Bizdə niyə modern sənət yoxdur?

Bizdə həqiqi modern sənət görmək nadir hadisədir. Modern sənətlə məşğul olanlar çoxdur təbii ki, nə qədər desən, fotoqraf, rəssam, yazıçı və ya rejissor var, amma əksəriyyətinin işlərinə həvəskarlıq, hay-küyçülük, psevdoçuluq, duyğu istismarçılığı və sair hakimdir, sənətkarlıqdan isə əsər-əlamət yoxdur.
Azərbaycan 30 ilə yaxındır müstəqil dövlətdir, az deyil, 10 milyondan çox əhalisi var, amma bu müddət ərzində modern sənətkarlıq sahələrinin formalaşması bir tərəfə, ümumiyyətlə, adam arasına çıxarılası nümunələrin sayı da barmaqla sayılacaq qədər az olub. Sənətkarlığa dövlət dəstəyi əks effekt verir. Ayrılan pulların böyük qismi korrupsiya nəticəsində ciblərə axır. Beləcə, dövlətin dəstək verdiyi sənətkarların yaratdıqlarının bir qara qəpiklik dəyəri qalmır. Əksər vaxt tək-tük yaxşı sənət nümunələri dövlət dəstəyi almayan, fərdi təşəbbüslə ortaya çıxarılanlardır, amma onların da sayı o qədər azdır ki, gözə görünmədən, ümumi axında itib batırlar.

Davamı →

Sənətin elitarlığını korlayanlar

Metafizikanı kinoya gətirən, ya da kinonu metafizikaya çevirən Andrey Tarkovski deyirdi ki, sənətin missiyası insanı ölümə hazırlamaqdı. Bu, sənətin boyununa yüklənən dini öhdəlikdir. Sənət insanı ölümə hazırlayacaqsa, onda din nə işə baxacaq? Sənət, bəlkə də, ölümü insana bir anlıq da olsa unutdurmaq cəhddir; gerçəkliyin yumoristik şərhi sənətin zatındadır. Servanteslə Tarkovskinin yaşadığı eyni dünya olsa da, yaratdıqları dünyalar tamamilə bir-birinə zidd idi.

Davamı →

Ağ-qara şəkil

Soldakı evin divarına vurulmuş xatirə lövhəsi utanmadan yalan danışır. Azərbaycanın Xalq Rəssamı, Professor Kamil Əliyev guya bu evdə yaşayıb yaratmışdır. Amma mən bu evin bünövrəsindən necə tikildiyini öz gözlərimlə görmüşəm axı!
Bir az qabaqda miniatür ölçülü Memar Əcəmi məqbərəsinə bənzəyən içməli su fontanına zəncirlə bənd edilmiş çuqun krujka da yoxa çıxıb.
Qədim karvanların izi ilə Buxara və Multanı karvarsaraylarının arasındakı iynə gözündən keçib Qız qalasının qarşısına çıxırsan və birdən burnuna yaş taxta və təzə lak qoxusu gəlir.
İndi bir daha xatırlayırsan ki, Elman dayı dünyasını dəyişib.

Davamı →

Yaradıcılıq, yoxsa yozuculuq?

Bu sətirlərin müəllifi həmişə belə fikirləşmişdir ki, yaradıcılıq yozuculuqdan [şərhçilikdən, interpretatorluqdan] üstündür. Bu, təxminən o deməkdir ki, yazıçılıq ədəbi tənqidçilikdən, rejissorluq kinoşünaslıqdan, alim müəllimdən ötədir. Alman payızının tutqun, ancaq gözəl bir günündə mən bu səhvimi, haçansa xəbərim olmadan həqiqət kimi öyrəndiyim bu klişeni, bir gözqırpımında gördüm. O anda başa düşdüm ki, indi Azərbaycan kulturasına böyük yaradıcılardan qabaq böyük yozucular [şərhçilər] gərəkdir. Axı ta qədimlərdə də birbaşa yaradıcılıqla yox, yamsılayıcılıqla [təqlidlə] işə başlayardılar; məbədlərdə yetişən bilicilər qabaqca özlərindən qabaqkıları şərh edər, ancaq bundan sonra yaradıcılığa girişərdilər. Yaradıcılıq haqqı hamıya yox, ancaq şərhçiliyini sübut edənlərə verilərdi. Sonrakı inkarçılar da elə o şərhçilərin içindən çıxardı. Bu ənənə sonralar elmə keçdi. Elmdə də böyük, hətta inqilabi elmi kəşflər etməzdən qabaq, özündən qabaqkıları xülasə və şərh edib, alimlik dərəcəsi alırsan. “Məktəb [yolu] keçmək” budur.

Davamı →