Seyid Yəhya Bakuvi

Bakıda Xəlilullahın sarayında yaşamış alim və mütəfəkkir, xəlvətiliyin yaxın və orta şərqdə ən böyük təmsilçisi olan Seyyid Yəhya Şirvaninin doğum tarixi haqqında tarixi mənbələrdə məlumat verilməsə də, dövrün şərtləri, onun tələbə və müəllimlərinin yaşadığı zamanı nəzərə aldıqda təxminən 1410-cu ildə anadan olduğunu söyləmək mümkündür. Yəhya Şirvaninin doğum tarixi haqqındakı məlumatların azlığı, həmçinin onun uşaqlığının da necə keçdiyini müəyyənləşdirməyi çətinləşdirir. Əsl adı Yəhya ibn Bəhauddindir. Seyid nəslindən olub, soyu Hz. Peyğəmbərə (s.ə.s) qədər gedib çıxır. Yəhya Şirvani İmam Museyi-Kazımın nəvələrindəndir. Tarixçi Sara Aşurbəylinin verdiyi məlumata görə tam adı Seyid Yəhya ibn Seyid Bəhauddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Xəlvətiyyə təriqətinin inkişaf etməsində göstərdiyi böyük xidmətə görə ona təriqətin “piri-sani”si (ikinci piri) ləqəbi verilmişdir. İkinci ləqəbi isə mənbələrdə II Pir Seyyidul-Taifətil-Xəlvətiyyə əş-Şeyx Seyid Cəlaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əl-Bakuvidir.
Ardı →