nümunələri arasında özünəməxsus yer tutur. Xanım yazıçının əsərləri 50-dən çox dilə tərcümə olunub. Təkrarolunmaz əsərləri ilə dünya ədəbiyyatına adını yazdıran Virciniya Vulf 1941-ci ildə mart ayının 28-də özünü evinin yaxınlığındakı çaya ataraq intihar edib.  Dahi yazıçının oxucularına tövsiyə etdiyi 10 məsləhəti sizlərə təqdim edirik:  

 

1. Ədəbiyyat zövqünüzü yaxşı kitablarla deyil, pis kitablarla formalaşdırın.  


Ardı →

Gözümü yumuram, görürəm səni

Gözümü yumuram, görürəm səni
Vaxtında doyunca baxmadım sənə
Ya sən ürəkdən sevmədin məni
Ya da mən biganə yanaşdım sənə.

Ani bir qasırğa ayırdı bizi
Əlini qopardı mənim əlimdən
Sovrulub silindi sevginin izi
Get sözü daş olub düşdü dilimdən.

Gözümü yumuram, görürəm səni
Həmən o dodaqlar, həmən o gözlər
Ya sən ürəkdən sevmədin məni
Ya da öz sehrini itirdi sözlər.

Günəş tək qüruba çəkildi, itdi
Sanki buludlar gizlədi ayı
Bir səhər başlayıb, bir gecə bitdi
Heç kəsə qalmadı məhəbbət payı.

Gözümü yumuram, görürəm səni
Həmən o sözləri eşidirəm mən
Ya sən ürəkdən sevmədin məni
Ya da sevgini görmədin məndən


Ardı →