Akademiya üçün hesabat | Frans Kafka

Hörmətli cənab akademiklər!
Hələ meymun ikən keçdiyim həyat yoluyla bağlı Akademiya üçün hesabat məruzəsi hazırlamağı təklif etməklə mənə böyük şərəf verdiniz.

Təəssüflər olsun ki, bu ricanızı təmin etməm indi imkansızdır. Son beş ildə mən bir meymun kimi öz həyat tərzimdən tamamilə qopmuşam. Əbədiyyətlə müqayisədə bu müddət xeyli qısa görünsə də, məndən ötrü sonsuz və uzundur. Bəxtim onda gətirdi ki, bu yolda mənə dəyərli məsləhətlər verən, məni alqışlayan gözəl insanlarla rastlaşdım. Buna rəğmən, həmişə yalqızlığa məhkum idim, orkestrlərin qopartdığı hay-küyün, gurultunun fonunda irəliləsəm də, mənə dəstək verən insanlar bir mənada baryerin o biri üzündə qalırdılar. Əgər öz keçmişimdən, gəncliyimlə bağlı yaşantılardan dördəlli yapışsaydım, o halda belə bir  uğur qazanmam mümkün olmazdı. Bu məsələdə inad sərgiləməyi özümə başlıca prinsip seçdiyimdən məqsədimə çata bildim. Hər vəchlə azadlığa can atdığım üçün xeyli əziyyətlərə qatlaşdım. Buna görə də o dövrlə bağlı xatirələrim zaman keçdikcə solğunlaşmağa başladı. Əgər insanlar bunu arzulasaydılar, mən geriyə, öz əvvəlki həyat tərzimə bəlkə də asanlıqla dönə, qayıda bilərdim, çünki oraya açılan qapılar bir müddət örtülməmişdi. Ancaq onlar məni mədəni olmağa daha çox ruhlandırdıqca və  mən bu işdə daha böyük uğurlar qazanmaqla, insan toplumunda özümü daha rahat və arxayın hiss etdikcə, keçmişə açılan o qapı bir o qədər alçalır və daralırdı.


Ardı →