Səadət nədir?

Xoşbəxtlik bir sevgilidir hər kəs həsrətini çəkər onun, (xoşbəxtlik) bir uca qayədir hər fədakarlığa qatlanarlar onun yolunda. İnsanlar arasında elə bir fərd yoxdur ki, məsud olmaq istəməsin. Bəs, səadət nədir? Budur çətindən də çətin məsələ!..

Yunanlıya görə, o, eşq və sevda, Sezara görə şan və şöhrət, Firona görə iqtidar və məqam, Qaruna görə də yığın-yığın sərvət və xəzinələrə sahib olmaqdır. Halbuki, bunlardan heç biri, nə gerçək səadət, nə də onun bir vəsiləsidir. Həqiqi xoşbəxtliyi bu yollarla axtaranlar həmişə aldanmış və xüsrana məruz qalmışdırlar.

Gerçək səadət insan zehninin dağınıqlıq və pərişanlıqdan qurtarılması, insan qəlbinin itminan və rahatlığa qovuşmasından ibarətdir. Onu dəniz sahillərində, dağların zirvəsində, tənha yerlərdə axtaranlar daim yanılmışlar. Hərçənd, ruhuna bundan qeyri yollarla istirahət etdirməyi bilməyən avam üçün bu da bir vəsilə sayıla bilər. Ancaq gerçək hüzur və səadəti əldə etmək üçün nə zamana, nə də zəminə ehtiyac var. O hər yerdə insanla birlikdədir; onun iç aydınlığına, onun hür iradəsinə əmanət edilmiş müqəddəs bir sevgilidir. Hər bir insan istədiyi vaxt qanadlanan ruhu ilə qəlbinin sonsuz diyarlarına pərvaz edib tamaşasından doya bilməyəcəyi aləmlərə baş çəkib həsrətini çəkdiyi xoşbəxtliyi əldə edə bilər. Üstəlik qəlb xəzinəsi də tərtəmiz fikirlərlə süslənmiş və ləbriz (ağzına qədər dolu, dopdolu) edilmişsə… Boysun (Boycenin) dediyi kimi: “Nə bəxtiyardır o insan ki, ruhunun dərinliyində belə bir mehrabı var!..”


Ardı →