Hər dərdin dərmanı olan sözlər

Əgər dadına çatan, köməyinə yetən, harayını eşidən yoxdursa...

Əgər çətinliklərin nəhəng girdabında dalğadan-dalğaya atılan tənha qayıq kimi gözün sahili axtarırsa… Bataqlığa düşmüş adam kimi sənə uzanacaq əl sorağındasansa… Hər yerdən və hər kəsdən ümidin üzülübsə… O zaman Onun yardımına sığın, “ya Müğis” deyə, Onu çağır!

Əgər evdə əlacsız xəstən varsa… Canından çox sevdiyin əziz adamın gözünün qarşısında əriyib-gedirsə… Təbiblərin dərmanı, həkimlərin əlacı fayda vermirsə… Xəstəni sağalda biləcək son ümid yerin olan məlhəmi almağa pulun yoxdursa… O zaman Onun şəfa qapısına üz tut, “ya Şafi” deyib dua et!

Əgər günahlarını yada saldıqca gözün qaralır, qəlbin sıxılırsa… Cəhənnəmin istisini öz bədənində hiss edirmiş kimi qovrulursansa… Əgər vicdanının məhkəməsi qarşısında boynunu büküb durduqca heç zaman bağışlanmayacağına yəqinliyin daha da artırsa… Insanların üzünə baxmaqdan utanırsansa… O halda “ya Ğəfur” deyə pıçılda!

Əgər bütün qapılar üzünə qapanmışsa, qulpundan yapışdığın hər iş yarımçıq qalırsa… Əgər bağlı qapıları açmağa gücün, yarımçıq işləri bitirməyə iradən çatmırsa… “Ya Fəttah” deyə haray sal!

Əgər hər kəs səndən uzaq qaçırsa, təsəlli üçün üz tutduğun hər adam öz ürəyinin pəncərəsini sənin üzünə qapayırsa… Özünü dünyada hamıdan tənha, hər kəsdən uzaq hiss edirsənsə… Əzizlərinin laqeydliyi, yaxınlarının uzaqlığı səni üzürsə… “Ya Qərib” söylə, Onun sənə boynundakı şah damarından da yaxın oduğunu duymağa çalış!


Ardı →