Nicat qapılarını “Bismillah” deyərək açaq

Bismilləhir-Rahmənir-Rahim kəlməsini hər işin əvvəlində demək — dinimizin böyükləri tərəfindən həmişə vurgulanmışdır. Bu gözəl sünnət müsəlmanların hər bir işdə Allahı şahid və nazir tutmaqlarının xüsusiyyətlərindəndir.
Hədislərə görə bu gözəl kəlmə haqqında daha çox məlumata malik olaq.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “O zaman ki, bəndə yatan zaman “Bismilləhir-Rahmənir-Rahim” deyər, Allah mələklərə deyər: “Səhərə qədər nəfəslərinin sayı qədər ona həsənə yazın”.
Davamı →

İxlası necə tanımaq olur?

İxlas nəfsani sifətdir ki, zahirdə deyil, əməllərin batinində onu görmək olur. Bəs ixlasın nişanələri hansılardır və onları necə tanımaq olar?
1. Saleh əməllə. Saleh əməl və həsənələri yerinə yetirmək, rəzil sifətləri tərk etmək ancaq ixlas olarsa, əhəmiyyətə malik olar.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, şəhadətləri ixlasla dilinə gətirərsə və onu bir şeylə qarışdırmazsa, behiştə daxil olar”. İmam Əli (ə) ayağa qalxır və buyurur: “Necə ixlasla desin və heç nəyi ona qarışdırmasın?”.

Davamı →

Bədbəxtlik gətirən bəxşiş

Bədbəxtlik gətirən bəxşiş.

 

I

 

Troya atı və Dil.

 

                                                                                                                                                                                 “Məğlub millətlər, qalib və fateh millətlərin

                                                                                                                                                                                       örflərini, adətlərini və ənənələrini təqlid edər.”

                                                                               İbn Xəldun.             

 

 “Babil Qülləsi və Afaziya” adlı yazıda ələ salınacaq insanlar olaraq özümüzü tanımağımız üzərindən dil mövzusuna fəlsəfi zəmində olan yanaşmamın ümumi çərçivəsini xülasə etməyə çalışaraq və şahidi olduğum gedişatın mənzərəsinin teoloji, fəlsəfi, elmi, tarixi, ədəbi, ictimai və başqa yönlərinə diqqət çəkməyə cəhd edərək dilin mahiyyətinin və hər bir sahədə olan bir çox natamamlığın kökünün haradan qaynaqlandığını  araşdırmaq baxımından ümumi müşahidələrimi yazmışdım. Həmin yazının davamı və  bir çox başqa təfərrüatların ifadə olunması zərurətindən bəzi məsələləri qeyd etmək ehtiyacı hiss etdim. Dil mövzusu fəlsəfi zəmində çox dərin mövzu olmaqla yanaşı tarix boyu bir çox mütəfəkkirlər, alimlər, filosoflar, şairlər buna elə bir yön veriblər ki, burda artıq bütün sözlərin deyildiyi zənninə qapıla bilərik, lakin mənim məsələm sırf yeni bir söz demək naminə nəsə yazmaq yox, keçmişdən miras qalan biliyi və hikməti hazırki problemləri göstərə biləcək şəkildə keçilmiş yoldan indiyə gətirə biləcəyimiz məsələni ifadə etməkdir. Həmçinin lisanımız, ədəbiyyatımız, düşüncə həyatımız ilə bağlı üzərində durulmadığını düşündüyüm bəzi ümumi məsələlərlə əlaqədar müşahidələrimi yazmaq niyyətindəyəm.                                                                                                                             

  Bədbəxtlik gətirən bəxşiş ifadəsini biz Troya atı üçün eşitmişik, hərçənd ilk əvvəl bu atın tanrılar tərəfindən troyalılara bəxş edildiyi, xoşbəxtlik və sülh gətirəcəyi zənn edilsə də tarixdən biz bunun bədbəxtlik gətirdiyini və fəsad çıxardığını bilirik. Əslində tarixdə filosofların biliyin mənbəyi və dilin fəlsəfəsi ilə əlaqəli çox dərin və uzun müzakirələrinin ümumi görüntüsünə baxsaq və həmçinin çox vaxt teologiyada da dilin heç də insan üçün müsbət xarakterdə anılmadığını nəzərə alsaq dilin mahiyyət olaraq insana bəxş olunmasının bəlkə də bədbəxtlik gətirdiyini və fitnə çıxardığını deyə bilərik.  Amma Kantın Tanrının əsəri olması etibariylə təbiətin tarixinin yaxşılıqla başladığı, insanın əsəri olması etibariylə azadlığın tarixinin isə pisliklə başladığı fikri sanki həm Prometeyin göyün odunu oğurlayıb insanı aydınlatmasıyla həm də qadağan olunmuş meyvəylə əlaqəli bir işarə kimi insan biliyinin mənşəyinin oğurluğa dayandığı və onu pislik vasitəsiylə əlçatan edilməsi düşüncəsi müəyyən fəlsəfi nəticələrə gətirib çıxarıb ki, bu məsələnin bəzi filosofları da məşğul etdiyi görünür, halbuki Adəmə Allah tərəfindən əsmae küllehanın* öyrədilməsi sadəcə mövcudluğunun əvvəlindən insanı oğru qismində cəzalandırılmış kimi görməkdən tam başqa bir yanaşmanı və nəticəni ifadə etmiş olur.(1)

    Troya müharibəsi ilə təqribən yaxın zamanda olduğu ehtimal olunan tarixdə Hz. Musanın öz qövmünü Misirdən çıxarması hadisəsnin və kəlimullah* adlandırılan Hz. Musanın Tur dağından geri qayıdarkən qövmünü qızıl buzova sitayiş etdiyini gördükdə əlindəki lövhələri yerə salması, qövmün vəd olunmuş torpağa girməkdən imtina etməsiylə 40 il ərzində dəlalət içində çöldə dolaşması hadisələrini bilirik. Bu misalı təsadüfi çəkmədim, belə ki, Hz. Musa ilə bağlanan əhddəki “Öldürməyəcəksən”, “Oğurluq etməyəcəksən” kimi əmrlərin gətirilməsiylə əslində həm də bir əxlaqi qayda, bir dil, bir ictimayi quruluş gətirilmiş olur, çünki təbiətdə heyvanlar üçün bu kimi əmrlər əhəmiyyət kəsb etməz, digər canlılar arasında qətl, oğurluq, zina kimi anlayışlar əxlaqi yox, kortəbii  impulslarla nizamlanıb, amma insan isə peyğəmbərlər vasitəsiylə əhd bağlamaqla əmanətlə yüklənmişdir və ona öyrədilmiş dəyərlərin daşıyıcısıdır. Bununla da əhdin bağlanması sonrası qızıl buzovun bir troya atı kimi peyda olması və daha sonra da bu qövmün 40 il çöllükdə zəlalət içində dolaşmasına gətirib çıxardı.  Troya atını həm bir kateqoriya olaraq dil kimi həm də ayrı-ayrı xalqların danışdıqları lisanlar mənasındakı dil kimi və həmçinin başqa geniş bir çərçivədə rəmzi mənada işlətdiyimin və bir az provokativ başlıq qoyduğumun fərqindəyəm. Qeyd edim ki, dil və lisan kimi ayırımları Fərabidən əxz etmişəm və bunların izahına həmçinin dil ilə əlaqədər bir çox ümumi məqamlara və təfərrüatlara toxunmağa çalışacam.

  Çox sayda Aristotel külliyyatına şərhləri olan əsərləri günümüzə gəlib çatmasa da bir çox başqa özünəməxsus əsərlərini bildiyimiz Fərabi Platon ilə Arsitotelin düşüncələrinin uyğunlaşdırılmasına aid ifadə etdiyi fikirləriylə yanaşı ilahi dinlə fəlsəfənin də uyğunlaşa biləcəyi düşüncəsində olması onun bu mövzudakı qənayətinin hikmətin Mesopotamiyadan Misirə və ordan da Yunana keçməsi və yazılı hala gəlməsi düşüncəsindən irəli gəldiyi hesab olunur ki, burda Fərabinin niyyəti də onu öz yurduna geri qaytarmaqdır.(2) Dini həqiqət ilə fəlsəfi həqiqət üsul olaraq bir-birindən fərqli olsa da mahiyyətində bunların bir olduğunu düşünən Fərabi fəlsəfəni dini bir yolla izah edərkən dini həqiqətlərə də şərhlər gətirdi və beləcə həqiqətin təməldə bir olduğunu fərqliliklərin isə dilin istifadəsindən və şərhlərdən irəli gəldiyini göstərməyə çalışdı. Müəllimi Saninin* elmlərin təsnifatında dil elmini (ilmü’l lisan) birinci yerdə təyin etməsinin səbəbi hər növ elmin və düşüncənin özünü dillə ifadə etməsi zərurətindəndir ki, düşüncə vasitəsiylə  varlıqlardan əldə etdiyimiz biliklərin əsas aləti dildir. Bu təsnifatda ikinci yerdə məntiq elmi və sonra da digər elmlər sıralanır, belə ki, məntiq elmi Fərabiyə görə universal mahiyyəti etibariylə əqli olanları ifadə etməsi səbəbindən insanı xətaya düşməkdən qoruyan qanunları verir.(3). Fərabi hər sahənin özünə aid terminologiyası olduğunu və eyni kəlimələrin fərqli sahələrdə fərqli mənaları ola biləcəyinə işarə edir. Əgər cəmiyyəti təşkil edən insanlar bilik öyrənməyə meyilli deyillərsə və bununla bərabər idarə ediciləri də eyni vəziyyətdə olarsa dil inkişaf etmədən ilk meydana gəldiyi şəkildə qalır. Artıq o cəmiyyətdə elmlərin, sənətlərin və fəlsəfənin varlığı mümkün olmaz.  Lisan və dil (lüğət) terminləri arasında etdiyi ayırım dil fəlsəfəsi üçün yeni bir açıqlamadır. Lisan terminini danışılan dil mənasında istifadə edərkən dil (lüğət) insanda var olan düşüncəni ifadə etmə vasitəsi olaraq danışmaq qabiliyyətinə əsaslanır. Hər cəmiyyətin öz xüsusiyyətlərini daşıyan, öz mədəniyyətləri ilə inkişaf edən lisanları var. Buna görə lisanlar  düşüncələr kimi çoxdur, ancaq ağlın fəaliyyəti nəticəsində ortaya çıxan dil, ağıl kimi bir dənədir.

  Müasir dil fəlsəfəsi anlayışının əsas problemləri  B. Rassel, G.Frege, L. Wittgenstein və başqalarının əsərlərindən formalaşıb. Məntiq sahəsindəki yeni əsərlər fəlsəfəyə və həmçinin dil fəlsəfəsinə də yeni baxış gətirir. Kvant fizikasının və Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin (4) də sosiologiyada, dildə, fəlsəfədə yeni bir baxış gətirməsi ilə yanaşı onu ədəbiyyatda, fəlsəfədə, düşüncə həyatımızda görməyimizin və bu kimi prosesləri yazıçıların, şairlərin, alimlərin, sosioloqların da izləməsinin zəruri olduğunu düşünürəm. Çünki hazırki dünyada düşüncə, siyasi, ictimai, elmi, fəlsəfi prosesləri görməzdən gəlməyin bədəli gələcək üçün mədəniyyətimiz, ədəbiyyatımız, fəlsəfəmiz, siyasətimiz, həyatımız yəni mövcudluğumuzu haqqlı edə biləcək, bizə nəfəs aldıra biləcək hər şeydən məhrum edilməyimiz ola bilər və bizim Troya atının necə içəri daxil olduğundan heç xəbərimiz də olmaz.

 

II

 

Şrödingerin Pişiyi və Dil.



                   Bir insan kilidli olmayan, amma içəriyə açılan bir qapını əks tərəfə itələyir

                                    və özünə tərəf çəkmək ağlına gəlmirsə o insan otaqda məhbusdur.”

                                                                                                                                                                                                           Ludwig Witgenstein

 

   Qapalı qutunu açmadan içindəki pişiyin ölü yoxsa diri olduğunu bilmədiyimiz Şrödingerin pişiyi kimi hazırda azərbaycan (türk) lisanının da ölü yoxsa diri olduğunu bilmirik.Bildiyimiz isə lisanımızda tarixi məxəz kimi Kitabi Dədə Qorqud, Divani Lüğəti-t-Türk və başqa bir qism əsərlərdən dilimizi qorumaq üçün istifadəyə çalışmaq, dildə islahatlar etmək xəyalına düşmək və bir çox bizə görünən başqa hadisələrdir. Müşahidəçinin müdaxiləsi olmadan yəni qapalı qutu açılmadan və bizim də iştirakçılığımızın olmadığı oyundan kənar bir vəziyyətdə təhlillər aparmaq yəqin ki, bəlkə də elə dil oyunlarına cəlb olunmaqdır.  

   Keçmiş barədə əhkam kəsmək, tarixi, ədəbi, elmi hansısa məsələ barədə tənqidi fikir bildirməyin hələ ki, çox uzağındayam. Amma xətalı ola biləcəyimi də qəbul edib bəzi məfhumlardan irəli gələrək müşahidə etdiyim bir-iki problemi misallar çəkməklə dilləndirmək istəyirəm.

 Abır, Həya, İsmət, İffət.

İzdiham, tünlük, qələbəlik.

Söz, qövl, kəlam, kəlimə.

Paxıllıq, həsəd, qısqanclıq və s.

  Bu kimi misallarda yazılan sözlər arasında bir fərq hiss edirikmi? Edə bilirikmi? Dil və lisan sözləri lüğətimizdə olsa da lisan sözü sanki keçmiş şeirlərdə qalan ölü sözə çevrilir və sonra heç bir məna da verə bilmirik. Halbuki Fərabinin misalında da gördük ki, bu sözlər boş yox, fəlsəfi çəki qazanmış sözlərdir və lisan ilə dil sözü arasında sərhəd fəlsəfi əsaslara görə qoyulub. Bəs yuxarıda olan sözlərin mənasını ayırd edə bilirikmi? Digər bir misal ilə yuxarıda qeyd olunmuş bir qism sözlər arasında fərqləri aydınlaşdıraq:

Mənim var; onun olmasın: qısqanclıq. 

Mənim yoxumdur; onun da olmasın: həsəd 

Onun var; mənim də olsun: qibtə 

Mənim var; onun da olsun: kərəm (5)

  Göründüyü kimi bəlkə də həyat tərzimizin dəyişməyi, elmi, mədəni həyatımızın solğunluğu danışdığımız lisanı da bəsitləşməyə doğru aparır. Dilimizdə olan yunan və latın mənşəli sözlərin və xüsusi ilə də fəlsəfi, elmi, siyasi, sosioloji çəkisi olan sözlərin əksəriyyətinin içi boşdur və ən təhlükəli, manipulyasiya edilə bilən məfhumlar da onlardır. Belə ki, yunan fəlsəfəsini, yunan dilini tədris etmədiyimizdən, xristyan teologiyasının dili olan latıncanı yaşamadığımızdan və yunan fəlsəfəsini də tarixdə müsəlman filosofların özünəməxsus dilindən tanış olduğumuzdan, həyatımız islam kəlamının dili olan Quran ərəbcəsi ilə şəkil aldığına görə və həmçinin Ərəstun* düşüncəsinin vücuda gəlmiş qəhrəmanı İsgəndəri yazan Nizaminin əsərləri ilə öz sirrlər xəzinəmizi yaratdığımıza görə mövcudluğumuzun batini, ülvi, ilahi eşqini də tərənnüm edən Leyli və Məcnunu yazan Füzulidən və digər müsəlman, türk düşüncəsinin, ədəbiyyatının, fəlsəfəsinin kontekstində və məfhumlar külliyyatında özümüzü 19-cu əsrə qədər ifadə etdiyimizə görə son 200 illik yağmalanmış sirrlər xəzinəmizi görməzdən gələrək danışacağımız, yazacağımız hər söz, ədəbiyyat, fikir səthi, boş, təqlid və təhrifdir. Biz bunu nəzərə almadan özümüzdən heç nə kəşf edə bilmərik.

  Dil mühəndisliyi ilə məşğul olmaq fikrim yoxdur və həddən ziyadə çox təfərrüatları misal çəkəcək qədər də özümü bu işdə səlahiyyətli hiss etmirəm, amma sadəcə ümumi bir mənzərənin yaranması üçün bu istinadlar və misallar düşünürəm ki, kifayət olar. Dilin ölü yoxsa diri olması qutunun açılmasıyla bilinəcək, ancaq kim bilir bəlkə qutu heç açılmadı?

 

 Müəllif: Tural Osman.

 Araşdırmaçı — yazar.

 ____________________________

 

Qeydlər:*

       *Kəlimullah- Allahla danışan və ya Allahın danışdığı kimsə mənasındadır və əsasən Hz. Musaya (ə) aid edilir.

      *Müəllimi Sani – Məntiq sahəsindəki əsərlərinə görə ikinci müəllim mənasında Əl Fərabiyə belə ünvan verilmişdir.  Müəllimi Əvvəl ünvanını isə ilk məntiqçi olaraq Aristotel daşıyır.

       *Əsmae külleha – İsimlərin küllü (hamısı.) Bax: Əl Bəqərə surəsi 31.

       *Ərəstun – Aristotel.

 

Mənbələr:

  1. Lütfi Bergen – Bilginin Kaynağı Nedir. (Kant ve Adem: Özgürlüğün Tarihi)
  2. Henry Corbin – İslam Felsefesi Tarihi (cilt 1). 287.
  3. Farabi — (1990), İhsa'ül-Ulüm (İlimlerin Sayımı)
  4. Rafiq Əliyev — Yeni sivilizasiyaya doğru və ya qeyri-səlis məntiq və din.
  5. Dücane Cündioğlu – Ha gayret!.. Yeni Şafak.

 

 


Davamı →

İslam etikası

VII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində yayılmağa başlayan İslam dini insan həyatının bütün sahələrində, o cümlədən dünyagörüşündə (dini, hüquqi, siyasi, elmi, əxlaqi və s.), eləcə də məktəb və tərbiyə sistemində özünəməxsus dəyişikliklər etmişdir. Ərəb xilafəti ərazisində formalaşmağa başlayan yeni mədəniyyət, o cümlədən fəlsəfə və bir sıra Şərq xalqlarının ərəb dilində yazılmış fəlsəfi əsərləri orta əsr fəlsəfi fikrinin mütərəqqi nümayəndələrini yetişdirmiş, həmçinin antik irsdən və qeyri-islam yönümlü mütəfəkkirlərin mütərəqqi zəngin ənənələrindən bəhrələnmişdir. İslam dini dünyagörüşünə söykənən ərəbdilli zəngin İslam fəlsəfəsi VII-XI əsrlərdə öz klassik dövrünü yaşamışdır. İslam sivilizasiyası əsasında inkişaf edən bu fəlsəfənin bətnindən özünəməxsus davranış qaydaları, əxlaq normaları və prinsipləri sistemi doğulmuşdur. Bütün müsəlman dünyasının masaüstü kitabı olan «Quran»ı bu baxımdan İslam etikasının əsası hesab etmək olar ki, bu da öz genezisi və mənbələrinə görə islam dini sistemi ilə bağlıdır. Konkret olaraq İslam etikası «Quran»ın ayrı-ayrı ayələrində öz əksini tapmışdır.
Ardı →

Yuxu və Ölüm

Şərif Quran ayələrindən belə məlum olur ki, yuxu və ölüm eyni kök və eyni cinsdəndir. Ölüm zamanı ruhla cism arasındakı rabitə kəsildiyi kimi, yuxu zamanı da uyğun rabitə yox olur. Sadəcə yuxu zamanı bu rabitənin kəsilməsi ölüm yox, onun bənzəridir. Allah-taala buyurur: 
— «Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər (ölümünə hökm oxunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar». (əl-Zumər, 42) 

Ardı →

Cəbr (Alın yazısı)

İslamda alın yazısı deyilən bir şey yoxdur. Əvvəlcə gəlin cəbr sözünü araşdıraq. Cəbrdən məqsəd icbar və məcburiyyətdir. Bu kəlmə İslam maarifi ensiklopediyasında həmin mənada azadlığın antonimi kimi termin şəklində işlədilir. Sözün açıqlamasından da aydın olur ki, bu İslam baxımından məntiqsiz bir şeydi. Çünki bu Allahın (c.c) ədalətsizliyinə gətirib çıxarır nəuzubillah. Cəbrin (alın yazısı) olması barədə Qurani-Kərimdə heç bir dəlil yoxdur. Bunlar sadəcə xurafat bir fikirlərdir. Çalışaq belə düşüncələrdən uzaq olaq. Çünki İslama xələl gətirir. Alın yazısının səhv anlayış olduğu barədə çox danışmaq olar. Lakın gəlin bu barədə həqiqi Quran natiqləri olan Əhli-Beyt (ə) məktəbinə nəzər salaq. 


Ardı →

Altı tövsiyə

Allah (c.c) Hz. Musaya (ə) buyurur ki, mən altı şeyi altı şeydə qərar vermişəm, amma insanlar başqa yerdə axtarır. Buyurur: 

Mən rahatlığı cənnətdə yaratmışam, insanlar onu dünyada axtarır.
Mən yüksəliş yolunu təvazökarlıqda qərar vermişəm, insanlar təkəbbürdə axtarır.
Mən izzəti gecə namazında qərar vermişəm, insanlar onu şahların qapısında axtarır.
Mən ehtiyacsızlığı gözütoxluqda qərar vermişəm, insanlar malın çoxluğunda axtarır.
Mən elmi, hikməti qarnın aclığında qərar vermişəm, insanlar toxluqda axtarır.
Mən duanın qəbulunu halal tikədə qərar vermişəm, insanlar fəryad etməkdə axtarır.
Davamı →

Ana bətnində ekiz uşaqlar

Hamilə xanimin bətnindəki iki ekiz uşaqlardan biri o birindən soruşur:
— Sən doğuşdan sonra ki, həyata inanirsan?
— Əlbətdə inaıiram. Hamıya aydındır ki, doğuşdan sonra həyat var. Biz burda ona gorəyik ki, güclənək, doğuşdan sonraki həyata hazır olaq.
— Boş söhbətdi. Doguşdan sonra həyat ola bilməz. Olmuş olsaydı kimsə qayidib deyerdi orda həyat var. Sən fərz eliyə bilirsən orda həyat necedi?
— Mən butun detalları bilmirəm amma inaniram ki, orda daha çox işıq olacaq, biz ozumuz gezeceyik, oz agzimizla yeyəcəyik və s
— Nə nağıl danışırsan? Adam özü nece yeriyər, adam necə öz ağızı ilə yeyer? Gulmelidir! Bizim göbəyimiz var hansi ki, bizi qidalandirir. Bilirsən? Doğuşdan sonra heyat filan yoxdur.

Ardı →

İnsanın Dəyəri Kimdən və Nədən Asılıdır?

İnsanın dəyəri barədə Əmirəl möminin Əlinin (ə) sözləri çox əhəmiyyətlidir «Nəhcül-bəlağə»nin bir yerində Həzrət Əli (ə) buyurur ki, mömin insan Kəbədən uca, Cəbraildən (ə) üstündür. Başqa bir yerdə isə buyurur: «Bütün ömrünü qarnını doldurmağa sərf etmiş adamın qiyməti qarnından çıxan nəcasətə bərabərdir. Bəs insanın dəyəri kimdən və nədən asılıdır? Hansı meyarlar onun qiymətini müəyyən edir? İslam alimlərinin birindən soruşdular: «Nəyə görə insan bütün təbiəti özünə tabe etdiyi halda özünü və öz nəfsini ram edə bilmədi?» Cavab verir: «İnsan təbiəti tanıdığı üçün onu ram edə bildi, amma özünü tanımadı ki, tabe edə bilsin».Bəli, insan özünü tanıya bilsə, yaradılış fəlsəfəsini və vəzifələrini anlasa, öz dəyərini müəyyən edər. Əgər insan özünü maşınla, heyvanla bərabər tutmasa, hətta Fironun həyat yoldaşı kimi Allahın mərhəmət nəzəri altında olmadığı təqdirdə cənnəti belə qəbul etməsə, ucalardan uca olar. Əks halda alçalıb, Əlinin (ə) dediyi kimi, mədəsindən çıxan nəcasətin qiymətini qazanar. İnsan özünü tanımaqla dəyər tapar, çünki «özünü tanıyan kəs Allahını tanıyar». Dəyər meyarları da Allahın əlindədir.

Ardı →