Tər suluqları və bişməcələr

Kiçik yaşlı uşaqların dərisinə kifayət qədər və düzgün qulluq etmədikdə dəridə tər suluqları və bişməcələr kimi iltihabi səpgilər əmələ gəlir.

Tər suluqları kiçik şəffaf suluqlar şəklində olur. Bişməcələrdən fərqli olaraq tər suluqları təkcə qurşaqdan aşağı deyil, həm də qulaq arxalarında, qoltuq altlarında, bir sözlə, tər vəziləri yerləşdiyi nahiyələrdə rast gəlinir.

Tər suluqlarının əmələgəlmə səbəbi uşağı həddən-ziyadə bürümək və ya yüksək qızdırma nəticəsində onun tərləməsidir. Sonradan irinciklərin əmələ gəlməməsi üçün tər suluqlarının müalicəsinə mümkün qədər tez başlamaq lazımdır. Tər suluqlarını başlanğıc dövrdə müalicə etmək çox asan başa gəlir. Bunun üçün uşaq kalium-permanqanat məhlulu (“marqantsovka”) ilə bir neçə dəfə vanna qəbul etdikdən sonra onun dərisini uşaq tozu (“prisıpka”) ilə sürtmək lazımdır.

Körpələrin dərisi hələ çox qurudur, çünki tər vəziləri kifayət qədər inkişaf etmiş olmur. Buna görə də onların dərisində büküş yerlərində tez-tez bişməcələr əmələ gəlir — dəri çatlayır, qızarır və qıcıqlanır. Əksər hallarda onlar xüsusilə qasıq və sağrılararası büküşlərdə, bəzən isə bədənin digər hissələrində də əmələ gəlirlər. Pis qulluq və eləcə də körpənin alt paltarı və geyimi üçün istifadə olunan yuyucu maddələrə yaranan allergiya – bişməcələrin əsas səbəblərindəndir. Vaxtında müalicə tədbirləri görülməsə, bunlar açıq yaralara (xoralara) keçə bilər.
Ardı →