Dantenin yubileyi | Anar

— Bu gecə bu qoca bu ocaq.
— Bu gecə. Bu qoca. Bu ocaq.
— Bu gecə, bu qoca, bu ocaq.
— Yox, yox, bir də yox.

Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi — Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında — daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.

Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.

Məşq gedirdi.

Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol procektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə öz adi paltarları idi.


Ardı →

Taksi və vaxt / ANAR

 Küçənin tinində dayanmışdıq. İstiydi. O, maşın gözləyirdi. Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim. Maşınlar bir–bir ötürdü. Hər dəfə evin yanından maşın burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama–dama naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar içində. Mən ağrıyla. Maşınlar bir–bir ötürdülər. Taksilər gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı. Mən tərəddüd içindəydim: deyim, deməyim? O, bu gün başqa şəhərə gedirdi. Qatar bir saatdan sonra hərəkət edəcəkdi. Onu ötürmək istədim. Razı olmadı. Yalnız küçəyə, taksiyə qədər ötürməyə icazə verdi. Bəlkə elə belə yaxşıdır. Bilmirəm birmi, beşmi, onmu dəqiqə sonra döngədən sıçrayacaq, dama–dama naxışlı, qabağı yaşıl işıqlı bir taksi onu məndən aparacaqdı. Hələ vaxt vardı. Evin tinindən sıçrayacaq – yaşıl işığını qara görəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon altında xəbərsiz, biganə, başqa həvəslə, özgə intizarla çırpınan ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi? Yaşıl işıqlı bir taksi döngəni buruldu. Əlimizi qaldırdıq. Saxlamadı. Görünür, qoca dindar anam dualarının hansındasa bu sürücünü yad etmişdir. Deyimmi? Etirafım bomba partlayışı təsirini buraxacaqdı. Əlbəttə, təşbeh çeynənmişdir. Bütün hisslərim çeynənəndə təşbeh haqqında düşünməyə dəyərmi? Deyimmi? Cavab əvvəlcədən məlumdur. İki, bəlkə üç, bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olaçağına, donub qalacağına ayırıram. Bəs altıncı dəqiqə? Qəzəb? İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə ağır bir təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq, incidəcək, kədərləndirəcək bir cavab. Amma məni bu qorxutmurdu. Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ənçoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi. Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hisshəyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı. Bəs birdən… Birdən… Bəlkə bu beş dəqiqəlik heyrətdən sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: 

–Mən sənsiz hara gedə bilərəm, – deyəcək,

– Ayrılıqda da yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi. Bəs onda? Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə rəngli gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü. Bəs sonra? Sonra xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Axırda da ölüm hər şeyi qaralayacaqdı. Mənim 20 yaşım vardı və mən belə düşünürdüm. Mənə elə gəlirdi ki, insana səadət verilməmişdir; ona yalnız səadət arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq gümanında yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. Səadətə çatdığın an o öz təravətini, ətrini, gözəlliyini, cazibəsini itirir. Səadət üfüq kimidir: görünən və çatılmaz, yaxınlaşdıqca uzaqlaşan. Ya da bəlkə səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, gələcək həsrətində yaşamaq və nəyisə hey gözləmək,gözləmək, gözləməkdir. Eh! İndi ki, belədir, onda qoy dama-dama naxışlı, qabağı yaşıl işıqlı taksi tez gəlsin. Deyilməmiş sözlərin yarası həmişə qəlbimizdə qövr eləsin.

 


Ardı →

İzahat | Anar

Mən, Ağakərim Ağasəlim oğlu Səlimov 1946-cı ildə Bakıda anadan olmuşam. Təqaüdə çıxana qədər 40 il orta mərtəbdə kimya müəllimi işləmişəm.
Bu il məktəbimizin 70 illiyiylə bağlı başqa veteran müəllimlər kimi məni də

Abşeron istirahət evlərindən birinə on günlük putyovka ilə təltif etdilər. Oktyabrın 5-də istirahət evinə gəldim. Otaqda qonşum başqa bir orta məktəbdə dərs deyən Bəhram adlı müəllim idi. Artıq səkkiz gün idi ki, burdaydı.
 
Elə birinci gün istirahət evində təzəcə yerləşmişdim, səhər yeməyinə çatmadım, nahara getdim. Masamızın arxasında Bəhram müəllimlə məndən başqa iki nəfər də əyləşmişdi. Onlar artıq naharlarını yeyib bitirmişdilər, çay içirdilər. Mənim oturduğum yerdə kimsə məndən əvvəl nahar eləmişdi.

Çox yaraşıqlı gənc xidmətçi qız(o xidmətçidən çox şou ulduzuna bənzəyirdi) masamıza yanaşdı, salam-kalamsız qarşımdakı boşqabdan yemək artıqlarını əlindəki torbaya boşaltdı, yersilən tryapkanı xatırladan çirkli bir əsgiylə həmin boşqabı yüngülvari silib qabağıma qoydu. İri qaşıqla qreçkanı boşqaba çəkmək istəyirdi ki, əlindən yapışdım. –Qızım-dedim. Apar bu boşqabı yaxşı-yaxşı yu, gətir. Ya ayrı, təmiz boşqab gətir.
Ardı →

Mən, sən, o və telefon | Anar

Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi... 
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.


Vaqif Vəkilov


Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki… Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.



Ardı →

Yaxşı padşahın nağılı | Anar

Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə ya Çində, ya Maçində bir yaxşı padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi.



Ardı →