Zal xan məscidi - İrəvan Xanlığı


İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. H.Linçin verdiyi məlumata görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi, yaxud isə Şəhər məscidi adlandırmışdır. Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir.


Ardı →

Sərdar məscidi - İrəvan xanlığı


Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərinin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir. 
Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdir.


Ardı →