Kafkanın sevgiləri

KafkaO qəribə, adamayovuşmaz, patoloji olaraq özünə inamsız biri idi. Özü üçün, ətraf alamə məlum olmayan qanunlarla yaşayırdı. Tanışlarından biri onun haqqında deyir: “O utancaq, narahat, eyni zamanda, mehriban və xoşxasiyyət biri idi. O dünyaya günahsız insanları parçalamağa hazır gözəgörünməz iblislərin məkanı kimi baxırdı”.

29 yaşlı Frans Kafka Felitsa Baueri ilk dəfə 1912-ci ildə dostu Maks Brodun evində görmüşdü. O gündəliyində bununla bağlı qeydlər də aparmışdı. Bu qeydlərə əsasən deyə bilərik ki, ilk baxışdan qız onda elə də böyük təəssürat oyatmayıb. “25 yaşında ifadəsiz, sümüklü sifəti olan bir yəhudi qızıdır” – təəssüratı yəqin ki, gənc bir xanım üçün kompliment sayılmaz.

Amma maraqlı olan odur ki, bir neçə həftə sonra bu gənclər arasında qızğın və uzun yazışmalar başlayır. İlk məktublarında Kafka özünə oxşamırdı. Onun intonasiyası açıq, qətiyyətli və özünəinamlı idi. Frans həvəslə zarafat edir, bir çox məsələlərlə bağlı həmişə qeyri-adiliyi ilə seçilən mövqeyini bölüşürdü.

Təsəvvür edin ki, neçə-neçə orijinal əsərin müəllifi – son dərəcə özünəinamsız, yöndəmsizliyi və utancaqlığını özünə böyük dərd etmiş, milyonlarla kompleks və fobiyanın içində itib-batmış biri idi. Felitsa isə ədəbiyyat, fəlsəfə və incəsənətə tamamilə laqeyddi. Amma bununla belə onunla Kafka arasında yazışmalar kifayət qədər dolğun idi. Niyə? Bir-birinə o qədər də uyğun olmayan bu insanlar nədən danışırdılar?

Yazıçının bioqrafiyasını araşdıranlar ehtimal edirlər ki, gənc adamın diqqəti qızın xoşuna gəlib. İçindəki iblislərə baxmayaraq Kafka kifayət qədər yaraşıqlı, cazibədar və son dərəcə ağıllı biri idi. Bəs qadında Fransın özünü cəlb edən nə idi? Kafkaya ilk növbədə onun uzun-uzadı söhbətlərinə qulaq asacaq biri lazımdı. Özünə çox qapalı olan Kafkanın ciddi ünsiyyət problemi vardı. Epistolyar janr isə ona canlı görüşdən daha “təhlükəsiz” görünürdü.


Ardı →