Yeni doğulan uşaqlarda yaddaşın inkişafı

Yeni doğulmuş uşaq hələ ana bətnində ikən hər şeyi eşidir və yadda saxlamağı bacarır. O, anasının səsini tez tanıyır, onun ürək döyüntüsünü eşitdikdə sakitləşir.

Həyatının birinci ilində uşağın yaddaşı daha məhsuldar olduğundan bu dövrdən yaxşı istifadə olunmalıdır. Belə ki, kiçik şerlər, uşaq mahnıları oxumaqla körpənin söz ehtiyatını zənginləşdirmək lazımdır.

3 aylıq dövründə uşaq əşyaları tanımağa başlayır. Əvvəllər gördüyü əşyaları görmədiklərindən ayırd edə bilir. Amma körpənin gözü önündən itən hər şey onun üçün həmişəlik itki sayılır. Məsələn, əlindəki oyuncağın döşəməyə düşməsini uşaq həmişəlik yox olmuş kimi qavrayır.

Bu hal eynilə anaya da aiddir. Anası ilə birlikdə olanda o, özünü çox xoşbəxt hiss edirsə, ana başqa otağa keçən kimi körpə ağlamağa başlayır. Çünki o elə bilir ki, anası bir daha qayıtmayacaq. Ona görə də uşağın səsinə səs vermək, uzaqdan da olsa, onu danışdırmaq lazımdır ki, uşaq anasının yaxında olduğunu başa düşsün.

Belə olduqda uşaqda ilk məntiqi vərdişlər formalaşır: anamı görmürəm – deməli, o yoxdur? Amma səsini eşidirəm – deməli, o var. 
Körpənizlə gizlənpaç oynayın. Üzünüzü dəsmal və ya əlinizlə bağlayıb uşağın adını çağıraraq, ya da hər hansı bir səs çıxararaq üzünüzü açın. 

Belə oyunları uşaqlar çox xoşlayırlar. Onlar belə əyləncəli oyunlardan həm çoxlu müsbət enerji alırlar, həm də göz qabağından itən şeyin həmişəlik itmədiyini anlamağa başlayırlar.


Ardı →