Azərbaycanın bitki örtüyü

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.


Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.


Azərbaycan florasının tərkbində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır.


Ardı →

Azərbaycan florası

Azərbaycan Respublikasının bitki ehtiyatları növ etibarı ilə çox müxtəlif olub, Qafqazın başqa regionlarından üstündür və bütün Qafqazın növ tərkibinin 69%-ni təşkil edir. Burada bitən bitkilər 920 cins olub, 125 fəsiləni özündə birləşdirir. Çox da böyük olmayan bir ərazidə bütün dünyada mövcud olan iri bitki növlərinin demək olar ki, əksəriyyətinə ölkəmizdə rast gəlinir. Qafqaz və digər regionlarda geniş yayılmış bitki növləri ilə bərabər Azərbaycan florasında olduqca çox, bəzən də yalnız Azərbaycana və onun kiçik bölgələrinə xas olan qədim bitki növləri (270 növdən çox) məlumdur.


Ardı →