DEPO

Vüsal Nuru

Depo

 

Avtobus qapılarını  açan kimi adamlar içəridən daşıb çölə töküldü. Tələsik düşənlərdən birinin ayağı büdrədi və ağzı üstə yerə yapışdı. Əl atıb durğuzdular, o da pərtliyini gizlədərək metroya tərəf getdi. Yuxulu görünürdü. O, Avtobusdan yox,  fırlancaqdan düşən adam kimi idi.

Kişinin 35-40 yaşları olardı. Başına qara kepka qoymuşdu. Əyninə də qəhvəyi rəngli qısa gödəkcə və mavi rəngli cins şalvar geyinmişdi. Əllərini gödəkcənin cibinə qoyub, cibiylə bərabər qarnını qucaqlamışdı. Hiss olunurdu ki, səhərin ayazı onu üşüdür. O, çiyinlərini qulağının dibinə qədər qaldırıb, əsnəyə-əsnəyə özünü metronun şüşəli qapılarına çatdırmağa çalışırdı.

Yol boyu əsnəyirdi. Ağzını ayğır kimi  acıb, gözlərini yumurdu. Özü də alt çənəsini sağ tərəfə əyərək əsnəyirdi.  Üzü arıq olduğundan əsnəyəndə sifəti eybəcərləşirdi. Bu çox gülməli görünürdü.  Nazik, bir az da donqar olan burnunun  üstü qırışırdı. Qaşlarının biri alnına qədər qalxanda, o biri bərk-bərk yumulmuş gözünün üstünə əyilirdi. Ağzını yuman kimi tənbəl-tənbəl əlini cibindən çıxardıb yumruğuyla sulanmış gözlərini silirdi. 


Ardı →