Nikolay Leskovun "Səfeh" hekayəsi

Kimi axmaq hesab eləmək lazımdır? Adama elə gəlir ki, bunu hamı bilir, amma kimin necə bildiyi barədə sorğuya başlasaq, məlum olacaq ki, axmaqlığı hərə bir cür başa düşür.

Bütün sözlərin mənasının izahlarının yer aldığı akademik lüğətə görə, «səfeh» ağlı zəif, axmaq, düşünmə bacarığından məhrum, təlxək adamdır… Bu izahı qüvvətləndirmək üçün də aşağıdakı misal gətirilir: «O həmişə səfeh olub, səfeh də qalacaq». «Səfeh – axmaq sözünün yumşaldılmış şəklidir».

Bu izahdan daha elmi olanını axtarmağın daha heç bir mənası yoxdur, bu arada həyatda da tez-tez belə səfehlər və ya axmaqlarla, bu ləqəbləri qazanmış adamlarla üz-üzə gəlmək olur, amma bəzən bu adamlar heç də ağılsız, axmaq, təlxək-zad olmurlar… Bu adamlar sadəcə hər şeylə çox maraqlanırlar, mən indi sizə bax, belə bir adam barədə danışacağam.                        

Bizim kənddə bir kimsəsiz, təhkimli oğlan uşağı – Panka vardı. O, ağa qapısında böyüyür, nə versələr, onu geyinir, inəksaxlayan arvad və onun balaları ilə eyni damın altını və yeməyi bölüşürdü. Onun işinin adı «hamıya kömək eləmək» idi. Bu, o demək idi ki, ağa qapısında istənilən işin qulpundan yapışan adamın ixtiyarı var idi ki, öz işlərini Pankaya tapşırsın. Buna görə də o aramsız işləməli olurdu. İnd idə yadımdadı, birdən elə olurdu ki, qış günü – bizim qışlar isə adamın iliyini dondurur – səhər oyanıb, pəncərənin qabağına yaxınlaşan kimi, görürdük ki, Panka belini əyə-əyə ya saman, ya sünbül dərzləri, ya da mal-qara, toyuq-cücə üçün dənli yem daşıyır. Biz təzə qalxırdıq, o isə artıq işləyib, əldən düşmüş olurdu, nadir hallarda onun tövləyə söykənib, quru çörək qırağı gəvələyib, üstündən su içdiyini görmək olurdu.


Ardı →