RAYİKON nədir?

RAYİKON-a və ya rayonların brendləşməsinə gedən yol…
Bir müddət əvvəl Finlandiya öz ölkəsinə xas emoikonlar yaratmaqla bir ilkə imza atdı.
Düşündük ki, kreativ agentlik olaraq bənzər istiqamətdə bizim də bir ilkə imza atmamız mümkündür. Ölkəmizin bölgələrinin əsasən düz xətt stilistikasına sadiq qalmaqla xüsusi ikonlarını, RAYİKON-ları yarada bilərik.
Nisbətən çətin iş olsa da, bu, bir ilk olacaqdı. Bir kreativ agentliyə də məhz bu yaraşardı. Qollarımızı çirmələdik və rayikonları yaratmağa başladıq. Nəticəsi isə göz qabağındadır…
Davamı →

Kürdəmir

Kürdəmir – Azərbaycan Respublikasında rayon. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir.

Kürdəmir – «Kür Dəymir» sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə «Y» sammiti assimilyasiya (aşınma) olmuş və «Kürdəmir» şəklində işlənmişdir.

Kürdəmir rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzündədir. Relyefi düzənlikdir. Ərazisinin çox hissəsi dəniz səviyyəsindən aşağıdadır. Antropogen çöküntülər yayılmışdır. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl tiplidir. Çay şəbəkəsi seyrəkdir (Girdiman və Ağsu çaylarının aşağı axını). Əsasən boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Kserofit kolluqlar və tuqay meşələri var. Çöldonuzu, canavar, tülkü, gəmiricilər, gürzə, turac, kəklik və s. məskunlaşmışdır. Bəzgək, dovdaq qışlayır. Baş Şirvan kollektoru rayonun ərazisindən keçir.


Ardı →