Sufilərin hikmət dəryasından damlalar

Bizə sahib çıxarlar
Məşhur təsəvvüf xadimi, Misir övliyalarından olan Fəxrül-Farisidən bir gün tələbəsi soruşur: “Mən cəhənnəmdən çox qorxuram. Həmişə bunun fikrindəyəm ki, görəsən, cəhənnəm əzabından qurtula biləcəyəmmi?”

Fəxrül-Farisi cavab verir: “Axirət haqqında düşünməyin çox yaxşıdır, oğlum. Amma ümidini üzmə. Inşallah, qurtularsan”. Tələbə heyrətlə soruşur: “Təki olsun, ustad. Amma necə qurtulacağam? Bu qədər günahla Allahın qarşısına necə çıxacağam?” Təmkinini pozmayan Farisi deyir: “Ümidimiz budur ki, qiyamətdə böyüklərimiz (yəni bizdən əvvəlki övliyalar) bizim barəmizdə şəfaət edərlər, bizə sahib çıxarlar”. Tələbə: “Deməli, ümidimiz şəfaətə qalır? Bəs, əgər böyüklərimiz bizə sahib çıxmasalar, halımız necə olar?” Fəxrül-Farisi eyni aramlıqla söyləyir: “Üzülmə, oğlum. Əgər biz bu gün onlara sahib çıxsaq, onlar da qiyamət günündə bizə sahib çıxarlar”. Tələbəsinin sualla dolu gözlərinə baxan Fəxrül-Farisi başa düşür ki, tələbə onun sözlərini anlamayıb. Buna görə bayaqkı sözlərinə izahat verir: “Sözümün mənası budur ki, əgər biz böyüklərimizdən sağ olanların sözünə qulaq assaq, nəsihətlərinə əməl etsək, rəhmətə gedənlərin ruhunu dua ilə yad etsək, onlara sahib çıxmış olarıq. Əgər biz indi onlara sahib çıxsaq, bu əməllərimiz də Qiyamətdə mütləq bizim dadımıza yetişər, bizə sahib çıxarlar”.


Ardı →