Azərbaycan Respublikası ərazisinin relyefi

Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir.
Ərazinin yarıdan çoxu əsasən, 400-500 m (Orta və Aşağı Araz çökəkliklərində 800-1000 m), bəzi yerlərdə 100-120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0-50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir.

Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Baş Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 384 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.


Ardı →