Əsrin müqaviləsi

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycana, onun zəngin yeraltı və yerüstü sərvətlərinə Amerika, Avropa və Asiyanın aparıcı dövlətlərinin marağı bir qədər də artdı. Xəzər dənizi və Xəzər hövzəsi rayonu Rusiya və İran kimi dövlətlərlə yanaşı digər ölkələrin də maraq obyektinə çevrildi. Burada əsas səbəb bölgənin geosiyasi və iqtisadi əhəmiyyətini, Xəzərin zəngin karbohidrogen ehtiyatları və digər sərvətləri idi. Bu baxımdan Azərbaycanın yürütdüyü xarici siyasət kursu mühüm əhəmiyyət daşıyırdı. 1993-cü ildən bəri yürüdülən xarici siyasət region ölkələri, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları ilə hərtərəfli iqtisadi əlaqələrin qurulmasına, xüsusən enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək prioritet istiqamət təşkil edir. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafelərini nəzərə almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkəylə qarşılıqlı-faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi. Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz ehtiyatlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Bu yolda ilk uğur "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft kontraktı oldu.


Ardı →