Antonen Arto

Antonin ArtoRejissor, aktyor, ssenarist, şair, dramaturq kimi Antonen Artonun hansısa çox parlaq uğurundan danışmaq olmur. O, sənət nəzəriyyəçisi idi.

Fransanın Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi.

Arto özü də çox ziddiyyətli adam idi. Bu gün yazdığını sabah alt-üst edirdi. Onun uğursuz bədbəxt kimi təqdim edilməsində ətrafının da rolu böyük idi. Söyür, müxtəlif kəskin fikirlər səsləndirirdi. Məsələn deyirdi ki, yazıçılıq donuzluq kimi bir şeydir, öz zir-zibilində eşələnməkdir.

Bu fikirlərin arasında əsəb böhranı keçirən adamın sayıqlamaları çox idi. Arto kinoaktyor kimi də fəaliyyət göstərmişdi. Frits Lanq, Abel Hans, Hersoq Vilhelm Pabst kimi kinorejissorların filmlərinə çəkilmişdi. Amma Arto ən çox teatr nəzəriyyəçisi kimi yadda qaldı. «Qəddar teatr» nəzəriyyəsi dövrünün bir çox sənət adamına böyük təsir göstərdi. Baxmayaraq ki, praktik olaraq bu teatr özünü doğrultmadı.


Ardı →

Budda

49 günlük imtahanBudda
 Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər. Onlar sadəcə yorulmuş və bədənləri gücdən düşmüşdü. O zaman şahzadə Siddharta ölümün tam astanasında dostlarından ayrılıb Qaya meşəsinə üz tutdu. Meşəyə girərkən yaxınlıqdakı kənddən olan qadın onu gördü və darmadağın görkəmindən onu meşənin ruhu zənn etdi. Qadın əlindəki süd bardağını ona uzatdı. Şahzadə Siddharta süddən içdikdən sonra yaxınlıqdakı ağaca doğru süründü. Burda özünə söz verdi. Ya bu ağacın altında öləcək, ya da haqqı dərk edib əbədiyyətə qovuşacaqdı.

 Şahzadə 49 gün ağacın altında trans vəziyyətində tərpənmədən durdu. 49 gecə, ayın bədrləndiyi və Siddhartanın 35 yaşının tam dolduğu gecə ona haqqın nuru yetişdi. Şahzadə bir anda hər şeyi anlayıb qəflət yuxusundan ayıldı və «Dörd Alicənab Həqiqət»in sirlərinə vaqif oldu.

 Budda ( «Oyanmış» mənasını verir) daha bir neçə gün trans vəziyyətində qaldı. O əmin deyildi ki, içləri paxıllıqla, yalanla, nifrətlə və tamahla dolu olan insanlar bu həqiqətlərə layiqdirlər. Ona görə də haqqı insanlara çatdırmaqla bağlı onun içində böyük şübhələr vardı. Ancaq sonunda o, həqiqəti insanlara söyləməyi və onların müəllimi olmağa qərar verdi. O daha 45 il yaşayacaq və insanlara həyatın sirrini anladacaqdı.


Ardı →

Selma Lagerlöf

Selma LagerlofƏdəbiyyat üzrə Nobel Mükafatını alan ilk qadın yazar Selma Lagerlöfdür. O, eyni zamanda Nobel mükafatı alan ilk isveçli yazardır.
O, bu mükafatı 1909-cu ildə “əsərlərini digərlərindən fərqləndirən yüksək idealizmə, aydın parlaq təхəyyülə və mənəvi təsir qüdrətinə görə” almışdır.

 Əsl adı Selma Ottiliana Lovisa Lagerlöfdür. Selma Lagerlöf 20 Noyabr, 1858- ci ildə ölkənin cənubundakı Vermland əyalətində, Marbaka adlı fermada, istefaya çıхmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü olaraq dünyaya gəlmişdi. Selma üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalхa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. O dövrün tələblərinə görə evdə xüsusi təhsil almışdır. Nənəsindən dinlədiyi çoхsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözə bağlamışdır.

1882-ci ilin payızında Selma, atasının icazəsi olmadan Stokholmda müəllimlər məktəbinə girir. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdir. Təhsil aldığı müddətdə atası maddi sıxıntıya düşür və Marbaka ferması satılır. 1885-ci ildə atasını itirən Selma Lagerlöf həmən il, ailəsinə kömək məqsədilə Landskronda müəllimliyə başlayır. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilir.

Vermlandın təkrarsız mənzərələri, eşitdiyi хalq rəvayətləri Selmanı ilk romanını yazmağa ruhlandırmışdı. Hazır hissələr “İdun” jurnalının keçirdiyi müsabiqəyə göndərilmişdi. Jurnal onu sadəcə qalib kimi mükafatlandırmaqla kifayətlənməmiş, əsəri kitab şəklində çap etməyə hazır olduğunu da bildirmişdi.

 İki cildlik romanı “Host Berlinq haqqında saqa”nı (Gösta Berlings Saga) bu dövrdə, 1891-ci ildə yazdı. 1924-cü ildə Mouritz Stillerin (Mauritz Stiller) bu roman əsasında ekranlaşdırdığı film, Lagerlöfun doğulub, boya başa çatdığı Vermland bölgəsinin ən parlaq dönəmini, o illərdəki həyatı, yaşamı göstərirdi.


Ardı →

İlk sosialist - İsa Məsih

«Hədiyyə olaraq aldınız, hədiyyə olaraq verin» (İsa Məsih, Allahın peyğəmbəri)
Yəhudilər Musanın rəhbərliyi altında Misirdən çıxıb Fələstinə geri döndükdən təqribən min il sonra Babil şahı II Navuhodnasar Fələstini işğal etdi. Yerusəlimi yerlə-yeksan edən Babil şahı həmçinin Yahva məbədini (birinci məbəd) də dağıtdı və üsyankar yəhudi xalqını əsir edərək Babilə apardı.

Babil əsirliyində yaşayarkən yəhudi peyğəmbərlərindən biri olan İsayya yəhudi xalqının xilaskarının gələcəyi haqqında müjdə verdi. İsayyanın Maşiah (yunan dilinə tərcümədə Xritos, ərəb ləhcəsində Məsih) adlandırdığı xilaskar İbrahim nəslindən gəlməli, Davud peyğəmbərin soyunu davam etdirəcək yəhudi şahı olmalıydı.

Yəhudilərin Babil əsirliyi pers şahı II Kirin Babili istila etməsinə qədər davam etdi. Kir yəhudilərə geri, Fələstinə dönməyə icazə verdi. Yəhudilərin bir qismi Fələstinə dönüb Yahva məbədini bərpa etdi. O zaman bir qisim yəhudi Kiri xilaskar elan eləsələr də sonradan gələn yəhudi peyğəmbərləri onu xilaskar kimi qəbul etmədilər.

Yeni ideologiyaya görə, Maşiah gəldiyi zaman yer kürəsində ədalət bərpa olunacaq, xilaskar təkcə yəhudilərin deyil, bütün insanların hökmdarı olacaqdı. Bundan sonra onlarla yalançı Məsihlər meydana çıxsa da yəhudi dini liderləri onları qəbul etməkdən imtina etdi.

Bakirədən doğulan uşaq
Roma şəhərinin təməlinin atılmasından təqribən 750 il sonra, Fələstinin Vifleem şəhərində bir uşaq doğuldu. Uşağın anası Məryəmin bakirə olduğu iddia edilirdi.
Ardı →

Dahi yazarların qəribəlikləri

yazarların qəribəlikləriDahilərin gündəlik həyatda, məişətdə və intim həyatda qəribəlikləri həmişə anlaqsız qarşılanıb. Çünki hamıya elə gəlir ki, onların tam qüsursuz və insanlar üçün nöqsansızlıq timsalı olmalıdır. Həqiqətdə isə bu qeyri-mümkündür – dahilər də bizim kimi insandır. 

1. Onore de Balzak – kofe! 
Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş.

Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş. Hətta yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyü güman olunur. 
Ardı →

“Master və Marqarita”nın müəllifi narkoman idi | Araşdırma

Mixail BulqakovKsera Proskurnayanın rus mətbuatında geniş rezonans doğuran bu yazısı sizlər üçün də maraqlı olacaq. 
Dünya ədəbiyyatına “Usta və Marqarita” kimi möhtəşəm bir əsər bəxş etmiş Mixail Bulqakovun görünməyən tərəflərindən danışılır. O, kim idi? Yazıçı, həkim, cadugər, peyğəmbər, yoxsa… narkoman? Bu yazını oxuyun və Bulqakovun kim olduğunu özünüz müəyyənləşdirin.
 
Mixail Bulqakov Stalinə ünvanladığı məktubda belə yazırdı:“Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən deyil, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmaz, lap çoxdan məhv edilmiş olardı. ”
İ. Stalin bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək dərkənarda yazır:“Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M. Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı.”
Bu dərkənardan sonra Bulqakovun sağ qalma şansı sıfıra bərabər idi. Görəsən bolşeviklərin qırğınlarından onu saxlayan elə inandığı ilahi qüvvəydimi?
Söhbətə başlamazdan əvvəl onu deməliyəm ki, doğrudan –doğruya bu yazıçının əsərlərində baş açılmaz sehrlə örtülüb və əlbəttə ki, sonadək gilzi qalası sirlər, tapmacavari məqamlar yetərincədir.
Bu sirli-sehrli olaylar onun şəxsi həyatında da vaxt-bivaxt özünü büruzə verirdi. Onu əhatə edən insanların isə bu olayları qorxu ilə izləməkdən başqa əllərindən bir iş gəlmirdi. Onları qınamaq da düz deyil. Axı bu izaholunmaz təzahürləri nəyə əsaslanaraq hara yoza bilərdilər ki?!
Ardı →

Aşurbəyovlar

Aşurbəyovlar ailəsiAzərbaycan tarixində mühüm işləri ilə yaddaqalan, ölkədə memarlığın, maariflənmənin inkişafında mühüm rol oynayan tanınmış nəsillər olub. Onlar bu gün də hörmət və ehtiramla xatırlanır. Belə nəsillərdən biri də kökləri qədim dövrlərə gedib çıxan Aşurbəyovlardır. Bu nəslin nümayəndələri ölkədə möhtəşəm memarlıq abidələrinin tikilməsində və xalqın maariflənməsində müstəsna fəaliyyət göstəriblər. Aşurbəyovların ucaltdıqları möhtəşəm yaşayış binaları, məscidlər, onların iştirakı ilə inşa edilən məktəblər və xəstəxanalar inqilabdan əvvəlki Bakı memarlığının indiyə qədər qızıl fondunu təşkil etməkdədir.

Lakin bu binalar gözəlliyi, möhtəşəmliyi, nadir üslubu xatırlatmaqla yanaşı, kədərli duyğuları da özündə yaşadır. Bu duyğular isə həmin binaların sahiblərinin acınacaqlı taleyidir. Bir zamanlar xalqın mədəniyyətində mühüm yer tutmuş insanlar və ya hadisələr barədə danışmaq siyasi cəhətdən təhlükəli olduqda xalqın yaddaşından silinməsinə o qədər çox vaxt lazım olmur. Beləliklə də 70 illik sovet rejiminin təbliğat maşını tikililər və onların sahibləri barədə olan məlumatı xalqın yaddaşından silmək üçün onu tamamilə alt-üst edib. Nəticədə neft maqnatları dövründəki Bakı memarlığı barəsində məlumatlar əldən çıxıb. Görəsən, bu gözəllikləri yaradan insanların aqibəti necə olub?


Ardı →

Vera Muxina

Vera MuxinaBeş Stalin mükafatı ilə təltif edilmiş heykəltəraş Vera Muxina şəxsiyyətə pərəstiş dövrünün sənətkarlarından sayılır. Bu mükafatlar ona nəyə görə verilmişdi, halbuki onun yalnız üç əsəri daha məşhurdur: işıqlı gələcək rəmzi olan «Fəhlə və kolxozçu», Qorki və Çaykovskiyə həsr olunmuş iki heykəl. Lakin bu əsərlər onun gerçək həyatını və yaradıcılığını ört-basdır edən aysberqin görünən tərəfidir.
Vera Muxina həqiqətən də «Fəhlə və kolxozçu»nu yaratdıqdan sonra məşhur oldu və bu əsər Qızıl meydan, Mavzoley və Böyük teatr kimi ölkənin fərqlənmə nişanına çevrildi.
Elə bu gündə, insanlar bu heykələ tərəf təbəssümlə baxırlar, lakin 1937-ci ildə Parisdəki Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış bu möhtəşəm kompozisiyaya görə parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırdılar. Hələ o vaxt Romen Rollan rəy kitabında yazırdı:
«Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik.»
Məşhur qrafik, Muxinanın yaşıdı Frans Mazerel isə tribunadan deyirdi: «Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü. Biz bütün gecəni ondan danışırıq». Mazerel «Fəhlə və kolxozçu»nu müasir dünya heykəltəraşlığında müstəsna hadisə sayırdı. Pafosla səslənsə də deməliyik ki, Muxinanın bu əsəri həqiqətən də fransızların çox xoşuna gəlmişdi, əbəs yerə deyil ki, bu heykəl Eyfel qülləsinin yaxınlığında yerləşdirilmişdi. Onlar «gənc sovet nəhənglərini» yeni dünyanın nümayəndələri kimi qəbul edirdilər, lakin parislilərin bu xahişi yuxarıları qane etmədi və heykəli vətəninə gətirdilər ki, dövrün ən əsas abidəsi kimi qalsın. Maraqlıdır, görəsən parislilər necə reaksiya verərdilər, Vera Muxinanın bu heykəl haqqında əvvəlki ideyası belə idi: fəhlə və kolxozçu çılpaq olmalı idi. Onları dövlət komissiyası «geyindirmişdi».


Ardı →

Aleksandr Sergeyeviç Qriboyedov

…Bəxtsiz səfirin meyiti digər meyitlərlə birgə atların quyruğuna bağlanılaraq, iki gün şəhərin küçələrində sürüdülür 
«Aman Tanrım, mənim heç bir günahım yoxdur, bütün günahlar ondadır. Bircə əziyyətsiz ölüm istəyirəm, əziyyətsiz… Yox, yox, yalan dedim, mən ölmək istəmirəm, lazımdırsa, hamı ölsün, təkcə məni qoru, mən sağ qalım. Söz verirəm, bir daha bu ölkəyə gəlməyəcəyəm, bütün var-dövlətimi kasıblara paylayacağam, bircə məni burdan qurtar…» 
Aleksandr Sergeyeviç Qriboyedov
Tehranda rus səfirinin evindəki otaqların birində gizlənib beləcə Tanrısına yalvaran İvan Sergeyeviç Maltsev ətrafında baş verənlərdən dəhşətə gəlmişdi. Minlərlə insan əllərində balta, dəyənək, xəncər və daş-kəsəklə səfirin evinin qapısını sındırmış, içəri girmişdi. Qarşıya çıxan qanına qəltan edilirdi. Maltsev vur-tut bir neçə dəqiqə əvvəl söhbət elədiyi, üzünü gördüyü insanların indi gözünü qan örtmüş müsəlman əhalinin tutduğu divanla çıxartdıqları səsləri, bağırtıları eşidirdi.
…1829-cu ili yanvar ayı idi. II Rus-Qacariyyə müharibəsi başa çatmışdı. Türkmənçay müqaviləsi imzalanmışdı və Qacar dövləti səssiz-səmirsiz bu rüsvayçı müqavilənin şərtlərini yerinə yetirməklə məşğul idi. Rusiyaya artıq neçənci qatır yükü qızıl gedirdi. Azərbaycan parçalanmış, biçarə Şahzadə Abbas Mirzə bir tərəfdən canının ağrıları ilə əlləşir, o biri tərəfdən Fətəli Şahın sarayında düzülüb-qoşulan intriqalardan yayınmağa, Şahın gözündən düşməməyə çalışır, digər tərəfdən də müharibədən üzülmüş məmləkəti dirçəltmək üçün tədbirlər görürdü. İndi onun və Azərbaycanın qorxduğu bir şey vardısa, o da Rusiya ilə təzədən müharibə ehtimalı idi. Və belə bir vaxtda Tehrandakı rus səfirliyində qanlı qətliam düzənlənir: yenicə sülh amanı verən Rusiyanın səfiri 37 nəfər səfirlik əməkdaşı ilə birgə amansızcasına qətlə yetirilir. Ancaq maraqlıdır, Qacariyyə əhlini nə rusvayçı məğlubiyyət, nə də ölkənin parçalanıb-talanması cuşa gətirmişdi. Ortada tamam başqa mətləb dayanırdı. Ümumiyyətlə, elçinin öldürülməsi faktına tarixdə çox az rast gəlinir. Bir də bu elçi Rusiya İmperiyasının digər səfirlərindən fərqlənən birisiydi: söhbət məşhur Qriboyedovdan gedirdi. Bu adam şair, yazıçı-dramaturq, bəstəkar, «Ağıldan bəla»nın müəllifi Aleksandr Sergeyeviç Qriboyedov idi. Dahi yazıçı axtalanmış, müsəlmançılığı qəbul eləmiş bir erməni xacəyə qurban getmişdi.

Ardı →

İncəsənət dahilərinin həyatından

KİNO VƏ TEATR

Teatr sahibkarı rus səhnəsinin məşhur artisti Samarini (1817-1885) danlayaraq demişdi: «Dünən Otello rolunu oynayarkən qeyri təbii öldün!» Samarin ona belə cavab vermişdi: «Mən özüm də təəccüb edirəm. O maaşı ki, sizdən alıram onun müqabilində təbii ölmək çətin deyildir!» — demişdir.

«Nəyi özünüzə əsas peşə hesab edirsiniz?» — sualına Adriano Çelentano belə cavab vermişdi: «Mən özümü hər şeydən əvvəl oynamağı sevən bir insan hesab edirəm. Nə vaxt ki, bunu etmək istəyirəm, onda özümü heç nə ilə məhdud edib saxlaya bilmirəm və ağlıma gələn hər şeyi edirəm.»

XIX əsr italyan səhnəsinin məşhur artisti Salvini (1829-1916) bir tamaşa zamanı səhnədə oynayarkən əsərin qəhrəmanı adından «At gətirin mənə, at!» — deyə salona müraciət etmişdir. Bu vaxt tamaşaçılardan biri: «At yoxdur, eşşək var, gətirib gəlim?» — deyə cavab verdikdə: «Gəl, gəl eşşək də olar!» — deyə artist özünü itirməmişdi.
Ardı →